Son illərdə müxtəlif elmi, elmyanı, habelə bir çox digər dairələrdə ən çox müzakirələr mövzusu olan problemlərdən, məsələlərdən biri milli kimlik məsələsidir. Çar Rusiyası və sovet imperiyasının ağalığı dövründə məcburi olaraq, planauyğun şəkildə qeyri-rus, qeyri-xristian millətlərinə unutdurulan, beyinlərdən beynəlmiləlçi milli dostluq şüarları ilə qəsdən çıxarılan milli kimlik hissi, bu anlayışın dərk edilməsi, varlığımızın aparıcı dəyərlərindən birinə çevrilməsi çox böyük mənəvi, siyasi, ideoloji və bəşəri – insani əhəmiyyətə malikdir.

Yadımdadır ki, bu məfhumun hələ leksikonumuza girə bilmədiyi dövrdə dostum akademik İsmayıl Hacıyevin Naxçıvan aeroportunun kassaları önündə mənə «Kimliyini mənə ver» müraciətinin önündə çaşıb qalaraq, “Nəyi?” – deyə   soruşdum.

Bu qısa müddət ərzində kimlik, milli kimlik hisləri varlıgımıza elə nüfuz etdi ki, özünə elə bir  poladvari yer tutdu ki, bu gün əsgərlərimiz Qarabağ uğrunda  Vətən Müharibəsinə bayrağımıza bürünərək gedirlər.

İdeoloji  pərçimlərə söykənən bəzi psevdoelmi məktəblər Azərbaycan, Azərbaycan dili, Azərbaycan milləti məfhumlarının az qala «dünən yox, srağa gün» meydana çıxması barədə aləmə car çəkərək milli hiss, şərəf və heysiyyatımızı aşağılamağa çalışır, Azərbaycan türkünün bayrağını qoca Qafqazın zirvələrindən tutmuş Pakistana və Hindistanadək hər yerdə ucaltmış, möhtəşəm Əfşarlar imperiyasını yaratmış Nadir şah Əfşarımızı torpaqlarımızı yadlara bağışlamış İran hökmdarı kimi qələmə verir, hələ 1806-cı ildə işğal olunub, romanovlar imperiyasının tərkibinə qatıldığı dövrdə Dərbəndimizin əhalisinin 90%-nə qədərinin «tatar dilinin Azərbaycan ləhcəsində danışdığı» barədə Rusiya və rusdilli qaynaqları yeddi qıfıl arxasındakı saxlanclarda gizlətməyə çalışır, Vətəni, torpağı, xalqı, azadlığı uğrunda vuruşmuş Şeyxəli, Cavad, Həsən, Hüseyn xanlarımızı casus kimi qələmə verməyə cəhd göstərirdilər.

Şükürlər olsun ki, bu gün millətimiz, xalqımız milli kimliyin ruhu ilə yüklənmiş elə bir vahid, yumruq kimi birləşmiş bir topluma çevrilməkdədir ki, hər şeyi bu Vətənin, bu Millətin, bu Bayrağın uğrunda qurban verməyə hazırdır və verir də!

Murad Acının «Qıpçaq çölünün yovşanı» əsərinin proloqunda belə bir müəllif müraciəti vardır ki, çölün küləyi sənin ruhunu oxşamırsa, əgər atın kişnərtisindən damarlarındakı qanın cuşa gəlmirsə bu kitabı oxuma!

Bu gün bayrağımız, himnimiz, gerbimiz bizi bircə anda hər şeyə müsəlləh edir, Bütün Vətən övladlarımız Ali Baş Komandanına zəfər müjdəli muştuluqlarını səbirsizliklə gözləyir!

Bu gün cəbhəyə yollanan jurnalist qardaşımızın həmkarlarına müraciətlə  “Ya zəfərlə qayıdacağıq, ya da Bayrağımıza bükülərək gətiriləcəyik, bu, bizim müqəddəs borcumuzdur!” – deməsi minlərlə Vətən övladını səngərlərə yönəldir.

Müzəffər Ordumuzun zəfər tariximizin ən parlaq səhifələrindən birini yazdığı gündə hər bir Azərbaycan vətəndaşı ancaq S.Vurğunun «Azərbaycan» şeirini söyləyəndə kövrəlmiş dəmir iradəli Ulu Öndərin «Biz bütün torpaqlarımızı mütləq işğaldan azad edəcəyik!» sözlərini reallığa çevirmək uğrunda müzəffər yürüşün tamhüquqlu iştirakçısıdır, milli kimliyimizin daşıyıcısıdır.

Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü, Hacı Həsənov

Write A Comment