Yunanca, latınca, qrabarca və kartlicə əsərlərdə Albaniya ölkəsini, süryani və müsəlman müəlliflər Arran (ər-Ran) adlandırıblar. Ərəb xialfətləri dövründə (xüsusilə də Əməvilər və Abbasilərin ilk dövründə) ərəblər Sasanilərin idari-inzibati ərazi bölgüsünə uyğun olara Xəzər sipahbudu deyilən bölgəyə (13 vilayətə) Azərbaycan əmirliyi adını verdilər. Ərəb müəlliflərinə görə Azərbaycan əmirliyi üç ölkədən ibarət idi: Azərbaycan (Atropatekan və ya Adurbayqan), Arran (Aran və ya Albaniya) və İrminiyyə (I, II, III və IV Ərminiyyə). Müqəddəsi Mesopotamiyanı akur (düzənlik), əl-Cibalı cibala (dağlıq), onların ortasında yerləşən Azərbaycan, Aran və İrminiyyəni isə iqlim əl-rihab adlandırır (1). Müsəlman müəlliflərinin əsərində bir mənalı oalraq Arran adı işlədilib. Azərbaycan, Aran və Ərminiyyənin xəritəsini tərtib edən müsəlman coğrafiyaçı İstəxri həmin bölgəni ümumilikdə Azərbaycan adlandırıb (2). İbn Hövqəl də onu yazdıqlarını təsdiq edir (3).

Amma IX əsrdən etibarən ərəb coğrafiyaçılarının əsərlərində Aranın ərazisinin kiçildiyi müşahidə olunur. Belə ki, həmin tarixdə Albaniya (ər-Ran) ərazisi əsasən üç hissəyə ayrıldığı qeyd edilir: Şirvan, Muğan və ər-Ran. Bunlar arasında qədim Albaniyanın qərbi Aran hesab edilmişdir. Digər tərəfdən ərəb müəllifləri Muğanı Aranın deyil, Azərbaycanın bir hissəsi olduğunu qeyd edirlər.

IX-X əsr müsəlman müəlliflərindən Əbu Məhəmməd Əhməd ibn Əsəm əl-Kufi (926-cı ildə ölüb) Xəlifə Osmanın hakimiyyəti illərində xəzərlər üzərinə göndərilən Səlman ibn Rəbiə əl-Bəhlinin başçılığındakı müsəlman-ərəb ordusunun hərəkət istiqamətini belə təsvir edir: Səlman ibn Rəbiə “Arran ölkəsidəki Beyləqana gəlib çatır. … Bundan sonra o, Beyləqandan çıxıb, Bərdə qalasına hücum etdi. … Sonra o özünün süvari qoşunları ilə Curzana (Gürcüstan) hücum etdi. … Bundan sonra Səlman və onun silahdaşları geriyə döndülər və Kür çayına çatıb, onun o biri sahilinə keçənədək irəllədilər. Şirvan torpağına yetişdilər, orada düşərgə saldılar. … Şirvandan çıxan Səlman daha da irəli gedərək Şabranla Masqata yetişdi. Bundan sonra o dağ hökmdarlarına (müluk əl-cibəl) elçilər göndərib onları yanına dəvət etdi. Onun yanına əl-Lakzın, Filanın və Təbərsəranın hökmdarları gəldilər. … Bundan sonra Səlman əl-Bab əl-Əbvab (Dərbənd) tərəfə hərəkət etdi” (4).

Əsəm əl-Kufinin təsvirindən Aranın Beyləqandan başlayıp Curzan ilə Şirvan arasındakı əraziləri əhatə edirdi. V.V.Bartolda görə, “ərəblər dövrünün Arranı qədim Albaniyanın adın əks etdirir”. V.Priyevin açıqlamasına görə, “İlk vaxtlarda Albaniya termini ilə yanaşı Arran termini ilə də şimali-şərqdə Dərbənddən tutmuş qərbdə Tiflisə və cənubda və cənubi-qərbdə Araz çayına qədər olan ərazi nəzərdə tutulmuşdu. Mütəxəssislərin rəyinə görə (N.Vəlixanlı) Tiflisin Arran inzibari bölgüsünə daxil edilməsi, şübhəsiz onun 644-cü ildə ərəblər tərəfindən zəbti və 1122-ci ilədək müsəlmanların idarəsində olması və Arranın hüdudlarında yerləşməsi ilə bağlıdır. İlkin dövr ərəb müəllifləri (əl-Bəlazuri, əl-Yəqubi və b.) Arran ərazisinə tabe etdikləri vilayətlər sırasında alban vilayət və nahiyələri Sakasenanın (Şakaşenanın), Kambisenanın (Kəmbiranın), Utinin, Sisakan-Sünikin (Sisəcanın), Zaçının, Mete İrankın (əl-Məsiranın), Mete Kuenkin (əl-Miskuanın), Şəkinin, eləcə də Şirvanın, Layzanın, Məsqətin, Xursanın, Şabranın, Tabasaranın, Muğaniyənin və başqalarının adlarını çəkirlər. Orta əsrlərin sonlarında Arran nisbətən kiçik ərazini, Kür və Araz çayları arasındakı torpaqları əhatə etmişdir” (5).

Fütuh əl-buldan müəllifi Bəlazuri (892-ci ildə vəfat edib) ərəblərin İrminiyyəni fəthini ətraflı şərh edərkən bölgənin coğrafiyası haqqında da məlumat vermişdir. O, öz müəlumatlarını bərdəli Məhəmməd ibn İsmaildan alıb (6).

Bəlazuri İrminiyyə əyalətini dörd hissəyə ayırır. Ərəblərin İrminiyyə adlandırdığı bölgə, Bizans imperatoru I Yustinian zamanında (527-565) Anadoluda aparılan 536-cı il inzibati-torpaq islatları və bölgüsü zamanı imperatorun suriya əsilli sərkərdəsinin nəzarətindəki “Armenia” (İrminiyyə) adlanan torpaqlardır (7). Ərəblər bizanslıların inzibati-ərazi sistemini pozmayaraq sözü gedən əraziləri dörd hissəyə ayırıblar. Bəlazuriyə görə, əs-Sisəcan və ər-Ran (Aran) Birinci İrminiyyəni; Cürzan (Gürcistan) İkinci İrminiyyəni; əl-Büsfürrəcan, Dəbil, Siractayr və Bağrəvand Üçüncü İrminiyyəni; Şimsat, Kalikala, Xilat, Ərciş və Bəcüneys isə Dördüncü İrminiyyəni təşkil edirdi. Bəlazuriyə görə Teflis (Tiflis) ər-Rana daxil olub Birinci İrminiyyənin sərhədləri daxilində idi (8).

Ərəb hücumlarından əvvəl Cürzan ilə Aranın xəzərlərin əlində olduğunu qeyd edən Bəlzauri, ər-Ras (Araz) ilə Şirvan arasındakı ərəziləri ər-Ran adlandırır. Ona görə, “Xəzər adlanan Qəbələ şəhəri ilə Bərdə və Beyləqan da ər-Ranın şəhərləri idi” (9).

Bəlazuri yerlərini təyin etməkdə çətinlik çəkilən Aran əyalət və bölgələrindən bəhs edir. Müəllifə görə, Səlman ibn Rəbiənin Tiflisdən ayrılıb Beyləqana gəldiyi yerlərdə Cəvarix, Kəsfərbis, Kisal (Qazax), Xunan, Səmsəxeti əl-Gerdman, Küstəsci (Quştəsb), Şevşit (Şavşat), Bazəlit, Kalarcit, Seryalit, Hahit, Huhit, Ərtahal, Bab əl-Lal və Sənnariyyə ilə əd-Dudaniyyə kimi bölgələr vardı ki, hər bölgənin də öz əhalisi vardı (10). Müəllif Beyləqan ətrafında da bəzi yerlərdən bəhs edir. Bunlar Şəfşin, əl-Misfəran, Uz, əl-Mısrıan (11), əl-Xərxaliyan və Tibar idi. Aranin əsas şəhərinin “Bərze`a” (Bərdə) olduğunu qeyd edən Bəlazuri, Aranın qədim şəhərləri arasında Şəmkürü (Şəmxor/Şəmkir) qeyd edir: “Şəmkür qədim şəhərdir. Səlman ibn Rəbiə əl-Bəhili orayı fəth edən əsgərlər göndərdi. Bu şəhər Saverdiyyələr (sabirlər-Ə.N.) buranı dağıdıncaya qədər məskun və məmur yer olaraq qaldı. Saverdiyyələr, Yəzid ibn Üseydin İrminiyyədən ayrılmasından sonra bir yerə yığışan cinsdir. Onların hakimiyyətinə xalq dözmədi və talanlar çoxaldı” (12).

XII əsr müəlliflərindən Əbu Abdullah Məhəmməd ibn Məhəmməd əl-Şərif əl-İdrisi (1166-cı ildə vəfat edib) Xəzər ölkəsini “Dehistan, ər-Ran, Təbəristan və Cürcan arasında” göstərir (13).

Elxanlı dövrü müəllifi Zəkəriyyə ibn Məhəmməd ibn Mahmud əl-Qəzvini (1283-cü ildə vəfat edib) Aranın şimal sərhəddinin Dərbənd olduğunu qeyd edir. Onun təsvirlərindən aydın olur ki, Dərbəndi keçən kimi Aran ülkəsinin torpaqları başlayır (14).

İstəxrinin (943-cü ildə vəfat edib) Xəzər dənizi haqqında verdiyi məlumatdan Aranın Xəzər dənizi ilə sərhəd təşkil etdiyi aydın olur. Müəllifə görə, “bu dənizdə gəmilərlə İslam ölkələrindən xəzərlərə, İslam ölkələrindən Ərran (Aran), Gilan, Təbəristan və Cürcan arasında tacirlər gəlib gedərlər” (15).

Müsəlman coğrafyaçılar Aranın daxil olduğu əraziləri coğrafi mənada “əl-Cərbi” adlandırırdılar. Yaqubinin verdiyi məlumata görə, “Nuh övladları arasında torpağı bölüşdürdükdən sonra Amur ibn Tubal ibn Yafəs ibn Nuhun oğulları Məğribin sol tərəfindən yola çıxdılar. Onlardan bir tayfa – Naumun övladları şimal sərhəddində yerləşən əl-Cərbi bölgəsinə gəlib çatdılar və həmin ölkədə yayıldılar. Onlar (burada) bir neçə məmləkət yaratdılar: əl-Burcan, əd-Deyləm, ət-Təbər(istan), ət-Tulsan (16), Cilan, Filan, əl-Lan, əl-Xəzər, əd-Dudaniyyə, əl-İrmin. İrminiyyənin tamamına sahib olanlara xəzərlər deyilir. Onların öz hökmdarları var və həmin hökmdara xaqan adı verilir. ər-Ran, Curzan, əl-Basfurcan, əs-Sisacan bölgələrini onun adına Yazud Balaş adlı canişini idarə edir” (17).

əl-Cərbi adın mənası tam bilinmir. Qərb şərqşünaslarından M.J. de Quye (Goeje) bu sözü Yaqubinin “Kitab əl-buldan”ına istinadən “şimal küləyi” (əl-cady, cudayy) mənasına gəldiyin güman edib (18). İbn Xordadbeh isə “əl-Cərbi şimal ölkəsidir və məmləkətin (yəni Xilafətin) dörddə birini təşkil edir”. Amma müəllif əl-Cəbri ölkələri arasında ölkə kimi Aranın adını qeyd etmir. Maraqlıdır ki müəllif əl-Tulsanilə əl-Lan (alan) arasında yer alan Aranı əl-Xəzər adlandırıb (19). N.Velixanlı bu adı “əl-Cərbi, əl-Cudayy, əl-Cadi” şəklində oxuyur (20). Müəllif başqa bir əsərində belə yazır: “Xilafətin bütün şimal vilayətlərini əl-Cuddiy – (yəni “şimal ulduzu”nun ölkələri; elmi ədəbiyyatda naşirin səhvi ucbatından əl-Cərbi işlədilib) adı ilə birləşdirən İbn Xordadbeh bu bölgəyə Azərbaycan, ər-Ran və Ərməniyyə ilə yanaşı Reyi, Dumavəndi, Təbəristanı, Dehistanı, Gilanı, eləcə də talışların, xəzərlərin, alanların, səkləblərin, avarların və b. torpaqlarını da aid edir” (21).

M.J.de Quye haqlı olaraq bu sözün kökünün süryanicə qarbayo (şimal) olduğunu yazır. Süryanilərdən fərqli olaraq ərəb coğrafiyaçıları dünyanı məğribməşriq olaraq ayırıblar. Onlar əl-Cərbini məğribin bir hissəsi kimi təqdim ediblər. Burası Böyük Ayı bürcünün altında yerləşirdi (22).

İbn Havqal və Müqəddəsi də Dərbənd və Bərdəni Aranın böyük şəhərləri arasında qeyd edir (23). İstəxridə yer alan məlumatlardan Aranın Naxçıvandan Tiflisə, Beyləqandan Dərbəndə qədər qədim Albaniya ərazisini əhatə etdiyini deməyə imkan verir (24).

İbn Xordadbehə görə, ərəb istilaları ərəfəsində “Arran, Cürzan, əs-Sisəcan vilayətləri xəzərlərin, Dəbil, Nəşavə, Sirac, Bağrəvənd, Xilat, Bacuneys rumların (Bizans) ölkəsindədir” (25). Burada əs-Sisican adlanan bölgə Sünük idi.

X əsr müəllifi Əbu Düləf Türk ölkələrinin böyük hissəsini gəzmişdir (26). Səyahət etdiyi ölkələr siyahısında Azərbaycan da yer alır. Müəllif “ər-Ran”dan Şizin 4 fərsəxliyində yerləşən şəhər olaraq bəhs edir: Şizin “4 fərsəxliyində olan və ər-Ran adı ilə tanınan başqa bir şəhərə yollandım. Burada işlədildikdə ağır, ağ, gümüşü və qırmızı rəngli qızıl mədəni vardır. On hissəsinə bir hisssə gümüş əlavə etdikdə, o qırmızı rəngdə olur. Mən orada qurğuşun mədəni tapdım və on filizfən bir yarım daniq gümüş aldım; mən başqa qurğuşun mədənində belə şey görmədim” (27).

Əbu Düləfin ər-Ran şəhərini Şizin 4 fərsəxliyində göstərməsi tədqiqatçıları çaşqınlığa salıb. Məsafənin bu qədər qısa olması V.Minorsky`ni Azərbaycan sərhədləri içərisində ər-Ran adlı bir şəhəri axtarmağa sövq etmişdir. Onun iddiasına görə, Əbu Düləf Alaran adlı bir yerdən bəhsetmiş olmalıdır (28).

Amma Əbu Düləfin Muğana ər-Randan qayıtması və Muğandan Xəzər dəniz sahili ilə “ağacların altı ilə 80 fərsəxlik yolu gedib Bakuya” çatması onun Bərdəbə olduğunu deməyə imkan verir. Böyük ehtimalla Əbu Düləf yanılaraq Muğandan Bərdəyə qədər olan 4 fərsəxlik geri dönüş yolunu Şiz ilə Bərdə arasındakı məsafəyə şamil etmişdir.

Aran haqqındakı müşahidələrini davam etdirən Əbu Düləf bəzi maraqlı faktlar dilə gətirib: “Orada çoxlu miqdarda iri biruh gördüm (29), onun hər biri 10 dirsək və daha böyük idi. Bu şəhərdən çay axıb keçir, onun suyundan içən hər kəs özünü (böyrək) daşlarından xilas etmiş olur. Burada bir cür ot bitir, onu yanında gəzdirən hər kəsi bu (ot) gülməyə məcbur edir, hətta bu gülüş sərsəmliyə gətirib çıxarır. Əgər (həmin adam) gülün hamısını, ya da bir hissəsini (salıb) itirərsə, onu kədər bürüyür və (o) ağlayır. Orada ağ, (əritdikdə) şəffaf olmayan daşlar vardır ki, qurşuğunu bərpa edir. (Həmçinin) orada buludlardan cücülər düşür, bunlar tülkü azarına kömək edir, buranın tülkülərinin başları daz, tamam tüksüzdür” (30).

Müəllif Arana səyahət notlarını sonradan tuttuğundan gəzdiyi yerlərin sıralamasında səhvlər etmişdir. Onun, Arana gəlişi Bərdənin ruslar tərəfindən ələ keçirildiyi və dağıdılığı dövrdən sonra olmalıdır.

Məsudi Aranı “Mavdi`a ilə Səflan” arasında qeyd edir (31). Onun Mavdi`a adlandırdığı yerin Bərdə, Səflanın isə Şirvan olduğu güman edilir (32). Halbuki, Məsudi əsərinin eyni yerində (33) Bərdənin adını olduğu kimi qeyd edir. Belə olan halda Mavdi`anın Bərdə olduğu haqqındakı ehtimal şübhə altına alınır.

Kür çayını da təsvir edən Məsudi bu çayın Arandan keçdiyini qeyd edir: “Kür çayına gəldikdə, bu çay Curcan ölkəsində başlayır və Abxaz ölkəsi ilə axaraq Tiflis sərhəd bölgələrinə çatır və (şəhəri) ortadan bölür. Sonra bu çay Siyavurdiyyə ölkəsindən keçərək Bərdədən 8 (3) mil (34) məsafədə axır. Vidahdan keçir, Sanara adlı yerdə ar-Rasın (Arazın) suları ilə birləşir” (35).

Əbdürrəşid əl-Bakuvi də Kür çayının Aran üçün əhəmiyyətindən bəhs edir: “Arran – Azərbaycan, İrməniyyə və əl-Ləkz ölkəsinin arasında yerləşən nahiyədir. Burada çoxlu şəhər və kəndlər var. Əsas şəhərləri Gəncə və Beyləqandır. Orada Kür çayı axır. Onun başlanğıcı Curzan ölkəsindədir, sonra o, Abxaz ölkəsindən Allan vilayətinin və Tiflisin yanından keçib Gəncənin, Şəmkürün və Bərdənin qapısı yaxınlığından axır. Bundan sonra Kür, ondan kiçik olan Arazın suları ilə qarışır və Xəzər dənizinə tökülür. Burada balıq ovlamaq üçün bənd qurulub və müxtəlif balıqlar tutulur. Orada çoxlu su quşları və çəltik zəmiləri var” (36).

Məsudinin sözlərindən Aranın Siyavurdiyyə (Sabirlərin ölkəsi Gəncə-Tiflis arasında idi) ilə Sanara (indiki Sabirabad) arasında yerləşirdi. Məsudi bu bölgəni tam olaraq Aran adlandırmasa da, İbn Hövqəldən Kür çayının yuxarı və aşağısının Aran olduğunu və iki yerə böldüyünü (Arraneyn – iki Aran) başa düşmək mümükdündür. Amma ərəb mənbələrində Aran adı “Beyn ən-nəhreyn” (iki çay arası, Kür və Araz çayları) bölgəsini əhatə edirdi. Ərəb mənbələrində “Aranşah” (liranşah) adlanan Mehranilər sülaləsi bu bölgələrdə hakimiyyətlik edirdilər (37).

Səlcuqlar dövründə Aran və Muğan imperiyanın ən zəngin əyalətləri hesab olunurdu. Hər iki əyalət Səlcuq və Atabəylər xəzinəsinə illik 3 milyon dinar gəlir saxlayırdılar. İqtisadi cəhətdən ən zəif dövründə bu əyalətlərdən 300 min dinarlıq gəlir əldə edilirdi (38). İtmiş Risalə-i Məlikşahi adlı əsərində Səlcuqlar dövründə Anadolu, Gürcüstan, Azərbaycan, Aran və əl-Cəzirənin ümumi vergisi 21.500 tümən, yəni 215.000.000 dinar göstərilib. Həmdullah Qəzviniyə görə, Azərbaycanın gəliri 2.384.000 dinar, Aran ilə Muğanın 303.000 dinar, toplamda isə 2.687.000 dinar idi. H.Kayhana görə, “müsəlman ərəblərin fəthindən sonra yüksələn iqtisadi böyümə və ona paralele olaraq rifah səviyyəsi Səlcuqlar və Eldənizlər dövründə zirvəyə çatmış, monqol istilası ilə vəziyyət tərsinə çevrilmişdir” (39).

Ədəbiyyat

1. Əbu Abdullah Məhəmməd ibn Əhməd əl-Maqdisi (Müqəddəsi), Əhsən ət-təkasim fi mərifət əl-əkalim, M.J.de Goeje nşr., Leiden 1906, s. 373-374.

2. Əbu İshak İbrahim ibn Məhəmməd əl-Farisi əl-İstəxri, Məsalik əl-məmalik, Beyrut 1997, s. 108.

3. Əbul-Qazim ibn Hövqəl, Kitabu Surət əl-ərz, Beyrut (tarix yox), s. 286.

4. Əbu Məhəmməd Əhməd ibn Əsəm əl-Kufinin “Kitab əl-Fütuh”undan çıxarışlar, Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar, Bakı 2005, s. 16-17.

5. Piriyev V., Azərbaycanın tarixi coğrafiyası, Bakı 2002, s. 47.

6. el-Belazri, Fütuhu`l-Buldan, çeviren M.Fayda, Ankara 2002, s.278.

7. Eyni əsər, s. 282.

8. Eyni əsər, s. 278.

9. Eyni əsər, s. 278-279.

10. Eyni əsər, s. 290.

11. Z.Bünyadova görə, əl-Mısrıan Ağdam ərazisində yerləşirdi. Bax. Azerbaydjan VII-IX vv., Baku 1965, s. 334.

12. Belazuri, Fütuhu`l-Buldan, s. 291.

13. İdrisi, Nüzhet el-müştak fi ihtirak el-afak, bax. Şeşen R., İslam Coğrafiyaçılarına Göre Türkler ve Türk Üleleri, Anakra 2001, s. 111.

14. Zəkəriyyə əl-Qəzvini, Asar əl-bilad və əxbar əl-ibad, Beyrut 1380 (1960), s. 507-508 (Bab əl-Əbvab).

15. İstaxri, Məsalik əl-məmalik, M.j.deGoeje, Leiden 1927, s. 217.

16. N.Vəlixanlı bu adı “Taylasan” şəklində oxuyaraq “talışlar”la eyniləşdirib. Bax. Velixanlı, IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında, Bakı 1978, s. 21.

17. Əhməd ibn Əbu Ya`qub ibn Cəfər ibn Vadih əl-Katib əl-Abbas əl-Yaqubi, Tarix, Beyrut 1379, s. 178.

18. Al-Yakubi, Kitab al-buldan, ed. by M.J.deGoeje, Leiden 1892, c. VII, s. 268, 320.

19. İbn Xordadbex, Kniqa putey i stran (Mesalik el-memalik), Perevod s arabskoqo, kommentarii, issledovanie, ukazateli I kartı Naili Velixanovoy, Baku 1986, s. 106.

20. Eyni əsər, s. 32.

21. Vəlixanlı, Ərəb xilafəti, s. 75.

22. İbn Xordadbex, Kniqa, s. 288; İbn Hurdazbih, Yollar ve Ülkeler Kitabı, çeviren Murat Ağarı, İstanbul 2008, s. 102; Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar, Bakı 2005, s. 227.

23. Havkal, Surat el-ard, s. 241-245; Mukaddesi, Ahsen, s. 374-375.

24. İstahri, Məsalik əl-məmalik, s. 190.

25. İbn Xordadbex, Mesalik, Velixanov nrş, s. 108.

26. Minorsky V., Two Iranian legeds in Abu Dulaf<s second Risala, Archaelogica Orientalia in Memorian Ernst Herzfeld, New-York 1952, s. 172-178.

27. Vtoraya zapiska Abu Dulafa, İzdanie teksta, perevod, vvedenie I kommentarii P.G.Bulgakova i A.B.Xalidova, Moskva 1960, s. 183 b.

28. Abu Dulaf Mis`ar ibn Muhalhil`s travels in İran, Arab. text  üith an English translatioin and commentary by V. Minorsky, Cairo 1955, s. 70 və d.

29. Badımcan fəslindən zəhərli bitki olan “biruh”u N.Vəlixanlı “mandraqora” (mandragora officinaurm) olaraq tərcümə edib. Bx. Vəlixanlı, IX-XII əsr ərəb coğrafiyaşünas, s. 83, qeyd 20.

30. Vtoraya zapiska Abu Dulafa, s. 184a.

31. Məsudi, Müruc əz-zəhəb, Əbu əl-Vəlid ibn əş-Şihnani nşr., Qahirə 1303, c. II, s. 79.

32. Vəlixanlı, IX-XII əsr ərəb coğrafiyaşünas, s. 57, 68, qeyd 60-61.

33. Məsudi, Müruc, əş-Şihnani nşr., s. 89.

34. Masudi, Murudj az-zaxab (Luqa zolota I rudniki draqotsennıx kamney), Perevod N.A.Karaulova, SMOMPK, vıp. XXXIX, Tiflis 1908, s. 58-də “3 mil” göstərilib. 1 mil 2-3 km-ə, 3 mil isə 8-9 km-ə bərabərdir.

35. Eyni yer; Vəlixanlı, IX-XII əsr ərəb coğrafişünas, s. 61, 74.

36. Əbdürrəşid əl-Bakuvi, Kitab təlxis əl-asar və əcaib əl-məlik əl-qəhhar (Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri), Ərəbcədən tərcümə, müqəddimə və şərhlər akademik Ziya Bünyadovundur, Bakı 1992, s. 112.

37. Togan A.Z.V., Arran, İA, c. I, s. 596-598; Özaydın A., Arran, DİA, c. III, s. 394-395.

38. Bartold S., İran Moğolları, Siyaset, İdare ve Kültür (İlhanlılar Devri: 1220-1350), 1939`da Leipzig`de basılmış olan nüshadan dilimize çeviren Cemal Köprülü, Ankara 1987, s. 351.

39. Kayhan H., “Moğol İstilası Öncesi Azerbaycan`ın Sosyo-Ekonomik Yapısı Hakkında”, Aşık Şəmkir-110 Beynəlxalq Folklor Konfransı, Bakı 13-16 noyabr 2003, s. 893

Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü, Əkbər Nəcəf

Write A Comment