Vətən müharibəsi zamanı bir çox ölkələrdən Azərbaycanın işğala qarşı mübarizəsi dəstəkləndi. Bu ölkələrdən biri də İraq idi. Bu ölkədə Azərbaycanın işğala qarşı müharibəsinin davam etdiyi 44 gün ərzində bir sıra geniş miqyaslı və təsirli aksiyalar, tədbirlər keçirildi.

İlk olaraq oktyabrın əvvəlində İraqın müqəddəs Nəcəf şəhərində azərbaycanlı tələbələrin təşkilatçılığı və iştirakı ilə Azərbaycan ordusunun qələbəsi üçün dua mərasimi təşkil olunub[1].

Elə həmin günlərdə İslam aləminin ən böyük elmi-dini mərkəzlərindən olan Nəcəf Dini Hövzəsinin 4 böyük mərceyi-təqlidindən biri Ayətullah əl-Uzma Seyyid Səid əl-Həkim Azərbaycanın Qarabağda apardığı azadlıq mübarizəsini dəstəkləyən bəyanatla çıxış edib[2]. Qeyd edək ki, 1000 ildən çox yaşı olan Nəcəf Hövzəsi bir qayda olaraq nadir hallarda siyasi məsələlərə münasibət bildirir. Bu mənada Nəcəf Hövzəsinin Azərbaycanla əlaqədar bəyanatı Azərbaycan xalqına xüsusi münasibətinin göstəricisi kimi qiymətləndirildi.

Bundan başqa oktyabrın əvvəllərində hər il milyonlarla insanın iştirak etdiyi Ərbəin (İmam Hüseynin (ə) qırx mərasimi – K.R.) yürüşü zamanı Azərbaycan ordusuna dəstək məqsədi ilə “Qarabağ Azərbaycandır!”, “Dualarınızda Azərbaycanı unutmayın” sözləri yazılmış plakat qaldırılıb[3].

Bir neçə gün əvvəl isə İraqın müqəddəs Kərbəla şəhərində Qarabağ Müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş anım mərasimi və sərgi keçirilib. Tədbir İmam Hüseyn və Həzrət Abbas məscidlərinin arasında, Beynəl-hərəmeyn adlı məkanda baş tutub[4]. Tədbirdə Kərbəla şəhərinin valisi Nəsif C. əl-Həttabi, İraqda böyük nüfuza malik olan Həkimlər ailəsinin nümayəndəsi Seyid İzzəddin əl-Həkim, Ayətullah Sistaninin Kərkük üzrə nümayəndəsi Seyid Qənbər əl-Musəvi, İraqın əl-Mehdi kanalının müdiri Əla əl-Kəbi və başqa şəxslər iştirak ediblər. Bundan əlavə, İmam Hüseyn və Həzrət Abbas ziyarətgah kompleksinin idarə heyətinin üzvləri, Nəcəf və Kərbəlanın nüfuzlu din alimləri, məntəqədə yaşayan ərəb tayfalarının başçıları, Tuzxurmatu şəhərindən gəlmiş türkmən nümayəndə heyəti, elm adamları, jurnalistlər, İraqda fəaliyyət göstərən bütün məşhur müctəhidlərin ofislərinin nümayəndələri də tədbirə qatılıblar.

Bu tədbirdə İraqın türkmən rayonlarından gələn nümayəndələr də iştirak edib, onlar növbəti dəfə Azərbaycana dəstəklərini ifadə ediblər. Amma bu. İlk hadisə deyil, İraq türkmənləri hər fürsətdə Azərbaycana dəstəklərini ifadə ediblər. Həm sonuncu müharibə zamanı, həm də daha əvvəl İraq türkmənləri Azərbaycana dəstəklərini ifadə ediblər. 2014-cü ildə İraqda İŞİD terroruna qarşı xalq özünümüdafiə dəstələri yaradılarkən bu dəstələrin tərkibində İraq türkmənlərinin də könüllü özünümüdafiə dəstələri qurulub. Türkmən kəönüllülər hər zaman Azərbaycanla həmrəy olduqlarını, lazım gəldiyi an Qarabağ üçün vuruşmağa[5] hazır olduqlarını bildiriblər.

Əlbəttə, bu tədbirlər və bəyanatların ortaya çıxmasında İraqdakı azərbaycanlı tələbələr, diplomatik nümayəndəliyimizin, həmçinin iki dövlət arasındakı əlaqələrin də rolu var. Lakin bütün bunlarla yanaşı çox mühüm olan məqam Azərbaycanın İraqdakı diasporu rolunu oynayan türkmənlərdir. Hansı ki, bu insanlar özlərini uzun illər ayrı qalmalarına rəğmən hələ də Azərbaycanlı, Azərbaycan xalqının bir hissəsi hesab edirlər.

İraq türkmənləri həm etnik qohumluq, dil-ləhcə, məişət, ədəbiyyat, adət-ənənə və sair baxımdan digər türk etnosları ilə müqayisədə Azərbaycan xalqı ilə yaxındır.

Qeyd edək ki, hazırda İraq əhalisinin (təxmini məlumatlara əsasən 40 milyona yaxın) 8 və ya 9 faizini, yəni 3 milyondan bir qədər çoxunu türkmənlər təşkil edir. Türkmənlər tarixən indiki İraqın şimal ərazilərində – Mosul, Kərkük, Telafer, Tuzhurmatı, Altınkörpü, Kifra, Karatepe, Hanekin, Bayat və digər şəhərlərdə məskunlaşıb. Bu ərazi tarixi Ninyeva (yaxud da Ninova) əyalətinin əraziləridir. Ancaq eyni zamanda Bağdada və mərkəzi, hətta cənub bölgələrdə də türkmən əhali yaşayır.

Türkmənlərin İrada məskunlaşması ilə bağlı bir sıra versiyalar mövcuddur. Müasir Qərb tarixçilərinə görə, ilk türkdilli köçəri tayfalar ərəb ordusunda qulluq etmələri məqsədilə Ərəb Xilafətinin təşəbbüsü ilə gətirilib və xilafətin Bizans imperiyası ilə sərhədində məskunlaşdırılıb. Yeri gəlmişkən, 8-9-cu əsrlərdə türklər Xilafət ordusunun əsas hərbi gücünü təşkil edirdi, Samirra şəhəri məhz ordu qərargahı kimi inşa olunmuşdu.

Tarixçi-alim, Britaniya Akademiyasının müxbir üzvü və “Queen Mary” Universitetinin əməkdaşı Dr. Harun Yılmaza görə, türkdilli əhalinin bu regiona kütləvi axını 11-ci əsrdə Səlcuq ekspansiyası və 13-cü əsrdə Monqol istilası zamanı baş verib.

Yılmazın fikrincə, türkləşmənin başqa bir dalğası – bu dəfə şiə və qızılbaş olmaqla – Qaraqoyunlu hökmdarlarının, Şah İsmayıl Səfəvinin (1502-1524) və Nadir şahın (1730-1747) bu əraziyə türkdilli tayfaları yerləşdirmələri ilə baş verib.

Dilçilik baxımından türkmənlər türklər, azərbaycanlılar və Türkmənistan türkmənləri ilə birlikdə türk dilləri ailəsinin cənub-qərb qrupuna aiddirlər. 8-9-cu əsrlərdə Abbasilər ordusunda əsas qüvvə olan türklər tezliklə İraqda güc sahibi olurlar. 11-ci əsrdə Səlcuklarla başlayan İraqdakı türk hakimiyyəti dövründə türkmənlər bu ölkənin güc sahibləri olublar. 

Türkmənlərin Səlcuqlardan sonra İraqda ikinci böyük yerləşməsi Qaraqoyunlular dövrünə təsadüf edir. Ümumilikdə isə İraqı Səlcuqlu dövründən etibarən türkmən bəyləri idarə etməyə başlayır.

Ancaq türkmən bəylərinin İraqda ən parlaq dövrləri Qaraqoyunlularla başlayır. Türkmən tayfa başçıları Qaraqoyunlu, dah aosnra Ağqoyunlu və Səfəvi dövlətinin qurulmasında iştirak edir, bu dövlətlərdə söz sahibləri olurlar. Həmin dövrdə türkmən elatları Suriyanın şimalından Diyarbəkr, şərqi Anadolu və İraqın şimalı da daxil olmaqla Azərbaycan ərazilərinə qədər yayılmışdı. Həmin vaxt İraq türkmən bəyləri Kərkük, Ərbil və Mosulun regionlarında yerləşmişdi. Həmin vaxt bu şəhərlər və ətraf əraziləri türkmən bölgələri hesab olunurdu.

İraq ərazisi 1508-ci ildən 1534-cü ilə qədər Səfəvi dövlətinin tərkibində olub. Bundan sonrakı dövrdə isə 20-ci əsrin əvvəllərinə qədər İraq ərazisi Osmanlının tərkibində olub.

Şah İsmayıl Bağdadın fəthinə xüsusi önəm verib. Abbasilər xilafətinin 5 əsrlik paytaxtı olmuş Bağdadın türkmən ordusu tərəfindən fəthinə şeir həsr edib:

“Yetdikcə tükənir ərəbin kuy-i məskəni,

Bağdad içində hər necə kim türkman qopar”.

Yeri gəlmişkən, Şah İsmayıl və Səfəviləri İraqla bağlayan daha bir “bağ” Taclı Bəyim idi. Şahın xanımı, əsl adı Bigi Xanım olan və Səfəvi sarayında Taclı bəyim olaraq çağırılan xanım Mosullu türkmən tayfasından Bektaşlı Həmzə bəyin oğlu Mihmadın qızı olub .

Tarixi sənədlərə əsasən Taclı Bəyim güclü və cəsur bir döyüşçü olub. “Aləmarayi Şah İsmayıl” əsərində Taclı Bəyimin igidliyi və cəsarətli olduğu, qardaşı Durmuş xanla güləşərək ona qalib gəldiyi, bu igidliyinə görə Şah İsmayılın diqqətini cəlb etdiyi və Şahın onunla evləndiyi yazılır. Maraqlıdır ki, bu əsərdə Taclı Bəyimin yalnız ox atışında ona qalib gələcək igidə ərə gedəcəyini dediyi, Şah İsmayılın bu şərti qəbul etdiyi deyilir.
Bu hekayə bilindiyi kimi, Dədə Qorqud dastanında Bamsı Beyrək boyundakı Beyrək və Banu Çiçək hadisəsi ilə bənzərlik təşkil edir. İraq 1538-ci ildə Osmanlı nəzarətinə keçsə də, bütün bu dövr ərzində İraqda güclü mövqeyə sahib olan türkmənlər Osmanlı dövləti ilə yaxşı əlaqələr malik olsalar da, türkmənlər məişət, ləhcə və digər adət-ənənələr baxımdan Türkiyə türklərindən daha çox Azərbaycan türkləri ilə daha yaxın və bağlı olublar.

İraq dövləti qurulduqdan sonra tükrmənlər etnik səbəblərdən müəyyən təzyiqlərlə üzləşib. Türkmən şəhərləri, əsasən də İraq neftinin böyük bir qisminin yerləşdiyi Kərkük şəhəri ərəbləşdirilib və kürdlərin məqsədli yerləşməsinə məruz qalıb. 1990-cı illərdən sonra isə bölgədə kürdlərin siyasi olaraq güc sahibi olması türkmənlərin mövqeyinə təsir etsə də, türkmənlər İraqda siyasi səhnədə fəaldırlar. Hazırda İraq türkmənlərinin 20-dək siyasi partiyası və təşkilatları mövcuddur. Həmçinin 2005, 2010 və sonrakı seçkilərdə türkmənlər fərqli seçki koalisiyalarından namizədlərini irəli sürərək parlamentdə və hökumətdə təmsil olunub.

Məsələn, 2005-ci il Səddam Hüseyn sonrası ilk demokratik seçkilər zamanı İraq Türkmən Cəbhəsi siyahısından 3, Birləşmiş İraq İttifaqı (şiə) koalisiyasından 5, kürd siyahısından isə 4 türkmən seçilib. Eyni zamanda İbrahim əl-Cəfərinin başçılıq etdiyi Birləşmiş İraq İttifaqı hökumətində türkmənlərə İnşaat və Təmir (Casim Məhəmməd), eləcə də Ümumi İşlər və Bələdiyyə (Tamir Cəfər Allahverdi) nazirlikləri verilib.

Daha sonra Nuri əl-Maliki hökumətində də iki türkmən nazir postu tutub. Casim Məhəmmdə Gənclik və İdman, Tamir Cəfər Allahverdi isə Vətəndaş Cəmiyyəti naziri postunu tutub.

2010-cu il seçkilərində isə türkmənlər parlamentdə 10 deputat yeri və qurulan hökumətdə 3 nazir postu alıb.

2018-ci il seçkilərində isə türkmənlər ümumilikdə 12 deputat yeri (3 mandat İraq Türkmən Cəbhəsi) qazanması türkmənlərin İraq siyasətindəki aktivliyini göstərir.

Azərbaycan və İraq arasında birbaşa sərhəd olmasa da, iki ölkə arasında çox sıx əlaqələr olub. Tarix boyu azərbaycanlılar Nəcəf, Kərbəla, Kazımeyn kimi şəhərləri ziyarət edib, bu torpaqlarda azərbaycanlı islam alimləri yaşayıb, ömürlərini başa vurublar. Eyni zamanda İraq türkmənləri ilə Azərbaycan arasında səmimi bağlar mövcud olub. Hətta sovet illərində sərhədlərin qapalı olmasına baxmayaraq Kərkük türkmən ədəbiyyatı Azərbaycanda öyrənilib, Məhəmməd Füzuli Azərbaycan şairi kimi anılıb və yaşadılıb.

Bu gün Azərbaycan və İraq türkmənləri arasında əlaqələr davam edir. Türkmən liderlər, sənət və ədəbiyyat xadimləri tez-tez ölkəmizə səfərlər edir. Azərbaycan ölkəmizlə bu qədər bağı olan türkmən diasporu ilə yaxın əlaqələr qurmalı, Yaxın Şərq ölkələrində böyük gücə malik olan türkmən diasporu ilə əməkdaşlığı dərinləşdirməlidir. Tarixi bağlar, qan qohumluğu türkmənlərin Yaxın Şərqdə Azərbaycan maraqlarının əsas təmsilçisi kimi çıxış etməsinə imkan verir. Türkmən amili yalnız İraqda deyil, eləcə də Suriya və digər region ölkələrində Azərbaycan maraqlarını müdafiə edə bilər. Bu mənada türkmən xalqı ilə əlaqələrin daha da yaxşılaşdırılması, əməkdaşlıq imkanlarını genişləndirmək ölkəmiz üçün tarixi və siyasi baxımdan ciddi fayda verə bilər.

Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü, Kənan Rövşənoğlu


[1] https://islam.az/az/kheberlerr/aktual/item/7120-i-raq-n-necef-seherinde-ordumuz-ucun-dualar-edildi-video

[2] https://oxu.az/politics/427974

[3] https://oxu.az/war/428805

[4] https://musavat.com/news/kerbela-seherinde-qarabag-sehidlerinin-xatire-meclisi-kecirilib_759327.html

[5] https://daytube.az/az/videos/23969/

Write A Comment