“Əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamışdıq, müstəqillikdən məhrum idik. Amma buna baxmayaraq, öz mənliyimizi, milli mənsubiyyətimizi, dinimizi, dilimizi, adət-ənənələrimizi qoruya bildik və bu amillər bu gün müstəqil ölkənin inkişafı üçün də mühüm rol oynayır (17)… bu gün müasir Azərbaycan dövləti bu möhkəm təməl üzərində yaranır, güclənir”  (10).

Dövlət başçısı İlham Əliyev tərəfindən son illər sosial, iqtisadi, mədəni və digər sahələrdə həyata keçirilən məqsədyönlü siyasət, həyata keçirilən irimiqyaslı islahatlar nəticəsində ölkəmiz sürətlə dünyanın inkişaf etmiş dövlətləri sırasına yaxınlaşmış, bir çöx sahələrdə böyük nailiyyətlər əldə edilmiş, əhalinin sosial rifah halında nəzərə çarpacaq dəyişikliklər baş vermişdir. İqtisadiyyatında müşahidə olunan canlanma Azərbaycan Respublikasının vətəndaşlarının maddi vəziyyətinin sabitləşməsinə, dövlətin və vətənin problemlərinə həssaslığın artmasına şərait yaratmışdır.

Ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalayaraq “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə tapşırıq vermişdir. Belə bir konsepsiyanın hazırlanması zərurəti ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır. Qazanılmış nailiyyətlər imkan verir ki, Azərbaycan öz qarşısına daha yüksək məqsədlər qoysun və bu məqsədlərdən irəli gələn vəzifələri müəyyənləşdirsin.

            Respublikamız irimiqyaslı iqtisadi layihələrin iştirakçısına çevrilmiş, dövlətimiz dünya siyasi sistemində öz yerini möhkəmləndirmiş, siyasi və iqtisadi müstəqilliyimizin qorunması istiqamətində balanslaşdırılmış siyasət davam etdirilməkdədir. “Bu gün Azərbaycan güclü dövlətdir və bizim gücümüz təkcə iqtisadi nailiyyətlərlə ölçülmür” (21, s. 1)”.  Dövlətimiz tərəfindən həm də, ölkə əhalisinin mənəvi həyatı, milli-mədəni dəyərlərin qorunması istiqamətində işlər görülür. “Biz müasir dövlət qururuq, dünyaya inteqrasiya edirik, dünya proseslərində uğurla, fəal iştirak edirik. Ancaq çox güclü milli-mənəvi dəyərlərimiz bizim üçün əsasdır” (23)

Məqsədyönlü şəkildə Azərbaycan xalqının maddi-mədəni irsinin beynəlxalq miqyasda təbliği, düşmən tərəfindən mənimsənilən mədəniyyət nümunələrimiz üzərində adımızın bərpası prosesləri gedir, ölkəmiz bir çox beynəlxalq miqyaslı mədəniyyət layihələrinə ev sahibliyi edir. “İyirmi il ərzində milli dəyərlərə münasibətimiz, milli ənənələrimizə hörmətimiz bizi daha da gücləndirdi. Bu gün müstəqil Azərbaycan bu əsaslı və güclü milli təməl üzərində öz gələcəyini qurur” (23).

Beləliklə, dövlət baçısının ifadə etdiyi kimi, “milli-mənəvi dəyərlərə söykənən, inkişafda olan gənc, müstəqil Azərbaycan həm iqtisadi, həm siyasi, həm də xarici siyasət sahələrində böyük uğurlara nail olmuşdur” (11)

Hər bir dövlətin siyasi iradəsi rəsmi şəkildə onun qəbul etdiyi  normativ hüquqi aktlarda (qanunlarda, fərmanlarda, qərarlarda və s.) ifadə olunur. Bu aktlar bir növ hakim siyasi elitanın yeritdiyi siyasətin normativləşmiş formasıdır. Ancaq, normativ-hüquqi aktlar konkret hallara və şəraitə deyil, bütövlükdə cəmiyyətə, qeyri-müəyyən şəxslər dairəsinə, müddətsiz olaraq şamil edilir. Konkret şəraitdə və zamanda isə dövlətin iradəsi və mövqeyi digər hüquqi aktlarla (məsələn, hüquqtətbiqedici əmrlər və sərəncamlar, məhkəmə qərarları), yaxud da dövlət rəsmilərinin bəyanatları ilə ifadə olun bilər. Milli – mənəvi dəyərlər kateqoriyası ümumiyyətlə hüquqi tənzimetmənin fövqündə dayandığından onların normativ-hüquqi aktlar vasitəsilə tənzimlənməsi qeyri-mümkündür. Buna görə də dövlətin bu sferaya münasibətini daha çox dövlət başçısının fəaliyyətində və çıxışlarında izləmək olar.

Prezident İlham Əliyev dövlətin milli-mənəvi dəyərlərə münasibətini aşağıdakı şəkildə ifadə etmişdir: “müstəqillikdən əvvəlki dövrdə milli mənsubiyyətimizi, milli xarakterimizi qoruyub saxlamaq üçün bizim tariximiz, mədəniyyətimiz, dilimiz, dinimiz müstəsna rol oynamışdır” (26). Dövlət başçısının da qeyd etdiyi kimi,“ bizim dövlətimiz çox güclü əsaslar, ənənələr, milli dəyərlər üzərində qurulubdurBizim milli dəyərlərə bağlılığımız Azərbaycan xalqının iradəsinin əlamətidir (21).

Hazırkı araşdırmamızda biz dövlət başçısı İlham Əliyevin fəaliyyəti əsasında “milli-mənəvi dəyərlər” kateqoriyasının mahiyyətini açmağa, cəmiyyətin və dövlətin həyatında bu dəyərlərin müstəsna rolunu əsaslandırmağa çalışacaq, dövlətlə din, xüsusən islam dini arasında olan münasibətlərin tənzimlənməsi mexanizminə nəzər yetirəcəyik.

Dövlət başçısı İlham Əliyevin milli-mənəvi dəyərlərə münasibəti

Dövlət başçısı qeyd etmişdir: “bizi xalq kimi qoruyub saxlayan milli-mənəvi dəyərlərimizdir, İslami dəyərlərimizdir, dilimizdir, ədəbiyyatımızdır” (18).

Prezidentin bu sözlərində “milli mənəvi dəyərlər” kateqoriyasını təşkil edən əsas elementləri düzgün şəkildə fərqləndirdiyini müşahidə etmək olar. Burada əsas anlayışlar kimi milli dil, din və ədəbiyyatın simasında mədəniyyət çıxış edir. Bunu elmi cəhətdən əsaslandırmağa çalışaq.

Azərbaycan dilinin izahlı lüğətində dəyər sözünə aşağıdakı kimi mənalar verilir:

1. Qiymət, baha (Kitabın dəyəri nədir? Məhsulun maya dəyəri)

2. iqt. Əmtəə istehsalına sərf edilən və bu əmtəədə maddiləşən abstrakt əməyin müəyyən miqdarı. Dəyərin miqdarı ictimaizəruri iş vaxtı ilə təyin edilir. İzafi dəyər.

3. məc. Qiymət, əhəmiyyət, ləyaqət, keyfiyyət  (6, s. 607).

Bizim üçün bu anlayış, üçüncü aspektdən, məhz əhəmiyyət verilən, keyfiyyətli və ləyaqətli hesab edilən bir şey mənasında əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, cəmiyyətdə formalaşan normalar onun dəyərlər sisteminin ali ifadə formasıdır. Buraya nəyin yaxşı, düzgün və arzu olunan olması barədə hakim təsəvvürlər daxildir. Bu baxımdan dəyər və normalar anlayışları bir-birindən fərqləndirilir: Dəyərlər  mücərrəd, ümumi anlayışlardır, normalar isə müəyyən növ hallarda insanların davranışlarını şərtləndirən qaydalar və rəhbər prinsiplərdir. Bütün normalar sosial dəyərləri əks etdirir. Dəyərlər sistemi barəsində isə cəmiyyətdə təşəkkül tapan normalar əsasında mühakimə yürütmək olar. Cəmiyyətdə mövcud dəyərlər sistemi müxtəlif ola bilər. Bir qayda olaraq buraya sağlamlıq, sevgi, ailə, uşaqlar, ev, yaxınlar, dostlar, ünsiyyət, işdə müvəffəqiyyətlər, bundan həzz alma, maddi rifah, mənəvi dəyərlər, din, cəmiyyətdə sosial status, azadlıq və s. aid edilə bilər. İnsanın fərdi xüsusiyyətlərindən asılı olaraq başqa digər dəyərləri də rəhbər tuta bilər.

Milli dəyər anlayışı ayrıca kateqoriya kimi çıxış etmir. Ancaq, elə hərfən göründüyü kimi bir millətə, topluma xas olan fərqləndirici xüsusiyyətləri ifadə edir. Milli dəyərdən fərqli olaraq elmdə mənəvi dəyər anlayışı məlumdur və özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüşü, məqsəd, əxlaq normaları və inancları ifadə edir (14). Başqa sözlə, mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran, inkişafa kömək edən davranış qaydalarıdır.

Göründüyü kimi, bu iki anlayışdan sinonim kimi istifadə edilir. Düzdür, hazırda biz milli dəyərlər anlayışına daha çox sırf adət-ənənə baxımından, mənəvi dəyərlər anlayışına isə dini normalar, mərasimlər aspektindən yanaşırıq. Ancaq, faktiki olaraq milli və dini normaları fərqləndirmək, onlar arasında sərhəd müəyyən etmək sadəcə qeyri-mümkündür. Məsələn, azərbaycanlıların dəfn mərasimləri islam dininin ehkamlarına əsaslanır ancaq, bununla bağlı yerli adətlər əsasında bəzi milli xüsusiyyətlər də zamanla formalaşmışdır.

Bu cür məqamları digər dini adətlərdə də müşahidə etmək olar. Heç təsadüfi deyil ki, bir vaxtlar hətta sırf azərbaycanlıların milli bayramı olan Novruz da az qala dini bayram kimi qəbul edilirdi.  Halbuki dövlət başçısının da qeyd etdiyi kimi, “Novruz bayramı bizim böyük sərvətimizdir, Azərbaycan xalqının böyük sərvətidirAzərbaycanı qədim sivilizasiyanın mərkəzlərindən biri kimi tanıdan misilsiz dəyərlərimiz sırasında müqəddəs Novruz ənənələri müstəsna mövqeyə malikdir. Ötən dövrlərin təqib və təzyiqlərinə baxmayaraq, həmin ənənələri günümüzədək layiqincə qoruyub saxlaması xalqımızın bəşər mədəniyyəti qarşısında müstəsna xidmətlərindəndir.” (22)

Hazırda hər bir xalq, millət, toplum üçün onun özünəməxsusluğunu bildirən müəyyən dəyərlər mövcuddur. Dəyərlər mənəvi kateqoriya olduğundan insanları düzgün, müsbət davranışa sövq edir. Ancaq, bəzən qrupları müəyyən edən əhəmiyyətli dəyərlər mənfi xüsusiyyətlər də daşıya bilər.  Məsələn, ispan xalqı üçün korrida yarışları milli dəyərdir. İspaniya deyəndə ilk ağla gələn də budur. Baxmayaraq ki, bu yarışlar heyvanların iztirablı qətlləri ilə müşaiyət edilir və heyvan sevərlər tərəfindən ciddi təqib olunur, müasir qloballaşan dünyada belə bu mərasim hər bir ispanın həyatında mühüm rol oynayır.

Bir vaxtlar qəddar və işgəncəli ölümlə müşahidə edilən xarakiri mərasimi yapon elitası üçün öz şərəf və nüfuzunu qorumaq üçün bir vasitə olmuşdu. Dövrümüzdə demək olar ki, saxlanmayıb. Ancaq, ötən əsrin ortalarında böyük yapon yazıçısı Yukio Misime ABŞ-ın imperialist siyasətinə qarşı baş tutmayan hərbi çevrilişdən sonra yapon əsgərlərinin samuray ruhunun ölməsindən dəhşətə gələrək, yapon milli kimliyini yaşatmaq üçün xarakiri edərək intihar etmişdi.

Spirtli içkilərin insan sağlamlığına zərəri məlumdur, ancaq bir çox xalqlar üçün ayrı-ayrı spirtli içki növləri (məsələn, ruslar üçün vodka, şotlandlar, irlandlar üçün viski, meksikalılar üçün tekila və s.) az qala milli özünəməxsusluq rəmzidir.

Eyni sözləri azərbaycanlıların milli dəyərlərindən biri hesab edilə biləcək məhərrəmlik mərasimi barədə də deyə bilərik. Əsasən şiəliyə aid olan adət olsa da, ölkəmizin sünni təbəqəsi tərəfindən də hörmətlə yanaşılır. Xüsusən də, qərb meylli ünsürlər bu mərasimdə zorakılıq elementlərinin olmasını, insan haqlarının pozulmasını iddia edir, bundan çəkinməyə çağırır. Ancaq, tam əminliklə demək olar ki, bu, ənənəvi dini düşüncəli təbəqəyə o qədər də təsir etmir. Xalq hər il aşura günündə öz dini ayinlərini yüzillər boyu vərdiş etdiyi tərzdə qeyd etməyi üstün tutur.

Göstərilənlərdən belə qənaətə gələ bilərik ki, ayrılıqda milli və mənəvi dəyərlər anlayışları əvəzinə, onların hər ikisinin xüsusiyyətlərini özündə əks etdirən vahid “milli-mənəvi dəyər” anlayışından istifadə edilməsi daha məqsədəmüvafiqdir.

Hər bir millət üçün bu dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq, millət, toplum  milli- mənəvi dəyərlər sisteminə malikdir. Dövlər başçısının fikirlərini də əsas tutuaraq belə qənaətə gələ bilərik ki, bu milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir.

Dövlət başçısı hərzaman milli dəyərləri, Azərbaycan dəyərlərini azərbaycan xalqının birliyini formalaşdıran “bizi daha da gücləndirən” amillər kimi qiymətləndirərək qeyd etmişdir ki, xalqımız üçün ən çətin anlarda bir millət kimi özümüzü qorumaq üçün, ilk növbədə, milli dəyərlərimiz, ənənələrimiz, milli bayramlarımız, ana dilimiz öz rolunu oynamışdır” (23). Onun fikirlərini təhlil edərək belə qənaətə gələ bilərik ki, tarixi inkişaf prosesində ölkəmizdə etnik, dil, dini, mənəvi, mədəni, psixoloji və digər dəyərlərin tarixən ümumiləşməsi əsasında vahid azərbaycanlı milli kimliyi formalaşmışdır. Bizi birləşdirən amillər isə təkcə həm ümumi ünsiyyət dili, həm də digər bütün ortaq milli-mədəni dəyərlərimizdir. Milli birliyi formalaşdıran bu amilləri dövlət başçısının fikirləri əsasında ayrılıqda təhlil edək:

Prezident İlham Əliyev demişdir: “.. əsrlər boyu Azərbaycan xalqı milli-mənəvi dəyərlərini, ana dilini – Azərbaycan dilini qoruya bilmişdir.”(10) Məhz bu səbəbdən prezidentin 2013-cü ilin 9 aprel tarixli sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiqləməsi çox mühüm addımdır. Proqramda bu istiqamətdə 2013-2020-ci illərdə zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Vahid dil amili ümumiyyətlə bütün millətlərin formalaşmasında ilkin amil kimi çıxış edir. Azərbaycan türkcəsi zamanla təkcə türk mənşəli deyil, bu məkanda yaşayan bütün azərbaycanlılar üçün vahid ünsiyyət vasitəsinə çevrilmişdir. Heç təsadüfi deyil ki, ölkəmizdə yaşayan bütün xalqlar demək olar ki, ikidillidir və Azərbaycan türkcəsi onlar üçün paralel olaraq ikinci, bəzi hallarda isə əsas ana dili kimi çıxış edir. Hətta bəzi xalqlar üçün Azərbaycan türkcəsinin spesifik ləhcəsi (talışlar, ləzgilər, tatlar, kürdlər) mövcuddur. Bu baxımdan bizim bir millət kimi formalaşmağımızda, milli kimliyimizin təşəkkül tapmasında Azərbaycan türkcəsinin müstəsna əhəmiyyəti vardır.

Lakin, Azərbaycan türkcəsindən təkcə ölkəmizdə istifadə edilmir. Azərbaycan Respublikası hüdudlarından kənarda ona qonşu olan ərazilərdə: İran İslam Respublikasının şimal hissəsində, Türkiyə Cümhuriyyətinin şərqində, İraq və Suriya Respublikalarında türk mənşəli əhali üçün bu dil doğmadır, sadəcə ləhcələrlə fərqlənir. Nəzərə alsaq ki, Azərbaycan türkcəsindən vaxtilə bütün Qafqazda ümumi ünsiyyət vasitəsi kimi istifadə edilmişdir və hətta bütün Asiya ərazisində ondan istifadə etmək olardı, onda belə hesab edə bilərik ki, dil amili azərbaycanlı milli kimliyinin formalaşmasında heç də yeganə vasitə olmamışdır.

Burada  vahid dövlətin vətəndaşı olmaq formasında siyasi amillər gücləndirici faktor olsa da, milli birliyin zəminini bu amillərdən deyil, daha əvvəl formalaşmış olan etno-sosial və mədəni amillər, yəni ortaq ümumi dillə yanaşı və milli-mənəvi dəyərlər üzərində formalaşmış olan Azərbaycan milli kimliyi təşkil edir.

Azərbaycan milli kimliyinin əsasını isə, məhz milli-mənəvi dəyərlər təşkil edir. Dövlət başçısının da qeyd etdiyi kimi, “biz öz milli dəyərlərimizə sadiq olan xalqıq. Biz öz milli-mənəvi dəyərlərimizi hər şeydən üstün tuturuq. Bu dəyərlər Azərbaycan xalqının formalaşmasında həlledici rol oynamışdır” (15)

Dövlət başçısının fikirlərini təhlil etsək, belə qənaətə gəlirik ki, milli kimlik mürəkkəb daxili sistemə malik olan, özünü idarə edən mexanizmdir. Məhz milli-mənəvi dəyərlər milli kimliyin bazasını, təməlini təşkil edir. Dövlət başçısı dəfələrlə bu dəyərlərin mühüm əhəmiyyətini vurğulamışdır.

Müstəqillik qazandıqdan sonra ilk dövrlər cəmiyyətimizdə qloballaşma, qərb meylli dövlət quruculuğu tendensiyası müşahidə etmək olardı. Lakin, son dövrlər qloballaşmanın milli kimliyə təsiri daha çox cəmiyyətə yad dəyərlərin qəbul etdirmək cəhdi kimi qəbul edilir və artıq cəmiyyətin özündə ona qarşı əks reaksiya başlamışdır. Elə dövlət başçısının simasında da rəsmi səviyyədə milli kimliyin əsasını təşkil edən milli və mənəvi dəyərlərin qorunması və yaşadılması istiqamətində daha məqsədyönlü fəaliyyəti görə bilərik. İndi tam əminliklə deyə bilərik ki, hazırda cəmiyyətin yalnız kiçik bir hissəsi daha çox maddi maraq xatirinə bu “ümumbəşəri” dəyərləri qəbul edir, böyük əksəriyyət isə ona qarşı çıxış edir. Çünki, “Azərbaycan cəmiyyəti sağlam cəmiyyətdir. …….. Bu sağlamlığın əsas mənbəyi milli dəyərlərimizdir. Biz bu dəyərlərə sadiqik və daim bu dəyərləri uca tutacağıq (23). Deməli, milli-mənəvi dəyərlərimiz yaşadıqca milli kimliyimiz də mövcud olacaqdır.

Bu gün prezident İlham Əliyevin bilavasitə qayğısı sayəsində xalqımızın adət-ənənəsi, xalq bayramları, bütövlükdə milli-mənəvi dəyərlərimiz dövlət səviyyəsində mühafizə edilir və mədəni irsin təkmilləşdirilmiş şəkildə gələcək nəsillərə ötürülməsi üçün bütün imkanlardan istifadə edilir. Bu dəyərlər dəyişdikdə isə artıq qarşımızda fərqli milli kimliyi görəcəyik.

Dövlət başçısı hər zaman milli-mənəvi dəyərlərin davam və inkişaf etdirilməsini və gənc nəslin milli-mənəvi dəyərlərə sadiq ruhda böyüməsinin əhəmiyyətini vurğulamışdır. Onun qeyd etdiyi kimi, “bu dəyərlər – …. nəsildən-nəslə keçməli və davam etməlidir…gələcəyimiz, gələcək inkişaf üçün milli dəyərlər daim diqqət mərkəzində olmalıdır, qorunmalıdır. Gənc nəsil milli dəyərlər əsasında tərbiyə edilməlidir… ” (20) Bunun üçün gənclər arasında milli-mənəvi dəyərlərin qorunması istiqamətində işlər görülür, onlarda vətənpərvərlik və vətəndaşlıq hissləri gücləndirilir. Xüsusən, bu istiqamətdə təhsil prosesinin keyfiyyətinin artırılması, elmi-nəzəri və metodiki tövsiyələrin işlənib hazırlanmasında, normativ-hüquqi bazanın yaradılmasında ciddi çalışmalar aparılmaqdadır. Qanunvericilik aktlarında, xüsusən ailə-nikah münasibətləri sferasında milli xüsusiyyətlər nəzərə alınmalıdır. Gənclərin yad təsirlərdən qorunması üçün həm ailə daxilində, həm də təhsil ocaqlarında tərbiyəvi işlər daha da gücləndilməlidir. Bütün bunlar hamısı dövlətin bilavasitə nəzarəti altında məqsədyönlü şəkildə aparılmalıdır.

Heç təsadüfi deyil ki, son dövrlər kənar qüvvələr tərəfindən milli və mənəvi dəyərlərin aşındırılması, gənclərin öz dəyərlərinə qarşı qoyulması, daha çox deformasiyaya uğraması ilə seçilən qərb dəyərlərinə meyl etdirmək, bütün bunların nəticəsi kimi, öz dövlətinə və cəmiyyətinə qarşı bəzi hallarda düşmən münasibətə keçən ifrat kosmopolitizm toxumlarının səpilməsi müşayiət edilməkdədir. Xarici qüvvələrin maraqlarına xidmət edən təlim-tədris mərkəzləri yaradılaraq, xüsusən bilikli, intellektual və perspektiv gənclər mərkəzlərdəki təlimlərə cəlb edilirlər (5). Bütün bunlar göz qabağında baş verir, labüd proses, qloballaşmanın təzahürü kimi təqdim edilir. Ümumiyyətlə, qloballaşma dünyada cərəyan edən labüd bir prosesdir. Onun əsl mahiyyətinə gəldikdə isə, bu prosses dünya miqyasında inteqrasiya anlayışından daha çox dünyanın bir qütbünün öz xüsusiyyətlərini, dəyərlərini digərlərinə qəbul etdirmək xarakteri daşıyır. Bu isə istər-istəməz  ünvanlandığı təbəqəyə, xüsusən gənclərə öz mənfi təsirini göstərir.

Beləliklə, sağlam gələcək nəsil yetişdirilməsi üçün gənclər yad ünsürlərdən qorunmalı və dövlət başçısının da vurğuladığı kimi milli dəyərlər əsasında tərbiyə edilməlidir.

Prezident İlham Əliyevin simasında dövlət-din münasibətləri

Hələ ümummilli lider Heydər Əliyevin zamanında milli (Novruz) və dini bayramlara (Qurban, Ramazan) rəsmi status verilmiş, həmin günləri əhalinin rahat şəkildə qeyd edə bilməsi üçün istirahət günü hesab edilmiş, dövlət başçısı özü şəxsən bu bayramları xalqla birlikdə keçirmişdir. Bu ənənə bu gün də onun layiqli davamçısı olan prezident İlham Əliyev tərəfindən davam etdirilməkdədir. Bütün bunlar dövlətin milli-mənəvi dəyərlərə olan münasibətinin əhəmiyyətini göstərir.

Dövlət başçısının qeyd etdiyi kimi, din-dövlət münasibətlərinin düzgün zəmində qurulması hər bir dövlət, xüsusilə gənc dövlətlər üçün önəmlidir ( 21, s. 1). Onun özünün də vurğuladığı kimi doğrudan da“…bu gün Azərbaycanda din-dövlət münasibətləri nümunəvi xarakter daşıyır. Bu münasibətlər nə qədər güclü olarsa, cəmiyyətdə bir o qədər də sülh, əmin-amanlıq və inkişaf olacaqdır” (20).

Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə hazırlanmış Azərbaycan Respublikasının ali hüquqi sənədi olan Konstitusiyasında Azərbaycan dövlətinin əsaslarından biri kimi onun dünyəvi dövlət olması təsbit edilmişdir. Elə Konstitusiyamızın 18-ci maddəsində də birbaşa şəkildə Azərbaycan Respublikasında dinin dövlətdən ayrı olması, bütün dini etiqadların qanun qarşısında bərabər olması təsbit edilmişdir. Konstitusiyanın 49-cu maddəsi vicdan azadlığını təsbit edir.

Müasir dünyəvi dövlətdə rəsmi dövlət dini mövcud olmur və heç bir etiqad məcburi və müstəsna xarakter daşımır. Belə dövlətlərdə din, onun kanonları və doqmaları, həmçinin dövlətin ərazisində fəaliyyət göstərən dini təşkilatlar dövlət quruluşuna, dövlət orqanları və onun vəzifəli şəxslərinin fəaliyyətinə təsir göstərə bilməz. Təhsil sistemi dini xarakter daşımır.

Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi Azərbaycanda din ilə dövlət arasında münasibətlər də çox sağlam zəmində qurulmuşdur. (25, s. 2). Hazırda dövlət tərəfindən din sahəsindəki hüquqi münasibətləri tənzimləyən əsas akt hələ ümummilli lider Heydər Əliyevin dövründə qəbul edilmiş “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunudur (2). Qanunun təyinatı Azərbaycan Respublikasında dini etiqad azadlığının Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq surətdə həyata keçirilməsi üçün təminatlar yaratmaq, dini qurumların statusunu, hüquq və vəzifələrini müəyyənləşdirmək, dini qurumların fəaliyyəti ilə bağlı yaranan münasibətləri tənzimləməkdən ibarətdir.

Qanuna əsasən, Azərbaycan Respublikasında din və dini qurumlar dövlətdən ayrıdır. Dövlət ona aid olan hər hansı işin yerinə yetirilməsini dini qurumlara tapşırmır və onların fəaliyyətinə qarışmır. Bütün dinlər və dini qurumlar qanun qarşısında bərabər hesab edilir.

Azərbaycan Respublikasında təşkilat məsələlərində İslam dini icmaları Qafqaz Müsəlmanları İdarəsinə tabedirlər, qeyri-müsəlman dini  icmalarının Azərbaycan Respublikasında və xaricdə fəaliyyət göstərən dini mərkəzlərə (idarələrə) tabe olmaq və tabeliyini dəyişdirmək hüququ  vardır. 

Bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində) dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. Komitənin Əsasnaməsi ümummilli lider Heydər Əliyevin 20 iyul 2001-ci il tarixli 544 nömrəli Fərmanı (1)  ilə təsdiq edilmiş və həmin dövrdən etibarən fəaliyyətə başlamışdır. Əsasnaməyə əsasən Komitə dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunmasını, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

Komitənin fəaliyyət istiqamətlərinə dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyət bu sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək, dövlət-din münasibətlərinin tənzimlənməsini və inkişafını təmin etmək, dini qurumların dövlət qeydiyyatını həyata keçirmək, öz səlahiyyətləri daxilində dini təhsil ilə bağlı məsələlərin tənzimlənməsində iştirak etmək, dini qurumların nümayəndələrinin və müvafiq mütəxəssislərin iştirakı ilə dinşünaslıq ekspertizası aparılmasını təmin etmək, qanunda göstərilən əsaslar olduqda dini qurumun ləğv olunması barədə məhkəməyə müraciət etmək və s. daxildir.

Komitənin fəaliyyətinə onun sədri rəhbərlik edir. Komitənin sədri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilir. Komitənin sədri Komitəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Qeyd etmək lazımdır ki, ölkə prezidenti İlham Əliyev tərəfindən komitəyə  yeni rəhbərliyin gətirilməsi, bu işə peşəkar, gənc və perspektivli kadrların cəlb edilməsi Komitənin fəaliyyətində canlanmaya səbəb olmuşdur. Artıq, Komitə dövlət-din münasibətləri sferasında fəal iştirak edən, dövlət idarəetmə sistemində nüfuza malik olan, bu çətin və mürəkkəb sferada öz ağırlığını ortaya qoya bilən dövlət orqanına çevrilməkdədir.

Dövlət başçısı özünün də mənsub olduğu İslam dinini çox gözəl şəkildə “sülh dini, qardaşlıq dini, xeyirxahlıq dini, mərhəmət dini (9)kimi xarakterizə  etmişdir. Azərbaycanı İslam dünyasının tərkib hissəsi hesab edənprezident İlham Əliyevbəyan etmişdir ki, İslam bizim dinimizdir, İslam dəyərləri, milli dəyərlər bizim üçün çox əzizdir. (26) Azərbaycanda İslam dini, şəriət normaları qədim ənənələrə malikdir və müəyyən hallarda dini normalar hüquq normalarından daha çox insanların həyatını tənzimləyir. Dövlət başçısı çox düzgün olaraq vurğulamışdır ki, öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi İslami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulmuşdur. (13)

Qeyd edildiyi kimi, ölkəmizdə Konstitusion səviyyədə dünyəvilik təsbit edilmişdir. Konstitusiyanın bu müddəaları sivil dünyəvi nəzər nöqtəsindən təbii görünsə də, cəmiyyətin orta statistik təbəqələri tərəfindən bəzən qəbul edilmir. Bunu da təbii qiymətləndirmək lazımdır. Hələ tarixən Azərbaycan müxtəlif dindən və məzhəbdən olan insanların qardaş kimi bir yerdə yaşadığı tolerant bir cəmiyyət kimi bütün dünyaya nümunə olmuşdur. Başqa yerlərdə məzhəb ayrılığı güclü dini toqquşmalara gətirib çıxardığı halda Azərbaycanda bu zəmində bir dəfə də olsun ciddi toqquşma müşahidə edilməyib. Halbuki ölkə məzhəb müxtəlifliyinə malikdir.

Ancaq, bu cür rəngarənglik heç vaxt ciddi toqquşmalara gətirib çıxarmayıb. Əksinə, belə demək mümkünsə, tarixən Azərbaycanda ən sağ və ən sol dini görüşlər arasında dayanan özünəməxsus universal İslam modeli formalaşıb. Bir məzhəbdən olanlar digərlərinin əqidəsinə, xüsusən mərasimlərinə hörmətlə yanaşıb. Hətta sovet dövründə uzun illər mövcud olan ateizm siyasəti və təbliğatı belə ölkəmizdə İslam dəyərlərinə zərbə vura bilməmişdir. Çünki, dövlət başçısının qeyd etdiyi kimi, “İslam dəyərləri bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir” (11)

Heç təsadüfi deyildir ki, Azərbaycan dövlətçiliyi yaranarkən İslamlaşmaq şüarı dövlətin üç əsas təməl pinsiplərindən biri olmuş, hazırda da hər bir vətəndaş üçün ideoloji rəmz rolunu oynayan Azərbaycan bayrağındakı yaşıl rəng bu fikri ifadə edir. Hazırda İslamlaşmaq fikri mənəvi (dini) dəyərlərimizin qorunmasını, yəni unudulmuş və məhv edilmək təhlükəsi qarşısında qalmış mənəvi dəyərlərin bərpasını, İslam dininin ehkamlarının yerli ənənələr və milli xüsusiyyətlər nəzərə alınmaqla tətbiqi, radikal meyllərin təbliğat yolu ilə aradan qaldırılması, dini normalardan milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində yararlanmaq şəklində ifadə olunur. Dövlət başçısının fəaliyyətində də biz bunun şahidi ola bilərik: “biz İslam dəyərlərini dünyada təbliğ etməliyik və…. əsassız hücumlardan qorumalıyıq”. ( 9)

Dünya ölkələrinin təcrübəsini təhlil edərdən görürük ki, dinin və dini təşkilatların dövlətin həyatında rolunun konstitusion səviyyədə təsbit edilməsi dünya dövlətlərinin təcrübəsində heç də yenilik deyil və adi haldır (4). Bu baxımdan dini normaların əhalinin gündəlik həyat tərzinə təsir edən və insanlar arasındakı münasibətləri fəal şəkildə tənzim edən İslamın əsaslarının konstitusion səviyyədə təsbiti heç də əlçatmaz və dünyəviliyə zidd bir şey deyildir.

Hətta dini ayinlərin və qadağaların tam yerinə yetirilməməyinə baxmayaraq Azərbaycan əhalisinin əksəriyyəti özünü müsəlman hesab edir. Dövlət başçısının vurğuladığı kimi,“biz öz müqəddəs dinimizə – İslam dinimizə sadiq olan xalqıq” (9).Azərbaycan əhalisi üçün islam dindən daha çox həyat tərzi və milli mənliyin xarakteristikalarından biridir (27).

Müstəqilliyin ilk illərində dini ayinləri tam yerinə yetirən əhalinin sayı çox az olsa da, zamanla bu say artmışdır. Bütün bunlar dövlətin qayğısı və yaradılmış əlverişli şərait sayəsində mümkün olmuşdur. Elə dövlət başçısın özünün də vurğuladığı kimi, “Azərbaycanda din-dövlət münasibətlərini əks etdirən dini abidələrə olan münasibətdir”(19). Müstəqillik dövründə Azərbaycanda 2 minə yaxın məscid tikilmişdir. Sadəcə son 10 il ərzində 140-a yaxın məscid tikilmiş, 80 məscid isə əsaslı təmir edilmişdir (16)…. Məscidlərdə ən yüksək səviyyədə yenidənqurma, tikinti və tərtibat işləri görülmüşdür. Bunların arasında Təzəpir, Bibiheybət, Əjdərbəy məscidləri, Gəncə İmamzadə kompleksi, Şamaxı məscidi, digər məscid və dini ocaqları göstərə bilərik. Məscidlərlə yanaşı, bir çox sinaqoq və kilsə də tikilmiş və ya təmir edilmişdir.

Azərbaycan Prezidentinin 2009-cu ilin dekabrında və 2013-cü ilin fevralında imzaladığı sərəncamlarla Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidinin təmiri üçün müvafiq maliyyə vəsaiti ayrılmışdır. Bundan sonra məsciddə əsaslı bərpa və yenidənqurma işlərinə başlanmış, Azərbaycan tarixinin mühüm mərhələsini təşkil edən Şirvanşahlar paytaxtının şanlı memarlıq nümunəsinin yenidən xalqımızın mənəvi dünyasına qaytarılması istiqamətində yüksək təəssübkeşlik missiyası həyata keçirilmişdir. 2013-cü il mayın 17-də Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində əsaslı bərpa edilən və yenidən qurulan məscidin açılışı olmuşdur. Yenidənqurma işləri ilə yanaşı, Şamaxı Cümə Məscidi Dövlət Tarix-Memarlıq abidəsinin ətrafında qədim hücrələr də bərpa olunmaqla əsaslı abadlıq işləri aparılmışdır. Seyid Əzim Şirvani parkı da yenidənqurmadan sonra füsunkar görkəm almışdır. Təmirdən sonra Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Şamaxı Cümə məscidi yeni həyatına başlamışdır.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvü olmaqla digər İslam dövlətləri ilə çox sıx əlaqələr qurmuşdur. 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan edilmiş, 2018-ci il üçün isə bu şərəfli ada Azərbaycanın qədim şəhəri Naxçıvan layiq görülmüşdür. 

İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda milli və dini mərasimlər, o cümlədən Ramazan və Qurban bayramları hər il təntənə ilə qeyd edilir. Ənənəvi olaraq hər il dövlət başçısının iştirakı ilə ölkədə fəaliyyət göstərən bütün dini icmaların nümayəndələrinin iştirakı ilə iftar mərasimi keçirilir. Bu ənənənin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirilmişdir. Dövlət başçısının da bildirdiyi kimi, “ənənəvi iftar süfrələrimiz də bir məqsədi güdür: biz daha da sıx birləşək, Azərbaycan cəmiyyəti daha da sıx birləşsin, Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələri bir daha həm dövlət, həm siyasi rəhbərlik, həm din xadimləri tərəfindən lazım olan sözləri eşitsinlər” (17 )…. Dövlət başçısının fikrincə, islamın əsas bayramlarından olan “ramazan bayramı insanları sülhə, əmin-amanlığa və həmrəyliyə dəvət edir, cəmiyyətimizdə nəcib əməllərin və savab işlərin təntənəsinə yol açır”(25)

Dövlət başçısı “müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs bayram” (13) hesab etdiyi  Qurban bayramına da böyük önəm verərək, hər il ənənəvi olaraq Azərbaycan xalqına bu münasibətlə təbrik ünvanlayır. Onun dediyi kimi, “Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlər sistemində Qurban bayramının xüsusi yeri vardır. Xalqımız yüz illərdir ki, Allah və din yolunda mənəvi borcunu böyük təntənə ilə yerinə yetirir. Bu günlər ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, dövlətimizin firavanlığı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunurQurban bayramı cəmiyyətimizdə milli-mənəvi həmrəyliyi və dözümlülük ovqatını daha da gücləndirir, insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir” (12)

Beləliklə, İslam dini, şəriət normaları Azərbaycanda qədim ənənələrə malikdir və bu dinin formalaşdırdığı mənəvi dəyərlərimizin milli kimliyimizin, millətimizin formalaşmasında müstəsna rol oynamışdır. Dövlət başçısınını fəaliyyəti sayəsində bu dəyərlərə olan qayğı günü- gündən güclənməkdədir.

Prezident İlham Əliyev Azərbaycanda tolerantlıq mühitinin təminatçısı kimi

Dövlət başçısı hər zaman Azərbaycanda mövcud olan tolerantlıq mühitinin əhəmiyyətini vurğulamışdır. Onun fikrincə, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Biz bu sərvəti qoruyuruq və qoruyacağıq(16 ).

Tarixən Azərbaycan əhalisi təkcə etnik deyil, dini və digər cəhətlərdən də rəngarəngliyi ilə seçilmiş, bu müxtəlifliyə baxmayaraq əhali öz tolerantlığı ilə bütün dünyaya nümunə olmuşdur. Dövlət başçısı hesab edir ki, “müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biri də ondan ibarətdir ki, Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşayırlar, bütün hüquqlardan istifadə edirlər” (16). Tolerantlıq, belə demək mümkünsə bizim əsrlərdən bəri gələn milli xüsusiyyətimizdir. … “Bu, bizim həyat tərzimizdir, başqa cür ola da bilməz” (16).

Bunun bariz nümunəsi olaraq 2013-cü ilin aprel ayında Bakıda keçirilmiş II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu göstərmək olar. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın irəli sürdüyü və BMT-nin Sivilizasiyalar Alyansı, YUNESKO, Avropa Şurası, AŞ-nin Şimal-Cənub Mərkəzi və İSESKO-nun dəstəklədiyi təşəbbüsdür. Bu təşəbbüs mədəniyyətlərarası dialoqun dünyada ən təxirəsalınmaz vəzifələrdən biri olduğunu göstərir. Bakı Forumunda mədəniyyətlərarası dialoqun konseptual, idarəçilik, siyasi və praktiki aspektləri müzakirə olunmuş, dialoqa yönələn maneələr nəzərdən keçirilmiş və onun müxtəlif mühitdə ən yaxşı formada aparılması konkret şəkildə müzakirə edilmişdir.

Qeyd edək ki, dünyada müxtəlif qruplardan olan insanların bir-biri ilə bu dərəcədə dostcasına və mehribanlıq şəraitində yaşadığı oxşar ölkə tapmaq çətindir. Hazırda bir çox müsəlman ölkələrində məzhəb fərqliliyinə görə kütləvi toqquşmaların baş verməsi adi haldır. Ancaq, Azərbaycan cəmiyyəti üçün məzhəb fərqliliyi hazırda da aktual olsa da, bugünə qədər bu mövzuda yadda qala biləcək belə bir hal qeydə alınmayıb. Prezident İlham Əliyev də bu amilə diqqət çəkərək qeyd etmişdir ki, “heç vaxt Azərbaycan tarixində dini, milli zəmində ayrı-seçkilik, yaxud da qarşıdurma olmamışdır.. və əminəm ki, olmayacaqdır(16). Bütün bunlar isə dövlət başçısı tərəfindən həyata keçirilən düzgün dini siyasətin təzahürü kimi qiymətləndirilməlidir.

Təkcə dində deyil, milli, siyasi və s. məsələlərdə də bu dözümlülük qorunur. Məsələn, antisemitizm bəşəriyyətin bəlası olsa da, Azərbaycanda bir dəfə də olsa bu cür hala rast gəlinməyib. Ölkəmizdə onlarla xalqın nümayəndəsi dostcasına yaşayaraq öz milli mədəni xüsusiyyətlərini qoruyurlar. Dövlət başçısı hesab edir ki, “Azərbaycanda bütün xalqların nümayəndələri bərabərhüquqlu vətəndaşlardır”.

Məhz onun yeritdiyi düzgün siyasət nəticəsində bütün tarixi və dini abidələr qorunur.Yaradılmış gözəl mühit sayəsində  Azərbaycanda din azadlığı, vicdan azadlığı tam şəkildə bərqərar olunubdur. Müstəqillik dövründə dövlət tərəfindən yüzlərlə dini abidə – məscidlər, kilsələr, sinaqoqlar tikilib və təmir edilmişdir və bu proses indi də davam edir. (16)        Dövlət başçısınını da qeyd etdiyi kimi, “ ...Azərbaycanda son on il ərzində dinlərarası, millətlərarası münasibətlər artıq dünya üçün bir örnək olmuşdur(16)  .

Son söz deyil

“Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam” (8)

Bu sözləri 19 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 3-cü dəfə prezident seçilməsi ilə bağlırəsmi andiçmə mətnindən sonra müqəddəs Qurani-Şərifə əl basaraq demişdir.

Dövlət başçısı Ulu Öndər Heydər Əliyevdən nümunə götürərək əvvəlki andiçmə mərasimlərində də bu ənənəni qorumuşdur. Bir çox yadlaşmış ünsürlərdə andiçmə mərasiminin əslində rəsmi xarakter daşımayan bu elementi müəyyən mənada qısqanclıq doğurur. Onların fikrincə, dünyəvi dövlətdə milli-mənəvi, o cümlədən dini dəyərlərə bu qədər önəm verilməsi nə dərəcədə əhəmiyyətlidir?

Ancaq, elə bu amilin özü milli-mənəvi dəyərlərimizin Azərbaycan dövləti üçün nə dərəcədə əhəmiyyət kəsb etməsinin bariz göstəricisidir. Yuxarıda göstərdiklərimiz tam şəkildə təsdiq edir ki, dövlət başçısı hər dəfə öz andına sadiq qalır, onu pozmur.  O, hər prezidentlik dövrünün sonuna kimi milli-mənəvi dəyərlərə sadiqliyini nümayiş etdirir, dövlətin adından onlara sahib çıxır. Onun simasında milli-mənəvi dəyərlər dövlətin fəaliyyətində sanksiyalaşır.

   Fikrimcə, dövlət başçısının Azərbaycan xalqı tərəfindən bu qədər sevilməsi və hər dəfə dəstəklənməsinin səbəbi də bundadır. Azərbaycan xalqı bu yolla onun üçün müstəsna əhəmiyyət kəsb edən bu dəyərlərə sahib çıxdığına, yaşatdığına, qoruduğuna və gələcək nəsillərə ötürülməsinə şərait yaratdığına görə dövlət başçısına bir növ təşəkkürünü ifadə edir.  Bu ənənəni davam etdirdikcə, milli-mənəvi dəyərlərə sahib çıxdıqca, Azərbaycan xalqının dövlət başçısına etimadı hələ uzun müddət sarsılmaz qalacaqdır!

İstinadlar

  1. “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında” Əsasnamə. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı  ilə təsdiq edilmişdir / Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 481
  2. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu / Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 171
  3.  “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu / Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 602; 2011, № 2, maddə 71
  4. Atalızadə A.S. Azərbaycan Respublikasının Konstitusiyası və milli ideologiya problemi (I yazı) // “Türk eli”, Bakı: Qismət, 2009, 5 (oktyabr), s. 19-19
  5. Atalızadə A.S. Milli dövlətçiliyimizə daxili təhdidlər / “Türk eli” jurnalı, 13-cü say. Bakı: Qismət, 2013
  6. Azərbaycan dili   izahlı lüğəti  IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz. , təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu. – B. : Şərq-Qərb, 2006. – 744 s.
  7. Azərbaycan Respublikası Prezidentinin 23 may 2007-ci il tarixli 2198 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan  Respublikasının  Milli   Təhlükəsizlik  Konsepsiyasını (e-qanun.az/print.php?internal=view&target=1&docid=13373&doctype=0
  8. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimində nitqi / http://new.news.milli.az/politics/220910.html
  9. Bakıdakı Əjdərbəy məscidinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında İlham Əliyevin nitqi / http://az.president.az/articles/3978
  10. Dünya azərbaycanlılarının III qurultayında İlham Əliyevin nitqi / http://president.az/articles/2717” .
  11. İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak etmişdir / http://www.president.az/articles/5551
  12. Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik, 04 noyabr 2011, http://president.az/articles/3507
  13. Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik, 13 noyabr 2010-cu il / http://president.az/articles/1059
  14. Mənəvi dəyər / http://az.wikipedia.org/wiki/mənəvi_dəyər
  15. Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı . “Azərbaycan” qəz., 2010, 8 sentyabr, s. 2
  16. Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində İlham Əliyevin nitqi / http://president.az/articles/8827
  17. Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində İlham Əliyevin nitqi / http://president.az/articles/679
  18. Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində Prezident İlham Əliyevin çıxışı. ”Azərbaycan” qəz., Bakı, 2012, 24 avqust
  19. Müqəddəs Ramazan ayı münasibətilə keçirilən iftar mərasimində İlham Əliyevin nitqi, 12 avqust 2011 http://az.president.az/articles/2971/
  20. Müqəddəs Ramazan ayı münasibətilə verilən iftar mərasimində İlham Əliyevin nitqi, 14 avqust 2012 / http://www.president.az/articles/5572/
  21. Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində  Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı. “Azərbaycan” qəz., Bakı, 2013, 26 iyul, s.1
  22. Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik / http://president.az/articles/7621
  23. Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində İlham Əliyevin nitqi / http://president.az/articles/4544
  24. Prezident İlham Əliyev və mədəniyyət. 2 cilddə (II cild). Bakı: İdeal-print, 2008, 568 s.
  25. Ramazan bayramı münasibətilə Azərbaycan xalqına, 08 sentyabr 2010 / http://president.az/articles/684
  26. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumun açılış mərasimində İlham Əliyevin nitqi, 07 aprel 2011-ci il / http://az.president.az/articles/1849
  27. Свентоховский Тадеуш. Русское правление, модернизаторские элиты и становление национальной идентичности в Азербайджане. Азербайджан и Россия: общества и государства / Отв. ред. и сост. Д. Е. Фурман. М.: Летний сад, 2001

Müəllif: Milli Kimlik Araşdırmaları qrupunun üzvü, Aqşin Atalızadə

Write A Comment