1919-cu ildə ABŞ-nin Qafqaza marağı bir qədər artmışdı. Bu səbəbdən də Birləşmiş Ştatların Prezidenti bölgədəki mövcud vəziyyəti araşdırmaq üçün nümayəndə heyəti göndərmək qərarına gəlmişdi.

Tarixçilər həmin nümayəndə heyətini Harbord missiyası adlandırırlar. Səbəb isə heyət rəhbərinin general Ceyms Harbord olması idi. O, Birinci Dünya müharibəsində Almaniyaya qarşı döyüşmüşdü. ABŞ-nin nüfuzlu hərbçilərindən sayılırdı. Müharibə bitəndən sonra bir müddət Avropada qalan təcrübəli hərbçi daha sonra 12 zabitlə birgə Azərbaycana gəlmişdi. Bakıda qaldığı müddətdə o, Насı Zeynalabdin Tağıyevin evində yaşamışdı.

Harbord AXC-nin yüksək vəzifəli şəxsləri ilə görüşmüş, danışıqlar aparmışdı. Yekunda isə öz səfəri barədə ABŞ Dövlət Departamentinə məruzə təqdim etmişdi. Həmin məruzədə Azərbaycan barədə maraqlı qeyd var. Harbord bildirirdi ki, Azərbaycanın təhsil görmüş nữmayəndələri xarici əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini başa düşürlər. O, “təhsil görmüş nümayəndələr” dedikdə, şübhəsiz ki, general Sadıq bəy Ağabəyzadəni də nəzərdə tuturdu.

Amerikalı hərbçini bütün səfər boyu məhz Sadıq bəy müşayiət etmişdi. Sadıq bəy qonağı yüksək intellekti ilə heyran qoymuşdu. Çox güman ki, amerikalı general bölgədə belə savadlı adamların olacağını düşünmürdü. Bu səbəbdən də qarşısında türk, ərəb, fars, polyak və fransız dillərində sərbəst danışa bilən hərbçi görüncə valeh olmuşdu.

Sadıq bəylə söhbətlərindən Harbord elə təsirlənmişdi ki, hətta Tağıyevin evində keçirilən və azərbaycanlı generalın iştirak etmədiyi ziyafətdə onun sağlığına badə qaldırmışdı. Çox sonralar Harbord öz xatirələrindən ibarət kitabda Sadıq bəyi həyatı boyu hərbçilər arasında çox az rast gəldiyi böyük zəkaya, dərin biliyə sahib maraqlı şəxsiyyətlərdən biri adlandıracaqdı.

Ölkəmizdə isə general Ağabəyzadəni bəzən Azərbaycanın ilk polisi adlandırırlar. O, AXC hökumətində daxili işlər nazirinin müavini olub. Ölkədə polis işinin əsas təşkilatçısı rolunda çıxış edib.

O, Birinci Dünya Müharibəsi zamanında Türkmənistanda, hərbi xidmət keçdiyi müddət ərzində, bir şəqşünas alim kimi xalq rəvayətlərinin, dastanlarının və əfsanələrinin toplanması ilə məşğul olmuşdur. Böyük əmək nəticəsində Sadıq bəy “Türkmən Ləhcəsi” dərsliyini nəşr etdirmişdir. Bu xidmətinə görə Buxara əmiri onu xüsusi fərmanla mükafatlandırmışdır.

📚Ayaz İlyasov, “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt”

Write A Comment