Şah Təhmasib kimin məktubunu qəbrinə qoymağı vəsiyyət etmişdi?

Müqəddəs Ərdəbili – XVI əsrdə yaşamış məşhur azərbaycanlı din alimi. Əhməd ibn Məhəmməd Ərdəbili Nəcəf şəhərində yaşamış və dərs demişdir. Gözəl əxlaqına və kəramətlərinə görə ona “Müqəddəs” ləqəbini vermişdilər.

Müqəddəs Ərdəbilinin kəramətləri barədə mənbələrdə xeyli məlumat vardır. O, dəbdəbədən uzaq, zahidanə həyat sürmüşdür.

Səfəvi şahları onu ölkəyə dəvət etsələr də, təklifi qəbul etməmiş və İmam Əlinin (ə) məzarının yanından ayrılmayacağını bildirmişdi. Buna baxmayaraq, Səfəvi şahlarının yanında onun hədsiz hörməti vardı. I Şah Təhmasibin qəzəbinə tuş gəlmiş bir nəfər Müqəddəs Ərdəbilidən xahiş etmişdi ki, onu cəzadan xilas etsin. Alim şaha məktub yazıb həmin adamın bağışlanmasını xahiş etdi, məktubu da “qardaşım” sözü ilə başladı.

Şah Təhmasib xahişi dərhal yerinə yetirdi, həmin məktubun da dəfn zamanı sinəsinin üstünə qoyulmasını vəsiyyət etdi: “Qəbirdə sorğu-sual mələkləri mənə əzab vermək istəsələr, məktubu göstərib deyəcəyəm ki, Müqəddəs Ərdəbili məni “qardaşım” adlandırıb”. I Şah Abbas da Müqəddəs Ərdəbiliyə dərin hörmət bəsləyir, ona sığınan günahkarlara aman verirdi.

Müqəddəs Ərdəbilinin fiqh mövzusunda qələmə aldığı “Zübdət əl-bəyan” əsəri xüsusilə məşhurdur. Azərbaycan türkcəsində əqaid kitabı yazdığı da məlumdur. Müqəddəs Ərdəbili 1585-ci ildə Nəcəf şəhərində vəfat etmiş, İmam Əlinin (ə) hərəmində dəfn olunmuşdur.

📚İstinad: “Qızılbaş Ensiklopediyası”

Write A Comment