1921-ci il martın 16-da Türkiyə ilə bolşevik Rusiyası arasında bağlanmış Moskva müqaviləsi ilə Naxçıvan muxtar quruluş qazandı və başqa dövlətə buraxılmamaq şərti ilə Azərbaycanın ixtiyarına verildi.

Eyni məsələ 1921-ci il oktyabrın 13-də Türkiyə, bolşevik Rusiyası, Azərbaycan, Ermənistan və Gürcüstan arasında imzalanan Qars müqaviləsi ilə də öz təsdiqini tapdı və Türkiyə Naxçıvanın Azərbaycana bağlı Muxtar Respublika olaraq qalmasının qarantı oldu. Sonrakı illərdə Ermənistan Zəngəzur kimi Naxçıvanı da ilhaq etməyə çalışsa da, Moskva və Qars müqavilələrinin müddəalarına uyğun olaraq Naxçıvan Azərbaycanın tərkibində “muxtar respublika” kimi mövcudluğunu davam etdirdi.
Lakin bu mübarizə və imzalanan sənədlərə baxmayaraq, Naxçıvan Muxtar Respublikası yaradılarkən Naxçıvan və Türkiyə arasında ümumi sərhəd yox idi.

Dosent, doktor Əhməd Özgirayın 1995-ci ildə “Atatürk Araşdırma Mərkəzi Jurnalı”nda dərc olunan məqaləsində və professor Nihad Erimin 1952-ci ildə yazdığı məqalədə İranın 1932-ci ildə aparılan danışıqlar nəticəsində razılaşmanı qəbul etdiyi və Kiçik Ararat bölgəsini Türkiyəyə verməyə razı olduğu yazılır.

Atatürk Türkiyənin ümumilikdə türk dünyası ilə ərazi baxımından əlaqəsinin kəsilməməsi məqsədilə İranla ərazi mübadiləsi, yəni torpaq dəyişikliyi edib.

O dövrdə Kiçik Ağrı dağı əvvəllər İran sərhədləri daxilində idi. Kürd tayfalarının üsyanları zamanı türk ordusundan qaçan üsyançılar İrana keçirdilər. Fürsət tapıb Türkiyəyə qayıtdılar və üsyanı davam etdirdilər. Türkiyənin xəbərdarlıqlarına baxmayaraq, İran bunların qarşısını almaqda çətinlik çəkirdi. Problemi daimi həll etmək istəyən Mustafa Kamal Atatürk 1932-ci il yanvarın 18-də o zamankı xarici işlər naziri Tofiq Rüştü bəyi Tehrana göndərdi.

Atatürk sərhədi düzəltməyi və Kiçik Ağrını Türkiyəyə verməyi və bununla da üsyançıları nəzarət altına almağı qarşısına məqsəd qoymuşdu. Danışıqlardan sonra yanvarın 23-də İran sərhəd korreksiyasını qəbul etdi və Kiçik Ağrı dağı bölgəsini Türkiyəyə verdi.

Bunun müqabilində Türkiyə hökuməti İrana Ağrı dağından 150 km aralıda, iki ölkə arasındakı 560 km-lik sərhəddən daha cənubda bir torpaq sahəsi verdi. Söhbət İranın uzun müddətdir tələb etdiyi və iki ölkə arasında problem olan Katur bölgəsi idi. Onu da xatırladaq ki, Tehranın ərazi mübadiləsini dərhal qəbul etməsində Atatürkün İran şahı Pəhləvi ilə qurduğu dostluğun rolu olub.

Bu torpaq mübadiləsi ilə Naxçıvanla Türkiyəni birləşdirən sərhəd xətti yaranıb.

İstinad: axar.az

Write A Comment