Bu gün, müasir təqvimlə şanlı Qızılbaş hökmdarı Şah İsmayılın doğum günüdür. Məşhur faktdır ki, Şah İsmayıl 14 il hakimiyyəti ərzində 14 ölkə fəth etmişdir.

Amma daha az bilinən odur ki, ondan əvvəl və sonra gəlib-getmiş bütün fatehlərdən fərqli olaraq fəth etdiyi (və ya müdafiyə) xalqların tarixi yaddaşında (nə yazılı ədəbiyyatında, nə də xalq folklorunda) Şah İsmayıla münasibətdə mənfi təzahürə rast gəlinmir. Əksinə, Orta Asiyadan Anadoluya qədər bir çox ölkələrin titul xalqlarının dastanlarında İsmayılı epik qəhrəman və ədalətli hökmdar kimi tərənnüm edən çoxlu örnəklər görürük.

Tarixdə bənzəri olmayan bu hadisənin sirrini Qızılbaş İmperiyasının xəritəsinə nəzər salanda anlayırsan. Bu xəritə bu gün Azərbaycan xalqı və ya ona yaxın xalqların təşəkkülündə rol oynamış etnosların tarixən yaşadıqları geniş coğrafiyanı əhatə edir. Şərti olaraq PROTO-AZƏRBAYCANLI adlandırıla bilən bu etnotarixi toplum varisləri – bu gün İraq və Suriya türkmanlarından tutmuş Əfqanıstanın və Hindistan subkontinentinin qızılbaşlarına qədər – bu gün də bu torpaqlarda yaşayırlar.

Qeyd etmək vacibdir ki, artıq həmin dövrdə müasir Azərbaycan ərazisində yaşayan talışların, kürdlərin və bir sıra digər Qafqaz və irandilli xalqların əcdadları qızılbaşlarla ideoloji yaxınlıq və ortaq tarixi taleyi bölüşürdülər.

Yəni, bu gün qardaş və etnik-mənəvi cəhətdən bizə yaxın xalqların məskunlaşdığı bu geniş coğrafiyada Şah İsmayıl faktiki olaraq AZADLIQ (və ya müdafiyə) yürüşləri həyata keçirmiş, onların üzərində hökm sürən etnik və dini təqib buxovlarını dağıtmış, qızılbaş superetnosu müasir dil ilə desək MİLLİ EV qurmuşdur.

Məhz bu MİLLİ EVDƏ – Qızılbaş dövlətinin titul xalqına çevrilən türkman tayfalarının döyüş gücü DİRÇƏLDİ. Dövlətin özü isə ilk dəfə olaraq demokratik qurultayları vasitəsilə Nizam-ül-Mülkün Qərbi Asiyada əsrlər boyu davam edən fars dövlət sistemi hökmranlığından sonra məşhur TÜRK XAQANLIĞININ siyasi ənənələrini dirçəltdi.

Məhz bu MİLLİ EVDƏ qızılbaşların kökü Peyğəmbərin (s) Əhli-beytinə (ə) məhəbbətdən qaynaqlanan mənəvi kimliyi öz dirçəlişini tapdı. O kimlik ki, Qızılbaş əcdadlarının ta Abbasi Xilafəti dövründən özləri üçün seçdikləri ali hədəf – bu nəslin məzlum övliyalarını haqsız zülmdən qorumaq kimi müqəddəs missiyasında – öz əksini tapmışdır.

O kimlik ki, qızılbaşların mənəvi və etnik sələflərinin tarix boyu silsilə hərəkatlarında – Babəkin ərəb-fars Abbasi xilafətinin istilasına qarşı çıxışları, Nəsimi və Hurufilərin mistik-ədəbi cərəyanı, türkmən boylarının maarifçi “Fütüvva” təşkilatlanması, İmam Əli haqqında ilk Oğuz qəhrəmanlıq dastanları, nəhayət, tarixi Azərbaycan ərazilərində “Xəlvətiyyə” (şimalda) və “Səfəviyyə” (Cənubda) kimi geniş xalq dəstəyi qazanmış mistik sufi təriqətlərin fəaliyyətinədək – vuquf etmişdir.

Məhz bu MİLLİ EVDƏ qızılbaşların ən çoxsaylı hissəsinin – Azərbaycan türklərinin ana dili tarixi zirvəyə ucaldı. Şah poeziyasında müstəqil ədəbi üslub kimi formalaşmış Azərbaycan dili təkcə saray, ordu və poeziya dili deyil, həm də Yaxın Asiyada millətlərarası ünsiyyətin “lingua franca”sı oldu.

Və nəhayət, məhz bu MİLLİ EVDƏ azərbaycançılıq kimliyinin təməl daşları qoyuldu. ÖZ dövləti və onun uğurları ilə fəxr edən, öz dili və xüsusi mənəvi ənənələri əsasında əlahiddə toplum olan qızılbaşların VƏTƏN bağı gücləndi. Azərbaycan təkcə vacib coğrafi-inzibati mərkəz deyil, hər şeydən əvvəl qızılbaşlar üçün mənəvi və siyasi mərkəz rolunu oynayırdı. Təsadüfi deyil ki, Şah İsmayıl Şirvan yürüşündə mürid əsgərlərinə müraciətini “Sizə Gülüstan qalası, yoxsa Azərbaycan taxtı tacı lazımdır?” şüarı ilə bitirmiş ki, bu, Azərbaycan məfhumunu Hərəkatın siyasi missiya və müqəddəs simvoluna çevirmişdir.

Beləliklə, Qızılbaşlar dövlətinin milli yurdunda qızılbaş etnokonfessional kimlik şüurunun etnik, mənəvi – etik və linqvistik ünsürləri “müqəddəs vətən anlayışı” olan Azərbaycan məfhumu ilə yenidən birləşərək, tamhüquqlu müasir Azərbaycan milli kimliyinin əsası sayıla biləcək bir kimlik formalaşdırmışdır.

BU KİMLİK parçalanmış olsa da, Xanlıqlar dövründə də qorunub saxlanılmışdır. ADR dövründə “siyasi millətin” formalaşması üçün zəmin yaradan da məhz BU KİMLİYİN daşıyıcıları olub. Və məhz BU KİMLİK müstəqil respublikada dirçəlib, möhkəmlənərək 2020-ci ilin Müzəffər Vətən Müharibəsi ilə dirçəlişinin yeni mərhələsinə qədəm qoydu.

Və buna görə də bu gün biz bu kimliyin formalaşdığı MİLLİ EV KİMİ tarixi rol oynamış QIZILBAŞ DÖVLƏTİNİN BANİSİ, Azərbaycan xalqının şanlı oğlunun xatirəsini dərin ehtiramla yad edirik.

Süleyman şanlı Qızılbaş hökmdarı, Bahadır Xan və Zillullah, Əs-Səfəvi Heydər oğlu Əbül-Müzəffər Şah İsmayılın doğum günü münasibətilə hamınızı təbrik edirəm!

Müəllif: Elşad İskəndərov

Write A Comment