Erməni yazıçısı Xaçatur Abovyan “Краткий исторический очерк г. Эривани” başlıqlı məqaləsində yazır:
“Erməni yazıçıları eramızın XIII əsrinin əvvəllərinədək İrəvan şəhərinin adını belə çəkmirlər, bu zamandan, yəni 1209-cu ildən etibarən oranı “kiçik yer” adlandırırlar.

Xalq arasında gəzən rəvayətə görə, guya İrəvan adı erməni çarı Ervandın adından və yaxud erməni sözü olan yerevil, yerevan, yəni “gördü”, “göründü” sözlərindən əmələ gəlib və guya Nuh Araratın zirvəsindən ilk dəfə quru torpağı bu yerlərdə, yəni şəhərin yerləşdiyi ərazidə görərkən onu bu cür adlandırmışdı. Bu, tamamilə uydurmadır. Daha doğrusu, bu şəhər 1441-ci ildən, Cahan şah dövründə iranlılar (yəni Qaraqoyunlu əmirləri – N.M.) buranı zəbt etdikdən sonra məşhurlaşmışdı.

O dövrdən 1827-ci ilədək İrəvan gah iranlılar, gah da türklər tərəfindən zəbt olunmuş, aramsız olaraq bir xalqın əlindən digər xalqın əlinə keçmişdi… Sonuncu İrəvan sərdarı da daxil olmaqla, İrəvan şəhərini və onun qəzasını müxtəlif zamanlarda türklər tərəfindən 10 paşa və iranlılar tərəfindən 33 xan idarə etmişdi…”.

İlk mənbələr təsdiq edir ki, indi Ermənistan (Hayastan) adlandırılan əraziyə ermənilər (haylar) ilk dəfə xristianlığın dövlət dini səviyyəsinə yüksəlməsindən sonra missionerlər kimi gəlmişdilər. Haylar ərəb xilafəti dövründə islam dinini qəbul edən aborigen türkmənşəli boyların tərk etdikləri dini məbədlərə sahib çıxmış, həmin məbədləri kilsəyə çevirmiş, elə oradaca saxta tarix əsərləri quraşdırılmışdı.
Ərəb xilafətinin qoşunları ilk dəfə 642-ci ildə Cənubi Azərbaycan və Naxçıvan üzərindən indiki Ermənistan ərazisinə daxil olmuşdu. Xilafət dövründə Cənubi Qafqazdakı əmirliklərin idarəçiliyi bir qayda olaraq türklərə həvalə edilirdi. Erməni tarixçisi A.Ter-Gevondyan yazır:

“Əgər Ərəb xilafəti dövründə İrəvan şəhər kimi mövcud olmuş olsa idi, ticarət yolu da oradan keçərdi. Lakin Ərəb xilafəti dövründən bəhs edən erməni müəllifləri qeyd edirlər ki, həmin dövrdə karvan yolu İrandan Naxçıvan-Dvin (Dəbil) üzərindən kiçik Asiyaya yönəlirdi”.
Ermənilərin İrəvan ətrafında məskunlaşması 1441-ci ildə Qaraqoyunlu hökmdarı Cahan şahın razılığı ilə erməni katolikosluğunun iqamətgahının Kilikiyadan Valarşabad kəndindəki Üçmüəzzin (Üçkilsə) kilsəsinə köçürülməsindən sonra başlamışdı.

Bəs İrəvan yaşayış məskəni kimi nə vaxtdan tanınır

Türk səyyahı və coğrafiyaşünası Övliya Çələbi İrəvanı yaşayış məntəqəsi kimi XV əsrin əvvəllərinə aid edir. Onun yazdığına görə, hicri təqvimi ilə 810-cu ildə (1407-1408-ci illər) Əmir Teymurun tacirlərindən Xacə xan Ləhicani adlı tacir çox münbit Rəvan torpağına qədəm qoymuş, öz ailə üzvləri ilə burada sakin olmuş və düyü əkini hesabına gündəngünə varlanaraq bu böyük kəndin əsasını qoymuşdu. Övliya Çələbi daha sonra əlavə edir ki, Səfəvilər dövlətinin başçısı Şah İsmayıl hicri 915-ci ildə (1509-1510-cu illər) qala salınması barədə öz vəziri Rəvanqulu xana göstəriş vermiş, o da öz növbəsində 7 ilə qalanı tikdirərək adını “Rəvan” qoymuşdu.

Qaraqoyunluların hakimiyyəti dövründə İrəvanın daxil olduğu ərazi Səədli tayfasının başçıları tərəfindən idarə edilirdi və Çuxur Səəd əmirliyi adlanırdı. Əgər həmin dövrdə Çuxur Səəd əmirliyinin iqamətgahı İrəvanda yerləşmiş olsaydı, Səədli tayfasının başçılarının qəbiristanlığı da orada olmuş olardı. Lakin 1411-ci ildə vəfat edən Çuxur Səəd əmiri Əmir Səədin məqbərəsi onun oğlu Pir Hüseyn tərəfindən İrəvan şəhərindən 7 km cənubdakı Göykümbət (1946-cı ildən Arqavand adlandırılmışdır – N.M.) kəndində 1413-cü ildə ucaldılmışdı.

Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix, Mustafa Nazim, Qurbanov Araz, Elşad Əlili

Write A Comment