Bu gün, Pakistan tarixində mühüm rol oynamış bir Qızılbaş Prezidenti haqqında BİLMƏDİYİNİZ faktları qeyd edəcəyik.

«Yəhya Xan Qızılbaş 4 Fevral 1917-ci ildə Britaniya Hindistanın (Pakistanın) Çakval şəhərində anadan olmuşdur. Yəhya Xan, Qızılbaşların Əfşar tayfasına mənsub idi. Əcdadları 1738-cü ildə Nadir Şah ilə Hindistan fəthində iştirak etmiş və Əfqanıstanda məskunlaşmışlar, sonradan yenidən ailəsi Hindistana gələrək Pişəvər şəhərində məskunlaşırlar.

Yəhya Xanın Atası Britaniya Hindistanı höküməti tərəfindən «Xan Bahadur» ordeni ilə təltif olunmuş Ağa Səadət Əli Xan isə, Hindistan Polisində yüksək vəzifəli məmur idi. Yəhya Xanın, Əli Xan və Yasəmən xan adlı övladları olmuşdur.»

«Yəhya Xan Qızılbaş Ali təhsilini Pəncab Universiteti və Dehra Dun Hindistan Hərbi Akademiyasında başa vurmuşdur. 1938-ci ildə, o, Britaniya Hindistanı ordusunun hərbi hissəsində xidmətə başlayır. İkinci Dünya Müharibəsi zamanı Şimalı Afrika, İraq və İtaliyada döyüşür.

Müstəqil Hindistan və Pakistan dövlətlərinin yaranmasından sonra Yəhya Xan Pakistan Dövlətinə xidmət edərək, “Pakistan Hərbi-Qərargah Kollecinin” yaradılmasında mühüm rol oynadı. O, 34 yaşında briqada generalı rütbəsinə yüksəldi və hələ də Pakistan Silahlı Qüvvələri tarixində ən gənc Briqada Generalı hesab olunur.

1965-ci ildə General-mayor rütbəsi ilə Pakistanın Quru Qüvvələri komandanı təyin edilmişdir. Yəhya Xan Ordunun baş komandanı olduqdan sonra 1966-cı ildə Pakistan Ordusunu yenidən güclü şəkildə təşkil etməyə başladı. 1965-ci ildən sonrakı vəziyyət Pakistan Ordusunda böyük təşkilati və texniki dəyişikliklərə səbəb oldu. Pakistan ordusunun silah və texnika cəhətindən inkişafında çox böyük işlər gördü.

1969-cu ildə Şərqi Pakistanda (hal-hazırdakı Banqladeş) üsyanlar vəziyyət nəzarət altından çıxmağa başlayır və ölkənin 2-ci Prezidenti General Əyyub Xan hakimiyyəti General Yəhya Xana təhvil verməyə məcbur olur.

Yəhya Xan, Pakistanın digər General Prezidentlərindən fərqli olaraq öz hakimiyyətini uzatmaqda maraqlı deyildi. O, ölkəyə rəhbərlik edib, ölkədəki vəziyyəti (üsyanı) nizama saldıqdan dərhal sonra, hakimiyyəti seçilmiş nümayəndələrə təhvil verə biləcəyi variantları axtarmağa başladı. Pakistan tarixində ilk ümumi seçkilər 1970-ci ilin dekabrında onun rejimi dövründə keçirildi. Lakin, Yəhya Xan Qızılbaş Şərqi Pakistandakı (hal-hazırda Banqladeş) vəziyyəti nizamlaya bilmədi.

O, məcbur olaraq Şərqi Pakistanda (Banqladeşdə) Benqalların üsyanını yatırmaq üçün ordudan istifadə etdi və bu da 1971-ci ildə Pakistanla Hindistan arasında müharibənin başlanmasına səbəb oldu. Pakistan ordusu bu müharibəni uduzdu, Banqladeşlilər Hindistanın sayəsində, Pakistanın tərkibindən çıxıb müstəqil Banqladeş Respublikası elan etdilər.

Yəhya xan, 1971-ci il dekabrın 20-də, hakimiyyəti Pakistanın məşhur siyasətçisi Zülfüqar Əli Bhuttoya təhvil verməyə məcbur olur. 1972-ci ildə Bhutto Yəhya Xanı ev dustağı etdi. Lakin 1977-ci ildə Bhuttonun özü hərbi çevriliş nəticəsində devrildi. Bundan sonra Şimal-Qərb əyalətinin 14-cü qubernatoru General Fazle Haq, Yəhya Xanı ev dustaqlığından qurtardı. Yəhya Xan İnfarkt keçirərək 1980-ci il avqustun 10-da Ravalpindi də vəfat etdi və Pişəvər şəhərində dəfn edildi.»

Fotonu rəngləndirən və yazının müəllifi Vahid İbayev

Write A Comment