“Möhtərəm Azərbaycan parlaman əzası! Bu gün öylə böyük, əziz və mübarək gündür ki, bunu biz azərbaycanlılar yuxumuzda da görməzdik. Bu gün o gündür ki, milli müqəddəratımızı öz əlimizə almışıq..”

7 dekabr Azərbaycan müstəqil dövlətçilik tarixində böyük xidmətləri olmuş siyasi xadim Xətəli Xan Xoyskinin doğum günüdür. O, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, ilk baş naziri, xarici işlər və ədliyyə naziri postlarını tutmuş, parlamentin üzvü olmuşdur.

Xoyski ailəsi

Fətəli Xan Xoyski Azərbaycan tarixində iz qoymuş, Xoy xanlığının qurucuları olan dünbülilər nəslindəndir.

Dünbülilər Səfəvi İmperiyasının ordusunda yer alıb, Şah İsmayıl Səfəvi dövründə Qızılbaş ordusunun bir qolunu cəsur dünbülilər tayfasından olan döyüşçülər təşkil edib. Fətəli xanın ikinci babası Cəfərqulu xan Dünbuli həm də “Batmanqılınc” ləqəbi ilə tanınıb.

Cəfərqulu xan Qacar hökmdarı Fətəli şahla yaranmış münaqişə səbəbi ilə qohum-əqrəbası və 20 minə yaxın qoşunu ilə Şimali Azərbaycana keçib. Cəfərqulu xan 1807-ci ildə Rusiya çarı tərəfindən Şəki xanı təyin edilib və ona general-leytenant rütbəsi verilib.

Cəfərqulu xandan sonra 1810-1819-cu illərdə Şəki xanlığını oğlu İsmayıl xan idarə etmişdir. 1819-cu ildə İsmayılın vəfatından sonra Şəki Xanlığı ləğv edilib.

İsmayıl xanın ölümündən sonra onun oğlu İsgəndər xan Gəncəyə köçüb. İsgəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiya alayının general-leytenantı idi, onun arvadı Şərəbanı-xanım Hacı Molla Zeynalın qızı idi. General-leytenant İsgəndər xan Xoyskinin 4 oğlu, bir qızı olmuşdur. Onlardan Hüseynqulu xan Gəncə general-qubernatorunun müavini, Rüstəm xan müstəqil Azərbaycan Cümhuriyyətinin himayəçilik (sosial-təminat) naziri, Fətəli xan isə müstəqil Azərbaycanın ilk baş naziri olmuşdur. Digər övladı Cahangir isə ali hüquq təhsili almışdı.

Fətəli xan Xoyski 1875-ci il 25-də Nuxa (indi Şəki) şəhərində İsgəndər xanın ailəsində dünyaya gəlib. Yelizavetpol (Gəncə) gimnaziyasında orta təhsilini alan Fətəli xan Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1897-ci ildə 1-ci dərəcəli diplom ilə universiteti bitirərək həmin ilin avqustunda Tiflis məhkəmə palatasının böyük sədrinin əmri ilə Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün kiçik namizəd təyin olunub.

Fətəli xan 1897-1907-ci illər arasında 10 il ərazində Zaqafqaziya məhkəmə sistemində müxtəlif vəzifələr tutub. 1907-ci ildə Yelizavetpol quberniyasından Rusiya imperiyasının II Dövlət dumasının müstəqil millət vəkili seçilib. Zəngin hüquqi biliyinə əsasən müxtəlif məqsədli komissiyalara seçilib, o cümlədən maliyyə, ədliyyə, intizam komissiyalarında çalışıb. Çar hökumətinin torpaq islahatları siyasətini sərt şəkildə tənqid edib.

Fətəli xan Dumada Müsəlman fraksiyasının üzvü olub. F. Xoyski 1905-ci ilin avqustunda Nijni Novqorod şəhərində keçirilən Rusiya müsəlmanlarının I Konqresində iştirak edib. “İttifaq əl-Müsliminin” (Rusiya Müsəlmanları İttifaqı) fəaliyyətində aktiv iştirak edib. Onun həmin təşkilatın hüquq və iqtisadiyyat komissiyasında fəaliyyəti ziyalılar və əhali arasında da xüsusi rəğbətlə qarşılanırdı. Bu səbəbdən də quberniyada ona böyük etimad göstərlirdi.

Xan Xosyki hökumətin köçürülmə siyasətinin əleyhinə çıxış edib. 1917-ci il fevral inqilabından sonra apreldə Bakı 1-ci Qafqaz müsəlmanları qurultayının iştirakçısı olan Xoyski may ayında Moskvada keçirilən 1-ci Ümumrusiya Müsəlman qurultayında Ümumrusiya müsəlman Şurasının İcraiyyə Komitəsinin üzvü seçilib.

Bitərəf kimi 26-31 oktyabrda Müsavat Partiyasının 1-ci qurultayında iştirak etmişdir. O, Azərbaycana Rusiyanın tərkibində muxtariyyət verilməsi haqqında müsavatçıların tələbini dəstəkləyirdi. 1917-ci ilin oktyabrından 1918-ci ilin aprelinədək Bakı şəhər Dumasına rəhbərlik etmişdir. Zaqafqaziya Komissarlığında1917-ci ilin15 noyabrından 1918-ci ilin 10 fevralınadək xalq maarif komissarı olmuşdur.

1918-ci ilin 10 fevralından – 26 mayadək Zaqafqaziya Seyminin üzvü və “Müsavat” və demokratik bitərəf qrupun fraksiyasına daxil idi. Həmin ilin aprel ayından Zaqafqaziya hökumətinin ədliyyə naziri təyin olunub. 27 maydan — 7 dekabradək Müvəqqəti Azərbaycan Milli Şurasının üzvü, mayın 27-dən isə Milli Şuranın İcraiyyə Komitəsinin sədri kimi fəaliyyət göstərmişdir.

Müstəqil dövlətin qurucu baş naziri

Zaqafqaziya seymi buraxıldıqdan sonra, 1918-ci il mayın 27-də artıq keçmiş Zaqafqaziya seyminin müsəlman fraksiyası üzvləri yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırırlar.

Beləliklə, Zaqafqaziya müsəlmanlarının Müvəqqəti Milli Şurası adlanan qurum və onun yanında 9 nəfərdən ibarət icraçı orqan yaradıldı. F. Xoyski icraiyyə orqanının sədri seçildi.

Ertəsi gün Milli Şuranın ilk iclası keçirildi: Seymin buraxılması, Gürcüstanın öz müstəqilliyini elan etməsi və Azərbaycanın vəziyyəti iclasın gündəliyində əsas bənd idi.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Fətəli xan Xoyski yeni hökumətin başçısı və daxili işlər naziri vəzifələrini tutdu. Mayın 30-da Nazirlər Şurasının sədri F. X. Xoyski Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi barədə bir sıra xarici işlər nazirlərinə radioqram göndərdi.

Radioqramda qeyd olunurdu ki, Gürcüstanın çıxması və Zaqafqaziya Federativ Respublikasının dağılması ilə Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycanın istiqlaliyyətini elan etmiş, Azərbaycan Respublikasını yaratmışdır. Deyilənləri nəzərinizə çatdıraraq, zati-ailənizdən bu barədə hökumətinizə xəbər vermənizi rica edirəm. Milli hökumətim müvəqqəti olaraq Yelizavetpol şəhərində yerləşir.

AXC hökuməti iyunun 16-da Tiflisdən Gəncəyə köçdükdən sonra hökumət binası Xoyskinin ata mülkü idi.

İyunun 17-də təşkil edilən ikinci kabinə həm qanunverici, həm də icraedici səlahiyyətlərə malik idi. Məhz həmin dövrdə dövlət quruculuğunun əsas atributları olan milli bayraq, dövlət dili qəbul edilmişdi. Hökumətin Gəncədə yerləşdiyi dövrdə hərbi nazirlik təsis edilmiş, Milli Orduya çağırış elan olunmuş, gömrükxana xidməti təsis edilmiş, bütün ibtidai təhsil ocaqlarında tədrisin hökmən türk (Azərbaycan) dilində aparılması qərara alınmışdı.

1918-ci il sentyabrın 15-də Bakı erməni-rus işğalından azad edildikdən sonra hökumət paytaxta köçdü. Şəhərin azad edilməsi münasibətilə keçirilən təntənəli yığıncaqda Fətəli xan Xoyski demişdi:

“Bizim də həyatda yaşamaq, bizim də azad yaşamaq hüququmuz vardır. Heç bir zirehli maşın, hidroplan, aeroplan, kanonerka, məftilli çəpər, mina və sairə texniki qurğu, heç bır ingilis, heç bir qüvvə və onların havadarları tarixin təbii axarına mane ola bilmədilər. Bakının 50 minlik qoşun və texnika ilə birlikdə kiçik bir qüvvənin həmləsi qarşısında süqutu başqasının fəlakəti üzərində öz xoşbəxtliyini qurmaq istəyənlərə ibrət dərsi olmalıdır”.

Müstəqilliyə qovuşmuş Azərbaycanın tarixində ən əlamətdar hadisələrdən biri onun ilk parlamentinin çağırılması idi. Xan Xoyski 1918-ci il dekabrın 7-də çağırılan parlamentin ilk iclasında demişdi:

“Möhtərəm Azərbaycan parlaman əzası! Bu gün öylə böyük, əziz və mübarək gündür ki, bunu biz azərbaycanlılar yuxumuzda da görməzdik. Bu gün o gündür ki, milli müqəddəratımızı öz əlimizə almışıq. Hökumət məni vəkil etmişdir ki, bu bayram münasibətilə sizi təbrik edim”.

1918-ci il dekabrın 22-də üçüncü hökumət kabinəsi təşkil edilir. F. Xoyski bu kabinədə baş nazir və xarici işlər naziri vəzifəsini tutur. O, parlament qarşısında dövlətin müdafiə gücünün artırılması ilə bağlı tez-tez tələblər qoyurdu. Məhz onun tələbi ilə 1919-cu il üçün hərbi nazirliyə ümumi büdcənin altıda biri qədər (400 milyon manat) vəsait ayrılmışdı.

Lakin parlamentdə fraksiyalar arasında gedən çəkişmələr hökumətin işini iflic edirdi. 1919-cu ilin martında Fətəli xan Xoyski hökuməti istefa verir. Nəsib bəy Yusifbəyli aprelin 14-də dördüncü kabinəni təşkil edir. Bundan sonra parlament üzvü kimi F. Xoyski Cənubi Qafqaz respublikaları arasında münaqişələrin nizamlanması ilə məşğul olur. O, Tiflisdə və Bakıda keçirilən konfransların təşkilatçılarından biri olur. 1919-cu il dekabrın 22-də parlamentin iclasında beşinci və sonuncu hökumətin tərkibi təsdiq edilir.

Nəsib bəy Yusifbəylinin sədri olduğu hökumətdə Fətəli xan Xoyski xarici işlər naziri vəzifəsini tutur. Bu dövr Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən gərgin anları idi. Rusiyanın xarici işlər naziri Çiçerin ardı-arası kəsilmədən təhdid dolu məktublar göndərirdi. Xan Xoyskinin cavab məktubları heç bir nəticə vermədi. Bolşeviklər 1920-ci il aprelin 28-də Azərbaycanı işğal etdilər. Cümhuriyyət qurucularının əksəriyyəti ölkəni tərk etdilər. Xan Xoyski Tiflisə getdi.

Terror

1920-ci il iyunun 19-da Xan Xoyski məsləkdaşı Xəlil bəy Xasməmmədovla Tiflisdə indiki Opera Teatrı binasının yanından keçərkən erməni terrorçuları Aram Yerkayan və Misaq Qriqoryan tərəfindən sui-qəsdə məruz qalır. Nəticədə Fətəli xan dünyasını dəyişir, X. Xasməmmədov isə yaralanır.

Fətəli xan indiki Tbilisi botanika bağının ərazisində yerləşən köhnə müsəlman qəbirstanlığında dəfn edilib. Onun dəfn mərasimini Tiflisdəki İran konsulluğu həyata keçirib.

Fətəli xan Xoyski həyatının son anına qədər xalqına sədaqətlə xidmət etmiş, dövlətçiliyimiz tarixində müstəsna xidmətləri olan görkəmli ictimai-siyasi xadimdir. Onun həyat yolu və siyasi-ictimai fəaliyyəti hər bir azərbaycanlı üçün örnəkdir.

Fətəli xan Xoyskinin ailəsi də 1920-ci ildən sonra təqib olunub. Fətəli xan sonralar islamı qəbul edərək Ceyran xanım adını almış Yevqeniya Vasilevna ilə evli idi.

Fətəli xan Xoyskinin üç övladı olub: qızı Tamara (1902-1990) , iki oğlu Murad (1910-1973) və Ənvər (1914-1935).

Maraqlıdır ki, qızı Tamara xanım məşhur bolşevik, sonralar Azərbaycan SSR-də müxtəlif vəzifələrdə çalışmış Mirzə Davud Hüseynova ərə getmişdi. Mirzə Davud Hüseynov 1930-cu illərdə represiyaya uğradıqdan sonra Xoyskinin qızı Tamara xanımı 10 il müddətinə həbs etdilər.

Böyük oğlu Murad Bakıda nəqliyyat idarəsində çalışıb. Kiçik oğlu Ənvər isə diabet xəstəliyi iılə əlaqədar Moskvada əməliyyat olunduqdan sonra narkozdan oyanmadı..

Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Kənan Rövşənoğlu

Write A Comment