Azərbaycanın müstəqillik tarixində qısa müddətdə olsa da, Böyük Britaniya işğalı dövrü də var. 1918-19-cu illərdə, konkret olaraq 1918-ci il noyabrın 17-dən 1919-cu il avqustuna qədər Böyük Britaniya ordusu Azərbaycan ərazisində, ölkəmiz isə Antanta qüvvələrinin işğalı altında olub.

Ancaq bu tarixə birmənalı münasibət yoxdur. Bəzilərinə görə, bu bir işğal hadisəsi idi, bəzi tarixçilər isə ingilislərin Azərbaycanda mövcudluğunun müsbət tərəflərinin də olduğunu qeyd edir.

Əlbəttə, Böyük Britaniya neftlə zəngin Bakıya – Azərbaycana xilas və yerli xalqa azadlıq vermək üçün can atmırdı. Lakin tarix tarixdir və Britaniya ordusunun Azərbaycanda mövcudluğu mənfisi və müsbətləri ilə bizim tarixdir.

Birinci Dünya müharibəsində (1914-18) məğlub tərəfdə yer alan Osmanlı və Antanta dövlətləri arasında 1918-ci il 30 oktyabr tarixində imzalanmış Mudros müqaviləsinə əsasən, Osmanlı qüvvələri Bakını tərk etməli, Zaqafqaziya dəmir yolu üzərindəki nəzarət hüququnu Antantaya güzəştə getməli idi. İranın Ənzəli limanında yerləşən ingilis hərbi hissələri müttəfiqlər adından Bakını tutmalı idi.

Ənzəlidə AXC nümayəndə heyəti və ingilis komandanı general Uilyam Tomson arasında danışıqlar aparılır. Tomsona Azərbaycan ərazisinə daxil olmazdan əvvəl AXC-ni tanımaq haqqında bəyanat verməsi təklif olunsa da, o, bu təklifi rədd edərək və bildirdi ki, Azərbaycan Respublikası türklərin intriqası nəticəsində yaranmışdır və xalq arasında heç bir dayağa malik deyildir. Bir halda ki, siz bunun əksini iddia edirsiniz, o halda hər şeyi yerində yoxlayıb, buna münasib də qərar verərik.

U.Tomson elan edir ki, noyabrın 17-si səhər saat 10-dək Bakı şəhəri Azərbaycan və türk ordularından təmizlənməlidir: Bakı və onun neft mədənləri ingilislərin nəzarəti altına keçəcək, ölkənin qalan hissəsi isə Azərbaycan hökumətinin və ordusunun nəzarəti altında olacaq. Azərbaycan rəsmən tanınmır, lakin İngiltərə, Fransa və ABŞ nümayəndələri onun hökuməti ilə de-fakto əlaqə yaradacaqlar, bütün idarə və təşkilatlar bəzi dəyişikliklərlə fəaliyyət göstərəcək.

General U.Tomson Bakının general-qubernatoru olacaq, ingilislər şəhər polisinə rəhbərlik edəcək, şəhər duması yenidən azad fəaliyyətə başlayacaq, Azərbaycan Paris sülh konfransında milli müqəddəratını təyinetmə prinsipi əsasında iştirak edəcək, Lazar Biçeraxov və onun dəstələri Britaniya ordusu ilə birlikdə Bakıya daxil olacaq və nəhayət, silahlı erməni dəstələri şəhərə buraxılmayacaq.


Beləliklə, 1918-ci il noyabrın 17-də Böyük Britaniya orduları Bakıya daxil olur. Azərbaycan hökuməti noyabrın 18-də rəsmi məlumatında bildirirdi ki, müvəqqəti olaraq, yalnız Bakıya daxil olmuş müttəfiq qoşunları ancaq hərbi hakimiyyəti təmsil edəcəklər. Lakin ingilis hərbi komandanlığı Bakıda yerləşdiyi vaxtdan ölkənin ictimai-siyasi və iqtisadi həyatının bütün sahələrinə müdaxilə etməyə başlamışdı.

Belə ki, 1918-ci il noyabrın 29-dan Xəzər donanmasının bütün ticarət gəmiləri də ingilis komandanlığının sərəncamına keçmişdi. Ticarət donanmasını idarə etmək üçün başda mayor Braun olmaqla, “İngiltərə Dəniz Nəqliyyatı” şirkəti təsis olunmuşdu. İngilislər sərəncamlarında olan Bakı ticarət limanının maliyyələşdirilməsini Azərbaycan Hökumətinin öhdəsinə buraxmışdı.

Neft sənayesini də nəzarətdə saxlamağa çalışan ingilislər tezliklə “Britaniya Neft İdarəsini” təsis etdilər. 1918-ci ilin dekabrından 1919-cu ilin avqustuna qədər ingilislər Bakıdan 113,5 milyon manatlıq 30 milyon puda qədər neft aparmışdılar. Onların göstərişi ilə Bakıdan daşınan bütün neft məhsullarına heç bir aksiz rüsumları qoyulmur və bütün yüklər maneəsiz buraxılırdı. General U.Tomson ingilis zabitlərini yoxlamağı Azərbaycan Cümhuriyyətinin dəmiryolu işçilərinə qadağan etmişdi.

Mülki idarəçilik sahələrinə də müdaxilə edən ingilislər pul əsginaslarının buraxılmasını öz nəzarətinə götürmüş, əhalinin ərzaqla təminatı sistemini yenidən qurmuş, neft hasilatı və dəmiryolu sahələrində mövcud əmək münaqişələrini özləri həll etmək üçün Əmək İdarəsi yaratmışdılar. İngilis komandanlığının əmri ilə Azərbaycan Hərbi Nazirliyi silahlı qüvvələri ilə birlikdə Bakıdan çıxarılaraq Gəncəyə köçürülmüşdü.

Dekabrın 28-də müttəfiqlərin Bakıdakı nümayəndəsi general U.Tomson elan etdi ki, F.Xoyskinin başçılığı ilə yaradılmış Azərbaycan hökumətini yeganə qanuni hakimiyyət orqanı hesab edir. General U.Tomsonun Rus Milli Şurasına Azərbaycan hökumətini tanımaq təklifi bu qurum tərəfindən qəbul edilmədi.

1918-ci ilin dekabrında ingilis general-qubernatorunun əmri ilə Qarabağ və Zəngəzurun Azərbaycan Hökumətinin idarəsinə verildiyi elan olundu.

Beləliklə, 1918-ci ilin dekabrından etibarən ingilis komandanlığı Bakıda qoyulan məhdudiyyətləri tədricən azaltmağa başladı: Azərbaycan polisi, su nəqliyyatı və neft sənayesi, maliyyə idarələri, mətbuat üzərində nəzarət ləğv olundu.

1919-cu ilin əvvəlindən başlayaraq Azərbaycan Hökuməti Bakı-ingilis general-qubernatorluğunun ləğv edilməsi uğrunda mübarizə aparmağa başladı. Bu məqsədlə Azərbaycan Hökumətinin Paris sülh konfransındakı (1919-20) nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşova da tapşırılmışdı ki, əldə olan bütün vasitələrlə ingilis general-qubernatorluğunun ləğvinə çalışsın.


Azərbaycan Xarici İşlər Nazirliyinin Topçubaşova teleqramında göstəriliridi: “Nəyin hesabına olursa-olsun, Bakıda ingilis general-qubernatorluğunun ləğv edilməsinə nail olmaq lazımdır. Əks təqdirdə idarəçilik nöqteyi-nəzərindən dözülməz hesab edilən ikihakimiyyətlilik alınır. Sonra sizdən belə bir xahişimiz var ki, ingilis komandanlığının bizim maliyyə işlərinə qarışmamasına nail olasınız”.

Xarici İşlər Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin suverenliyini pozan bu məsələ ilə bağlı Avropa və Amerika dövlətlərinə etiraz notası göndərilməsini, Avropa mətbuatında bunun Azərbaycanın daxili işlərinə müdaxilə olduğu barədə yazı verilməsini vacib sayırdı.

Digər tərəfdən uzun müddət Azərbaycanda qaldıqlarına görə etiraz edən, vətənə qayıtmaq istəyən ingilis əsgərlərinin sıralarında intizamsızlıq güclənirdi. Artıq Azərbaycan Hökumətinin Azərbaycan xalqının iradəsini əks etdirdiyinə əmin olan müttəfiq komandanlıq 1919-cu il aprelin əvvəllərində Azərbaycan silahlı qüvvələrinin azsaylı kontingentinin Bakıda yerləşdirilməsinə razılıq verilmişdi.

İngilis komandanlığı Azərbaycanı tərk etməzdən əvvəl hərbi ləvazimatı Könüllü orduya, Hərbi Dəniz Donanmasını isə hələ 1919-cu ilin əvvəllərində Denikinə vermişdi. Azərbaycan Hökuməti buna qarşı kəskin etiraz notası ilə çıxış etdi. İngilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini, hərbi hissələrin radiostansiyalarını, ordunun hərbi sursatını və hərbi gəmilərinin bir hissəsini Azərbaycan Hökumətinə qaytarmışdılar.

Beləliklə, 1918-ci il noyabrın 17-də Bakıya daxil olmuş ingilis qoşunları 1919-cu ilin avqustunda Azərbaycanı tərk etdilər. Azərbaycan paytaxtında ingilis general-qubernatorluğunun mövcudluğu acınacaqlı reallıq olsa da, tarixçilərə görə. bu dövrdə həm daxildə rus-erməni qüvvələrinə qarşı mübarizədə, həm də Paris Konfransında Azərbaycanın müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasında ingilislərin müsbət rolu olmuşdu.

Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Kənan Rövşənoğlu

Write A Comment