Həmin ərazidə quyulardakı suyun heç zaman artıb-azalmamasının sirrini nədir?

Bakıdan 127 kilometr məsafədə Hacıqabul rayonu ərazisində, Pirsaat çayının sahilində qədim bir xanəgah var. Pirsaatçay Xanəgahı (Pir Hüseyn Türbəsi) dövrümüzə gəlib çatmış hissəsi müdafiə divarları ilə əhatə olunmuş, dördbucaqlı həyət ətrafında qruplaşmış Pir Hüseyn Türbəsi, məscid, minarə və s. tikililərdən, qəbiristanlıq və karvansara qalıqlarından ibarətdir.

Həmdullah Qəzvininin yazdığına görə, Pir Hüseyn (əsl adı Əlihüseyn ibn Əli) hicri 467-ci ildə (miladi 1074) vəfat etmişdir. Bu tarixə əsaslanaraq Pirsaat çayı sahilindəki xanəgahın əsasının XI əsrin ortalarında Pir Hüseyn tərəfindən qoyulduğu ehtimal olunur.

Pir Hüseyn Şirvani (doğumu təxmini 954 – ölümü təxmini 1074-cü il) Pirsaat çayı sahilində olan Rəncbər kəndində doğulmuşdur. Şamaxıda təhsil almış, gənc yaşlarında dövlət işində çalışmış, 1027 ildə Şirvan şahı I Mənuçöhrün vəziri olmuşdur.

Eyni zamanda bəzi mənbələrdə Pir Hüseyn Şirvaninin sufiliyin “qələndəriyyə” təriqətindən olduğu, sufilikdə üçüncü dərəcəyə (əl-salik) çatdığı və imam ləqəbi aldığı yazılır. Ancaq bəzi araşdırmaçılar Pir Hüseynin Qələndəriyyə təriqətindən olması ehtimalını zəif hesab edirlər. Çünki Qələndəriyyə bir təriqət olaraq sonrakı əsrdə formalaşıb. Pir Hüseyn Şirvaninin yaşadığı X-XI əsrlərdə Qələndəriyyə bir təriqət olaraq tam formalaşmamışdı.

Pir Hüseyn görkəmli alim-filosof kimi Azərbaycanda elmi-fəlsəfi fikrin inkişaf tarixində, islam fəlsəfi dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. O, Nişapurda hökmranlıq edən sufi şeyxi Əbu Səid Əbu-l-Xeyrin müridi olub.

Şeyx Pir Hüseyn adıyla şöhrət tapmış əl-Hüseyn bin Əli xanəgah kitabələrində əzəmətli, görkəmli pir, sufilikdə III dərəcəyə çatmış (əl-salik), müqəddəslərin görkəmlisi, ruhani işləri ilə məşğul olan, imam kimi ləqəb və sifət dərəcələri ilə qeyd edilmişdir ki, bu da onun yaşadığı dövrün ən nüfuzlu şəxsiyyəti olduğunu göstərir. Pir Hüseyn təkcə Şirvan bölgəsində deyil, daha geniş ərazidə nüfuz sahibi idi və onun ziyarətinə ətraf bölgələrdən də gələnlər çox idi. Bu səbəbdən Pir Hüseyn xanəgahının böyük vəqf mülkiyyəti və torpaq sahələri vardı.

İran tarixçisi Vəssafın (1264-1334) verdiyi məlumata görə, buranın zəngin təsərrüfatı, kitabxanası, külli miqdarda dövləti və qızıl külçələri mövcud imiş.

Pir Hüseyn Yaxın Şərqdə Baba Kuhi adı ilə tanınan böyük sufi şairi və filosofu Məhəmməd Bakuvinin (948-1050) kiçik qardaşı olmuşdur. Şiraz şəhərində dəfn edilmiş Baba Kuhi sufi mənbələrində Böyük Şirvanlı (Şirvani Kəbir), qardaşı Pir Hüseyn ibn Əli isə Kiçik Şirvanlı (Şirvani Səğir) adlandırılmışdır.

***

Xanəgahdakı böyük bir daş kitabədə qeyd olunur ki, “Ulu Şeyx Pir Hüseynin xanəgahında olan bu minarə tikilisi ədalətli padşah Menku Buqa xaqanın dövründə… Arqun ağanın vəsaiti və yardımı ilə” ucaldılmışdır.

Kitabələr göstərir ki, minarənin inşaatı 1256-cı ildə Şirvanşah II Axsitanın zamanında başlamış və 1294 ildə onun oğlu Gerşasb zamanında tamamlanmışdır.

Minarənin ilk kitabəsi maraqlı bir tarixi faktı açıqlayır.

Elxani tarixçisi Fəzlullah Rəşidəddinin yazdığına görə, Menku Xaqanın (1251-60) əmri ilə Oyrat elindən olan Arqun ağa hələ Hülaku xandan (1256-65) öncə “həmin məntəqəyə bitikçi (katib) vəzifəsinə” göndərilmişdir. Arqun ağa sonra baş əmirlərindən biri kimi Hülaku xanın xidmətində olmuş, həm də tikinti-abadlıq işlərinin, eləcə də böyük saray məclislərinin təşkilində önəmli rol oynamışdır.

Abaqa xanın (1265-82) vəziri və qudası olan Arqun ağa dövlətdə böyük nüfuz sahibi idi, kitabədən göründüyü kimi, Pir Hüseyn xanəgahı minarəsinin tikintisinə vəsait ayırmış və yardım etmişdir.

Tarixçi Vəssafın (14 əsr) yazdığına görə, 1318 ildə Şirvanı fəth etmiş Qızıl Orda xanı Özbək Pir Hüseyn xanəgahını ziyarət etmiş, öz əmirlərinə burada tutduqları əsirləri azad etmək və taladıqlarını geri qaytarmaq əmri vermişdir. Vəssafın yazdığına görə, 30 min qoç, 20 min inək və eşşək geri qaytarılıb.

Tarixçi vurğulayır ki, Özbək xan ziyarətgaha zəngin bəxşişlər – qızıl külçələri və qiymətli dərilər hədiyyə etmişdir. Həmçinin iddialara görə, buna əsas səbəb Özbək Xanın Pir Hüseyn xanəgahında bir neçə möcüzələrlə qarşılaşması olub.

***

Pir Hüseyn xanəgahı bu gün də insanlar üçün həm ziyarətgah, həm də ümid yeridir. Bura gələnlər niyyət edir, dualar oxuyur, nəzir verir, qurbanlar kəsirlər.

Xanəgahın həyətində iki su quyusu var. Burdan çıxan su çox yüngül və şirindir. Hamı üçün maraqlı və müəmmalı qalan isə bu quyulardakı suyun heç zaman artıb-azalmamasıdır. Kənd sakinləri toplaşaraq quyudan nasos vasitəsi ilə su çıxarıb quyunu təmizləmək istəsələr də, səyləri nəticəsiz qalıb. Belə ki, quyudan nə qədər su çıxarsalar da, quyudakı su heç bir litr də azalmayıb.

Ziyarətgaha gələn xəstə zəvvarlar bu sudan şəfa tapmaq məqsədilə istifadə edirlər. Bədənində müxtəlif yaralar olan insanlar bu suyla yuyunaraq xəstəlikdən qurtulurlar.

***

Xanəgahın içərisindən Şamaxı şəhərinə 67 km uzunluqda yeraltı tunel aşkar edildikdən sonra bu ərazi tarix-memarlıq qoruğu elan edilib. Abidə 2005-ci ildən tarixi-memarlıq qoruğu kimi fəaliyyət göstərir. Mədəniyyət və Turizm Nazirliyi (indiki adı ilə Mədəniyyət Nazirliyi) tərəfindən xanəgah təmir-bərpa edilərək 2007-ci ildə yenidən ziyarətçilərin ixtiyarına verilib.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Kənan Rövşənoğlu

Write A Comment