Moskvanın təzyiqinə tab gətirə bilməyən N.Nərimanov 1920-ci il dekabrın 1-də Deklarasiya ilə çıxış edir.

Deklarasiyaya əsasən ümumi sahəsi 9800 kv. km olan “Zəngəzur və Naxçıvan uyezdləri Sovet Ermənistanının hissəsi elan olunur və Azərbaycan zəhmətkeşlərinə öz müqəddəratını təyin etmə haqqı verilir.

Lakin Türkiyənin (həmin vaxt bu dövlət qurulmasa da, I Dünya Müharibəsində məğlub olduğundan gücünü itirən Osmanlıya faktiki Atatürk rəhbərlik edirdi) təzyiqi ilə bu qərarın həyata keçirilməsi dayandırılır və Qars müqaviləsi bağlanır. Qars müqaviləsi Naxçıvanı xilas etsə də, Zəngəzurun və Qarabağın taleyi Sovetlərin ixtiyarına verilir.

Stalin hakimiyyəti dövründə Qarabağda erməni, Zəngəzurda isə Qızıl Kürdüstan qurulur. Qızıl Kürdüstana Azərbaycanın Kəlbəcər, Laçın, Qubadlı,Zəngilan kimi ərazilər daxil olur. Şuşalı Hüsnü Hacıyevin rəhbərlik etdiyi Qızıl Kürdüstanın ömrü uzun sürmür və onun statusu 1929-cu ildə ləğv edilir.

Maraqlıdır ki, həmin vaxt Azərbaycana Levon Mirzoyan adlı bir erməni rəhbərlik edirdi. Eyni zamanda Moskvada da Stalinin ətrafında A.Mikoyan, A.Nazaretyan kimi ermənilər vardı. Buna baxmayaraq, Qızıl Kürdüstanın ləğv olunmasının səbəbi, bilirsinizmi nə idi? Çünki ermənilər həmin ərazinin o əhali tərkibi ilə Ermənistana birləşdirilməsini istəmirdilər. Daşdan keçən bəhanələri də vardı.

“Qızıl Kürdüstanı” ilə Qərbi Zəngəzurda 200 mindən çox “kürd” yaşayırdı. Onlar Ermənistandakı 50 minə yaxın yezidi kürdlə birləşib böyük gücə çevrilə bilərdilər. Odur ki, bölgənin statusu ləğv olunmalı və əhalisi isə bu ərazidən köçürülməli idilər. Necə ki, bu planlarına SSRİ dağıldıqdan sonra nail ola bildilər, amma Azərbaycanın qəhrəman ordusu Qarabağın böyük hissəsini işğaldan qurtarmaqla ermənilərin bu xəyallarını alt-üst etdi.

Bəs, bilirsinizmi, “Kürdüstan” deyilən ərazidə yaşayan kürdlər necə kürd idilər?

Gəlin, bu suala cavab tapmaq üçün 1926-cı ildə “Qızıl Kürdüstan”da keçirilən əhalinin siyahıya alınmasının nəticələrinə diqqət yetirək.

Siyahıya alınmanın nəticələrinə görə, “Qızıl Kürdüstan”da əhalinin etnik tərkibi 72,3%-i kürdlərdən, 26,7%-i isə türklər ibarət idi. Bəs dilləri? Ən ilginc məqam elə dil təsnifatında ortaya çıxır: siyahıya alınmanın nəticələrinə görə, əhalinin 92,5%-nin ana dili türk dili və yalnız 6,1%-nin ana dili kürd dili idi.


Bütün «Qızıl Kürdüstan»da cəmi 51 426 insan yaşayırdı, onlardan kürdcə bilənlərin sayı cəmi 3 123 nəfər idi, Azərbaycanca bilənlərin sayı isə 47 594 nəfər. Yəni o dövrdə Azərbaycan Kommunist Partiyasının 1-ci katibi olmuş Levon Mirzoyan adlı erməni dığası Azərbaycan türklərini də kürd olaraq saymış, amma hansı dildə danışdıqlarını gizlədə bilməmişdi.

Sovet hakimiyyəti 1923-cü ildən başlayaraq həyata keçirdiyi bu saxtakarlığını 6 ildən dayandırsa da, «Qızıl Kürdüstan» layihəsinin ölkəmizə vurduğu zərər böyük olmuşdu.

Qərbi Zəngəzurun böyük hissəsi məhz həmin vaxt Sovet Ermənistanındakı müsəlman «kürdlərə» (necə kürd olduqları Qızıl Kürdüstanda keçirilən əhalinin siyahıya almadan bəllidir) verilmiş və bugünkü problemlərimizin əsası qoyulmuşdur.

🔰ovqatcom/telegram

Write A Comment