Bisütun yazılarındakı “qulaqsız” Qaumatadan fərqli olaraq, buddist incəsənətində – heykəllərdə, barelyeflərdə və tanka ikonalarında Qautama Budda qeyri-adi dərəcədə böyük qulaqlarla təsvir edilmişdir.

Maraqlıdır, Qautama Buddanın ardıcılları bununla nə demək istəyirdilər?

Müvafiq ədəbiyyata nəzər salsaq, sözügedən məsələ ilə bağlı çoxlu fərziyyə və ehtimal tapa bilərik. Onlardan bəzilərini təqdim edirik:

– Qautama gənclik illərini sarayda, dəbdəbə və zinət içində keçirmişdi. Taxdığı bahalı sırğaların ağırlığından qulaqları uzanmışdı;

– Buddanın qulaq sırğalıqları tonel adlı xüsusi bəzək əşyaları vasitəsilə uzadılmışdır. Qulaqları ağır sırğalar da dartıb uzada bilər. Amma bu baxımdan onlar tonellər qədər effektli olmur. Keçmişdə tonellərə sakral məna verilirdi. Onları yalnız müəyyən inisiasiyaları keçdikdən sonra taxırdılar;

– Şərq mədəniyyətləri həmişə böyük qulaqları müdriklik və mərhəmət əlaməti sanıblar. Budda müdrik və mərhəmətli olduğuna görə Şərq rəssamları onu iri qulaqlarla təsvir ediblər;

– Belə bir simvolizm vasitəsilə göstərilir ki, Budda istənilən səsi eşidir;

– Buddanın qulaqları bəlkə də anadangəlmə belə böyük olub. Bu, onun ilk təsvirlərində əks etdirilib. Sonrakı heykəltaraş və rəssamlar isə öz əsərlərində Buddanın bu xüsusiyyətini sadəcə təkrarlayıblar.

Amma qeyd etmək lazımdır ki, onun ilk heykəlləri və barelyef təsvirləri yalnız I əsrin əvvəllərində indiki Əfqanıstan və Hindistanda ortaya çıxıb.

Zənnimizcə, “Budda Qautama kim idi?” sualının cavabı qəsbkar I Daranın qanuni hökmdar Qaumata Bardiyanı qulaqsız fırıldaqçı elan etdiyi Bisütun yazılarındadır.

Haşiyə. 610-cu ildə Çində kütlə dünyanın xilaskarı Maitreyanın zühuru barədə müjdə verən buddist moizəsindən vəcdə gələrək Loyan imperator məhəlləsinə soxulmuş və keşikçiləri tərk-silah etmişdi. Çin dövləti bu üsyanı silah gücünə yatırmışdı.

610-cu ildə dünyada daha hansı hadisələrin baş verdiyini müəyyənləşdirmək məqsədilə tarixi xronologiyanı nəzərdən keçiririk və görürük ki, 610-cu il müqəddəs “Qurani-Kərim”in ilk ayələrinin nazil olduğu, Muhəmmədin peyğəmbərlik missiyasının başlandığı ildir.

Sözügedən hadisələrin üst-üstə düşməsini və faktiki olaraq bir-birini tamamlamasını daha bir təsadüf hesab edə bilərikmi? Yazımızın növbəti hissəsi sonuncu xilaskar barəsində olacaqdır.

Ardı var…

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Write A Comment