E.ə. 522-ci ilin mart ayında Qaumata adlı bir şəxs növbəti Əhəməni şahı elan edildi. Başqa hökmdarlardan fərqli olaraq o, müharibə əleyhdarı idi.

Hakimiyyət başına keçən kimi hərbi əməliyyatları dayandırdı. Ardınca vergiləri də ləğv etdi. Qaumatanın ən sadiq tərəfdarları Azərbaycanın Muğan düzünün sakinləri – maqlar oldular.

E.ə. 522-ci ilin sentyabrında pars əyanı I Daranın başçılıq etdiyi sui-qəsdçilər Qaumata Bardiyanı qətlə yetirdilər, maqları isə amansız təqiblərə məruz qoydular.

E.ə. 522–520-ci illərdə Midiya, İlam və Parsada Qaumatanın ardıcılları ilə Daranın rəhbərlik etdiyi hərbi xunta arasında çox dəhşətli və amansız bir vətəndaş müharibəsi baş verdi.

Qaumata tərəfdarlarının çoxu təxminən iki il sürmüş qanlı mübarizədə həlak oldu. Sağ qalanların isə Daranın əli çatmayacaq yerlərə köç etməkdən başqa bir əlacı yox idi.

Bəzi tarixçilər Qaumatanı ikinci Əhəməni imperatoru Qambujianın kiçik qardaşı ilə eyniləşdirir, digərləri isə onu midiyalı və maq hesab edirlər.

Həmin fikirlərdən hansı doğrudur?

Bu sualın birmənalı cavabı olmasa da, Nepalda və Hindistanın Nepalla həmsərhəd bölgələrində Media, Madaia, Madai, Mada, İlam, Elam, Barsa, Parsa, Parsu, Parsua, Parsawa, Parsil, Anjan, Bazargada, Susa, Kamboj, Bardiya, Kasana, Kasanda, Sandana, Mandana kimi coğrafi adların mövcudluğu müəyyən fərziyyələr doğurur.

Xatırladaq ki, Əhəmənilər imperiyasının əsas vilayətləri Midiya (Media, Mada, Maday, Madaya), Elam (İlam, İləm) və Parsa (Parsu, Parsuaş, Parsava) idi.

Qədim Anşan şəhəri bu imperiyanın beşiyi hesab edilir. Əhəmənilər imperiyasının birinci paytaxtı Pasarqada (Pazaragada, Pasargad), ikinci paytaxtı isə Susa (Şuş) olmuşdur.

Əhəmənilərin ikinci və üçüncü imperatorları Qambujia və Bardiya, onların anası Kassandana, nənəsi isə Midiyanın sonuncu imperatoru Astiaqın qızı – şahzadə Mandana idi.

Amma gəlin nəticə çıxarmağa tələsməyək. Bəlkə də bütün bunlar yalnız təsadüfi oxşarlıqlardır.

Onu da əlavə edək ki, Nepal və Hindistanda həmçinin Alban, Arman, Baku, Eriwang, Ghuskun, Dunai, Ganja, Mehri, Kapan, Gorus, Sisiyan, Sisakhane, Garamani, Gawar, Gumri, Gumru, Lori, Manas, Muga, Pokhara, Sari, Sevan, Sirak, Talin, Udi, Urmi, Vedi adlı qəsəbə, rayon, göl və dağlar vardır. Ancaq nəzərə almalıyıq ki, bu bənzərliklərin də bəziləri sadəcə təsadüflərin nəticələri ola bilər.

İndi isə Qautama Budda ilə Qaumata Bardiya arasındakı bəzi oxşarlıqlara diqqət yetirək:

– Adları bir-birinə bənzəyir: Qautama və Qaumata.

– Təxminən eyni dövrdə – e.ə. VI əsrdə yaşamışlar;

– Kşatriya varnasına (kastasına) mənsub olmuşlar;

– Etnik mənsubiyyət baxımından hər ikisinin saka olduğu ehtimal edilir;

– Həm Qautama, həm də Qaumata hakim sülalələrin üzvləri və şahzadə idilər;

– Onlar zorakılığı, müharibə və savaşı rədd edirdilər.

Ardı var…

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Məqalənin 1-ci hissəsinə keçid linki: https://millikimlik.az/2022/5565/

Write A Comment