XVII əsrin sonlarına yaxın İsveç dövləti də Azərbaycan Səfəvi dövləti ilə diplomatik əlaqələr yaratmağa təşəbbüs göstərdi. Bunu elçi Lüdviq Fabritsius reallaşdırmağa çalışır. 1649-cu ildə Hollandiyada doğulan Fabritsius 1660-cı ildə ögey atasının müşayiəti ilə Rusiyaya gəlmişdi.

Bir qədər sonra rus ordusunda xidmətə girmiş Lüdviq, kazak lideri Stepan Razinə qarşı əməliyyatlarda iştirak etmişdi. 1670-ci ildə o, Aşağı Volqada kazaklar tərəfindən əsir götürülmüş, bir müddət sonra qaçaraq Səfəvi dövlətinə sığınmış və Stepan Razinin qiyamı yatırılana qədər burada qalmışdır. O, bir müddət sonra Rusiyaya, ordan da İsveçə yola düşmüşdü.

1679-cu ildə İsveç hökuməti rus və fars dillərini yaxşı bildiyini nəzərə alaraq, Lüdviq Fabritsiusu Rusiya və Səfəvi dövlətinə səlahiyyətli elçi göndərmişdi. Onun missiyasının əsas məqsədi Şah Süleymanı Osmanlılara qarşı hücuma təhrik etmək idi. Çünki bu zaman osmanlılar Baltik dənizinin cənubunda həm Polşa, həm də İsveçə məxsus ərazilər üçün real təhlükə törədirdilər.

İsveç elçisinin Səfəvi şahını Osmanlı dövlətinə qarşı müharibəyə təhrik etmək üçün apardığı danışıqlar heç bir nəticə vermədi. Heç bir şey əldə etməyən Fabritsius 1682-ci ildə İsveçə qayıdır.
Bir ildən sonra İsveç kralı XI Karl onu yenidən iki tapşırıqla: Şah Süleymanı Osmanlılara qarşı müharibəyə təhrik etmək və ticarət müqaviləsi bağlamaq üçün yenidən Səfəvi dövlətinə göndərir.

Onun missiyasında elçilik heyətinin katibi kimi gənc alman həkim Engelbert Kempfer iştirak edirdi.
L.Fabritsius onu müşayiət edən şəxslərlə birlikdə 1684-cü ilin martında İsfahana gəlir və həmin ayın sonunda sarayda qəbul olunur. Bu zaman Polşadan gəlmiş Suski adlı elçinin İsfahanda danışıqlar aparması Osmanlı təhlükəsinin nə qədər ciddi olduğunu göstərir. L.Fabritsiusun Səfəvi şahı ilə apardığı danışıqlarda heç bir irəliləyiş əldə edilmir.
O, İsveçə qayıtmaq məcburiyyətində qalır. Onun missiyasının uğursuz olmasına baxmayaraq, İsveç hökuməti 1697-ci ildə L.Fabritsiusu yenidən Səfəvi sarayına elçi göndərir.

Tofiq Nəcəfli, “Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti”, səh: 360

Write A Comment