Səlcuq-oğuzların formalaşdırdıqları siyasi-strategiya və mədəni münasibətlər sistemi oğuzçuluq adlanırdı. Azərbaycan Səlcuqları Yaqutilər, Azərbaycan Atabəyləri Eldənizlər, Elxanlılar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar və Qacarlar həmin oğuzçuluq model ənənəsinin bir parçası və davamçıları oldular.

Siyasi müstəvidə mərkəzi iqtidar fərqli xanədanlar arasında əl dəyişdirsə də, hüquqi-siyasi və mədəni müstəvidə müsəlman-türk xarakterinin təməlini təşkil edən oğuzculuq dəyişmədən qaldı. Bu sistem XIX əsrdə müasirləşməni, Qərb təsirlərini artırması ilə zəifləyib öz effektivliyini və həyatiliyini itirənə qədər yaşadı.

Oğuzlar müsəlman inancı ilə özlərinin ənənəvi tarix anlayışlarını birləşdirib yeni bir kimlik inşa etdilər. İslamın qəza anlayışı ilə türklərin alplıq anlayışının bütünləşdiyi yeni kimlik sintezində oğuzlar Azərbaycandan Suriya və Anadoludakı Bizans sərhədlərinə qədər olan ərazilərdə səlibçilərə qarşı uzun əsrlər mübarizə apardılar. 1183-cü ildə Səlahəddin Əyyubi başçılığında Mosul-Zəngi atabəylərinin ordusu tərəfindən Misirin ələ keçrilməsi ilə bu mübarizə cəbhəsi Aralıq dənizinin cənub-şərq sərhədlərinə qədər yayıldı.

Azərbaycandan toplanan on minlərlə oğuz dəstələri kütlələr halında qərb istiqamətində hərəkət edərək Anadolu, Suriya, Fələstin, Misiri türk yurdu halına gətirdilər. Artıq XII əsrdə bu geniş ərazi “Turcia” adlanırdı.
Dövrün mənbələri bu yeni kimliyə “turkman” (İslam mənbələri) və “turkoman” (Bizans mənbələri) adını verirdilər.
Beləcə, Müsəlman Şərqinin şimal xətti boyunca, yəni Aralıq dənizindən başlayıb Şərqi Türkistana qədər, Rum (Anadolu), Diyari-Şam (Suriya), Mosul (Şimali İraq), Azərbaycan və bütün Cənubi Qafqaz (Qazlıq dağı), Rey, Xorasan, Dehistan, Mavəraünnəhr, Türkistan və Şimali Hindistan (İndius) kimi geniş əraziləri içinə alan
və əsasən oğuz türkləri tərəfindən idarə olunan Müsəlman-Türk dünyası formalaşdı.

Bu geniş ərazilərin siyasi, mədəni, hərbi və etnik olaraq Azərbaycanın mərkəzə yerləşməsinə və min ilə yaxın “coğrafi beyin” missiyasını icra etməsinə yol açdı. Türkistandan kütlələr halında gələn türk köçləri bir müddət Muğan və Aran yaylaq-qışlaqlarında yerləşərək burdan Anadolu və Suriya istiqamətinə hərəkət edirdilər.
Formalaşan yeni kimlik dövrün tarix kitablarında da öz əksini tapmağa başladı. Müsəlman-türk tarix anlayışı üçün ana yurd olaraq Azərbaycan ön plana çıxarıldı.

Mənbə: “Azərbaycan milli kimliyin tarixi məsələləri” (məqalələr toplusu)

Write A Comment