Qazax şairi Sayın Nazarbekulı belə bir məlumat verir: “1747-ci ildə Nadir şah Əfşarı qətlə yetirdikdən sonra sui-qəsdçilər onun bütün övladlarını öldürmüş, yalnız nəvəsi Şahruha toxunmamışdılar.
Bu faciəli hadisələr zamanı Nadirin yaxın adamları şahın iki oğlan nəvəsinin həyatını xilas edərək Qazaxıstana qaçırıb köçəri qazax tayfalarına sığınmışdılar. Bers tayfasının başçısı Nadir şah Əfşarın nəvəsi Məlini oğulluğa götürüb ona Kulməli adını vermişdir. Əfsanəvi qazax bahadırı və akını (aşığı), Rusiya işğalına qarşı xalq üsyanının iki əsas rəhbərindən biri – Mahambet Utemisulı (1803–1848) həmin Kulməlinin nəvəsidir – oğlunun oğludur. Nadir şahın digər nəvəsi Mətini isə Aday tayfasından bahadır Toxtamışın nəvəsi Dospambet övladlığa götürərək Kulməti adlandırmış, öz uşaqları ilə onun arasında heç bir fərq qoymadan böyüdüb boya-başa çatdırmışdır. Kulməti Manğıstau qazaxları arasında öncəgörmə qabiliyyətinə malik olan, xəstələri müalicə etməyi bacaran, mömin, igid və güclü bir insan kimi ad çıxarmış, el arasında övliya Məti adı ilə tanınmışdır”.

Nadir şahın hər iki nəvəsinin adının əvvəlindəki “kul” sözünə gəlincə, Sayın Nazarbekulı yazır: “Bəzən bunu onların guya əsir götürülmələri ilə izah edirlər. Lakin bu, əslində, səhv fikirdir”. Qazax şairinin ehtimalına əsasən, “Nadirin atası İmamqulunun, oğlanları Rzaqulunun, Murtəzaqulunun, İmamqulunun, eləcə də şahın özünün Nadirqulu və Təhmasibqulu kimi adlarında qulu sözünün olması onu göstərir ki, həmin sözdən adqoymada istifadə bu ailədə bir ənənə idi. Mümkündür ki, əslində, Kulməlinin adı Məliqulu, Kulmətinin adı isə Mətiqulu olmuşdur. Nadir şahın nəvələrinə sığınacaq vermiş qazaxlar şahzadələrin adlarındakı sözlərin yerlərini ona görə dəyişmişdilər ki, düşmənləri onları asanlıqla tapa bilməsinlər”.
Hekayəsinin davamında Sayın Nazarbekulı bildirmişdir ki, onun özü həmin Kulmətinin nəslindəndir.
Haşiyə. 2003-cü ildə bahadır Mahambetin 200 illik yubileyi UNESCO səviyyəsində qeyd olunmuş və həmin il onun şərəfinə Mahambet Utemisulı ili adlandırılmışdır. Qazax ədəbiyyatında siyasi lirikanın və realizm üslubunun əsasını Mahambet Utemisulı qoymuşdur.
Kulməli ilə Kulməti barəsində qeyd etdiyimiz məlumat, əsasən, onların törəmələri arasında yayılmışdır. Qazaxıstanda bugün də ağızdan ağıza ötürülən bir rəvayətə görə, Mahambet Utemisulının əsli qızılbaşlardandır. Guya Mahambetin mənsub olduğu Bers tayfası Səfəvilər dövləti ilə mehriban münasibətlər saxladığına görə, şairə el arasında “kızılbas” deyirmişlər.

Amma nəzərə almalıyıq ki, Nadir şah Əfşar qızılbaş döyüşçüsü və sərkərdəsi olsa da, 1736-cı ildə qızılbaş hərəkatının təməli, özəyi olan Səfəviləri hakimiyyətdən salmış, bu sülalənin 435 illik şeyxliyinə, 235 illik şahlığına son qoymuşdur. Nadir şahın oğlu Rzaqulu mirzə (1719–1747) isə Şah II Təhmasib Səfəvini (1704–1740) və onun iki azyaşlı övladını vəhşicəsinə qətlə yetirmişdir.
Beləliklə, bu qənaətə gələ bilərik ki, Mahambet Utemisulının qızılbaşlardan hesab edilməsinin bəlkə də başqa, daha əsaslı bir səbəbi olmuşdur. Həmin məsələyə aydınlıq gətirmək üçün Nadir şahın hansı nəvələrinin Qazaxıstana qaçırıldığını müəyyən etməliyik.
Nadir şah Əfşar oğlu Rzaqulu mirzəni Səfəvi şahı Sultan Hüseynin (1668–1726) qızı Fatimə Sultan bəyimlə (1717–1740) evləndirmişdir. Bu nikahdan Fatimə Sultan bəyimin Şahruh mirzə (1734–1796), Möhbəli mirzə (1735–?) və Əhmədqulu mirzə (1736–?) adlı oğlanları doğulmuşdur.
Mövcud faktların müqayisəli təhlilinə əsaslanaraq bu fikri irəli sürə bilərik: Kulməli Nadir şahın nəvəsi Möhbəli mirzə, Kulməti isə Nadir şahın digər nəvəsi Əhmədqulu mirzədir. Güman ki, Möhbəli adı qazax dilində təhrifə uğrayaraq Məli formasına düşmüş, sonra isə ona Kulməli (qul Məli – əsirlikdə, yaxud qəriblikdə olan Möhbəli–Məli) adını vermişlər. Zənnimizcə, Kulməti də Əhmədqulu adının (Əhmədqulu–Kulməti), ola bilsin ki, məqsədli şəkildə dəyişdirilmiş formasıdır.

Haşiyə. Belə bir ehtimal var ki, Nadir şahın qətli ilə nəticələnmiş sui-qəsdin təşkilatçılarından biri onun həyat yoldaşı Raziyə Sultan (1700–1775) olmuşdur. O, Səfəvi şahı Sultan Hüseynin qızı və Farimə Sultan bəyimin böyük bacısı idi. Raziyə Sultan qardaşı Şah II Təhmasibin və onun övladlarının intiqamını almaq istəyirdi. Üstəlik, Rzaqulu mirzənin həyat yoldaşı Fatimə Sultan bəyim qardaşı Şah II Təhmasibin iki azyaşlı oğlu ilə birlikdə vəhşicəsinə qətlə yetirildiyini biləndə dözməyib özünü öldürmüşdü. Faktiki olaraq, Rzaqulu mirzə Raziyə Sultanın nəinki qardaşının və qardaşı uşaqlarının, həm də bacısının qatili idi. Sözsüz ki, Raziyə Sultan Rzaqulu mirzəyə nifrət edirdi. Lakin məsələ ondadır ki, Səfəvi nəslinin qatilinin üç oğlu – Şahruh mirzə, Möhbəli mirzə və Əhmədqulu mirzə həm də Səfəvi şahzadəsi Fatimə Sultan bəyimin yadigarları idilər. Raziyə Sultan öz bacısı uşaqlarının qətlinə razılıq verə bilməzdi. Digər tərəfdən isə, sui-qəsdin rəhbəri Əliqulu şah (1719–1748) öz əmisi Nadir şahın bütün övladlarının öldürülməsini istəyirdi. Görünür, sonda hər iki tərəfi razı salan qərar qəbul edilmiş, Fatimə Sultan bəyimin uşaqlarından başqa Nadir şahın oğlanlarının və oğlan nəvələrinin hamısı qətlə yetirilmişdi. Möhbəli mirzə ilə Əhmədqulu mirzə gözdən-qulaqdan uzağa – Qazaxıstana göndərilmiş və ya qaçırılmış, Şahruh mirzə isə İranda saxlanımışdı.

Qeyd. Raziyə Sultanla bağlı məlumatın bəzi elementləri məntiqli görünsə də, onun bütövlükdə doğruluğu müəyyən səbəblərə görə şübhəlidir. Zənnimizcə, Raziyə Sultanın saray intriqalarında iştirak dərəcəsi və rolu bir qədər şişirdilmişdir. Belə ki, bəzi yazılarda bu qadın az qala indiki dillə desək “dərin dövlət”in başçısı, 1742-ci ildən 1750-ci ilədək baş vermiş bütün sui-qəsd və saray çevrilişlərinin təşkilatçısı kimi təqdim olunmuşdur. Halbuki tarixi faktlara görə, Nadir şahın qətli ondan narazı düşmüş əfşar başçılarının işi idi. Sonrakı hadisələr də əsasən əfşar feodalları arasında cərəyan etmişdir. 1751-ci ildən isə ölkəni ana xətti ilə Səfəvi nəslindən olan formal şahın – III İsmayılın (1733–1773) adından Kərim xan Zənd (1705–1779) idarə etmişdir. Amma onu da vurğulayaq ki, Şah III İsmayıl Raziya Sultanın bacısı oğlu idi.

Raziya Sultan ömrünün son illərini Kərbəlada ibadətlə keçirmiş, İmam Hüseyn əleyhissalamın məqbərəsinin abadlaşdırılmasına böyük vəsait sərf etmiş və elə o şəhərdə də dünyasını dəyişmişdir.

Nəticə. Şahruh mirzə, Möhbəli mirzə və Əhmədqulu mirzə Səfəvi şahzadəsi Fatimə Sultan bəyimin övladları olduqlarına görə sui-qəsdçilər onları öldürməmişdilər. Məlinin (Möhbəlinin) nəvəsi Mahambetin qızılbaş kimi tanınmasının səbəbi onun ana babasının Səfəvi şahı Sultan Hüseyn olması idi.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Write A Comment