Bəzi tədqiqatçıların fikrincə, əjdaha təsvirli bayraqları ilk dəfə assuriyalılar qaldırmışlar. Lakin biz hesab edirik ki, əjdaha simvolunun mənşəyi Altay və qədim saka xalqı ilə bağlıdır. Yeri gəlmişkən, Assuriya ordusunun bəzi süvari hissələri (yüngül oxçular) sakalardan təşkil olunurdu. Zənnimizcə, əjdaha təsvirli bayraqları da Assuriyaya məhz onlar gətirmişlər.
Haşiyə: Çin dilindəki “lun” (əjdaha) sözü özbək dilindəki “ilon” və Azərbaycan dilindəki “ilan” sözlərinə bənzəyir. “İlan” sözü türk dilində “yılan”, qazax dilində “jılan”, alman dilində “schlange”, Norveç və Danimarka dillərində “slange”, ingilis dilində “snake” şəklindədir.

Ehtimalımıza görə, ingilis dilindəki “snake” (ilan) sözü ilə qədim sanskrit dilindəki “naq” (ilan) və rus dilindəki «нагой» (çılpaq) sözləri arasında əlaqə mövcuddur. Xristianlığın müqəddəs kitabı “İncil” İblisi Həzrəti Adəmin Cənnətdən qovulmasının əsas səbəbkarı hesab edərək onu “qədim ilan” və “əjdaha” adlandırır. Görünür, «нагой» (çılpaq adam) və “naq” (ilan) sözlərinin bir-birinə bənzəməsi təsadüfi deyildir. Səmavi dinlərə görə, həm insan, həm də cəmiyyət həya libasına bürünməli, çılpaq, yəni mənəviyyatsız olmamalı, əxlaqi dəyərləri pozmamalı, günah etməməlidir. Bütün günahların mənbəyi İblisdir. İblis insana onun nəfsi vasitəsilə təsir göstərir.
İblisə tabe olan nəfsin simvolu ilandır.

Beləliklə, bu nəticəyə gələ bilərik ki, din və fəlsəfədəki əjdaha və ilan, əslində, bir-birinə zidd anlayışlardır. İlan tamahı, hiyləni, qəddarlığı, əjdaha isə gücü, qüdrəti, hakimiyyəti simvolizə edir. İlandan, yəni özünü İblisə təslim etmiş nəfsdən fərqli olaraq əjdaha, yəni qüvvə istənilən halda neytraldır, pisliyə meylli deyil, onun missiyası qorumaq və inkişaf etdirməkdir. Amma seçimi yoxdur. Əjdahanı insan idarə etməlidir.
Sözsüz ki, hakimiyyət ədalətli və ya zalım ola bilər. Birinci halda əjdaha xeyrin, ikinci halda isə şərin rəmzinə çevrilir. Zalım əjdaha ilanla eyniləşir. Zənnimizcə, əjdahaya ikili münasibətin səbəbi elə budur. Güman edə bilərik ki, əjdaha sonradan, ola bilsin ki, hansısa ictimai-siyasi hadisənin təsiri altında ilana bənzədilmiş, “iblisləşdirilmişdir”.

Arxeoloji tədqiqatların nəticələri göstərir ki, V–VI əsrlərdə Avropanı fəth etmiş türk xaqanlarının əsas totemlərindən biri əjdaha olmuşdur. Sonrakı Qərb hökmdarlarından bəziləri həmin ənənəni davam etdirmişlər. Məsələn, 1408-ci ildə macar kralı I Siqizmund “Əjdaha Ordeni” adlı təşkilat qurmuşdu. Valax knyazı III Vlad həmin ordenin üzvü idi. III Vlad tarixdə Drakula adı ilə məşhurdur.

Maraqlıdır ki, tatar əfsanələrinin əsas personajlarından biri Zilant adlı qanadlı, əcaib varlıqdır. Tatar rəvayətlərinə görə, Kazanka çayının sahilindəki dağda yaşamış Zilant tatar xanının xəzinəsini qoruyurmuş. Bugün Tatarıstanın paytaxtı Kazan şəhərinin həm gerbində, həm də bayrağında əjdaha Zilantın təsviri vardır.
Səfəvilərin əjdaha təsvirli bayrağı barədə o dövrün salnaməçilərindən biri məlumat verir:

“Bahadır ləqəbi ilə tanınan və bozculu qazilərindən olan Əzizağa adlı döyüşçü Şeybani xanı meyitlərin altından çıxardı, qüruru üzündən heç bir sərvərin başını taca layiq bilməyən xanın başını bədənindən ayırdı, kəlləsini üzərində əjdaha rəsmi çəkilmiş bayrağın kölgəsində dayanmış Şah İsmayılın səmənd atının ayaqları altına tulladı”.

P.S. Əhəmənilərdə, Sasanilərdə və Anadolu Səlcuqlu Dövlətində də üzərində əjdaha təsvir edilmiş bayraqlar olmuşdur.

Müəllif: Milli Kimlik Araşdırma qrupunun üzvü Araz Şəhrili

Write A Comment