Etnosimvolizm fəlsəfi məktəbinə görə simvollar, miflər və dəyərlər müasir milli dövlətlərin formalaşmasında və qorunmasında vacib eleməntlərdəndir. Dünyada bir çox simvol və işarələr vardır ki, yalnız bir etnos tərəfindən yox, bir çox xalqların mədəniyyətində və tarixində istifadə olunub və müxtəlif mənalar daşıyıbdır. Buna misal xaç, svastika, aypara və s. nümunə gətirmək olar.
Ümumiyyətcə, insanlar hər yerdə və hər zaman sayı olduqca məhdud olan təxminən oxşar simvollardan istifadə etməyə meyllidirlər. Bu gün biz, İslam tarixində və İslam dünyasının bir parçası olduğumuz üçün Azərbaycan irsinə sirayət edən Ələm haqqında danışacayıq. Nədir Ələm? Daha hansı mədəniyyətlərdə istifadə olunub və hansı mənalar daşıyır?

İslam dinində bu simvol çox istifadə olunur, lakin Ələmin tarixi çox qədimdir. Misal olaraq ələm Buddizmdə, İudaizmda, Roma imperiyasında, əhəmənilərdə və s. mədəniyyətlərdə də mövcuddur.
Açıq əl işarəsi, necə deyərlər, “hər zaman əl altında” olduğundan, bir çox din bunu simvolikalarında istifadə etmişdir və bu, heç də bu işarənin kiminsə kimdənsə mənimsədiyinə dəlalət eləmir. Onu qeyd etmək lazımdır ki, Ələmə ən çox İslam dinində məna verilir, ən məşhuru isə onun Ali-əbanın 5 nəfərinə işarə olmasıdır.
Dini rəvayətlərə görə, Həzrət Məhəmməd Peyğəmbər (s) İmam Əli, Fatimə, Həsən və Hüseyn (ə) Ali-əba və ya Əhli-kisa adlanır, insanlar arasında ən üstün varlıq hesab olunur. Bir sıra hədislərə görə onların nuru hələ ilk insan – Adəm yaradılmamışdan əvvəl yaradılıb və Adəm peyğəmbər öz günahına görə tövbə edərkən də məhz onların adını Allaha and verib. Onların xüsusi üstünlüyü – bütün eyiblərdən pak olması haqda Quranda Əhzab surəsinin 33-cü ayəsi nazil olub.

Maraqlıdır ki, istifadə olunduğu digər mədəniyyətlərdə ələmin geniş izahı yoxdur. Ancaq nəzərə alaq ki, dini inanca görə, bəşəriyyətin yarandığı ilk gündən Tanrı ilə rabitəsi olub, Allahın insana bilgilər verib, lakin bu bilgilərin bəzən zahiri qalsa da mahiyyəti zamanla təhrif olunub. Belə olduqda ehtimal etmək olar ki, 5 nəfər haqqında olan bilgi də qədim insanlara verilib, sadəcə olaraq zamanla ya unudulub, ya da dəyişikliyə məruz qalıb.
Dediyimizin izi Quranda və hədislərdə də görünməkdədir.

Bəqərə surəsində Adəmin yaradılışı ilə bağlı belə hissə var: “Allah bütün adları Adəmə öyrətdi. Sonra onları mələklərə göstərərək buyurdu: “Əgər doğruçusunzsa bunların adlarını Mənə xəbər verin.” (Mələklər) dedilər: “Sən (bütün eyb və nöqsanlardan) paksan! Bizim Sənin bizə öyrətdiklərindən başqa bir elmimiz yoxdur; doğrudan da, bilən də Sənsən, hikmət sahibi də!” Allah buyurdu: “Ey Adəm, onların adlarını mələklərə xəbər ver”. Elə ki, (Adəm onların) adlarını mələklərə xəbər verdi, Allah buyurdu: “Sizə demədimmi ki, həqiqətən, Mən göylərin və yerin gizlinliklərini bilirəm və sizin həm aşkar etdiyinizdən, həm də gizlətdiyinizdən xəbərdaram?!” (2:31-33). Bu adları mələklərdən öncə Adəmə öyrətməklə Allah Adəmi mələklərdən üstün etdi. Eyni zamanda bir sıra hədislərdə deyilir ki, Adəm Allahın sözündən çıxıb Cənnətdən qovulduqdan sonra çox tövbə edir, amma tövbələri qəbul olmur. Ən sonda Allahı həmin öyrətdiyi adlara – Muhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn adlarına and verərək tövbəsini qəbul etdirir.

Bütün bunları nəzərə alaraq belə bir sual da vermək olar – Ələm işarəsi məhz ilk insan-Tanrı münasibətindən qaynaqlanaraq bütün dinlərdə əks oluna bilərdimi? Hətta izah və mənası itmiş olsa belə..

Write A Comment