Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan dövlətlər barədə danışarkən heç şübhəsiz ki, hər birimizin yadına Sacilər, eləcə də Eldəgizlər, Şirvanşahlar, Ağqoyunlu, Qaraqoyunlu dövlətləri, Səfəvilər və Əfşarlar imperiyaları düşür. Əlbəttə, bütün bunlarla yanaşı, Azərbaycan xanlıqları da parçalanmış vəziyyətdə olsalar belə, milli mübarizə tariximizin vacib səhifələrindən biri kimi qeyd olunurlar.


1918-1920-ci illərdə Şərqdə ilk demokratik cümhuriyyət hesab olunan Azərbaycan Xalq Cümhuriyyəti də  dövlətçilik tariximizin ən mühüm, şanlı səhifələrindən biridir. Lakin, XX əsrin əvvəllərində baş verən gərgin geosiyasi vəziyyətin, etnik qarşıdurmaların və imperialist maraqların araşdırılması fonunda bir dövlət və şəxsiyyətin üstündən çox zaman sükutla keçirik. Belə bir dövlət qurumu və tarixi şəxsiyyət ermənilərdə olsaydı, hər vəchlə onu təbliğ edər, bütün dünyaya nümayiş etdirərdilər. Lakin biz nədənsə əlimizdə olanları təbliğ etməyə, tanıtmağa o qədər də maraqlı görünmürük. Söhbət Cənub-Qərbi Qafqaz Cümhuriyyətindən və onun qurucusu Emin ağa Acalovdan gedir. 

İstər 1905-1906-cı illərdəki, erməni-azərbaycanlı qarşıdurması, istərsə də 1918-ci ildə erməni silahlı quldur dəstələrinin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı ötən əsrin əvvəllərinin acı həqiqətləridir. Ermənilərin çar məmurlarının dəstiyilə bölgələrimizdə meydan suladığı bir vaxtda Azərbaycanın müxtəlif şəhər və kəndlərinin say-seçmə oğulları şəxsi hesablarına, silahlı dəstələrinin gücünə erməni hücumlarına qarşı xalq müqavimətini təşkil edə bilmişdilər. Doğrudur, bu tendensiya milli müqavimət mütəşəkkil olmasa da, vahid komandanlıq formalaşmasa da bölgələrdə erməni quldur hərəkatının nisbətən neytrallaşdırmaqda vacib rol oynayıb.

Həmin dövrdə Bakıda messenant Hacı Zeynalabdin Tağıyevin  silah-sursatla təmin etdiyi müxtəlif qoçu dəstələri, Şamaxıda, Qubada tanınmış bəylər Azad bəy Qocamanbəyov, Əli bəy Zizikski, Qarabağda, Zəngəzurda Sultan bəy Sultanov, Xosrov bəy Sultanov kimi igid  bəyzadələrimizlə yanaşı, Borçalıda da el içində sözü qılıncdan kəsərli, milli təəssübkeş igidlərimiz olmuşdur. Onların ən tanınmışlarından Emin Ağa Acalovu (Borçalını) nümunə göstərmək olar.

Qaçaq Emin Ağa

Hazırda əlimizdə rus tədqiqatçısı Y. Kannevskinin “Emin ağa Borçalı” (keçmiş qaçağın xatirələri) adlı kitab var. Azərbaycan türkcəsinə tərcümə olunmuş bu kitab qaçağın öz dilindən yazılmış xatirələri maraqlı ömür yolu keçmiş Emin ağa Acalov Borçalı bölgəsində ən tanınmış yerli bəylərimizdən, ağsaqallarımızdan olmuşdur.

1850-ci ildə Borçalı qəzasının Kəpənəkçi kəndində doğulmuş Emin ağa kök etibarilə Hacallı (Acalov soyadının ilkin variantı) soyundandır. Qars İslam Şurasına bağlı qaynaqlarda Emin ağanın adı Emin, Emin bəy, Emin ağa, Kəpənəkçi Emin ağa, borçalılı Kəpənəkçi Emin ağa və digər variantlarda keçməkdədir. Tanınmış şair Abbas Abdulla yazır ki, Emin Ağa ərənlik çağlarında Borçalı qəzasının Ağbulaq qəsəbəsində öncül maarif ocaqlarından biri olan və rusca təhsil verən gimnaziyada oxumuşdu. Kəpənəkçi kəndində indi də uca bir dağa Emin ağa dağı, sərt bir qayaya da Emin ağa qayası deyilməkdədir. 

Emin ağa Türkiyənin Qafqaz İslam Ordusunun 1918-ci ilin yayındaki yürüşlərinə Borçalı, Qazax bölgələrinə qədər yol boyu bələdçilik etmişdir. Noyabr ayında Qars İslam Şurasının ilk rəisi və maarif vəkili olmuşdur. 1918-ci ilin qışında Borçalıda Ermənistan və Gürcüstan arasında qanlı çarpışmalar vaxtında Emin ağa Qarsdan məmləkətinə dönmüşdü. Burada Borçalı Milli Şurası adında bir qurum yaradaraq Borçalını erməni hücumlarından qorumaq üçün çalışmışdı. Emin ağa 1920-ci illərdən öncə Türkiyədə, sonra Azərbaycanın Qazax bölgəsinin Qarapapaq kəndində yaşamışdı. Abbas Abdulla qeyd edir ki, Gürcüstan Dövlət Muzeyində Emin ağanın təqdim etdiyi “Borçalı qadınının geyimi” adlı etnoqrafik eksponat qorunmaqdadır.  

Yuxarıda qeyd etdiyimiz Y. Kanevskinin Emin ağadan bəhs edən kitabı çox maraqlı mənbədir. Əvvəla qeyd edək ki, kitabda baş verən hadisələr əsasən Emin ağanın dilindən nəql olunur. Burada Kanevski daha çox xüsusi hörmətə layiq və maraqlı ömür yolu keçmiş insanlarla ünsiyyətdə olmuş bir tədqiqatçı təsirini bağışlayır.  Kanevskinin bu kitabı 1915-ci ildə Rusiyanın Tula şəhərində yayınlanmışdır. 

Memuar-povest janrına yaxın bir tərzdə yazılan bu kitab Emin ağanın şəxsi həyatını öyrənmək üçün dəyərli vəsaitdir. Abbas Abdullaya görə, Kanevski, rus zabiti olmuş, Tulada mühəndis olmuşdur. Deyilənə görə, məşhur yazıçı  Lev Tolstoy şəxsən bu əsəri redaktə etmişdir.  

Əsər boyunca Emin ağa etibar sahibi, yurdsevər, sözü keçərli, mərd, mütərəqqi dünyagörüşlü bir ziyalı olaraq təqdim olunur. Emin ağanın “İnsanda ən qiymətli şey onun adıdır, düşünürəm… Bir yerdə ki, məni hər kəs tanıyır, mən görükəndə oturan qalxır, yatan oyanır, bu doğma yurdumu necə qoyub gedərəm ? Daha yaşa dolmuşam, bir də nə vaxt yad diyarda yenə də Emin ağa olacağam? Bax, ona görə istəməm ki, cəlayi-vətən olum…” sözlərini oxuduqca onun güclü vətənpərvər olması istər-istəməz göz önündə canlanır.

Kitabda nüfuzlu el rəhbəri olan Emin ağadan savayı Borçalı mahalının sayılıb-seçilən bəylərindən  Səməd ağa, Astan ağa, Kor İsmayıl, Halay bəy, Hacıxəlil ağa və başqalarının adları çəkilir. Mahalın ictimai durumu, tarixi hadisələri toy-düyün adətləri, at, güləş yarışları, Borçalıda erməni-müsəlman davasından məlumatlar verilir.

Erməni-türk münaqişəsi və
Cənub-Qərbi Qafqaz
Cümhuriyyətinin yaranması


1905-1906-cı illərdə erməni-müsəlman münaqişəsi regionda geniş vüsət almağa başladı. Tiflis, Bakı, Gəncə, Şuşa və İrəvanda iğtişaşlar başladı.  Silahlanmış ermənilər dinc azərbaycanlılara qarşı hücumlar təşkil etməyə başladılar. Şübhəsiz ki, bu hücumlar Tiflis quberniyasının tərkibində olan Borçalı qəzasında da artmaqdaydı. Belə məqamda Emin ağa Acalov istər azərbaycanlıların, istərsə də ermənilərin arasında olan böyük nüfuzundan istifadə edib münaqişənin qarşısını almağa çalışırdı. Hətta bu barədə Kanevskinin kitabında da Emin ağanın xatirələri var: “ Xəbərlər gəlməyə başladı ki, Tiflisdə, Bakıda, Yelizavetpolda (Gəncədə), İrəvanda dəhşətli qırğınlar gedir. Mən Borçalı bəylərindən xəbər aldım: — Emin ağa, sən 2000 atlı dəstənin başçısı təyin olunubsan, sabah Tiflisə getməlisən, yoxsa ermənilər silahlanıb qardaşlarımızı qırırlar. Mən evdə gecələdim və bir gecəyə dörd məktub aldım: Tiflis tatarlarından, Borçalı bəylərindən, Qazax bəylərindən və ətraf tatarlardan. Bütün məktublarda mənim sabah təyinat yerimə getməyim barədə yazılırdı, orda məni çoxlu atlılar gözləyirdilər, mən onları Tiflisə aparmalıydım. İşıqlaşanda starşinanın başçılığı ilə on iki xaçınlı erməni mənim həyətimə gəldilər.

Mən onları kəndə apardım, camaatı və qohumlarım Acalovları topladım, məscidə getdik və Bolnis Xaçınlılara və ümumiyyətlə, ermənilərə toxunmayacağımıza and içdik. Ordan da iyirmi hörmətli tatarla Xaçına getdik. Orda erməniləri kilsəyə dəvət etdik və and içdirdik ki, heç bir erməni komitəsinə qulaq asmadan heç bir tatara toxunmayacaqlar. Sonra mən Şulaverə getdim. Şulaverin girəcəyində biz hər yerdə silahlı piyada erməni dəstələri gördük. Kənd ətrafında hər yanda pusqu qurulmuşdu. Biz yaxınlaşanda uzaqdan sual eşidildi: —Kimdir orda? Bələdçim dedi: —Lütfən susun, sizi öldürə bilərlər, qoy mən cavab verim. Yox, yaxşısı budur mən cavab verim- dedim: —Mənəm, Emin ağayam. Şulaverə gedirəm. — Allaha şükür, Emin ağadır. Ermənicə deyilən bu sözlər məni kövrəltdi.”

Gördüyümüz kimi, Emin ağa Acalov bölgədə o qədər nüfuz sahibi idi ki, nəinki azərbaycanlılar, sadə ermənilər belə onu bu qanı dayandıra biləcək gücə sahib birisi kimi qəbul edirdilər və ona hörmət edirdilər. Bəlkə də bunun nəticəsidir ki, Tiflisdə qırğınlar olsa da, Borçalı qəzasında digər qəzalara baxanda vəziyyət o qədər də dəhşətli olmamışdı. Bir faktı da unutmaq olmaz ki, erməni silahlıları o bölgələrə qəfil basqınlar təşkil edirdilər ki, orada yerli əhalinin silah-sursatı yox səviyyəsində idi. Emin ağa Acalovun isə tabeliyində olan böyük silahlı dəstə erməniləri qorxuya salmışdı və onlar azərbaycanlı kəndlərinə hücumlar təşkil etməyə cəsarət etmirdilər.

Lakin ermənilər 1917-ci ildə yenidən Borçalıda fəallaşmağa başladılar. Həmin  ildə ermənilər qəfildən Borçalıya hücum etdilər. Sadaxlı, Ləmbəli, Dəmyə Gorarxlı, Saral, Ağammədli və s. kəndlərdə savaş daha şiddətli idi. Emin ağanın da iştirak etdiyi savaşda borçalılar ermənilərə böyük itki verdirib geri oturtdular. Erməni -müsəlman qırğınlarının və qarşısıalınmaz formaya keçdiyi məqamda çar Rusiyasının keçmiş ərazisində xalqlar azadlıqlarını elan etməyə başladılar. 1917-ci ildə Krım tatarları, Ahıska türkləri, sonra Gürcüstan, Azərbaycan, Ermənistan öz müstəqilliklərini elan etdilər.  1917-ci ilin dekabrında Emin ağa, Borçalı Xeyriyyə Cəmiyyətinin sədri Qurbanəli əfəndi Xəlilzadə, Borçalının ən nüfuzlu din xadimləri Yusif əfəndi Allahyarzadə, Şeyx Məhəmməd Əli  ilə birgə Borçalı Qarapapaq Cümhuriyyətinin yarandığını elan edirlər. 30 noyabr 1918-ci ildə erməni terror təşkilatlarının gücləndiyini və daşnak hökumətinin ərazi iddialarını görən Emin ağa Qarsda Ahıska hökumətinin başçısı Osman Sərvər və İğdırda fəaliyyətə başlayan Araz Cümhuriyyətinin başçısı Əmir bəy ilə görüşürlər. Onlar qüvvələri birləşdirmək qərarına gəlirlər. Dövlət federasiya şəklində olub “Qars İslam Cümhuriyyəti” adlanmağa başlayır. Dövlətə İbrahim bəy Cahangirzadə və  Emin ağa Borçalı kimi şəxsiyyətlər rəhbərlik etməyə başlayırlar.  Onların birinci işi Batumdan Naxçıvanadək qurumun şöbələrini açaraq xalqı silahlandırmağa başlamaq idi. Bununla onlar ümummilli mübarizə hərəkatını genişləndirmək istəyirdilər.


30 noyabr 1918-ci ildə Qarsda toplanan konqresə Ordubad, Naxçıvan, Ağbaba, Kəmərli, Sürməli, Sərdarabad, Borçalı və digər yerlərdən 60 nümayəndə gəldi. Borçalılı Emin ağa Acalov bu konqresdə Qars İslam Respublikasının Milli Məclisinin sədri seçildi.1919 – cu ilin yanvarından Qars İslam Respublikası Cənub-Qərbi Qafqaz Türk Respublikası adlandırılmağa başladı. 40 min kvadratkilometr sahəsi, 1,8 milyon əhalisi (onun 1 milyon yarımını türklər təşkil edirdi) olan bu dövlətin tərkibinə Cənub-Qərbi Qafqaz ərazisi daxil idi. Hal-hazırda Osmanlı arxivində Emin ağanın imzası olan sənədlər qorunmaqdadır. 

Dövlətin günü-gündən güclənməsi imperialist qüvvələri çox narahat edirdi. Onlar bölgədə güclü bir türk dövlətinin yaranmasını istəmirdilər. Beləcə, 1919-cu il  aprelin 13-də ingilis qoşunları Qarsı işğal edərək Cənubi-Qərbi Qafqaz (bəzi mənbələrdə Cənub-Qərbi Qafqaz Türk Cümhuriyyəti) dövlətinin varlığına son qoydular. Dövlət başçıları həbs olunub Maltaya sürgün olundular. Həmin vaxt Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olan Fətəli Xan Xoyski Emin ağanın ona zamanında etdiyi yaxşılıqları unutmayaraq müttəfiqləri olduğu ingilislərdən onu sürgündən xilas etməyə nail olur. 

Emin ağa Acalov  ictimai-siyasi xadim kimi fəaliyyət göstərməklə yanaşı həm də yaradıcılıqla məşğul idi.  1912-ci ildə Tiflisdə Azərbaycan dilində yayımlanmış “Bəsdir, oyan!” kitabı onun ədəbi yaradıcılığının əyani göstəricisidir. Kitabın ön sözündə yazılan bu sözlər Emin ağanın  milli, təəssübkeş ziyalı və xalqının dar günündə fədakarlığını əsirgəməyən qeyrətli bəy obrazını oxuculara bir daha göstərir:  “Hər kəsin borcudur, əlindən gəldiyi qədər hər növ ilə olmuş olsa, bəşərə, ələlxüsus, öz millətinə kömək eləsin. Nə fayda ki, əcdadlarımız bizi naşı qoymuşlar, məramımızı ifadə etməyə dil və qələmimiz yoxdur. Bununla belə, millətimizin bugünkü halına baxanda insan sakit dura bilmir, odur ki, bəndeyi-hakir də bu balaca kitabçayı yazıb nəşrinə iqdam etdim…” 

 Beləliklə, Paris Sülh Konfransından sonra Borçalı Azərbaycanla Gürcüstan arasında mübahisəli əraziyə çevilsə də 1920-ci ildə Stalinin təkidi ilə Gürcüstana verilir. Bir müddət Metex qalasında cəza çəkən Emin ağa oradan qaçır və gecə həbsxana rəisinin evinə gələrək ona deyir: “Görürsən ki, azadlıqdayam, mən asanlıqla can verən deyiləm. İstəyirsiz məni təkrar həbs edin, istəyirsiz buraxın”. Emin ağanın bu şücaətini görən rəis ona – “səni bir şərtlə buraxaram ki, Tiflisdən çıxasan” – deyir. Bundan sonra Emin ağa Qazaxa gəlir və ömrünün sonuna qədər burada yaşayır. O, 1937-ci ildə vəfat edir. Qəbri Qazaxın Qarapapaqlar kəndindədir.

Emin ağa Acalovun həyat və faəliyyətini incələdikcə bir daha onun xalqımızın milli mübarizə tarixində önəmli simalardan biri olması aydınlaşır. Düşmən işğalına qarşı xalqın milli müqavimətini təşkil edən, həm də bir ağsaqqallıq vəzifəsini şərəflə yerinə yetirən xalqımızın o zamanki sayılıb-seçilən bəylərinin arasında Hacallılar nəslinin nümayəndəsi, indi Acalovlar kimi tanınan soyadın babalarından biri Emin ağa Borçalının xüsusi yeri var və yeniyetmə nəsil, gənclərimiz və gələcək nəsillər belə şəxsiyyətlərimizi tanımalı, qiymətləndirməli və onlar kimi olmağa çalışmalıdırlar.

 Anar TURAN, “Xalq qəzeti”

Write A Comment