Azərbaycan və İran torpaqlarını 1100 ildən artıq idarə etmiş Azərbaycan-türk hökmdarları. Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar, Qacar imperiyaları. Qaraqoyunluların imperiyası düz Batum şəhərinəcən dirənirdi. Heç Tiflisin söhbəti yox idi bu zaman. Ağqoyunluların zamanında sərhədlər Qara dənizə, Əfşarlar zamanı isə gedib okeana qədər uzanırdı. Bu imperiyaların hamısı Azərbaycan ərazisindən boy atıb. Amma bu gün çox kiçik əraziyə sığdırılıb Azərbaycan. Azərbaycan Respublikasından əlavə, torpaqlarının böyük bir hissəsi İranın, bir hissəsi Gürcüstanın, bir hissəsi Ermənistanın və bir hissəsi isə Rusiyanın içindədir bu gün.

  Bunu mütləq qeyd edək ki, 20-ci əsrin əvvəllərinə qədər əksər dünya dövlətləri Qərbdə də, Şərqdə də  ərazinin deyil, sülalənin adına görə adlanırdı. Şah İsmayıl dövründən – 16-cı əsrin əvvəllərindən hökmdarlar İran şahı adlanırdı. Halbuki o zaman nə Azərbaycan, nə də İran dövləti ifadələri yox idi, yalnız Səfəvilər, Əfşarlar, Qacarlar adlı dövlət adları var idi.

  Şah İsmayıla İran şahı demişlər, Nadir şaha İran şahı demişlər, yaxud Şah Abbasa. Noolsun? Tutaq ki, Nadir Əfşar İran şahı adlanıb. Milliyyətimi dəyişib? Türklüyündənmi dönüb? Bu şahlar və bu dövlətlər Azərbaycan və İranın ortaq tarixidir. Çünki Azərbaycanlı hökmdarların başçılığı ilə qurulan bu böyük imperiyaların hamısı Azərbaycan ərazisində olub.

  Adı kimi özü də dünyanın nadir sərkərdələrindən biri olan Nadir şah Əfşarın hərbi qüdrətinin ən üstün cəhəti o idi ki, qələbələrini bu günə qədər heç kim təkrar edə bilməyib. Ömrünün 37 ilindən artığını xarici işğalçılara və ölkə daxilində mərkəzi hakimiyyətə tabe olmayan yerli əyanlara qarşı mübarizəyə sərf edib Nadir şah, 120-dən artıq müharibə aparıb.

  Ömründə bir dəfə uduzub, o da Topal Osmana, Bağdad uğrunda. Onun 105 minlik qoşunundan o zaman cəmi 5 mini sağ qalıb, 100 mini ölüb. Amma o, ruhdan düşməyib. Təsəvvür edin, cəmi 2 ay sonra 105 min qoşundan daha güclü və daha nizamlı 150 minlik qoşun çıxarıb və Topal Osmanı məğlub edib. (Onu əsir götürərək başını kəsdirib.)

  “Düşmənə arxadan zərbə vurmaq taktikası”nı Suvorovun adı ilə bağlayırlar. O, 1799-cu ildə Alp dağlarını dağlarını keçərək orduya arxadan zərbə vurub. Amma əslində bu taktikanı ilk dəfə Nadir şah tətbiq edib. Bağdad yaxınlığında Yanqız istehkamı deyilən bir yer var. İlk dəfə Nadir şah həmin istehkamı almaq üçün 5 min döyüşçünü düşmənin zənn etmədiyi yoldan göndərir. Yəni, təsəvvür edin,  Suvorovdan, hardasa 77 il qabaq bu işi görüb Nadir şah Əfşar.   

  Ümumiyyətlə, Türk-Azərbaycan hərb tarixi üçün Nadir şah Əfşarın xidmətləri çox böyük və əhəmiyyətlidir. Hərbi məktəblərin açılması, ilk dəfə hərbi gəmiqayırma zavodlarının tikilməsi, müharibə üçün top istehsalı, poladəritmə zavodu və s.

  Hərb tarixində Nadir şah balaca toplar icad edib ki, bunlar dəvələr üstünə qoyularaq 360 dərəcə fırlanırmış.

  Nadir şah Əfşar ölkənin iqtisadiyyatını yalnız hərbdə götürdü. Bu da onun səhvlərindən biri idi. Nadir şah hakimiyyəti ələ aldıqdan sonra mərkəzləşmiş dövlət yaratdı, sərhədləri genişləndirdi, 1737-1739-cu illərdə Əfqanıstana yürüş etdi, Hindistanı tutdu, 1742-ci ildə Buxara və Xarəzmi ələ keçirdi. Bütün bunlarla belə, Nadir şah mərkəzləşmiş idarəetmə sistemi yarada bilmədi. Əsas səbəbi, bir aydan artıq otura bilmirdi paytaxtda. Deyirdi: “Paytaxtım atın üstündədir”.

  Nadir şah haqqında təkcə Avropada 200-dən çox mənbə var, təsəvvür edin. Nadir şahı qərb tarixçıləri Napoleon Bonapart, Böyük Fridrix, Hannibal, Velinqton, şərq tarixçiləri isə onu Makedoniyalı İsgəndər və Əmir Teymurla müqayisə edirlər.

  Nadir şahı başa düşmək üçün gərək o dövrün bütün mənbələrinə baş vurasan: Qərb ölkələrinin Nadirə münasibəti, Rusiyanın Nadirə münasibəti, Osmanlı sultanlarının Nadirə münasibəti. Bütövlükdə ətrafda hansı dövlətlər varsa və hansı dövlətlər Nadir şahla maraqlanıbsa, onların münasibətini bilmək lazımdır. Bu zaman aydın şəkildə ortaya çıxar ki, Nadir şah nə istəyirdi?  

  Erkən yaşlarından böyük fiziki qüvvəyə və dözümə malik olub. Bu adam o qədər enerjili olub ki, istənilən döyüşə atılıb. Güllələr sanki ondan sanki yan keçib. Yürüşlərdə bütün döyüşçülər kimi sadə şəraitdə yaşayıb.

  Napoleon kimi nadir sərkərdələrdən idi ki, bütün döyüşçülərini üzdən və adı ilə tanıyıb.

  Nadir şah Əfşar keçmiş inzibati ərazi bölgülər olan Şirvan, Qarabağ, Çuxursəd və Təbriz bəylərbəyiklərini ləğv edərək ilk dəfə olaraq Azərbaycan adı altında vahid inzibati bölgə yaradıb.

  Yeni Şamaxı, Nadirabad, Xivaqabad şəhərlərini salıb, Dəstgirdə mövludxana, Kelatda xəzinə, Qəzvin və Mazandaranda (Əşrəfdə) saraylar tikdirib.

  Məşhəddə İmam Rza məqbərəsini genişləndirib, məscidin Şah kitabxanasına ən çox ianə verib və bura 400 əlyazma bağışlayıb.

  Ölkənin xristian təbəələrinə çox dözümlə yanaşıb, onların azad etiqad hüququna hörmət edib.

  İncil, Tövrat və Quranın müəyyən qisimlərini türk dilinə təcrümə etdirib.

  Nadir şahın türk dünyası qarşısında mühüm xidmətlərindən biri də bu idi ki, iki türk xalqı – Osmanlı və Səfəvilərdə məzhəb ayrılığna son qoymaq və düşmənçiliyi aradan qaldırmaq üçün hər iki məzhəbin qəbul etdiyi ortaq (Cəfəri Sadiq) məzhəb təklif edib. Bu barədə sonralar 19-cu əsr Azərbaycan tarixçisi və yazıçısı Abbasqulu ağa Bakıxanov təəssüflə yazırdı: “Bu məsələ dəfələrlə Osmanlı dərbarına təqdim edilsə də, qəbul olunmadı”.

  Bu gün Azərbaycanda İslam dini sahəsindəki bir çox islahat məhz Nadir şahın adı ilə bağlıdır.

  Öz dövründə sünni və şiələr arasında ifrat məzhəb ayrılığına son qoyduğu üçün düşmənləri artır və elə Nadirin öz qohumlarının əli ilə ona sui-qəsd edilir.

  Nadir şah bir despot, qəddar şah obrazı kimi yeridilib beynimizə. Ölkələr fəth edən bir hökmdar üçün bu, çox normal bir haldır. Məgər İsgəndər Hindistanı, Napoleon Avropanı, Romanovlar Qafqazı məgər zurna-balaban, nağara ilə almışdılar?
Beləliklə, Nadir şah Əfşarın yaratdığı Əfşarlar dövləti də əsasən Azərbaycan və İran ərazisində hökm edib, bütövlükdə Şərq, ümumtürk və Azərbaycan tarixində silinməz izlər buraxıb.

  Keçmişi ilə fəxr etməyən millətin gələcəyi yoxdur.

Mənbə: https://www.trt.net.tr/azerbaycan

Write A Comment