Bu soyada məşhurluq gətirən o oldu. Həyatın ilk zərbələrini uşaq yaşlarında alan, əbədi ayrılığın, maddi ehtiyacın, yoxsulluğun sərt üzünü tanıya-tanıya böyüyən, əllərinin qabarı ilə gələcəyini quran və heç özünün də xəyal edə bilməyəcəyi qədər var-dövlət sahibi olan Zeynalabdin…

Sonralar adı çox sevdiyi xalqının tarixinə Hacı Zeynalabdin Tağıyev kimi yazılacaq bu böyük insan 1823-cü il (bəzi mənbələrə görə,1838-ci il) yanvarın 25-də Bakıda kasıb başmaqçı ailəsində dünyaya gəlib. Anası Ümmü xanım vəfat edəndə Zeynalabdinin on yaşı vardı. Gün-güzəran, dolanışıq qayğıları da bir tərəfdən Zeynalabdini tez böyüdüb. On yaşında atası onu bir bənnanın yanına aparıb ki, usta köməkçisi işləsin. Uşaqlıqdan zəhmətkeş olub Zeynalabdin. On iki yaşına çatanda artıq daşyonan imiş. On beş yaşında bənnalıq etməyə başlayıb. Sonra tikinti ustası və təşkilatçısı kimi tanınıb. Halal zəhmətlə qazandığı puldan yığıb ki, özünə bir iş qursun. Ev tikintisi və daşyonma işləri təşkil edəndə iyirmi yaşındaymış. Sonralar da öz tikinti işlərinə özü nəzarət edib. Yaşadığı imarətdə, açdırdığı Qızlar gimnaziyasının binasında onun dəst-xəti var.

Ticarətlə və yüngül sənaye ilə məşğul olmağa başlayıb. Dükanlara və manufakturaya sahib olub. Hacı Zeynalabidin Tağıyev Bakı neftini Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan da biri sayılıb.

1870-ci ildə artıq iki qazanxanadan ibarət kerosin zavodunun sahibi idi. Sonra “Hacı Zeynalabdin” şirkətini yaradıb. Onu Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti-xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçiblər.

Fitrətdən ağıllı, təmkinli, cəsarətli olub. Hansı sahəyə əl atıbsa, uğur qazanıb. Bakının əsl neft səltənətinə çevrildiyi vaxtlar idi. Çar Rusiyasından və xaricdən sərmayədarlar gəlib Bakı ətrafındakı kəndlərdə torpaq sahələr alır, orada neft buruqları ucaldırdılar. Zamanın nəbzini tutmağı yaxşı bacaran Hacı Zeynalabdin də podratçılığı buraxıb, diqqətini daha çox neft işinə verib. 1872-ci ildə neftli torpaqlar hərraca qoyulanda torpaq payı icarəyə götürüb. Həmin torpaqdan neft fəvvarə vurub. “H.Z.Tağıyev” adlı neft şirkətini qeydiyyatdan keçirib.

Hacı Zeynalabdin ən yeni avadanlıq quraşdırdığı mədənində çalışan ustalara yüksək əməkhaqqı verib. Gəlirləri sürətlə artıb. Neft zavodları alıb. 1882-ci ildə Tağıyev 1-ci gildiya tacir rütbəsinə layıq görülüb. 1896-cı ildə onun neft şirkəti hasilatda ən yüksək göstəriciyə çataraq 32 milyon pud (512 kq) neft çıxarıb.

1897-ci ildə neft mədənlərini Britaniya şirkətlərindən birinə satıb. Tağıyev qeyri-neft sektoruna sərmayə qoyub. İnşa etdirdiyi Bakı toxuculuq fabriki Azərbaycanda yeni istehsal sahəsində başlanğıc olub. Toxuculuq fabrikini xammalla təmin etmək üçün Yevlaxda pambıq əkini üçün torpaq sahəsi alıb. 1909-cu ildə Cavadda pambıqtəmizləmə zavodu tikdirib. Bakının ən iri ticarət mərkəzi sayılan ticarət evini təşkil edən də Tağıyev olub.

1890-cı ildə balıqçılıq sənayesinə güclü sərmayə qoyub. İri balıq vətəgələrinə sahib olub. Balıq məhsullarının saxlanmasını təmin etmək üçün Mahaçqalada soyuducu zavod, buz istehsalı zavodu, çəllək zavodu tikdirib.

1895-1897-ci illərdə Bakının mərkəzində böyük imarət inşa etdirib.

Onu sahibkarların çoxundan fərqləndirən, sevdirən yalnız səxavəti və insafı olmayıb. O, bütün Rusiyada mesenatlığı və maarifpərvərliyi ilə tanınıb. Məktəblərin açılmasına, qəzet və jurnalların çap edilməsinə böyük vəsait sərf edib.

Hacı Zeynalabdin Tağıyev xalqı, vətəni üçün böyük işlər görüb. O, nüfuz sahibi olub. Sevənləri çox olsa da, xalq yolunda gördüyü nəhəng işlərdə başı az bəlalar çəkməyib. Qız məktəbinin açılmasına yerli ruhanilər mane olanda, camaatı ayağa qaldırmağa çalışanda da problemlərlə qarşılaşıb. Məktəb açmaq təklifini bəyənmiş qazi Mir Məhəmməd Kərimi qapısına ağ neft töküb yandırmaqla hədələyiblər. Azərbaycanlı qızların oxumasını böyük qəbahət hesab edən köhnə fikirli, mühafizəkar adamlar Hacı Zeynalabdin Tağıyevi də öldürmək istəyiblər. Xalqın sevgisi, ətrafındakı adamların onu mühafizə etməsi bu faciənin qarşısını alıb. Beləliklə, Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsaitlə Bakıda ilk qızlar məktəbi inşa etdirib.

Bakı-Şollar su kəmərinin tikintisi üçün də pul ayırıb. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər onun iştirakı və vəsaiti, yaxud köməyilə yaradılıb.

Hacı Zeynalabdin Tağıyev Rusiya imperiyasının Həqiqi Dövlət Müşaviri, II və III dərəcəli “Müqəddəs Stanislav” və Şiri-Xurşid ordenləri ilə təltif olunub.

1920-ci il 28 apreldə bolşevik Rusiyası Azərbaycanı işğal edib. Yeni hökumət yerini möhkəmlətdikcə planlarını da həyata keçirib. İlk hücum edilənlər arasında var-dövlət, nüfuz sahibləri də olub. Hacı Zeynalabdin Tağıyevin də malı-mülkləri müsadirə edilib. Qocaman mesenat illərlə qazandığı var-dövlətinə, tikdirdiyi mülklərə uzaqdan baxmalı olub. Ancaq başqa milyonçulara görə onun vəziyyəti bir az yaxşı idi. Yeni hakimiyyətin rəhbərlərindən olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə əlindən alınmış mülklərindən birində – Mərdəkandakı bağ evində yaşamaq imkanı verilib.

Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də 101 yaşında (bəzi mənbələrə görə, 86 yaşında) dünyasını dəyişib. Sentyabrın 4-də dəfn edilib. Xalq ona ehtiramı unutmayıb. Dəfni izdihamlı olub. Hətta Nəriman Nərimanovun köməkliyi ilə Bakının “Kommunist” və “Bakinski raboçi” qəzetlərində onunla bağlı nekroloq dərc olunub.

O, iki dəfə evlənib. Əvvəlcə əmisi qızı Zeynəb xanımla ailə qurub. Bu evlilikdən üç övladı – İsmayıl və Sadiq adlı oğulları, Xanım adlı qızı olub.

Bir gün Hacı oğlugildə Balakişi bəy Ərəblinskinin kiçik qızı Sona xanımı görüb, bəyənib. Onunla evlənib. Beləliklə, Hacı Zeynalabdin öz oğlu ilə bacanaq olub. Evləndikləri vaxt Hacının yetmiş üç, Sona xanımın isə on altı yaşı var imiş. General-leytenant Balakişi bəy Ərəblinski kiçik qızını Hacı Zeynalabdin Tağıyevə onun mülkünə ortaq olmaq üçün verib. Tağıyevin ikinci evliliyindən beş uşağı – qızları Leyla, Sara və Sürəyya, oğlanları Məhəmməd və İlyas olub.

Atalarının böyük söz sahibi olması, hörməti, var-dövləti onların xoşbəxt olmasına yetməyib. Hacı Zeynalabdinin övladları da, nəvə-nəticələri də bu dünyanın zülmünü çox çəkiblər. Oğlu, “Dikaya diviziya”nın zabiti Məhəmməd gənc yaşında həlak olub. İlyası isə xəstəlik bu dünyadan nakam aparıb.

Hacı Zeynalabdin Tağıyevin böyük oğlu İsmayıl Bakı realnı məktəbini 6-cı sinifdən tərk edib. Avropanı dolaşıb. Neft sənayəsi texnologiyasının inkişafına maraq göstərib. Kadetlərdən olub. II Dövlət Dumasına üzv seçilib. 6 fevral 1907-ci ildə üzvü olduğu Dumaya heç getməyib.

İsmayıl Tağıyev Balakişi bəy Ərəblinskinin qızı Nurcahan ilə evlənib. Hacı Zeynalabdinin qızı Leyla xanım isə Şəmsi Əsədullayevin oğlu Əli bəylə ailə qurub. Onların Əli, Nadir, Gülnar və Zeynal adlı övladları olub. Əli Əsədullyev 1920-ci illərdə ailəsi ilə İrana, sonra Türkiyəyə mühacirət edib, sonra Parisə köçüb. Gülnar Parisin Sorbonna Universitetini bitirib. Leyla Əsədullayeva isə İstanbula köçüb. Leyla xanım 1948-ci ildə Türkiyədə vəfat edib. Məzar daşında yazılıb: “Hacı Zeynalabdin Tağının qızı Leyla Əsədullah”. Bakı, 17 yanvar 1896, İstanbul, 23 fevral 1948”.

Hacı Zeynalabdinin nəvəsi Ağazeynalabdin Sadıq oğlu Tağıyev 1893-cü il təvəllüdlüydü. Anası Mələksima xanım Mirzə Fətəli Axundzadənin nəvəsi idi. 1915-ci ildə Peterburq toxuculuq institutunu bitirib. Bakıya dönüb. Sonra Londona yollanıb. Toxuculuq sənətini dərindən öyrənib. Geri döndükdən sonra babasının fabrikində ingilis rəisin əli altında işləyib. Sovet hökuməti bu əvəzsiz kadrı direktor təyin edib. Həmin vəzifədə on ildən çox çalışıb. Məşhur mühəndis Fətulla bəy Rüstəmbəyovun qızı Züleyxa xanımla evlənib.

1932-ci ildə KQB onu həbs edib. 1934-cü ildə dustaqlıq müddəti bitib. 1937-ci ildə yenə tutulub. Bu dəfə həbsdə çox saxlamayıblar. 1940-cı ildə yenidən dustaq edilib və bu son olub. Bayıl dustaqxanasında güllələnib.

İsmayıl Tağıyevin oğlu Əbdürrəhman 1899-cu ildə Bakı şəhərində doğulub. Bakı gimnaziyasını bitirib. 1920-1925-ci illərdə İstanbul Dəmiryol İnstitunun inşaat fakültəsində oxuyub. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilən tələbələrdən biri olub. O, 1995-ci ildə Türkiyədə vəfat edib.

… XX əsrin əvvəllərində Bakıda Tağıyev soyadlı bir milyonçu yaşayırdı. Nəinki dostları, düşmənləri də onun səxavətindən heyrətlə danışırdılar. Bu böyük millətsevər – Hacı Zeynalabdin Tağıyev saysız-hesabsız pullarını, var-dövlətini çox gözəl tanıdığı, ancaq güclüsünü də, zəifini də, yaxşısını da, pisini də doğması bildiyi soydaşlarının ağ günə çıxması, inkişaf etmələri üçün sərf edirdi.

XX əsrin sonlarında elə həmin şəhərdə əyni-başı tökülsə də, doyunca yeməyi olmasa da, əsilzadə duruşu, danışığı, mədəniyyəti ilə hamını heyrətləndirən bir qadın dolaşırdı. Gördüklərinə o böyük kişidən söz açırdı. Mən “Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımam” deyirdi. Söylədiklərinə inananlardan çox inanmayanlar onu dəli sayırdılar. Çünki xalqı öz tarixindən uzaqlaşdırmaq üçün müstəmləkəçilərin qurduqları planlar, həyata keçirdikləri siyasət bəhrəsini vermişdi. Ancaq bu, son olmadı. O zaman xalqın öz milli kimliyinə dönməsi uzaqda deyildi…

Zöhrə Fərəcova, “Azərbaycan” qazeti.

Write A Comment