Bu gün Ermənistanın paytaxtı olan İrəvan bir zamanlar Səfəvilər dövlətinin şimal-qərb sərhədindəki qalası olaraq inşa olunub. Tarixi mənbələrdə İrəvan ərazisində qədim yaşayış məskənlərinin olması ilə bağlı iddialar mövcuddur.

Tarixi qaynaqlara dayanan bəzi yazarlar isə İrəvan adının ilk dəfə eramızın VII yüzilliyində çəkildiyini yazırlar. İrəvan şəhərinin Urartu dövlətinin hökmdarı I Argişti tərəfindən e.ə. 782-ci ildə tikilmiş Erebuni qalasının xarabalıqları yaxınlığında salındığını iddia olunur. Şəhərin yerləşdiyi bölgədə eramızdan öncə 4000-ci ilə aid Tunc dövrünə aid qalıqlar tapılıb.

Lakin bugünkü İrəvan şəhərinin tarixi Səfəvi dövləti ilə bağlıdır. Səfəvi dövlətinin qurucusu Şah İsmayılın əmri ilə 1510-cu ildə onun sərkərdəsi Rəvanqulu xan İrəvan qalasını tikdirib. Bu qala İmperiyanın şimal-qərb sərhədlərində əsas müdafiə istehkamı və hərbi şəhərcik olub.

İrəvan şəhəri Ağrı vadisinin şimal kənarında, Zəngi çayının sahilində, 850-1300 metr yüksəklikdə yerləşir. Evliya Çələbiyə görə sonradan şəhər olmuş bu yerdə 810-cu ildə (hicri) öncə kənd salınıb, 105 il sonra (hicri) 915–ci ildə Şah İsmayılın əmri ilə onun sərkərdəsi Rəvanqulu xan Qacar tərəfindən bu kənddə qala inşa olunub. 7 ilə inşası bitirilmiş qala xanın adı ilə Rəvan və ya İrəvan qalası adlanıb. Ərazinin adının da buna bağlı olduğu bildirilir.

Evliya Çələbi yazır: “Şəhər (İrəvan şəhəri -) içərisində təqribən 2600 üstü örtülü torpaq ev vardır. Onlardan ən abad və gözəli xan sarayıdır ki, Əmirqunə xan abadlaşdırmışdır. Bu sarayın yaxınlığında, sol tərəfində şah zərrəbxanası yerləşir. Burada abbası və bisti kəsilir. Yayla qapısı qarşısında olan böyük əraziyə qədim şəhər deyirlər. Burada cümə məscidi , karvansara, üstüörtülü və üstüaçıq bazar vardır. Körpü başında xan bağı yerləşir. Yenə orada cümə məscidi, karvansara, hamam, üstüörtülü bazar çoxdur, bir növ şəhərdir”

Şəhər inşa olunarkən onun əsas məscidinə Şah İsmayıl məscidi adı verilib. Bu məscid sonralar zəlzələ nəticəsində dağılaraq yer üzündən silinib.

İrəvan qalası uzunluğu 850 m, eni 790 m olmaqla təqribən kvadrat formasında tikilib, 7 ha ərazini əhatə edib. İkiqat qala divarlarının hündürlüyü 10,5-12 m olub. Qalanın birqat divarı Zəngi çayının divarlarını yuduğu qayalıq üstündən keçib. Qalanın üç qapısı olub: cənubda Təbriz qapısı, şimalda Şirvan qapısı (yaxud Meydan qapısı) və Körpü qapısı. 1679-cu ildə Meydan qapısı ilə Köhnə şəhər arasında Zəngi çayının üzərində Qırmızı körpü adlanan körpü salınmışdı.

16-cı əsrin sonları. 17-ci əsrin əvvəllərində İrəvan bir neçə dəfə Səfəvi və Osmanlı dövlətləri arasında müharibə meydanına çevrilib və əldən ələ keçib. 1639-cu ildə Səfəvilərlə Osmanlılar arasında bağlanan Qəsri-Şirin müqaviləsinə əsasən İrəvan əyaləti, o cümlədən İrəvan şəhəri yenidən Səfəvilərin hakimiyyəti altına keçib. Səfəvilərin süqutundan sonra şəhər 1723-cü ildə Osmanlının nəzarətinə keçsə də, 1733-cü ildə Nadir Şah İrəvanı Osmanlılardan azad edir. 1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra müstəqil xanlıqlar yaranır. İrəvan şəhəri eyniadlı xanlığın mərkəzi olur.

Osmanlı dövləti ilə Qacarlar dövləti arasında strateji mövqedə yerləşən İrəvan qalasını ələ keçirmək Rusiya üçün də böyük əhəmiyyət kəsb edirdi. Lakin rus qoşunlarının 1804-cü və 1808-ci illərdə İrəvan qalasını ələ keçirmək cəhdləri uğursuzluqla nəticələnib. 20 ildən artıq müddətdə rus qoşunlarının fasilələrlə hücumuna igidliklə tab gətirən İrəvan qalası, nəhayət 1827-ci il oktyabrın 1-də rus qoşunları tərəfindən işğal olunur və eyni adlı xanlığa da bundan sonra son qoyulur, şəhər və ətraf ərazilər Rusiyanın tərkibinə daxil edilir.

İrəvan qalasında və şəhərdə nadir memarlıq inciləri hesab edilən məscidlər, karvansaralar, hamamlar, istirahət parkları inşa edilmişdi. Şəhərə Qırxbulaq yaylasından içməli su çəkilmiş, yeni suvarma kanalları sayəsində İrəvan bağlar diyarına çevrilmişdi.

Şərqin nadir memarlıq incilərindən hesab edilən Xan sarayı, yaxud Sərdar sarayı İrəvan sərdarı Əmirqunə xan Qacar (1605-1625) tərəfindən ucaldılıb, 1760-1770-ci illərdə İrəvan xanı Hüseynəli xan (1762-1783) tərəfindən daha da təkmilləşdirilib. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan (1784-1805) sarayın Şüşəbənd adı ilə tanınan Güzgülu salonu və Yay imarətini inşa etdirib.

Avropa səyyahları Jan Tavernye, Jan Şardən, Kerr-Porter, Ceyms Morier, Monpere, Kameron, Linç və başqaları müxtəlif vaxtlarda İrəvanda olmuş, Xan sarayını, onun Güzgülü salonunu, qaladakı və şəhərdəki məscidləri, hovuz və hamamları, Zəngi çayından enib keçən yeraltı mərmər pilləkənli yolu öz əsərlərində təsvir etmişlər.

İrəvan şəhəri 4 massivdən ibarət olmuşdur: Qala, Şəhri (yaxud Köhnə şəhər), Təpəbaşı (hazırda Kond adlanır) və Dəmirbulaq (hazırda Karanki tağ adlanır) massivləri. Qala ilə digər yaşayış massivləri arasında Bazar meydanı yerləşirdi.

Şəhərdə 12 məscid olub. Bunlar: Göy Məscid, Zal xan məscidi, Abbas Mirzə məscidi, Qala məscidi, Şəhər məscidi, Novruz Əli məscidi, Günlüklü məscid, Gümbəzli məscid, Hüseynəli məscidi, Hacı bəy məscidi və Qanlı təpə, Üç təpə, Qızıl təpə…

İrəvan qalasında əcnəbi səyyahların qeyd etdiyi toponimlər: Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı, Dəmirbulaq, Bağçalar, Yoncalıq, Börkü məhəllələri, Dəlməbulaq, Qırxbulaq, Sərdar bulaqları, Gedərçay, Qırxbulaq, Zəngi çayları, Dərə bağı, Dərəkənd, Şəhər, Fəhlə, Böyük meydanları, Göy məscid, Qala məscidi, Hacı Bəyim məscidi, Zal xan məscidi, Günlüklü məscidi, Günbəzli məscid, Şəhər məscidi, Novruzəli məsidi, Hüseynəli məscidi, Qanlı təpə, Üçtəpə, Qızıl təpə təpələri və s.

İrəvan məscidi və ya Göy Məscidin inşası 1760-cı ildə Hüseynəli xan tərəfindən başladılıb və 1765-ci ildə tikintisi başa çatıb. “Göy məscid” Şərq memarlığının nadir incilərindən sayılır.

Göy məscid. İrəvan

1995-ci ildə isə İranla Ermənistan arasında əldə olunan razılaşmaya əsasən İran hökuməti məscidin yenidən təmir və bərpası xərclərini öz üzərinə götürür. 2006-cı ilə məscidin təmir və bərpa işləri başa çatıb. “Göy məscid” kompleksinin 24 metrlik minarəsi, 28 hücrəsi (kiçik otaq), kitabxanası, böyük zalı, minarəsi, minbəri yenidən bərpa edilərək istifadəyə verilib. Ancaq o da məlum olub ki, ermənilər məscidi “Fars camisi” kimi təqdim edirlər.

1833-cü ildə fransız geoloqu və arxeoloqu, naturaçı Fredrik Dyubua de Monpere Qafqaza və Krıma etdiyi səyahətinin nəticəsi olaraq 1839-1843-cü illərdə Parisdə çap etdirdiyi “Qafqaz ətrafına səyahət” 6 cildlik əsərində İrəvan qalasını və Göy məscidi ətraflı təsvir etmişdir. Onun Sərdar məscidinin əsas girişi tərəfdən çəkdiyi rəsm və Göy məscidin rəsmi hər iki məscidin möhtəşəmliyini və memarlıq nöqteyi-nəzərindən mükəmməl sənət əsəri olduqlarını əyani nümayiş etdirir. Həmin rəsmlər müəllifin adıçəkilən əsərinə əlavə olaraq 1840-cı ildə çap edilən atlasın üçüncü hissəsində yer almışdır. Qravüraçı Erkül Nikole Dyubua de Monperenin çəkdiyi rəsmlərin qravüralarını hazırlamışdır.

Azərbaycan arxeoloqu və epiqrafçısı İsa Əzimbəyov 1928-ci ildə İrəvanda ekspedisiyada olmuşdur. Ekspedisiyanın nəticələrinə dair İ.Əzimbəyovun yazdığı “Tiflisin, İrəvanın və Naxçıvan SSR-in müsəlman kitabələri” adlı məqaləsində göstərilir ki, Qalanın içərisində, Sərdar sarayının yaxınlığında yerləşən şah Abbasın adına inşa edilən məscid (yəni Sərdar məscidi-N.M.) yarıuçuq vəziyyətdədir və onun həyətində bir neçə erməni qaçqın ailəsi məskunlaşmışdır. O, həmin məscidin böyük həyətinin olduğunu, həyətin ortasında hovuz inşa edildiyini yazır.

İ.Əzimbəyov həmin məqaləsində daha sonra yazır ki, həmin vaxt Məşədi Cabbar adlı şəxs ona yaxınlıqda Şah Abbas məscidindən daha qədim bir məscidin olduğunu və onun şah Xudabəndə (Səfəvi hökmdarı Məhəmməd şah Xudabəndə (1532-1595)) tərəfindən inşa edildiyini söyləmişdir. Müəllif evlərin arasında aşkar edilən həmin köhnə, bərbad vəziyyətdə olan  məscidin divarlarının uzunluğunun 9 m, eninin 6 m olduğunu, alçaq mehrablı, qırmızı kərpicdən inşa edildiyini qeyd edir. İ.Əzimbəyov çıxış qapısının üzərindəki kitabədə əbcəd hesabı ilə yazıldığını və onun 1098-ci il hicri tarixində – yəni miladi tarixi ilə 1685-ci ildə inşa edildiyinin göstərildiyini yazır.

İrəvan şəhərini 1988-ci ildə tərk edən sakinlərin ifadələrinə görə, hazırda Nar-Dos küçəsindəki fransız məktəbinin yaxınlığında köklü irəvanlıların “Həzrət Abbas ocağı” adlandırdıqları pir mövcud olmuşdur. Çəpərə alınmış həmin ocağın içində qara daş olub.

Təkcə azərbaycanlılar deyil, hətta işi müşkülə düşən ermənilər belə, həmin ocağa gələr, niyyət tutar, nəzir-niyazlarını ocağın içinə qoyub gedərdilər. Nar-Dos məktəbi inşa edilərkən şəhər rəhbərliyi həmin ocağı sökmək qərarına gəlir. Ekskavatorla söküntü aparan sürücünün başına qəfildən daş düşüb ölməsindən sonra sökmə işləri dayandırılıb və onun ətrafına sonradan çəpər çəkilib. Həmin ocaqdan da indi əsər-əlamət yoxdur. (Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın məqaləsindən – K.R.)

İrəvanda karvansaray,1840-1853-cü illər. Q Qaqarinin rəsmi
İrəvan şəh. məscidi, Ramazan ayı. 1840-1847-ci illər arasında. Q. Qaqarinin rəsmi

İrəvan şəhərində azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrindən biri də əvvəllər Əzizbəyov meydanı, hazırda Saxarov meydanı adlandırılan meydanın arxasındakı Tumanyan küçəsində yerləşən mədrəsədir. Görünür, vaxtilə həmin yerdə mövcud olmuş məscid sökülsə də, onun mədrəsəsindən bu gün də yaşayış evi kimi istifadə edilir. Lakin həmin mədrəsə İrəvan şəhərinin tarixi-memarlıq abidələrinin siyahısına daxil edilməyib.

Ermənistan hökuməti 2007-ci ildə ölkə ərazisində dini və milli azlıqlara məxsus olan və Ermənistan hökuməti tərəfindən qorunan məbədlərin və tarixi abidələrin siyahısını Avropa Şurasına təqdim etmişdir. Həmin siyahıya Mesrop Maştos küçəsi-12 ünvanında yerləşən Göy məscidin və Xorhrdarani küçəsi-40 ünvanında yerləşən məscidlərin adları daxil edilmişdir. Qeyd edilən siyahıda Göy məscid İran məscidi kimi təqdim edilmiş, Abbas Mirzə məscidinin isə qəfəsinin (skeletinin) qorunduğu qeyd edilmişdir.

Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü, Kənan Rövşənoğlu

Write A Comment