SOVET AZƏRBAYCANÇILIĞI 

1-ci məqaləyə keçid linki.

Rus-bolşevik işğalı ilk dövrdə milli özünüdərk istiqamətində yeni bir tezis gətirmədi. Tarixi türk özünüdərkinin Azərbaycan əhalisinin böyük bir hissəsində yaşamasına və hətta rəsmiləşməsinə (sovet pasportlarında, bir sıra siyasi, mədəni dövlət orqanlarının rəsmi adında “türk” etnoniminin olması, məsələn, “Türk Dram Teatrosu” – indiki Azərbaycan Milli Dram Teatrının sələfi)  etiraz edilmirdi. Bunun bir neçə səbəbi var idi: 1) Rus-bolşevik işğalçıları “sovet xalqlarının” milli özünüdərkinə münasibətdə siyasətlərini formalaşdırmamışdılar; 2) Türkiyə Cümhuriyyətinə və Güney Azərbaycana rus bolşevizminin ixrac edilməsinə ümidlər var idi. Hətta sovet alimi akademik N.Y.Marr  1933-cü ildə Türkiyədə elmi konfransda çıxışı zamanı türklərin tunc dövründə belə, Anadolunun və Ön Asiyanın qədim və yerli xalqı olması barədə məruzə etmişdi. 

Amma fars millətçiliyi əsasında yeni formalaşan Pəhləvi İranın sırf ingilis yönümü tutması, xüsusilə də 1936-cı ildə Montrö konvensiyasına görə Türkiyə ilə SSRİ arasında münasibətlərin pozulması, SSRİ-də “pantürkizmlə” mübarizəni daha da körüklədi. SSRİ ərazisində Osmanlı dövründə köçüb gəlmiş türk ailələrindən, Ahıska türklərindən başqa, qalan yerli əhali içində özünə “türk”, ya “Azərbaycan/özbək və s. türkü” deyənlər avtomatik repressiyaya qurbanına çevrilirdi. Azərbaycan və d. türk respublikalarının alim və incəsənət xadimlərinin böyük bir qisminin repressiyaları barədə tədqiqatlar “pantürkizmlə mübarizə” dalğasının nəhəng miqyasını və məqsədli bir siyasətin tərkib hissəsi olmasını göstərir.

Anti-türk siyasət hərdən tragikomik və absurd situasiyalar doğururdu. Məsələn, dindar xristian, slavyan köklü ukraynalı ziyalı ailəsindən çıxmış, SSRİ-də türkologiyanın, ərəbistikanın, şərqşünaslığın əsasını qoyanlardan biri, Ə.R.Haqverdiyevin yaxın dostu, dünya şöhrətli alim A.N.Samoyloviç  “pantürkizmdə” ittiham edilərək güllələnir. Türklərin Altaydan gəlmiş olması barədə konsepsiyanın tərəfdarlarından biri olan yəhudi əsilli tarixçi və arxeoloq, şərqşünas A.N.Bernştam “pantürkizmdə” ittiham edildi, elmi adları və dərəcələri əlindən alındı. Mənən sındıralaraq öz həmkarlarına qarşı mütəmadi çuğulçuluq edən A.N.Bernştam, daim təhdid və təzyiqlər üzündən ürək xəstəliyi taparaq ölür.  

“Sovet azərbaycançılığının” konkret nə zaman və kimlər tərəfindən yaradıldığı ayrıca tədqiq olunası mövzudur. Bu ideyanın təbliğinə Kremldən icazə verilməsi sirr deyil, lakin onun Kremldən, ya sovet Bakısından ortaya atılması araşdırılmalıdır. Aydındır ki, Mircəfər Bağırovun dövründə “sovet azərbaycançılığı” təbliğ edilməyə başladı. Əvvəlki məqaləmizdə göstərdiyimiz kimi “sovet azərbaycançılığı” mahiyyəti etibarilə “milli azərbaycançılıq” ideyasının antipodu idi. “Sovet azərbaycançılığı”na görə, “türk” etnonimi və özünüdərki yasaq edilirdi, Azərbaycan türkləri özlərini icbari olaraq “azərbaycanlı” adlandırmalı idilər. Qeyri-türk əhali (ləzgilər, talışlar, kürdlər, ingiloylar və d.) isə, “azərbaycanlı” sayılmırdı. Onlara öz adları ilə özlərini dərk etməyə icazə verilirdi, amma onlar “Azərbaycan xalqı”, “Azərbaycan dövlətçiliyi”, “Azərbaycan vətənçiliyi” anlamından kənar edilirdilər. Azərbaycanda çoxmərhələli milli özünüdərk modelinin (ingilsdilli etnologiyada multilevel national identity; bu barədə aşağıda) inkişafının qarşısı alınırdı.

Maraqlı və xüsusi araşdırılmalı məqam, Güney Azərbaycanda SSRİ-nin qurduğu yerli kommunist özünüidarə (sonradan “21 Azər” adlanacaq) dövründə, Sovet Azərbaycanında “türk” termininə qarşı təpkilərin azaldılmasıdır. Bu isə, məntiqlə, sovet sisteminin güneyiləri özündən uzaq salmaq istəməməsilə izah edilə bilər.

“Sovet azərbaycançılığının” neqativ tərəfi çox idi. Biz bunu SSRİ dağılanda gördük. Yasaqlar götürüldükdən sonra “türk” anlayışı öz layiqli yerini tutanadək hərdən aşırı formalara keçir, eyni zamanda da ona qarşı bir anti-türk antipatiya da yaranırdı.

Amma “sovet azərbaycançılığı” SSRİ repressiya aparatının hesabına “müsəlman/şiə” özünüdərkini də vurdu. Atatürk Türkiyəsində dövlət sistemi müəyyən müddətdə müsəlman özünüdərkə sahib əhaliyə “türk” özünüdərkini yeridə bilmişdi. Dövlət təhsil, təbliğat sistemi və repressiv aparat bunu Sovet Azərbaycanında edirdi; fərq yalnız repressiyada və “sovet azərbaycançılığında” idi.

Qeyd edək ki, “Xruşşov istiləşməsi” dövründə Sovet Azərbaycanında “türk” anlamı az sürətlə dirçəlməyə başladı. 70-ci illər üçün sovet Azərbaycanı ziyalıları arasında “ümumtürk tarixinə”, türkologiyaya maraq yüksəlmişdi. Digər tərəfdən, 60-cı illərin kazuslu hadisələrindən biri bu oldu ki, Azərbaycan əhalisinin siyahıya alınmasında etnik demoqrafiya qrafasında “azərbaycanlı” adı ilə  təkcə Azərbaycan türkləri deyil, bir sıra etnik toplumlar da göstərilməyə başlanıldı. Bunun sovet bürokratik aparatının yöndəmsizliyi, ya vəzifəli “sovet azərbaycanlı millətçisinin” özfəaliyyəti ilə izah etmək üçün əlimizdə hələki hər hansı sübut yoxdur…

70-ci illərdə Azərbaycanda həm də səthi islami baxışlar, kvazi-dindarçılıq meydana gəlməyə başladı. 1974-cü ildə yaradılmış və “SSRİ-ni məhv etmiş beyin mərkəzi” adlanan Kennan İnstitutu (Vaşinqton, Kolumbiya Dairəsi) SSRİ barədə politoloji konfranslar keçirirdi. SSRİ-nin müsəlman respublikaları üzrə ixtisaslaşan sovetoloq Aleksandre Bennigsen 1979-cu ildə bu konfransların birində çıxış edərkən Azərbaycanda rəsmi “sovet azərbaycançılığı” ideyası ilə islami özünüdərkin çulğalaşmısını qeyd edirdi. Onun fikrincə, yeni nəsil azərbaycanlılar Stalin represiyalarını və İkinci Dünya Müharibəsinin dəhşətlərini görmədiklərindən ideoloji boşluğu “sovet azərbaycançılığı” ilə kvazi-islami baxışlar əsasında yerli millətçilik doldururdu. Kipr böhranından sonra Türkiyənin hakim çevrələrinin Qərbə qarşı tarazlaşdırıcı siyasət kimi SSRİ ilə əməkdaşlığa başlaması, xüsusilə, mədəniyyət sahəsində mübadilə (əsasən də türk film və musiqisi üzrə), KQB nəzarətinə baxmayaraq, Azərbaycanda Türkiyəyə marağı artırır.

Azərbaycan əhalisinin artımı ruslaşdırma siyasətini yalnız iri şəhərlərlə (əsasən Bakı, Gəncə və Sumqayıtda) məhdudlaşdırırdı, kəndlərdə isə, rus dilinin məhdud işlədilməsi müşahidə olunur. Digər tərəfdən, A.Bennigsen vurğulayırdı ki, qonşu erməni və gürcülərlə müqayisədə azərbaycanlılarda milli özünüdərkin və təşkilatın geridə qalması sadəcə azərbaycanlı əhalinin artımı ilə kompensasiya olunurdu.

Maraqlı bir qeyd. A.Bennigsen bir məsələyə diqqəti çəkir ki, SSRİ-də gürcü və xüsusilə də ermənilər üzrə milliyyətcə rus olan mütəxəssislər vardır. Gürcüstanda və Ermənistanda doğulmuş ruslar, qeyri-ermənilər (azərbaycanlılardan başqa) Moskvada yüksək strateji partiya və KGB vəzifələrini tuturlar və birbaşa “metropoliya” üçün “gürcülərə və ermənilərə nəzarət istiqamətində” çalışırlar. Amma azərbaycanlılar üzrə, yəni Azərbaycan dilini, milli psixologiyasını bilən, Azərbaycanı gözəl tanıyan milliyətcə rus olan mütəxəssislər Moskvada gözə dəymir. Baxmayaraq ki, Azərbaycanda doğulmuş və hətta azərbaycanlı psixologiyasında olan ruslar yetərincə idi.

A.Bennigsenin təəccübünü anlamaq üçün anqlo-sakson dövlətlərində bir siyasət  ənənəsinə toxunmalıyıq. Hələ ilk müstəmləkəçilik dövründə Britaniyada müstəmləkə əhalisi və ya maraq dairəsində olan kənar millətlər üzrə mütəxəsislər yetişdirmək ənənəsi formalaşırdı. Bunun üçün ən yaxşı mütəxəssis — həmin kənar millətin içində böyüyən və uzun müddət onlar arasında yaşamış britaniyalı (ingilis, şotland, irland, uelsli) idi. Həmin ölkələr və xalqlar barədə bu cür mütəxəssis əvəzolunmaz hesab edilirdi. Ən bariz misal kimi, “ərəbistanlı Lourensi” göstərə bilərik. İkinci Dünya Müharibəsindən sonra bu ənənə ABŞ-da da formalaşmağa başladı. Belə ki, 1941-ci ildə Pörl-Harbor fəlakətindən sonra yaponlar üzrə ABŞ-da antropoloji məktəbin olmaması üzə çıxdı. Xüsusilə də, şantaj üçün CİA-nın təşkil etdiyi uğursuz “indoneziyalı lider Sukarnonun rus məşuqəsi ilə birgə əxlaqsız filmi” avantürasının 1958-ci ildə tam əks nəticə verməsindən (bu çox maraqlı və məzəli hadisədir) sonra ABŞ-da hər bir “maraqlı millət”, etnopolitologiya və etnopsixologiya üzrə mütəxəssislərin yetişdirilməsinə başlanıldı. Ona görə də, A.Bennigsenə təəccüblü gəlirdi ki, niyə SSRİ kimi imperiyada azərbaycanlılar üzrə ixtisaslaşan rus mütəxəssisləri məktəbi yoxdur.

Bizim subyektiv fikrimizcə, görünür ki, “metropoliya”ya azərbaycanlılar maraqlı deyildi, Moksva onlarda nə güc və nə də təhlükə görmürdü. Ya da “metropoliya” bu işi bütünlüklə Azərbaycanda doğulmuş və bu mühitə bələd olan milliyyətcə erməni mütəxəssislərin üzərinə yükləmişdi.

Ümumiyyətlə, 1979-cu il konfransı çox maraqlı idi. Riçard Edqar Payps (Richard Edgar Pipes/sonralar prezident R.Reyqan dövründə SSRİ-nin dağıdılmasında müstəsna rol oynamış CİA-nın yaratdığı SSRİ üzrə analitik qrupun rəhbəri) kimi sovetoloq da burada maraqlı bir məruzə ilə çıxış edərək, SSRİ-nin və Yuqoslaviyanın milli münaqişələrə doğru getdiyini bildirmişdi. Mümkün etnik toqquşma ocaqlarından biri kimi… erməni-azərbaycanlı toqquşmasını göstərirdi. R.Payps haqlı idi. Çünki SSRİ-də geniş kütlələrin bilmədiyi, amma erməni millətçiliyinin azərbaycanlılara qarşı 70-ci illərdə və 80-ci illərin əvvəllərində ara-sıra çıxışlarını ABŞ kəşfiyyatı daim diqqətlə izləyirdi.

Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü, Pərviz Elay

Write A Comment