Giriş

Hər hansı bir mədəniyyətin meydana gəlməsinin əsasını inteqrativlik və özünü dərk prosesi təşkil edir. Bu həm fərdi, həm də ictimai dünya görüşü əsasında yaranır. Məhz buna görə də müxtəlif mədəniyyətlər arasında olan transformasiyalar özünü dərkə istinad edərək dünya görüşlərinin qarşılıqlı nüfuz etmə mənasına gəlir. Milli kimlik və  özünü dərk, sosial tərifə ehtiyac olmadan fərdi şüuru əks etdirir. Məhz milli kimlik məfhumu mərhələli olaraq milli özünü dərkə istinad edərək formalaşır. Nəticədə mədəniyyətlərin inteqrativliyi və özünü dərk prosesi daha əhatəli varlıq anlayışı və davranış modelləri vasitəsi ilə yaranır. Fenomonologiya metodu ilə mütləq bir idrak səviyyəsinə çatmağa səy edən məşhur Alman filosofu Edmumd Husserl bu dünyanın bizə verilmiş olduğunu və bizim özümüzü ancaq onun içində təcrübə və idrak edə bildiyimizi vurğulamaqdaır(2). Bu mənada milli kimlik və özünü dərk tarixi mərhələlər çərçivəsində əhəmiyyət qazanır.

Tarix,  insanın şüurlu bir varlıq olaraq həyatı anlaması və gələcəyinə yön verməsi baxımından əhəmiyyətli bir fenomendir. Məhz canlı varlıqlar arasında insan öz davranışları və hərəkətləri nəticəsində rasional bir tərzdə tarixi qiymətləndirərək bu dünyadakı var olmalarını təhlil edə bilir. Bu mənada varlıq-zaman kontekstində insan keçmişini, indisini və gələcəyini düşünərək qərarlar verir. Nəticədə tarixi anlama refleksiv olaraq insanın özünü, milli kimliyini anlamasına səbəb olur və beləcə insan tarixlə iç-içə öz mahiyyətini yüksək səviyyədə dərk edir. Məşhur mütəfəkkir İbn Xəldunun da qeyd etdiyi kimi  metafizika nöqteyi-nəzərdən baxıldığında keçmiş və gələcək suyun suya bənzəməsindən daha çox bir-birinə bənzəyir(4; I., 292).

Ümumiyyətlə İslam mədəniyyətində yaşayıb yaratmış Azərbaycanlı alim və mütəfəkkirlərin yaradıcılıqları müasir dövrdə Azərbaycançılıq məfkurəsi, milli kimliyimizin daha da güclənməsi üçün vacib fakltorlardan birdir. Bu alimlər sayəsində bizlər tarixi intellektual keçmişimizi tanıyır və bu regionda yaşayan bir millət olaraq özümüzü dərindən dərk edirik. Məsələn Nəsirəddin Tusi, Bəhmanyar əl-Azərbaycani, Şihabəddin Sührəvərdi, Sadrəddin Şirvani, Yusif Qarabaği, Əkmələddin Naxçıvani, Mücirəddin Beyləqani, Bərdəi və s. kimi dahi alim və mütəfəkkirlərin əsərlərini oxuduğumuzda onların ümumbəşəri kontekstdə necə qiymətli fikirlərə malik olduğuna şahid oluruq. Bu mənada bütün istiqamətlərdə tarixi keçmişimizin ciddi şəkildə tədqiqi gələcəyimiz, milli kimliyimiz və tolerantlıq haqqında bizlərə yol göstəricilik mahiyyəti daşıyır. Nəticədə qlobal dünyada milli özünü dərk, milli kimlik və tolerantlıq məslələri xalqın keçmişi, indisi və gələcəyi ilə birbaşa bağlıdır.

Alim və mütəfəkkirlərin funksional rolu

İlkin olaraq qeyd etməliyəm ki, milli kimliyin və tolerantlığın tarixi mərhələlər çərçivəsində formalaşmasında “Azərbaycan məktəbinin” xüsusi yeri vardır. Məhz dünya elm və sivilizasiyalar tarixində bu məktəbin müstəsana xidmətləri olmuşdur. Həm əqli (rasional), həm də nəqli (dini) elmlərdə azərbaycanlı alimlər öz elmi əsərləri və yaradıcılıqları ilə İslam mədəniyyətinə öz töhfələrini vermişdir. Bütün bu fəaliyyətləri bir çox cəhətdən aktuallıq kəsb edir. Belə ki, rasional düşüncə tərzi ilə təxəyyülə istinad edən şeir dili də bu kontekstdə qiymətləndirilməlidir. Digər tərəfdən din elmləri (ulumu-diniyyə) adlandırdığımız sahələr də azərbaycanlı alimlər tərəfindən hər zaman ciddi şəkildə tədqiq olunmuşdur. Məsələn orta əsrlərdə yaşamış Nemətullah Naxçıvani adlı sufi-alim öz təfsir əsərinin müqəddiməsində bu əsəri, heç bir rəvayətə yer vermədən Tanrıdan gələn ilhamla yazdığını qeyd edir (9;7-10). O, əlbəttə ki rasional arqumentləri rədd etmirdi. Sadəcə rasional arqumentlər ilə mistik ilhama istinad edən idrak formalarının müxtəlif mahiyyətlərini göstərməyə çalışırdı.

 Tarixə nəzər saldığımızda Azərbaycanda məşhur İslam alimləri və mütəfəkkirlərinin yetişdiyini əminliklə ifadə edə bilərik. Bu səbəblə də son vaxtlarda həm əqli, həm də nəqli elmlərdə “Azərbaycan Məktəbi“nin mövcudluğunun müəyyən olunması çox əhəmiyyət kəsb etməklə bərabər sistemli tədqiqatları vacib hala gətirməkdədir. Məhz məşhur İslam düşüncəsi professoru Seyyid Hüseyn Nasr 2009-cu ildə Bakıda təşkil olunan İbn Ərəbi simpoziumunda  bu mövzuya toxunmuş və  Azərbaycan Məktəbinin İslam elm tarixindəki yerini belə əsaslandırmışdır: “Azərbaycan məktəbi çox önəmli üç ünsürün bir arada olduğu bir məktəbdir: birincisi, rasional fəlsəfə (rasionalist deyil); ikincisi, təsəvvüf; üçüncüsü, ən üst dərəcə, yəni irfan olan elm. Bu üçü Azərbaycan və Şiraz məktəbləri olmadan mümkün olmayan İsfəhan məktəbində də mövcuddur”(8;133).

Məhz “Azərbaycan Məktəbi”nin elm tarixi baxımından əhəmiyyəti ondan ibarətdir ki, bu intellektual məktəb özündən əvvəlki fikirləri güclü təmsilçiləri sayəsində təhlil edərək yeni sintezlərin yaranmasına gətirib çıxarmışdır. Bunu Azərbaycan məktəbindən sonra yaranan Şiraz ve İsfahan məktəblərinin timsalında görə bilərik. Məhz bu məktəblərin ayrı ayrılıqda tədqiq olunması və onlar arasında əlaqənin müəyyən olunması ortaq şüurun anlaşılması baxımından çox əhəmiyyət kəsb edir.

Yeri gəlmişkən qeyd edim ki, orta əsrlərdə “Azərbaycan Məktəbi“nin şeiriyyət səviyyəsini yüksəklərə qaldırmış Məhəmməd Füzulinin Anadoluya da böyük təsirləri olmuşdur. Füzulinin qəzəlləri və bir eşq dastanı olan “Leyli və Məcnun“ əsəri, ona ədəbiyyat tarixində xüsusi bir yer almasına imkan yaratmışdır. Nəvai xaric bütün Türk dünyasında başqa heç bir şair onun qazandığı şöhrəti əldə etməmişdir(7; 284-285).

İslam mədəniyyətinə ciddi şəkildə töhfə verən alim və mütəfəkkirlərin funksional rolunu daha dərindən anlamaq üçün məşhur fəlsəfə tarixçisi Etien Jilsonun (Etienne Gilson) 6-cı Dünya Fəlsəfəsi konfransında təqdim etdiyi məruzəsində bəzi məqamlara nəzər salmaq mümkündür. O, bu məruzəsində  İbn Sinanın əş-Şifa adlı əsərinin 13-cü əsrdə latin dilinə tərcüməsinin tənqidli nəşrinin həyata keçirilməsini təklif edir və belə deyirdi: “Bu əsərin ilk cildinin nəşr edildiyini gördüyümüz zaman Saint Jan rahibləri kimi “Ad Laudem Dei” (Tanriya şükür edərik) deyə ucadan səslənə bilərik”(5;51). 20-ci əsr məşhur filosoflarından olan Jilsonun bu istəyi fəlsəfə tarixi içərisində çox yerində ifadə edilmiş fikirdir. Bu fikrin davamı olaraq və fəlsəfə tarixinə istinadən təqdim  etdiyimiz arqumentlər əsasında deyə bilərik ki, məhz Azərbaycan məktəbinə mənsub olan alim və mütəfəkkirlər sayəsində İbn Sinadan sonra elm və fəlsəfə tarixində ciddi sintezlər yaradılmışdır.

Təsadüfi deyil ki, Azərbaycan məktəbinə mənsub olaraq İbn Sinanın düşüncə sistemini daha da inkişaf etdirən Bəhmənyar əl-Azərbaycani, Nəsirəddin Tusi, Şihabəddin Sührəvərdi və digərləri bu sahədə aparılacaq ciddi tədqiqatlarla işıq üzünə çıxacaqdır. Məsələn, məlum olduğu kimi  Sührəvərdinin düşüncələri əsasən İbn Sina sonrası dövrə təsadüf edir. Belə ki, Sührəverdi dini və metafizik həqiqətin birliyini, harada olursa olsun – “Yunan fəlsəfəsində, qədim İran düşüncəsində, İslam Neo-Platonizmində və təsəvvfündə” – həqiqəti axtarmağın vəzifə olduğunun vacibliyini müdafiə edir. Məhz Sührəvərdinin başlatdığı bu düşüncə Səfəvi hakimiyyəti dövrü boyunca xüsusilə inkişaf etdirildi. Bu mənada monqolların istilasından sonra intellektual zəifləmə Şah Abbasın (1588-1629) dövründən sonra daha da canlandı. Bu Səfəvi dövrünün ən böyük alimi kimi qəbul edilən Sadrəddin Şirazi (ö.1641) filosofun ortaya çıxmasına səbəb oldu. Digər tərəfdən Şirazinin kürəkəninin  məşhur sufi-mütəfəkkir Fəyyaz Əbdür-Rəzzaq Lahici (ö.1662) olması ümumiyyətlə Azərbaycan məktəbi və onun nümayəndələrinin daha sonrakı əsrlərdəki təsirini də ortaya qoyur.

“Azərbaycan Məktəbi”nə daxil olan şairlərdən Xaqani Şirvani və Nizami Gəncəvini də qeyd etmək mümkündür. Belə ki, bu sahənin ciddi tədqiqatçılarından Həmid Debaşiyə görə bu dövrdə fəlsəfəyə qarşı olma, şeirdə də öz əksini tapmışdı. Bu dövrün ən məşhur şairlərindən biri olan Xəqani Şirvani, antik yunan fəlsəfəsinə və ifrat rasionalist istiqamətlərə qarşı daxildən gələn mistik şeirlər yazırdı. Digər tərəfdən fars dilində mənzum hekayə ənənəsi bu dövrdə yüksək şəkildə yayılmışdı. Bu ənənə, həm Homer dastanının gücünü, həm də daha sonralar Şekspir dramaturgiyasında meydana gələn incə zövqü özündə birləşdirən Nizami Gəncəvinin şeiriyyətində ən yüksək zirvəyə çatmışdı(1; 25-29). Bu arqumentlərdən belə anlaşılır ki, Səlcuqlu imperiyasının yarandığı və yayıldığı dövrlərdə artıq “Azərbaycan Məktəbi“ özünün təşəkkül və inkişaf mərhələsinə keçmiş idi. Sonrakı siyasi və intellektual təlatümlər və dəyişmələr bu məktəbə də öz təsirini göstərəcəkdir.

Burada qeyd olunması vacib olan məqamlardan biri odur ki, “Azərbaycan Məktəbi“nə mənsub  alim-mütəfəkkir olan Eynəl Qüzzatın düşüncə sitemində elm və irfan (mistik bilik), başqa bir ifadə ilə filosof ilə arif arasında fərq ciddi şəkildə izah edilir. Ona görə filosof, bilinəndən (məlum) istifadə edər, arif isə həqiqətin gözəlliyinə (cəmalul-haqq) doğru gedər və ondan istifadə edər(3;29). Biz Eynəlqüzzatın bu ifadələrindən yola çıxaraq modern fəlsəfədəki elm və fəlsəfə əlaqəsinin mahiyyətınə də toxuna bilərik. Həqıqətən də elmlə fəlsəfə arasındakı əsaslı fərq, elmin “necə“, fəlsəfənin isə “nə üçün“ sualına cavab verməsində yatmaqdadır. Bu onu göstərir ki, “Azərbaycan Məktəbi“nə mənsub olam alim və mütəfəkkirlə hal-hazırda da aktual olan intellektual məslələrlə məşğul olmuş və onlara cavab tapmışlardır.

Tolerantlıq

Mədəniyyətlərarası inteqrasiya və dialoqun əsasını “mən” və “başqası” məfhumlarının münasibətləri təşkil edərək funksionallıq və mahiyyət baxımından həlledici rola malik olurlar. Belə ki, “mən”, hər hansı bir mədəniyyətin və ya sivilizasiyanın daxilində “başqa”larından fərqli düşünmə sıstemləri ilə qarşılaşır. Nəticədə “mən`” sivilizasiyalararası əlaqədə həm qəbul etmə, həm də ayrılma mənsaında özünü ancaq başqası və ya başqa sivilizasiya vasitəsi ilə müəyyən edir. Levinasın da qeyd etdiyi kimi: “insanlığın mənbəyi bəlkə də Başqasıdır”(6; 117). Bu mənada tolerantlıq və inteqrasiya analitik tərzdə “Azərbaycan məktəbi“ndə də mövcud olmuşdur.

Təsadüfi deyil ki, Səlcuqlu atabəylər dövründən başlayaraq həm dövlətçilik, həm də elm sahəsində orta əsrlərdə yüksək zirvəyə çatan Səfəvi imperiyasında tolernatlıq və inteqrasiya yüksək səviyyədə həyata keçirilmişdir. Bunun da əsas səbəblərindən biri imperiya sisteminin mahiyyəti ilə əlaqədardır. Belə ki, imperatorluq hakimiyyəti, tarixi baxımdan müxtəlifliyi özündə ehtiva edərək sülh içində birlikdə yaşamağı asanlaşdıran və şərt qoşmanın ən uğurlu yolu olmuşdur. Oturmuş imperiya hakimiyyətləri ümumi mənada tolerant olurlar(10; 30-31) .

Məhz XIV-cü əsrdə İran, Şərqi Anadolu və Şimali Mesopotamiyada yaşayan xalqların böyük hissəsi üçün sünnü-şiə fərqliliyi əhəmiyyət kəsb etmirdi. Xalqalar öz etiqadlarını yaşayır və ibadətlərini edirdilər. İlahiyyat və qanunlar şəhərlərdəki qurumların başında duran təhsilli kiçik təbəqənin əlində idi(11; 148-149).

Ümumiyyətlə Azərbaycanın orta əsrlərdə coğrafi ərazisi, xüsusilə İpək Yolunun üzərində yerləşməsi burada ciddi şəkildə elmi sintezlərin yaranmasına gətirib çıxarmışdır. Bu da öz növbəsində milli kimliyin və ümumbəşəri tolerantlıq ənənəsinin yaranmasına səbəb olmuşdur. Digər tərəfdən bu ənənə hal-hazırda da davam edir və Azərbaycan şərqlə-qərbin kəsişmə nöqtəsində yerləşməsi nəticəsində tarixi intellektual mühiti mühafizə edir.

Yeri gəlmişkən qeyd etməliyəm ki, fələstin əsilli məşhur Amerikalı tədqiqatçı Edvard Səidin 1978-ci ildə nəşr etdirdiyi “Oriantalizm” əsəri, Qərbdə aparılan Şərqə dair tədqiqatların, “məsum“ elmi məlumatlardan daha çox Qərbin Şərqə dair hegomoniya istəklərinə xidmət etdiyi düşüncəsini arqumentlərlə ortaya qoydu. Səidə görə Qərb, məlumat-iqtidar münasibətlərindən hərəkət edərək özünü müəyyən etmək, müstəmləkə niyyətlərini haqlı göstərmək və bu məqsəd ilə özünə sərf edəcək şəkildə Şərq fenomenindən istifadə etməkdədir. “Mən və başqası“ kateqoriyasından yola çıxaraq özünü dünyanın mərkəzinə yerləşdirən Qərb, Şərq-Qərb əlaqələri kontekstində özünün Şərqə dair istəklərini, siyasət, humanitar və texniki elmlərdən tutmuş incəsənətə qədər həyatın bütün sahələrində tətbiq etmişdir.

Bu kateqorik fərqliliyə görə, Şərq ilə Qərb arasında hər sahədə ciddi müxtəliflik mövcuddur. Belə ki, Qərb, rasional təfəkkür qabiliyyəti nəticəsində insanlığın ən inkişaf etmiş mərhələsini təmsil edir. Şərqin isə, rasional təfəkkürə malik olmayaraq müstəqil şəkildə öz inkişafını həyata keçirməsi mümkün deyildir. Bu məqsədlə Qərb, Şərq üzərində idarəetmə hüququna malikdir. Xüsusilə 19-cu əsrdən etibarən, Qərbin Şərqdə həyata keçirdiyi müstəmləkə və işğal etmə hərəkətləri, bu idarəetmə hüququnun, özünü haqlı görmə təşəbbüslərinin nəticəsindədir.

Yuxarıda qeyd etdiyimiz Edvard Səidin fikirləri siyasi cəhətdən müasir dünyada hələ də reallığı əks etdirməkdədir. Bütün bu siyasi qərəzli fikirləri əlbəttə ki, dünya sivilizasiyalarını tolerantlıq və inteqrasiya meyarları əsasında tədqiq edilərək aşmaq mümkündür. Bu baxımdan xüsuilə elm və sivilizasiyalar tarixi kontekstində “Azərbaycan Məktəbi“ və ona mənsub olan alim və mütəfəkkirlərin funksional rolları olduqca əhəmiyyət kəsb edir.

Nəticə

Bu mövzu və tədqiqat obyekti eyni zamanda fəlsəfi ifadə ilə desək dialektik mahiyyət daşıyır. Belə ki, İslam mədəniyyətinə töhfə verən azərbaycanlı alim və mütəfəkkirlər tarixi zaman içərisində eyni zamanda milli kimliyimizin, xüsusilə azərbaycançılıq məfkurəsinin də formalaşmasına öz təsirlərini göstərmiş və göstərməkdədir. Bu artıq tarixi reallıqdır. Məhz məşhur alman filosofu Hegelin təbiri ilə bu məsələni qiymətləndirə bilərik. Hegələ görə tarix heç bir zaman əvvəlcədən planlı şəkildə izah edilə bilməz. Tarix yalnız sonradan planlı şəkildə analiz edilə bilər və planlı şəkildə açıqlanar. Bu mənada “Azərbaycan Məktəbi“nin və ona mənsub olan alim və mütəfəkkirlərin funksional rolları daima milli kimliyimizin mühafizəsinə və Azərbaycanda tolerantlıq ənənələrinin güclənməsinə analiz edilərək öz köməkliyini göstərəcəkdir.

Digər tərəfdən “Azərbaycan Məktəbi“nin bir çox aspektdən tədqiqi ümumbəşəri sivilizasiyalar tarixində yeni üfüqlərin açılmasına da səbəb olacaqdır. Müşahidə etdiyimiz qədəri ilə bu sahə hələ də ciddi tədqiqat əsərlərinin ortaya çıxmasını gözləməkdədir.

Ədəbiyyat

  1. Debaşi HamidHemedani”, İslam Felsefesi Tarihi, İstanbul, Açılım nəşr, 2007.
  2. Gurwitsch A., Studies in Phenomenology and Psychology, Evanston: Nortwestern University Press nəşr., 1996.
  3. Həmədani Enəlqüzzat, Təmhidat, Tehran, İntişarat-ı Menuçihr-i Hayaban nəşr, 1991.
  4. İbn Xəldun, Müqəddimə, Beyrut: əl-məktəbətu`l-asriyyə nəşr., 1995, 1- ci cild.
  5. Karlığa Bekir, Din ve Düşünce, İstanbul, Mahya nəşr, 2102.
  6. Levinas Emmanuel, Sonsuza Tanıklık,  İstanbul, Metis nəşr, 2003.
  7. Mansuroğlu Mecdut, Türk Edebiyat”, İslam Düşüncesi Tarihi, İstanbul, İnsan nəşr, 1990.
  8. Nasr Seyyid Hüseyn, “Azərbaycan məktəbi və onun İslam fəlsəfəsi ənənəsi ilə əlaqəsi”, Şərq və Qərb: Ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr, Bakı, Elm, 2010.
  9. ən-Naxçıvani Baba Nemətullah b.Mahmud, əl-Fəvatihul İlahiyyə və`l-Məfatihul-Gaybiyyə, İstanbul, Matbaa-i Osmaniyyə nəşr, 1907. 1-ci cild. 
  10. Walzer Michael,  On Toleration, Yale University Press, 1997.
  11. Waite Gene R. Garth, İran Tarihi, İstanbul, İnkilab nəşr, 2011.

Müəllif: Milli Kimlik Araşdırmaları qrupunun üzvü, Rəşad İlyasov

Write A Comment