“Əhli-həqqlər hazırda Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar. Amma çox təəssüf ki, adətlərini qoruyub saxlamayıblar. Unudulub gedib, hamısı. Heç şəriətin qanunlarına da riayət etmirlər”.

Bunu Lent.az -a din xadimi Həsən Sobulu deyir. Bəli, Sobulu. Zəngilanın Sobulu kəndində doğulub böyüyüb, Həsən bəy. Elə buna görə də, Sobulu soyadını götürüb. Özü də əhli-həqqlərin qayda-qanununa riayət edən tək-tük adamlardandı.

“Bakı İslam Universitetini bitirmişəm. Özüm Qarabağ müharibəsi əliliyəm. Şəriətin qanunlarına tabe olan bir insanam. Fəqət içki içmir, siqaret çəkmirəm. Dədə-babadan qalma adətləri saxlamağa çalışıram. Yəni bir əhli-həqq kimi”.

Onunla söhbətimiz zamanı əhli-həqqlər haqqında bizə məlum olmayan çox sirləri açdı. O əhli–həqqlər ki, “Beş hərfin sirri: Bakıya köçən əhli-həqqlər, yoxa çıxan dərvişlər…” yazısında Azərbaycan Milli Konservatoriyasının dosenti, fəlsəfə doktoru Fəxrəddin Salim bir cümlə ilə onlardan da bəhs etmişdi…

Maraqlıdır, əhli-həqqlər kimlərdi? Mənsub olduqları adət-ənənələr necə olub? Bu adətlər indi də yaşadılırmı?

Şəriət, təriqət, mərifət və həqiqət dördlüsü var. Bunlardan biri olan həqiqət yolçuları 1979-cu ilə qədər Zəngilanın Sobu, Şamlı və Top kəndlərində məskunlaşıblar. Bunların da kökü Şah İsmayıldan qalmadır. Top kəndi daha sonra dağılıb gedib. O biri kəndlər qalıb. Bunların özlərinə məxsus adətləri olub. İçki içməyib, siqaret çəkməyiblər. Qadınlar da qaş almaz, saç kəsməz və qulaqlarını deşməzdilər. Yəni Allahın verdiyi bədənə hər hansı zərər vermək olmazdı. Düzdü, bunların bəzilərinin şəriətə adiyyatı yoxdu. Amma əhli-həqqlər üçün bunlar çox önəmli olub. Bütün bunlar bir zamanlar ki, adətlərimiz olub, daha sonra kəndin camaatı tərəfindən unudulub gedib. İndi siqaret də çəkirlər, içki də içirlər, bığ da qırxırlar, qulaq da deşirlər”.

Əhli-həqqlərin digər bir özünəməxsusluğu da o olub ki, onların himayəsinə bir qadını qoyub səfərə gedərdin, illər də keçsə onlar qadına pis gözlə baxmazdılar:

“Əmanət olunan qadını öz anaları, bacıları kimi qoruyardılar. Amma Arazın o tayında, İranın bəzi kəndlərində yaşayan əhli-həqqlərdə indi də bu adətin qaldığını eşitmişəm. Orada kişilər müharibəyə gedəndə arvadlarını kimə əmanət etsələr, həmin adam da bığından bir tük qoparıb ona verirmiş. Şəriətdə dörd qadın ilə evlənmək etmək olar, amma əhli-həqqlər bir qadınla kifayətləniblər. Həmin qadın istər ən gözəl, istərsə də pis xasiyyətə malik olsun, ondan başqasına kəm baxmaq olmaz. Öz arvadından başqa bütün qadınlar anan, bacındır.

Nə qədər siz onlara mehriban münasibət göstərsəniz, bir o qədər Allah dərgahında məqamınız uca olar. Qadını incitmək, ona əl qaldırmaq əhli-həqqlər üçün haram bir şey olub. Bir qadın ki, onların qapısından içəri girib, fərqi yoxdur uşağı olur, ya yox, ömrünün sonuna qədər birlikdə yaşamalıdırlar. Yəni onların ixtiyarı yoxdur ki, qadınlarına kəm baxıb başqa qadınla izdivac quralar”.

Hə, elə Həsən Sobulunun da dediyi kimi bütün bu adətlər çox təəssüf ki, qorunub saxlanılmayıb:

“Əvvəllər toplaşıb məclis qurar, mərsiyələr oxuyardıq. Hardasa ayda bir dəfə olan bu məclisdə dövlətin, siyasətin işinə qarışacaq heç bir söhbət olmazdı. Onların tək mübarizəsi öz nəfisləri ilə olub. İndi əhli-həqqlərin bir yerə toplaşıb, məclis qurmaq kimi adətləri də qalmayıb”.

Write A Comment