Ermənistanda Azərbaycan səfirinə, Əbdürrəhim bəy Haqverdiyevə qarşı müəmmalı soyğun hadisəsi

Əbdürrəhim bəy Haqverdiyevi daha çox görkəmli dramaturq kimi tanıyırıq. AXC dövründə isə Haqverdiyev diplomat olub. O, AXC-nin Dağlılar Respublikasındakı səfiri vəzifəsində çalışıb.

Dağlılar Respublikasının süqutundan sonra Haqverdiyev Ermənistana səfir göndərilmişdi. Əbdürrəhim bəy 1919-cu ilin avqustundan 1920-ci ilin martına kimi bu vəzifəni tutub.

AXC-nin Ermənistandakı səfirləri olduqca güclü təzyiq altında işləyirdilər. Erməni hökuməti onlara hər addımda mane olmağa çalışırdı. Bu mənada Haqverdiyevin ilk iş günü xüsusilə gərgin keçmişdi. Onun Tiflisdən İrəvana gəldiyi qatar qarət edilmişdi. Soyğunçular səfirin külli miqdarda pulunu aparmışdılar.

Bundan savayı, Haqverdiyevin qızıl saatı, brilyant sancaq və sırğası da oğurlanmışdı. Səfirimizin izahatından məlum olur ki, qarəti Ermənistan hökuməti həyata keçirmişdi. Həmin hadisəyə adi qatar soyğunu donu geyindirmək üçün bir erməni siyasətçi də qarət edilmişdi.

Haqverdiyev demişdi ki, quldurlar bu erməni siyasətçidən oğurladıqlarını poçtla geri göndərəcəklərinə söz veriblər. Hətta Ermənistanın Baş naziri Simon Vrasyan sonralar yazdığı xatirələrində həmin erməni siyasətçinin əşyalarının özünə qaytarılmasını təsdiqləyib.

Haqqında danışdığımız cinayətlə bağlı başqa bir maraqlı məqama da toxunmaq istərdim. Belə ki, Haqverdiyevlə qonşu vaqonda ABŞ nümayəndəsi vardı. Onun özü ilə milyonlarla pul aparmasına baxmayaraq, erməni quldurlar amerikalıya toxunmamışdılar. Elə bu da bir daha təsdiqləyir ki, qarət Ermənistan hökuməti tərəfindən planlaşdırılmışdı.

Ayaz İlyasov, “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt”

Write A Comment