Bayram xan Baharlı Hindistan tarixində mühüm rol oynamış şəxsiyyətlərdən biridir. O, imperator Əkbərin hakimiyyəti dövründə Böyük Moğol imperiyasının regenti və baş vəziri (Vəkil-i Mütləq) vəzifəsini icra etmişdir.

Onun nəsli Qaraqoyunlu tayfa ittifaqının Baharlı oymağından idi. Əcdadları Qaraqoyunlu sultanlarının sarayında dövlət xidmətində olmuş, ana babası isə Herat hakimi Sultan Hüseyn Bayqaranın (1471–1526) sarayında xidmət etmişdi.

Erkən yaşlarında yetim qalan Bayram ailəsi ilə birlikdə Bəlx şəhərinə köçmüş, burada dünyəvi və dini təhsil almış, hərb elmini dərindən mənimsəmişdi. Silahların bütün növlərini öyrənmiş, hərbi biliklər onun taleyini müəyyən etmişdi. Sonradan Zəhirəddin Məhəmməd Baburun xidmətinə daxil olmuş və onu Babura yaxınlaşdıran amillərdən biri poeziyaya olan ortaq maraq idi.

Gənc Bayramın bacarığı Baburun oğlu Hümayun Mirzənin diqqətini çəkdi. O, atasından xahiş edərək Bayramın öz xidmətinə verilməsini istədi və Babur razılıq verdi. Bayramın xeyirxah əməlləri, sədaqətli xidməti, şairlik istedadı və musiqi bilikləri şahzadənin rəğbətini qazandı və o, Hümayunun yaxın dostları sırasına daxil oldu.

Hümayun taxta çıxdıqdan sonra Bayram xan dövlət idarəsində yüksəldi və görkəmli sərkərdə kimi tanındı. Hümayunun Əfqan hökmdarı Şirşaha qarşı yürüşündə Bayram xan hərbi bacarığı və cəsarəti ilə qoşunu mühasirədən çıxarmağa nail oldu.

Qəndəhar və Sirhindin alınmasında göstərdiyi şücaətə görə Hümayun onu qiymətli hədiyyələrlə mükafatlandırdı və tituluna “Xan-xanan” (Xanlar xanı) ünvanını əlavə etdi. 1555-ci ildə Bayram xan Humayunun ordusuna başçılıq edərək, 80 minlik ordusu olan Surilər sülaləsindən Dehli sultanı Sikandar Şah III üzərində qələbə qazandı.

Hümayun onu oğlu Əkbər mirzəyə lələ təyin etdi. Sukumar Rey qeyd edir ki, bu dönəmdə Bayram xan dövlətdə ən önəmli şəxs hesab olunurdu. Hümayunun baş vəziri sayılırdı. İdarəetmənin sükanı arxasında əyləşmişdi. Hindistan tarixi həmin dönəmdə Hümayundan çox Bayram xana öz səhifəsində yer verir. Hümayunun ölümündən sonra taxt-taca gənc Əkbər mirzə yiyələndi. Faktiki olaraq Hindistanı Bayram xan idarə edirdi.

Bayram xan Hümayunun bacısı qızı Səlimə sultan bəyim ilə evləndi. Bununla da hakim siniflə qohum oldu. Baharlı igidinin şahzadə ilə, həm də Əmir Teymurun nəvəsi ilə evlənməsi ona baş ucalığı gətirdi. Sarayda hörməti daha da artdı. Vəzifəsi, şöhrəti yüksəldi, var dövləti daha çoxaldı.

1560-cı ildə Əkbər hakimiyyəti öz əlinə aldı, saray intriqaları səbəbilə Bayram Xan dövlət idarəsindən uzaqlaşdırıldı və saraydan kənarlaşdırıldı.

Əkbər şah öz keçmiş lələsini fəxri sürgünə, həccə göndərmək fikrinə düşdü. Onu yanına çağırıb dedi: “Hindistandan nə qədər istəyirsən mal götürüb get. Sənin darğaların mülkündən toplanmış vergiləri dünyanın harasında olsan da sənə çatdıracaqlar”.

1561-ci ilin yanvarında Məkkəyə yollanan Bayram xan yolda xaincəsinə öldürüldü. Bayram xanın meyidini Dehliyə gətirib hörmətlə dəfn etdilər. Onun qəbri üstündə heykəl ucaltdılar.

Bir neçə vaxtdan sonra qohumları Bayram xanın nəşini çıxarıb Məşhədi-müqəddəsə gətirib dəfn etdilər. Bayram xan Baharlı incə təbli şair idi.

Onun oğlu Əbdürrəhim xan da Moğol dövlətinin görkəmli sərkərdəsi və dövlət xadimi idi.

Comments are closed.