
Qardaş Pakistan dövlətinin qurulmasında, eləcə də onun siyasi-hərbi idarəçiliyinin formalaşmasında, ictimai institutlarının inkişafında və mədəni həyatının çiçəklənməsində Azərbaycan əsilli Qızılbaş icmasının müstəsna rolu olmuşdur. Belə ki, Pakistan idarəçiliyində iki Qızılbaş Nazir fəaliyyət göstərmişdir; Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş (1897–1960) və Nəvvab Müzəffər Əli xan Qızılbaş (1908–1982).
Mirzə Mümtaz Həsən Qızılbaş 1897-ci ildə Britaniya Hindistanının Uttar Pradeş əyalətinin Aqra şəhərində nüfuzlu Gülabxana Qızılbaş ailəsində dünyaya gəlmişdir. Gülabxana Qızılbaş ailəsi Şamlı tayfasına mənsub idi və şəcərədəki məlumatlara əsasən, ailənin əcdadı Herat bəylərbəyi, Böyük Şah Abbasın lələsi və Şah Təhmasibin kürəkəni olmuş Əliqulu xan Şamlıdır. Əliqulu xan Şamlının özbəklər tərəfindən öldürülməsindən bir müddət sonra Səfəvi sarayında baş verən siyasi çəkişmələr və saray çevrilişləri onun ailəsini Böyük Moğol Hindistanına köçə məcbur etdi. Ailə XVII əsrin sonlarında Moğol Hindistanın Multan şəhərinə köçdü.
XVIII əsrin əvvəllərində nəslin iki nümayəndəsi Böyük Moğol imperiyasının keçmiş paytaxtı olan Əkbərabada, indiki adıyla Aqra şəhərinə köçərək orada məşhur Gülabxana və Katra Hacı Həsən adlı ailə ocaqlarını qurdular. Britaniya Hindistanının bölünməsindən sonra ailə üzvləri Hindistandan Pakistanın Sind əyalətinin Kəraçi və Xayrpur Mirs şəhərlərinə köçdülər. Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş ali təhsilini Müsəlman-İngilis Şərq Kolleci və Allahabad Universitetində almışdır. Ali təhsilini başa vurduqdan sonra əyalət dövlət qulluğuna qəbul olunaraq birləşmiş əyalətlərdə bir sıra inzibati vəzifələrdə çalışmışdır.
Uttar Pradeş əyalət hökuməti onu Hindistanın ali qanunverici orqanlarından biri olan Dövlət Şurasına öz nümayəndəsi kimi göndərmişdir. Burada Mümtaz Həsən Qızılbaş kənd təsərrüfatı islahatları və iqtisadi inkişafla bağlı proqramlar hazırlamış və onların həyata keçirilməsinə nail olmuşdur.
1938–1944-cü illər arasında o, Dehli Bələdiyyə Komitəsinin katibi vəzifəsində çalışmış və bu sahədə uğurlu fəaliyyəti ilə böyük nüfuz qazanmışdır. Onun xidmətlərini yüksək qiymətləndirən Britaniya Hindistanı hökuməti Mümtaz Həsən Qızılbaşı Hindistan Dövlət Xidmətində (ICS) ən yüksək vəzifəyə təyin edərək “Xan Bahadur” fəxri adı ilə təltif etmiş və Əfqanıstanın paytaxtı Kabil şəhərinə ticarət attaşesi vəzifəsinə təyin etmişdir. Bu vəzifə həmin dövrdə mühüm diplomatik post hesab olunurdu.
O, Pakistan qurulduqdan sonra bir müddət Əfqanıstandakı Pakistan səfirliyində müvəqqəti işlər vəkili vəzifəsini icra etdi. Daha sonra Qaidi-əzam Məhəmməd Əli Cinnahın göstərişi ilə Xayrpur knyazlığına göndərildi. Bu qərar Xayrpur knyazlığının keçmiş naibi Mir Hacı Əta Hüseyn xan Talpur və Əbdül Hüseyn Cəfərinin Qaidi-əzamdan təcrübəli bir idarəçinin təyinatı ilə bağlı xahişi əsasında verilmişdi. Məhz bu səbəbdən Mirzə Mümtaz Həsən Qızılbaş Pakistanın Xayrpur knyazlığının Baş naziri təyin edildi və bu vəzifəni 1947-ci ildən 1955-ci ilədək icra etdi. Onun Xayrpurdakı fəaliyyəti knyazlığın inkişafı və müasirləşməsi baxımından mühüm mərhələ təşkil etmişdir.
Baş nazir olduğu dövrdə Xayrpur knyazlığı tarixində mühüm islahatlar həyata keçirildi: Xayrpur Tekstil Fabrikinin təməli qoyuldu, yüzlərlə yeni məktəb və təhsil müəssisəsi açıldı. O, knyazlıq büdcəsinin təxminən 22%-ni təhsilə ayırmış, məktəbdə pulsuz təhsil sistemini tətbiq etmişdir. Bu dövrdə 6-12 yaş arası uşaqlar üçün məcburi təhsil haqqında qanun qəbul edildi ki, bu da maarifləndirmə sahəsində dönüş nöqtəsi oldu və bölgədə savadlılıq səviyyəsinin sürətlə artmasına şərait yaratdı. Baş nazir Mümtaz Qızılbaş təhsilə böyük önəm verirdi. Onun təşəbbüsü ilə yaradılan, öz adını daşıyan və hazırda da Pakistanda fəaliyyət göstərən ali təhsil müəssisəsi Hökumət Mümtaz Kolleci qısa zamanda Sind bölgəsinin ən nüfuzlu təhsil ocaqlarından birinə çevrildi.
Kollecin təsisindən sonra o dövrün tanınmış alim və ədəbiyyat xadimlərini, əsasən, Şərqi Pakistandan (indiki Banqladeşdən) kollecə müəllim kimi gətirdi. Onlardan üçü fəlsəfə doktoru idi. Mümtaz
Həsən Qızılbaş kollecin nəzdində qardaşı kimi sevdiyi dostunun adını daşıyan geniş və müasir Polkovnik Şah yataqxanasını təsis etdi. Bu yataqxana xüsusilə ucqar bölgələrdən gələn tələbələrin yerləşdirilməsi və onların əsas ehtiyaclarının qarşılanması baxımından mühüm rol oynayırdı. Hazırda burada Pakistan–Türkiyə məktəbi və kolleci fəaliyyət göstərir.
Baş nazir Mirzə Mümtaz Həsən Qızılbaş knyazlığın 17 yaşlı hökmdarı Əli Murad xan II Talpur ilə birlikdə Xayrpurun iqtisadi və sənaye inkişafına töhfə vermək məqsədilə İngiltərə və Almaniyaya səfər etmiş, Asiyanın ən böyük tekstil fabriklərindən biri hesab olunan Xayrpur Tekstil Fabriki üçün texnoloji avadanlıqlar əldə etmişdir. Onlar Xayrpurdakı qadın sənaye-peşə məktəbinə rəhbərlik etməsi üçün məktəbə alman qadın mütəxəssis təyin etdilər.
Yaradılan ilk sənaye zonası bölgədə ciddi iqtisadi inkişaf və sosial rifah doğurdu. Sonra Xayrpur Tekstil Fabriki özəl sektora satıldı və Baş nazir Mirzə Mümtaz Həsən Qızılbaş bu satışın həyata keçirilməsi barədə belə qeyd edib: “Tekstil fabriki artıq dövlətin onu qurmaqda nəzərdə tutduğu məqsədə xidmət etmişdir: o, iqtisadi və sənaye inkişafı üçün bir növ ilkin hərəkətverici qüvvə rolunu oynamalı idi”.
1947-ci ildə, demək olar ki, heç bir sənayesi olmayan Pakistandakı bir knyazlıq üçün bu, böyük irəliləyiş idi: 1955-ci ilə qədər daha iki özəl tekstil fabriki fəaliyyətə başlamış, 1954-cü ildə tütün qurutma fabriki yaradılmış, 1955-ci ilə qədər sabun və yağ fabriki işə düşmüşdü. Xayrpur knyazlığı 1947–1955-ci illər arasında iqtisadi inkişaf və sosial rifah sahəsində Pakistanın qabaqcıl bölgələrindən biri oldu. İqtisadi baxımdan Xayrpur qısa müddətdə böyük uğurlar əldə etmişdir.
1948–1955-ci illər arasında knyazlığın illik gəlirləri təxminən 5,7 milyondan 16,9 milyon Pakistan rupisinə qədər artmışdır. Adambaşına düşən büdcə gəliri isə 53 Pakistan rupisi idi ki, bu da o dövrdə ölkənin digər bölgələri ilə müqayisədə yüksək göstərici sayılırdı. Hökumət təhsilə, yolların tikintisinə və sənaye sahəsinə böyük vəsait ayırmışdır. 1951-ci ildə yaradılan tekstil zavodu qısa zamanda mənfəət gətirərək regionun sənayeləşməsinə təkan verdi. Bütün bu tədbirlər Xayrpur knyazlığını dövrünün ən inkişaf etmiş və mütərəqqi idarəetmə modellərindən birinə çevirdi.
Mirzə Mümtaz Həsən Qızılbaş 1949-cu ilin dekabrında Xayrpur knyazlığını Pakistanın Təsis Məclisində təmsil etmək üçün seçilmiş və ölkənin konstitusiyasının hazırlanması prosesində fəal iştirak etmişdir. Qaidi-əzam Məhəmməd Əli Cinnah arzulayırdı ki, knyazlıqlar Pakistana birləşsin, “Vahid Vəhdət” (One Unit) sistemi yaradılsın və xalqa bərabər hüquqlar, təhsil, ədalət və rifah imkanları təqdim olunsun. Mirzə Mümtaz Həsən Qızılbaş Qaidi-əzamın bu ideyalarını gerçəkləşdirdi və Xayrpur knyazlığını nümunəvi bir dövlətə çevirməkdə mühüm rol oynadı. Xayrpur knyazlığının 1955-ci ildə Pakistana birləşdirilməsi də məhz Mirzə Mümtaz Həsən Qızılbaşın səyləri ilə baş tutmuşdur. 1956-cı ilin may ayında Qərbi Pakistanın siyasi həyatında mühüm hadisə baş verdi.
1955-ci ildə “Vahid Vəhdət” adlı inzibati islahat nəticəsində birləşdirilmiş Qərbi Pakistan əyalətində ilk məclis iclası 1956-cı il mayın 19-da keçirildi. Bu iclasın əsas məqsədi ölkədə fəaliyyət göstərən iki əsas siyasi qrupun – Müsəlman Liqası və Respublika Partiyasının qüvvələr nisbətini müəyyənləşdirmək idi. Məhz bu iclas ərəfəsində mərkəzi hökumət maraqlı bir addım atdı. Tanınmış dövlət xadimi və keçmiş Xayrpur knyazlığının Baş naziri Mümtaz Həsən Qızılbaş həmin məclisin müvəqqəti sədri vəzifəsinə təyin edildi. Bu həm onun siyasi nüfuzunun, həm də təcrübəsinin göstəricisi idi. O həmçinin 1956–1958-ci illərdə Qərbi Pakistan Nazirlər Kabinetində qida və kənd təsərrüfatı naziri kimi fəaliyyət göstərmişdir. Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş 4 aprel 1964-cü ildə həcc ziyarəti zamanı ürəktutmadan vəfat etmiş, Mədinədə, Bəqi qəbiristanlığında dəfn olunmuşdur.
Pakistanın Xayrpur Mirs rayonunda Mirzə Mümtaz Həsən Qızılbaşın xatirəsinə ehtiram
əlaməti olaraq bir neçə əsas yer onun adı ilə adlandırılmışdır. Bunlara “Hökumət Mümtaz Kolleci”, “Mümtaz Meydanı” və “Mümtaz Meydan küçəsi”, “Mümtaz Staff Colony”, yəni dövlət məmurları və müəllimlər üçün salınmış yaşayış məhəlləsi daxildir. Mümtaz Kolleci özünün təsisçisi olduğu ali təhsil müəssisəsi idi. Bu adlar onun Xayrpurun inkişafı və xüsusilə təhsil sahəsində göstərdiyi mühüm xidmətlərə verilən yüksək qiymətin və dərin ehtiramın bariz nümunəsidir. Bu gün də Qızılbaşlar Pakistanın siyasi və ictimai həyatında önəmli rol oynamaqda davam edirlər.
Bu nümunələr Qızılbaşların yalnız keçmişdə deyil, müasir Əfqanıstan, Pakistan və Hindistan cəmiyyətlərində də dərin iz buraxdıqlarını açıq şəkildə göstərir və Azərbaycan–Pakistan dostluğuna yeni nəfəs qatır, ortaq kimlik duyğusu və strateji əməkdaşlıq üçün möhkəm təməl yaradır. Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı sabiq səfiri Əli bəy Əlizadə verdiyi bir müsahibədə belə qeyd edirdi: “Pakistan və Azərbaycan xalqını böyük oxşarlıqlar, tellər bağlayır. Bakının mərkəzində Multan karvansarayının olması, Pa-kistanda Qızılbaşlar, Əfşarlar və Ordubadilər sülaləsinin olması bizim xalqımızın yaxınlığını tarix boyu göstərir”.
Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaşın ailə üzvləri, xüsusilə qardaşı nəvəsi Mirzə Əsəd Həsən bəy və onun oğlu “Google” şirkətinin qlobal texnologiya direktoru və startap investoru Mirzə Sami bəy Qızılbaş Qlobal İrsi Təşkilatının üzvləri sırasındadırlar. Sami Qızılbaş təşkilatın idarə heyətinin üzvüdür. Bu iki şəxs 2023-cü ildə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Qızılbaş Qlobal İrsi Təşkilatının əməkdaşlığı nəticəsində Bakıda keçirilən I Beynəlxalq Qızılbaş Konfransında da iştirak etdilər və Sami Qızılbaş konfrans zamanı çıxışında qeyd etdi: “Azərbaycanı ata-baba yurdum hesab etdiyim üçün özümü xoşbəxt sayıram və ümid edirəm ki, Azərbaycan gələcəkdə də Qızılbaşları birləşdirmək, bir araya gətirmək üçün səylərini davam etdirəcək”.
Təşkilat və ailə üzvlərinin Bakı ilə yanaşı, Qarabağın mirvarisi olan Şuşa şəhərinə səfərləri təşkil olundu; burada onlara əcdadlarının tarixi torpaqları yaxından tanıdıldı. Səfəvilərin, Qızılbaş imperiyasının süqutundan əsrlər keçməsinə baxmayaraq, onun mədəni mirası hələ də Əfqanıstan, Pakistan və Hindistanda yaşayır və qorunur.
Qızılbaş Qlobal İrsi Təşkilatının məqsədi Azərbaycan əsilli Qızılbaş icmasının kimlik ruhunu yenidən canlandırmaq, onun inkişafına töhfə vermək, həmçinin bu icmanın BMT və UNESCO tərəfindən dünya irsini qoruyan Azərbaycan əsilli icma təşkilatı kimi tanınmasına nail olmaqdır.
“Pakistanda Qızılbaşların sayı və rolu daha böyükdür. Qızılbaşlar bu ölkəyə Prezident, Nazirlər, Generallar, Səfir, Hakimlər bəxş etmişdir. Bu gündə Pakistan ordusunda xidmət edən Qızılbaş Generallar və yüksək rütbəli zabitlər vardır.”
-Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev
© Qızılbaş Qlobal İrsi Təşkilatının əməkdaşı, Araşdırmaçı Vahid İbayev







Comments are closed.