
– Qaraqoyunlu nəslinin Hindistanda yüksəlişi
Qütbşahlar erkən Yeni dövr Hindistanında öz mənşəyini Qaraqoyunlulardan götürdüyünü iddia edən yeganə ailə deyildi.
Moğol sərkərdəsi və türk şairi Bayram xan, eləcə də onun oğlu — görkəmli ədib və dövlət xadimi Əbdül Rəhim Xan-Xanan (1556–1627) da öz soylarını Qaraqoyunlu tayfasına bağlayır və bu səbəbdən Qütbşahlarla qohum sayılırdılar.
Əbdül Rəhim imperator Əkbərin dövründə Dekkan yürüşlərinin əsas komandanlarından biri olmuş, Zühuri kimi tanınmış dekkanlı şairlər öz əsərlərini ona ithaf etmişdilər. O, hələ gənc yaşlarında padşah Əkbərin sarayına qəbul edilmiş, burada “mirzə” və “xan-zadə” titullarını almışdı. Əla təhsil görmüş, fars, ərəb, türk, portuqal dillərini, eləcə də sanskrit və hind dillərini mükəmməl bilirdi.
Əbdül Rəhimin karyerası atasının vəfatından sonra daha da sürətlə yüksəldi. Atasının ikinci həyat yoldaşı Səlimə Sultan Bəyim Əkbərlə evləndikdən sonra onun saraydakı mövqeyi daha da möhkəmləndi. O, 1570–1590-cı illərdə Əkbərin rəhbərlik etdiyi demək olar ki, bütün əsas hərbi yürüşlərdə iştirak etmişdir. Sindin və Qucaratın tabe etdirilməsində fəal rol oynamış, xüsusilə 1583-cü ildə Qucaratın tam fəthi məhz onun adı ilə bağlıdır.
1594-cü ildə şahzadə Murad Mirzə ilə birlikdə Xandeş sultanlığının, eləcə də Əhmədnaqar, Qolkonda və Bicapur sultanlıqlarının fəthi üçün göndərildi. 1595-ci ildə Əhmədnaqarı mühasirəyə aldı, 1596-cı ildə isə onun hökmdarını Moğol imperatorunun hakimiyyətini tanımağa məcbur etdi. 1597-ci ildə Supə döyüşündə Bicapur və Əhmədnaqarın birləşmiş qüvvələrini darmadağın etdi. 1599-cu ildə imperator Əkbər də ona qoşuldu və 1600-cü ildə Əhmədnaqar şəhəri tamamilə ələ keçirildi.
Sonralar qızını şahzadə Daniyal Mirzəyə ərə verdi. Daniyal Mirzə Dekkan vilayətinə subadar (qubernator) təyin edilsə də, faktiki idarəetmə Əbdül Rəhim tərəfindən həyata keçirilirdi. 1625-ci ildə o, Cahangirə qarşı üsyan qaldıran Xurrəmi (sonradan Şah Cahan) dəstəklədi. Lakin bu hadisədən qısa müddət sonra — 1626-cı ildə vəfat etdi.
Qeyd:
1. Sol şəkildə “Əkbərnamə” əsərindən götürülmüş miniatür təsvir olunmuşdur. Burada 1561-ci ildə atası Bayram xanın ölümündən sonra gənc Əbdül Rəhim Xan- Xananın imperator Əkbər tərəfindən qəbul edilməsi səhnəsi əks etdirilir.
2. Sağ şəkildə Əbdül Rəhim Xanın Dehlidə yerləşən məğbərəsidi.
Comments are closed.