Ermənilərin indi saxta göz yaşı tökdükləri Xudavəng və Gəncəsər monastırları tarixi Alban xristian abidələridir. Bunu abidələrin tarixi ilə bağlı faktlar da sübut edir.
Xudavəng qədim Alban dilində “Tanrı məbədi” mənasını verir. Kəlbəcər rayonu ərazisində, Tərtər çayının sol sahilində yerləşən monastırın əsası 6-7-ci əsrlərdə qoyulub. Bu barədə monastırın ərazisində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxan məlumatlar var.
Ancaq bugünkü monastır kompleksi isə 13-cü əsrdə, Mehranilər sülaləsindən olan Xaçın knyazı Həsən Cəlalın oğlu Vaxtanqın zamanında inşa olunub. Vaxtanqın xanımı Arzu Xatun 1214-cü ildə əri Vaxtanqın və iki oğlunun xatirəsinə kompleksdə kilsə tikdirib. Kilsənin şərq fasadında daş üzərində knyaz Vaxtanqın, cənub fasadında isə Arzu xatunun iki oğlunun təsvirləri həkk olunub.
Ümumilikdə, kompleksə doqquz tikili daxildir: 1. Qədim kilsə; 2. Kiçik birnefli Müqəddəs Məryəm ana bazilikası; 3. Arzu Xatun məbədi; 4. Həsən Cəlal məbədi; 5. Müqəddəs Qriqoris məbədi; 6. Arzu Xatun məbədinə əlavə edilmiş zal; 7. Zəng qülləsi; 8. Məktəb binası; 9. Qalereya.
1993-cü ildə Kəlbəcərin işğalından sonra ermənilər Xudavəng məbədini erməniləşdirməyə çalışıb. Abidədəki Alban kilsəsinə aid xaç və yazıları balta ilə çaparaq yox edilib.
Bu monastır erməni abidəsi sayıla bilməz. Birincisi, bu abidə memarlıq xüsusiyyətlərinə görə erməni və gürcü kilsəsindən fərqlənir.
Digər tərəfdən, Xudavəng monastır kompleksində tapılan inşaat kitabələri və yazılarda qeyd olunan Arzu xatun, Tursun, Seyti, Hasan, Avaq, Şəms, Altun, Ağbux, Qaragöz və s. kimi adlar bu abidənin sahiblərin erməni olmadığını təsdiqləyir.
Daha bir qədim alban məbədi Gəncəsər (Qandzasar) monastırıdır ki, ermənilər bu abidəni də özününküləşdirməyə çalışır. Bu monastır Kəlbəcər rayonu, Vəngli kəndində yerləşir. Gəncədağda tikildiyi üçün Gəncəsar adlanan abidə Alban katolikosu Nersesin xahiş ilə 1216-1238-ci illərdə Alban-Xaçın knyazı Həsən Cəlal tərəfindən inşa olunub. Monastır 13-19-cu əsrlərdə Alban katolikosluğunun mərkəzi iqamətgahı olub.
Çox təəssüflər olsun ki, 1836-cı ildə Rusiya Sinodunun (ölkənin ruhani idarəsi) rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilərək erməni kilsəsinə birləşdirilib. Bununla da alban kilsəsi mövqeyini itirib və erməniləşdirilib.
Həsən Cəlalın qəbrinin üstündəki yazıda “Ulu knyaz Cəlal öz valideyninin vəsiyyətini yerinə yetirərək 665-ci ildə (1216-cı ildə) bu gözəl və daş (kapital) kilsəni tikdi və onu bütün mümkün şəkillərlə (bəzəklərlə) dövrələyərək 687-ci ildə (1238-ci il) özünün və arvadı Məmkanın iradəsi ilə onu bitirdi” – deyə qeyd olunub.
Qəbirüstü abidələrin üzərindəki bəzi yazılar: “Bu 1102-ci (1653) il Alban katalikosu Qriqorinin qəbridir”. “Bu Cəlal Dolanın nəslindən olan 1149-cu il (1700) alban katalikosu Yereminin qəbridir”. “Bu alban katalikosu Yesaynın qəbridir… 1177 (1728)”. Azərbaycan ərazilərinin Çar Rusiyası tərəfindən işğalından sonra bu torpaqlara köçürülən ermənilər Alban dini irsinə sahib çıxaraq onu özününküləşdirməyə çalışır. Halbuki tarixi faktlar bu abidələrin ermənilərlə əlaqəsinin olmadığını isbat edir.
Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü, Kənan Rövşənoğlu
Comments are closed.