Dünyanın, eləcə də hər bir ölkənin tarixini dəyişən hadisələrin müəyyən edilməsi diqqət mərkəzində olan mövzulardan birdir. Bu hadisələrə gəldikdə, onların müəyyən edilməsində vahid yanaşma müəyyən etmək çox çətindir.
Dünya, yaxud ayrı-ayrı ölkələr üzrə ümumi hadisələrlə eyni zamanda yalnız bu ölkələrin özlərinə məxsus hadisələr də olur. Həmin hadisələr məzmununa görə də müxtəlif ola bilir.

Bu qəbildən olan hadisələrin nəticəsidir ki, tarix bəzən real gedişindən çıxıb, yeni inkişaf yoluna yönəlib, müasir vəziyyət formalaşıb.

Azərbaycan tarixində də xeyli belə hadisələr baş verib. Bu hadisələrdən on üçü və onların yaratdıqları bir sıra dəyişikliklər üzərində xüsusi dayanmaq olar.

‼️📎 1. Manna dövlətinin süqutu. Çox siyasi mərkəzliliyin aparıcı meylə çevrilməsi

Azərbaycanda ilk siyasi mərkəzlər Urmiya gölü ətrafında formalaşmağa başlayıb. Bu baxımdan Urmiya ətrafı Azərbaycanın siyasi sivilizasiyasının beşiyi hesab oluna bilər. Burada ilk dövlət qurumları e.ə. III minillikdə meydana gəlsə də, ilk mərkəzləşmiş dövlət – Manna dövləti (e.ə.IX-VI əsrlər) olub. İlk siyasi qurumlardan fərqli olaraq, Mannanın sərhədləri qismən Arazdan şimaldakı torpaqlara da yayılmışdı. Assuriya və Urartunun Mannaya qarşı təcavüzkar siyasəti onun daha da güclənməsinə və Azərbaycanın şimalındakı torpaqlarda möhkəmlənməsinə imkan vermədi.

– Mannanın süqutundan sonra Azərbaycan torpaqları təxminən 60-70 il ərzində Midiya, 220 il ərzində Əhəməni dövlətlərinin tərkibində oldu. Bu dövrü Makedoniyalı İsgəndərin (e.ə.336-323) Şərq yürüşü başa çatdırdı.

– İsgəndərin ölümündən sonra qurama imperiyası dağıldı. Azərbaycanın cənubunda meydana gələn Atropatena dövləti (e.ə.IV-e.III əsrinin 20-ci illəri) də Azərbaycanın şimal torpaqlarının bir hissəsini sərhədlərinə ala bildi. Eyni dövrdə şimalda da siyasi proseslərin fəallaşması ilə burada da Albaniya dövləti (e.ə.IV-e.VII əsrləri) təşəkkül tapdı.

Beləliklə, Azərbaycan ərazisində iki və daha çox siyasi mərkəzin formalaşması başlandı. Azərbaycanın təbii-tarixi inkişafı dəyişdi. Vahid dövlətin yaradılması, onun vahid siyasi mərkəzdə birləşdirilməsi tarixi inkişafının tələbinə çevrildi.

Write A Comment