Xalq Cümhuriyyətinin müdafiə naziri general Səməd bəy Mehmandarov

Azərbaycanın dövlətçilik tarixində mühüm yerə və rola malik şəxslərdən biri də Azərbaycan Xalq Cümhuriyyəti ordusunun qurucularından biri, müdafiə naziri, tam artilleriya generalı Səməd Bəy Mehmandarovun doğum günüdür.

Səməd bəy Sadıx bəy oğlu Mehmandarov 1856-cı il oktyabrın 16-da Lənkəranda anadan olmuşdur. Bakıda gimnaziya təhsili alan Səməd bəy 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olub.

1875-ci ilin dekabrında podporuçik rütbəsi alan Səməd bəy Mehmandarov üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif edilmişdir. 1890-cı ildə kapitan, 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi almışdır. Rus-yapon müharibəsində böyük rəşadət göstərdiyi üçün S.Mehmandarova 1908-ci ildə bugünkü qarşılığı general-polkovnik hərbi rütbəsi olan tam artilleriya generalı rütbəsi verilmişdir.

Səməd bəy Mehmandarov 1904-cü ildə başlayan rus-yapon müharibəsində Şərq cəbhəsinin rəisi təyin edilib. Şərq cəbhəsi Port-Artur müdafiəsində ən mühüm cəbhə hesab olunurdu, yaponlar ən güclü qüvvəni bu istiqamətə cəmləyib. Mehmandarovun qəhrəmanlığı və yüksək sərkərdəlik bacarığı Çar Rusiyası tərəfindən yüksək qiymətləndirilib və o tam artilleriya generalı rütbəsinə layiq görülmüş ilk azərbaycanlı olub.

Birinci Dünya müharibəsi başlananda Mehmandarov Vladiqafqazda yerləşən 21-ci piyada diviziyasının komandanı təyin olunur. Varşava ətrafında xidmət edən 21-ci piyada diviziyanın tərkibində dörd alay var idi: 81-ci Abşeron alayı, 82-ci Dağıstan alayı, 83-cü Samur alayı və 84-cü Şirvan alayı. Diviziya komandiri Mehmandarovun fitri istedadı ona Lodz istiqamətində aparılmış döyüşdə alman generalı Makenzonun ordusu üzərində qələbə qazandırmağa müvəffəq olmuşdur.

1915-ci ildə o, ikinci Qafqaz ordu korpusuna komandan təyin edilib.

1917-ci ilin əvvəlinə qədər Rusiyanın bütün, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilmişdi. 1917-ci il fevral burjua inqilabı baş verərkən S.Mehmandarov Qafqazda idi. Həmin ilin aprel ayında o, vəzifəsini həmişəlik tərk edib istefaya çıxmış, bir müddət Vladiqafqaz şəhərində yaşamış, sonra Azərbaycana gəlmişdir.

AXC dövründə fəaliyyəti

Məlum səbəblərdən 1918-ci il noyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi bərpa olunub. Səməd bəy Mehmandarov AXC ordusunda xidmətə çağırılaraq, hərbi nazirin müavini təyin edilib.

1918-ci il dekabrın 25-də isə Mehmandarov hərbi nazir təyin olunub. Bununla da AXC-nin ilk hərbi nazir portfeli ona tapşırılıb.

1918-ci il noyabrın 17-də Bakıya daxil olan Böyük Britaniya komandanlığı AXC hərbi qüvvələrinin, o cümlədən Hərbi Nazirliyin Bakıdan çıxarılmasını tələb etdiyi üçün Mehmandarovun rəhbərlik etdiyi Hərbi Nazirlik Gəncəyə köçürülüb və 1919-cu ilin ortalarına kimi orada fəaliyyət göstərib.

Səməd bəy Mehmandarovun rəhbərliiyi altında Müdafiə Nazirliyi Gəncədə ordu quruculuğunu uğurla davam etdirib. 40 min nəfərlik təlim görmüş nizami ordu yaradılıb. Məhz onun təşəbbüsü ilə Gəncə hərbi məktəbinin bazasında əvvəlcə Praporşiklər məktəbi, sonra isə Hərbiyyə məktəbi, İstehkamçılar məktəbi, Hərbi dəmiryolçular məktəbi, Şuşa hərbi-feldşer məktəbi fəaliyyətə başlayıb.

Mehmandarov Azərbaycan ordusunda milli hissləri gücləndirəcək addım ataraq ordunun rəsmi dilinin Azərbaycan dili olduğunu elan edib və hərbi qulluqçuların sədaqət andı içməsi qaydasını tətbiq edib.

Eyni zamanda orduda Azərbaycan dili öyrənilməyə, əsgərlər hərbi marşları Azərbaycan dilində oxumağa başladı, milli və tarixi rəmzləri özündə əks etdirən döyüş bayraqlarının və geyim formalarının layihələri təsdiqləndi.

Səməd bəy Mehmandarovun rəhbərliyi altında Denikin qoşunlarının hücum təhlükəsinin qarşısını almaq məqsədilə Bakı ətrafında və şimal sərhədi boyunca güclü müdafiə sistemləri quruldu, Lənkəran üsyan, habelə 1920-ci il martın sonlarında Qarabağa erməni təcavüzünün qətiyyətlə dəf olunması və Cümhuriyyətin ərazi bütövlüyünün təmin edilməsi həyata keçirilib.

Aprel işğalı və sonrakı həyatı

Sovet işğalından sonra Mehmandarov vəzifəsindən istefa verib. Ancaq bolşevik hakimiyyəti onu və müavini Əliağa Şıxlinskini Gəncə üsyanının təşkilində günahkar bilərək, 1920-ci il iyunun 4-də həbs edib. Yalnız Nəriman Nərimanovun işə qarışmasından sonra Mehmandarov bolşevik terrorundan xilas olaraq bir il Moskvada yaşamaq məcburiyyətində qalıb.

1921-ci ilin yayında Bakıya qayıdan S.Mehmandarov Hərbi Komissarlıq işə düzəlmiş, 1924-1928 illərdə Birləşmiş Komandirlər məktəbində müəllim işləmişdir. S.Mehmandarov 1924-1927-ci illərdə Azərbaycanda hərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak etmişdir.

1928-ci ildə S.Mehmandarov səhhətinə görə orduda xidmətdən tərxis olunub və ona fərdi dövlət təqaüdü təyin olunub. Mehmandarov rus, türk və fars dillərini yüksək səviyyədə bilib. Ömrünün son üç ilində islam tarixi və fəlsəfəsi ilə məşğul olub. 12 fevral 1931-ci ildə Bakıda vəfat edib, Çəmbərəkənd qəbiristanlığında dəfn edilib.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü, Kənan Rövşənoğlu

Write A Comment