AMEA Mərkəzi Elmi Kitabxanasında İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏFG-ARM) təşəbbüsü ilə “Azərbaycan milli kimliyinin metafizikası: tarixi kodların simvolları” adlı elmi konfrans, eləcə də yeni nəşr olunan “Azərbaycan: Milli kimliyin tarixi məsələləri” kitabının təqdimatı olub. Öncə Azərbaycanda milli kimlik tarixinə alternativ baxışla bağlı beş dəqiqəlik videoçarxın nümayişi keçirilib.

Azərbaycanın tanınmış elm və təhsil xadimlərinin iştirakı ilə keçirilən konfransın moderatoru Mərkəzi Kitabxananın Beynəlxalq əlaqələr üzrə şöbəsinin müdiri Mübariz Göyüşlü öncə sözü İƏGF-ARM-nin İdarə Heyətinin sədri Elçin Əsgərova verib. Elçin Əsgərov öz çıxışında bu layihənin dövlətçilik və milli şüur baxımından əhəmiyyətindən, təmsil etdiyi qurumun milli kimliklə bağlı indiyə qədər gördüyü işlər (kitab nəşri, seminarlar, film çəkilişi və s.) haqqında məlumat verib.
Milli Kimlik araşdırmaları üzrə təşəbbüsün ilk ideya müəlliflərdən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov öz çıxışında Azərbaycanda milli kimliyin nəzəri əsaslarının geniş şəkildə öyrənilməsinin vacibliyindən, Azərbaycan misalında etnosimvolizmin və dini faktorun milli kimlikdə tutduğu yerdən bəhs edib.

Orta əsrlər üzrə tarixçi Əkbər Nəcəf öz çıxışında milli kimliyin nəzəri aspektləri, milli kimliyin Azərbaycan xalqının milli özünüdərkində oynadığı rol, eləcə də bu prosesin tarixi mərhələlər haqda geniş məlumat verib.
Daha sonra bu təşəbbüslə bağlı tanınmış alimlər və ekspertlər Mail Yaqub, Mübariz Ağalarlı, Orxan Vəliyev və başqaları çıxış edərək gələcəkdə milli kimliklə bağlı tədbirlərin silsilə şəkildə həyata keçirilməsinin, təqdim olunan kitabın müzakirəsi ilə bağlı ayrıca tədbirin keçirilməsinin vacibliyini vurğulayıblar.

Konfrans çərçivəsində tanınmış tarixçi Əkbər Nəcəfin elmi rəhbərliyi altında ərsəyə gələn, həmçinin özünün, Orxan Vəliyevin, Bayram Quliyevin, Eyvaz Heydərlinin, Səfa Quliyevin, Səidə İzmailovanın və Gülnar İbadovanın həmmüəllifi olduğu elmi məqalələrdən ibarət “Azərbaycan: Milli kimliyin tarixi məsələləri” kitabının təqdimatı keçirilib.

Kitabda Azərbaycan milli kimliyinin formalaşmasında rol oynayan əsas faktorlar (din, dil, tarix, miflər və s.), çağdaş Azərbaycan tarixçiliyinin problemləri, Azərbaycan millətləşmə prosesi və aktual xarakter kəsb edən digər məsələlər geniş təhlil edilib. Kitab həm mütəxəssislər, həm də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.



Xəbərin adi keçdiyi digər saytlara keçid: azertag.az, islam.az

Write A Comment