Sultan Səlim Şah İsmayıla yazır…


(Birinci məktub)

Bağışlayan və mehriban Allahın adı ilə!”Allah qatında din İslamdır”(3/19)”
Kim İslamdan başqa bir din ardınca gedərsə heç vaxt ondan qəbul olmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar. (3/85 “İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı onundur. Onun işi Allaha aiddir. Amma qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar”.(2/275)

İlahi, bizi hidayət edən və hidayət olunmuşlardan qərar ver, yol azdıran və yolunu azanlardan etmə. Aləmlərin ağası, əmin ləqəbli peyğəmbər Məhəmməd Mustafaya, ailəsinə və bütün səhabələrinə Allahın salamı olsun. Amma bu bəyənilən xitab bizim böyük hökmdarımız, kafir və müşriklərin qatili, din düşmənlərini məğlub edən, fironların (zülmkarların) burunlarını yerə sürən, xaqanların dəbilqəsi (qoruyucusu), mücahid və qazilərin sultanı, Firudin kimi şərəfli, İskəndər kimi cahangir, ədalətin Keyxosrovu, ali irqə (tayfaya, qəbiləyə) mənsub olan Sultan Məhəmmədin nəvəsi Sulta Bəyazidin oğlu sultan Səlimdən Əcəm hakimi, ən yüksək qoşun başçısı, böyük rəhbər, zəmanənin Zəhhaki-Zöhhakı, müharibəyə meyilli Dara, dövrün Əfrasiyabı sən “Əmir İsmayıl”a göndərilir.Bil və agah ol ki, haqq olanı edən və mütləq səxavət mənbəyi olan Allahın etdiklərindən məqsədyönlü səbəblər olmaqla yanaşı, özündə sonsuz hikmət və yaxşılıqları da ehtiva edir. Necə ki, açıq-aşkar olan kitabda (Quranda) deyilir: “Biz göyü, yeri və onların arasında olanları oyun – oyuncaq yaratmadıq”.(21/16).

İnsanın yaradılış hikməti də varlıq aləminin seçilmişi, aləmin ən yaxşısı olmaq və gözlə görülən bilənlərin (yaradılmışların) gözü olmaqdır. Necə ki, Allah Quranda buyurmuşdur: “O, sizi yer üzündə varislər təyin etdi..”(6/165)

Amma bu növ insanlarda mənəviyyatın gözəlliyi və cismin (bədənin) çirkinliyi kimi zidd anlayışların meydana çıxması mümükün olduğu üçün peyğəmbərin müqəddəs şəriətinə itaət etmədən xilafətin (yer üzünün xəlifəsi olmaq) bərqərar olması və ilahi hədəfin keşiyində durmaq olmaz. Halbuki peyğəmbərin şəriəti əbədi bağışlanmağa və hər iki dünyanın xoşbəxtliyinə qovuşmağa səbəb olur. Deməli, kimsə ilahi hökmləri icra etməkdən üz çevirsə, ilahi əmrə və qadağalara tabe olmaqdan boyun qaçırsa, din pərdəsini ləkələyərsə və möhkəm şəriəti məhv etməyə qalxarsa, bütün müsəlmanlara ümumi anlamda, dinin ədaləti sultanlarına isə xüsusi anlamda “Ey iman gətirənlər! Allahın (dinin və peyğəmbərin) köməkçisi olan!..” (61/14) nidasına səs vermək, hiylələri dəf etmək, fitnə-fəsad yaradanların fəsadlarını aradan qaldırmaq üçün əllərindən gələni etməsi vacibdir.

Beləcə giriş verməkdə məqsəd budur ki, Bayandur (Ağqoyunlu) əhalisinin pərakəndəliyini beytlə deyək: Meşədə aslanın nəriltisi yoxdursa Çaqqalın səsi hündürdən gələr. Təcavüz etməklə Şərq ölkələrini ələ keçirdin. Əmrə tabe olduğun miskin bir guşədən əmr verən əzəmətli saraya qədəm basdın. Müsəlmanların üzünə zülm və əziyyət qapılarını açdın. Dinsiz və kafirləri bir-biri ilə evləndirərək qarışdırdın. Fitnə və fəsadın aşkar olmasını özünə şüar və hədəf seçdin. Zülm bayraqlarını qaldırdın. Öz təbii meylin və nəfsinin istəyinə uyğun hökmranlıq edib şəriətin hökmlərini pozdun millətin şərəfini məhv etməyi düşündün. Zinanı halal etmək, haqsız qan tökmək, məscid və minbərləri sökmək, qəbirstanlıqları və məqbərələri yandırmaq, peyğəmbər övladlarına və alimlərə hörmətsizlik etmək, mushəfləri pisliklər içərisinə atmaq, iki şeyxə (Əbubəkr və Ömərə) – Allah onlardan razı olsun – söyüş söymək kimi pis davranış və hərəkətlərin haqqında hər kəs danışır. Din rəhbərləri və hidayət edən alimlər, – Allah onların hamısından razı olsun, – sənin və ardıcıllarının mürtəd olması ilə bağlı yekdilliklə fətva verdilər ki, buda qətl edilməyə səbəb olur. Buna əsasən bizdə dini gücləndirmək, məzlumlara yardım etmək, əzab çəkənlərə kömək etmək, ilahi əmrlərə itaət və padşahlığın şərəf qayda-qanunlarını bərpa etmək üçün ipək və nazik parça yerinə zireh və dəmir libas geyindik.

Allahın yardımı və gözəl lütfü ilə qələbə bayraqlarının daşıyıcıları, yola (adətə) yardım edən əsgərlər, döyüş aslanları qılıncı qəzəb qınından çıxaran qılıncvuran qəhrəmanlar bədbəxt düşməni əzmlə taleyinə qovuşduracaq, kin kamanından oxları olduğu üçün rəqibin ölüm payını oxatan bürcünə rast gətirəcəklər. Zəfər və xeyirləri vəsilə olan Səfər ayında dənizdən keçdik (Bosfor boğazı nəzərdə tutulur). Bu niyyətlə ki, əgər Allah-təala yardım etsə güc və qüvvəmizdən istifadə edərək zülmkar əl-qolunu qoparıb, təşvişli başından qalib olmaq sevdasını çıxaraq. Kasıb və gücsüzlərin başı üzərindən şər və fitnənin yaratdığı fəsadları uzaqlaşdıraq. Evlərə vurduğun həmin odun tüstüsünü evinə gətirək. Çünki qılıncdan öncə İslama dəvət təklifi Mustafa-salam olsun ona-şəriətinin hökmüdür.

Bu məhşur məktubda həmən qaydaya əsasən gözəl şəkildə yazıldı. İnsan övladının ruhu (nəfsi) fərqlidir. İnsan qızıl və gümüş mədənləri kimidir. Bəzi xarakterlərin pis olması təbiidir və düzələn deyil. Belə ki, zəncini yumaqla ağarmaz. Xarakterin süstlüyü, şər işlərə adətkərdə olmaq şəhvətin hakim olmasından qaynaqlanır və düzəlməsi mümkündür. Necə ki, deyirlər: Pislər təlim və tərbiyə ilə yaxşılar cərgəsində olar, bir ehtimala görə. Əgər özünü “O kəslər ki, bir günah iç gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (Tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər…”(3/135) cərgəsinə daxil etsən, bütün hallarda Allah-təlalanı unutmasan, pis işlər, doğru olmayan davranışlar və çirkin adətlərdən peşman olsan, səmimi qəlbdən tövbə və istiğfar etsən, ötən zamanda bizim qalib ordunun dördayaqlılarının ayağı dəydiyi qala və məkanları (indi isə sənin tabeliyində olan və onları işğal edərkən bizi) məzəmmət etdiyin həmin ərazilərin hər bir güşəsini Osmanlı məmləkətlərinin tabeçiliyinə verərək bizim əzəmətli himayəmizdə olan bəndələrə tapırsan daha yaxşı olar.

Bizim xidmətimizdə duranlardan yaxşılıq, nəvaziş, mehribanlıq və xoşxasiyyətdən başqa bir şey görməzsən. Pis vərdiş təbiətində özümə yer etdisə Ölənə qədər səndən əl çəkməz. Əgər pis əməllər və rüsvayçı davranışları israr təkidlə davam etdirsən, uca Allahın köməyi ilə qələbə çalacağıq və ələ keçirdiyin həmin məmləkətin meydanı tezliklə bizim qalib ordunun düşərgəsi olacaqdır. Bir müddətdir ki, yelbeyinliyin şiddətindən sərdarlıq sevdasına düşmüsən və lovğalığın çoxluğundan cahangirlik və fatehlik iddiası dilində cari olur. Əgər mərdsənsə mərdlərin meydanına çıx ki, taleyin hökmü müəyyən olsun. “… O gün hökm yalnız Allahındır ” (82/19). “…Haqq yolu tutub gedənlərə salam olsun”. (20/47).
920-ci ilin qalibiyyət ayı olan Səfər ayında İznikomid (indiki İzmit) yurdunda yazıldı…

Mənbə: Facebook/Şah İsmayıl Səfəvi səh.

“Şah İsmayıl Səfəvi Tarixi-diplomatik sənədlər toplusu”

Write A Comment