Xürrəmilər hərəkatının tarixşünaslığında ən çox marağa səbəb olan, lakin tarixçilərin bu günədək ən az diqqət yetirdiyi məsələlərdən biri də xürrəmilər hərəkatı rəhbərlərinin Bizansla münasibətləri, Xürrəmi-Bizans əlaqələri və xürrəmilərin Bizansdakı fəaliyyəti məsələləridir. Xüsusən də, xürrəmilər hərəkatının Babək dövrünün sonlarına yaxın qonşu Bizans imperiyasının ərazilərinə köç etmiş xürrəmilər barədə tarix elminə çox az şey məlumdur. Qədim dövrün ərəb və fars qaynaqlarında bu haqda məlumatlar da çox deyil. Avropa tədqiqatçıları tərəfindən xristian Bizansın IX əsrin ilk yarısında yürütdüyü xarici və daxili siyasətin araşdırılması və təhlili kontekstində Xürrəmi-Bizans əlaqələrinə və xürrəmilərin Bizansdakı fəaliyyətlərinə də müəyyən səviyyədə və qismən toxunulmuşdur. Məhz Avropa tarixşünaslığı sayəsində xürrəmilərin bir qisminin 833-840-cı illərdə Bizans imperiyası daxilində yaşaması və fəaliyyəti barədə maraqlı tarix faktlar elmi dövriyyəyə buraxılmışdır.

         Hər şeydən öncə bu xüsusa diqqət yetirmək gərəkdir ki, VIII əsrin sonu-IX əsrin əvvəllərində xürrəmilər hərəkatı rəhbərləri ilə Bizans dövlətinin qarşılıqlı münasibətlərinin formalaşmasında hər iki tərəfin ortaq düşməninin bölgədə o dövrdə hakim güc olan Abbasilər xilafəti olması faktorudur. Və Abbasilərə qarşı Azərbaycanda baş qaldırmış xalq-azadlıq hərəkatının məntiqi nəticəsi olaraq bölgədə ortaya çıxmış, qurucusu Babək əl-Xürrəmi olan və xilafətdən heç bir asılılığı olmayan müstəqil Xürrəmilər dövlətinin də qonşu Bizans dövləti ilə diplomatik münasibətləri olmuşdur. Hər iki tərəf arasında uzun illər boyunca rəsmi yazışmalar aparılmış, müəyyən ticarət dövriyyəsi mövcud olmuşdur. Bizans imperiyasının regional xarici siyasətdə xürrəmilər faktorunu özünə tərəfdaş kimi görməsi ilə yanaşı, xürrəmilər hərəkatının öndəri və özünü müstəqil dövlətin hökmdarı kimi görən [2, s.112-113; 6, s.58; 15, s.335, 400-401] Babəkin də öz siyasətində Bizansı Abbasilər xilafətini zəiflədə biləcək bir güc mərkəzi kimi görməsini nəzərə almaq lazım gəlir. Abbasi hökmdarı xəlifə Məmunun 833-cü ildə ölməsindən sonra taxta keçən qardaşı xəlifə əl-Mötəsim Billah qısa müddətdə istər xarici və daxili siyasətdə, istər Abbasilər sarayında, istərsə də xilafət ordusunda köklü dəyişikliklər etmiş, həmin vaxt xilafətin şərq torpaqlarına gedən yol üzərində yerləşmiş Həmədan şəhərini əlində saxlayan xürrəmi qoşunlarına qarşı İshaq ibn İbrahimin sərkərdəliyi ilə böyük bir ordu göndərmişdir. Tərəflər arasında 833-cü ilin sonlarında baş verən Həmədan döyüşündə xürrəmilər məğlub olduqdan sonra Cibəl və Həmədan xürrəmilərinin böyük bir hissəsi xilafətin artan təzyiqləri və basqıları altında dinc yaşamağın mümkün olmadığını görərək, şərqi Anadolu və Bizans torpaqlarına kütləvi köç etmişlər. Bu, tarixdə Bizansa ilk xürrəmi köçü kimi qiymətləndirilir. Xəlifə Mötəsimin sərkərdə Afşin Hidr ibn Kavusun başçılığı ilə xürrəmilərə qarşı 835-ci ilin yayında başlatdığı yeni hərbi kompaniya uzandıqca xürrəmi ailələri hissə-hissə şərqi Anadoluya doğru köç etməyə davam etmiş, ən nəhayət, 837-ci il avqustun sonlarında xürrəmilərin paytaxtı olan Bəzz qala-şəhərinin süqutundan və Babəkin satqınlıqla ələ keçirilməsindən sonra, xilafətin zülmü altında yaşamaq istəməyən və ailələrinin təhlükəsizliyini təmin etməyi düşünən xürrəmilərin Bizansa daha bir kütləvi köçü gerçəkləşmişdir. Bu köçlər nəticəsində imperiyanın paytaxtında və şərq hüdudlarında çoxsaylı xürrəmi kütləsi məskun olmuşdur.

         Köç etmiş xürrəmilərin Bizans ərazilərində və aralıq bölgə olan şərqi Anadoluda məskunlaşmalarının elmi-dini nöqteyi-nəzərdən təhlili zamanı bu köçlərin əsas səbəblərindən biri kimi tarixin müxtəlif dövrlərində İslam dünyasının gündəmində dayanmış “zalım müsəlman hökmdar yoxsa ədalətli qeyri-müsəlman hökmdar” dilemması qarşısında qalan xürrəmilərin ikinciyə üstünlük vermələrini göstərmək olar. Xürrəmiləri düşmən gözündə görən və xilafət sarayının təsiri altında kitab yazan tarix yazarları öz əsərlərində xürrəmiləri həm də xilafətin nəzarəti altında olan ərazilərdən çıxıb Bizans torpaqlarına pənah apardıqlarına görə “İslamdan çıxmış başıpozuq qüvvə” kimi təqdim etməyə çalışmışlar. Halbuki müsəlman olduqları tarixi qaynaqların bir sıra məlumatlarından aydın görünən [1, s.206-207; 2, s.134; 9, s.15, 21, 62, 132] xürrəmilər müsəlmanlar arasında məzhəb ayrıseçkiliyi salan Abbasi sarayının mötəziliyyə inancını qəbul etməyən digər təriqət və cərəyanlara qarşı ifrat repressiv siyasətinin əziyyət və məşəqqətini daim öz üzərlərində hiss etmişlər, bu durumda onların bir hissəsi ailələrinin təhlükəsizliyini təmin etmək məqsədilə, İslamın ümdə prinsipi olan Tövhidin əsas qayəsi kimi, Ədl (ədalət) düşüncəsinə (Qurani-Kərimin Ali-İmran surəsi, 21, Ən-Nisa surəsi, 135, Maidə surəsi, 8, Ənam surəsi, 115, Əraf surəsi, 29, Hicr surəsi, 85, Ənbiya surəsi, 47, Səbə surəsi, 26-cı ayələri) uyğun olaraq, ədalətsiz hökmdarın zülmü altında yaşamaqdansa, hicrət etmək yolunu seçmək məcburiyyətində qalmışlar. Pravoslav Bizansın İslamın kitabına görə əhli-kitab hesab edilməsini və Bizansın şərq hüdudlarında xürrəmilərin çoxlu sayda soydaşlarının yaşamasını nəzərə alaraq qeyd etmək lazımdır ki, bu seçim və düşüncə, göründüyünə görə, Qurani-Kərimin ehkamlarına (Ali-İmran surəsi, 195, Ən-Nisa surəsi, 89, 97-100, Ənfal surəsi, 72-75, Tövbə surəsi, 20, Nəhl surəsi, 41,110, Həcc surəsi, 58, Həşr surəsi, 9-cu ayələrə) uyğun olmuş, hətta məzmun və mahiyyət etibarilə İslam peyğəmbərinin öz təbliğatını qurduğu ilk illərdə bir qism müsəlmanın onun tövsiyəsi ilə xristian Nəcaşinin hökmdarlıq etdiyi Həbəşistana etdikləri hicrətlə tam uyğunluq təşkil etmişdir.

         Tarixi qaynaqların məlumatlarından aydın olur ki, xürrəmilərin şərqi Anadoluya və Bizans torpaqlarına ilk kütləvi köçü 833-cü ilin sonlarında – 834-cü ilin əvvəllərində baş vermişdir. Bu köçə xürrəmi ordusunun sərkərdələrindən biri, Mohammed Rekayanın fikrincə, o vaxtadək Cibəl (həm də Həmədan bölgəsi) xürrəmilərinin öndəri olmuş Nəsir (Nasir) adlı şəxs başçılıq etmişdir [7, s.47]. Avropalı alim K.Bosvort bu şəxsi “Nüsayr” kimi qeyd edir [3, s.3]. Lakin ilk köçə başçılıq edən şəxs barədə Uilfred Madelunqun fikri fərqlidir, belə ki, o, bu şəxsin ismini “Bars” (Barsis) kimi təqdim edir [5, s.64]. Avropa tədqiqatçılarının araşdırmalarına görə, bu köçdə ailələri ilə birlikdə iştirak edən xürrəmi döyüşçülərinin sayı təxminən 15 min nəfər olmuşdur [4, s.249], bu rəqəm bəzi yerlərdə 12-13 min arası da göstərilir. Xalq İslamında təriqət mənsublarının öz şeyxlərinin, piri-mürşidlərinin yaxud öndərlərinin izni olmadan addım atmadığı gerçəyinə əsaslanaraq təxmin etmək olar ki, mənbələrdə adı təriqət kimi qeyd olunan xürrəmiyyənin həmin dövrdə öndəri olan Babək Xürrəmi hər halda öncədən bu köçdən xəbərdar olmuş və mühacirət edənlərə getməyə izin vermişdir. Babəkin özünün ələ keçirilənədək göstərdiyi fəaliyyət, xüsusən də Sünik knyazı Vasakın qızı ilə evlənməsi sayəsində ondan miras qalan Sünik ərazilərində möhkəmlənməyi düşünərək atdığı addımlar onun heç də bəzi ərəb müəlliflərinin iddia etdiyi kimi, Bizans torpaqlarına getmək niyyətində olmadığını və mübarizəsini öz vətənində sonadək davam etdirmək əzmində olduğunu göstərir.

A212 001

         İlk xürrəmi köçünə rəhbərlik etdiyi bildirilən Nəsirin mənşəyi ilə bağlı məlumatı Bizans tarixçisi Kontinuatus Feofanesdən öyrənmək mümkündür, o yazır ki, Nəsir (Nasir) İranın əsilzadə ailələrindən birinin övladı idi [11, s.111-112]. Eyni zamanda, adı çəkilən Bizans müəllifi Nəsirin Bizans təbəəliyini və xristianlığı qəbul etdiyini, Bizans paytaxtında xaç suyuna çəkildiyini, imperator Teofil (hakimiyyət illəri 829-842) tərəfindən ona “Teofob” (yunanca Θεόφοβος – “Allahdan qorxan” deməkdir – C.B.) isminin və ehtiram əlaməti olaraq patrik ünvanının verildiyini, hətta Nəsirin imperatriçə Teodoranın bacısı ilə evləndiyini də qeyd edir [11, s.112]. Bir sıra ensiklopedik qaynaqların məlumatlarında isə Nəsirin (Teofobun) evləndiyi qadının imperatorun xalası İren olduğu və bu nigahdan sonra onun Bizans ordusunun generalı rütbəsini də aldığı bildirilir [16].

         XIX əsr İrland tarixçisi Uilyam Kuki Teylor isə özünün Roma imperiyasının devrilməsinə dair əsərində xürrəmi rəisi Nəsirin (Teofobun) keçmişi ilə bağlı fərqli məlumatlar verir. Onun yazdığına görə, Teofobun atası İran şahlarının nəslindən olub, xəlifələrin təqibindən qurtulmaq üçün Konstantinopola gəlmiş, diqqətdən uzaq olmaq üçün bir karvansarada mehtər işləmiş, kasıblıq içində ölərkən isə bir körpə oğlu qalmışdır. İranlıların hökmdar nəslindən olan bu gənci tapmaq üçün yolladıqları adamlar Xalkedon yaxınlığında bir yerdə anası ilə yaşayan Nəsiri tapmışlar. Onun barəsində imperator Leoya məlumat verildikdə, o, oğlanın əsil-nəsəbinə uyğun olaraq təhsil alması üçün əmr vermişdir. Şahzadə Teofil isə onun tələbə yoldaşı idi, bu səbəbdən taxta keçdikdən sonra o, Nəsirin (Teofobun) yüksək mövqelərə gəlməsini təmin etmiş, öz bacısını ona ərə vermişdir [10, s. 253-254]. U.Teylor yazır ki, “xilafətə qarşı üsyan qaldırmış iranlılardan bir dəstə Bizans ərazilərində sığınacaq tapdığı zaman, onlardan ibarət bir qoşun bölüyü yaradılaraq Teofobun ixtiyarına verilmişdir. Onlar irsən şahzadə hesab etdikləri Teofoba dərin bir səmimiyyətlə bağlanmışlar, ölkələrini tərk edib Bizansa gələn bir çox İranlı da Teofobun qoşununa qatılmışdır, nəticədə bir il ərzində Teofobun ordusu 30 min nəfərə çatmışdır” [10, s. 253-254]. Tarixçi bədii ifadələrlə qəsbkarlara qarşı amansız nifrətin və öz sərkərdələrinə olan böyük inamın bu döyüşçüləri Abbasi ordularının qəniminə və imperiyanın tərkibində olan şərq vilayətlərinin də alovlu müdafiəçilərinə çevirdiyini qeyd edir. Nəsirin keçmişi barədə U.Teylorun digər mənbə müəlliflərinin məlumatları ilə ziddiyyət təşkil edən bu fikirlərində böyük miqyasda həqiqət payı ola bilər və belə olduğu halda təxmin etmək olar ki, Nəsir (Teofob) gənclik illərini Konstantinopolda təhsil almaqla keçirsə də, xürrəmilər hərəkatının Babək dövründə vətəninə qayıtmış, Cibəl və Həmədanda xürrəmi dəstələrinə rəhbərlik etmiş, 833-834-cü illərdə isə digər xürrəmi döyüşçüləri ilə birlikdə Bizans ərazilərinə köç etmişdir. Hər halda, bu ehtimalların nə dərəcədə gerçək olduğunu müəyyənləşdirmək üçün U.Teylorun yanaşmasını ayrıca tədqiq etməyə ehtiyac vardır.

         Bu məlumatlardan ümumən aydın olan budur ki, Bizans imperatoru Teofil onun ərazilərinə gəlmiş xürrəmi döyüşçülərinə isti münasibət bəsləmiş, onların ailələri ilə yerləşmələrinə şərait yaratmış, hətta xürrəmilərə bu köçdə rəhbərlik etmiş Nəsiri öz yaxın ailə üzvlərindən biri ilə evləndirmişdir. Amerika tədqiqatçı-alimi Uorren Tredqold Bizans mənbələrinə istinad edərək yazır ki, Nəsirlə birlikdə Bizans ərazilərinə gəlib yerləşmiş xürrəmi döyüşçülərinin bir qismi də xristianlığı qəbul etdilər, bundan sonra Bizans döyüşçülərinin dul qalmış qadınlarının onlara ərə verilməsinə icazə verildi və həmin xürrəmilər Bizans ordusunda xidmətə alındılar [12, s.439]. Tədqiqatçı həmçinin haqqında söhbət gedən xürrəmi döyüşçülərindən ibarət təşkil olunmuş xüsusi imtiyaza sahib Bizans qoşun bölmələrinin “İran turması” (Persian turmae) adlandırıldığını da qeyd edir [12, s.439]. Digər əsərində də o, imperator Teofilin xürrəmi köçkünlərini qəbul edərək onların Bizans ərazilərində sərbəst yaşamalarına şərait yaratmaqla onların qüvvəsindən istifadə etmək və imperiya daxilində öz gücünü artırmaq məqsədi güddüyünü bildirir [13, s.283]. Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, xürrəmilər hərəkatı dövrünü tədqiq etmiş digər qərb tədqiqatçıları Bizansa gəlib yerləşən xürrəmi döyüşçülərinin xristianlığı qəbul etməsi fikrinə o qədər də ciddi əhəmiyyət vermir və belə hal olubsa da, xürrəmilərin sonrakı siyasi fəaliyyəti fonunda bunun sırf sözdə olub, görüntü xarakteri daşıdığını düşünürlər. İngilis tədqiqatçısı Simon B. Cons Bizans ordusunda Nəsirin rəhbərlik etdiyi qoşun bölüyündə otuz minədək atlı döyüşçünün olduğunu qeyd edir [17].

         837-ci ilin avqustunda xürrəmilərin əsas istinadgahı və paytaxtı sayılan Bəzz qala-şəhərinin süqutu və işğalından sonra, sağ qalan xürrəmilərin daha bir hissəsi öz ailələri ilə şərqi Anadolu və Bizans ərazilərinə köç etmişlər, təxmin olunduğu üzrə, bu köçdə əvvəlkinə nisbətən sayca daha çox insan iştirak etmişdir. Hərçənd U.Tredqold bu köçdə təxminən on altı min xürrəmi döyüşçüsünün öz ailələri ilə iştirak etdiklərini bildirir [12, s.441], eyni məzmunda məlumata biz Evangelos Venetisdə də rast gəlirik [14]. Ümumən Avropa tarixçiləri köç etmiş xürrəmi ailələrinin paytaxt Konstantinopolda və imperiyanın digər bölgələrində kompakt şəkildə məskunlaşdıqları qənaətindədirlər.

         Xürrəmilərin Bizansdakı fəaliyyətləri haqda da Azərbaycan tarix elmi üçün maraqlı faktlar vardır. Bizans imperatorundan diqqət görən xürrəmilər tezliklə Bizans ordusunun ayrıca bir bölümünü təşkil etmiş, Teofobun rəhbərliyi ilə Abbasilərə qarşı mübarizələrini birlikdə bu yolla davam etdirməyə qərar vermişlər. Məlumdur ki, Bizans imperatoru Teofil (Feofil) 837-ci ilin yayında Abbasilərə qarşı yeni hərbi kompaniyanın başlanmasına qərar vermiş, bu məqsədlə təxminən 70 minlik ordu ilə indiki kiçik Asiyanın mərkəzindən hərəkətə gələrək, cənuba doğru irəliləyib, bəzi qalaları ələ keçirmiş, Fərat çayının mənbəyində yerləşən Zibatra (Zapetra və ya Zosopetra) şəhərini mühasirəyə almışdır. M.Rekaya və C.Rosser qeyd edirlər ki, Teofilin bu yürüşündə Bizansda məskunlaşmış xürrəmilər də iştirak etmiş, aktiv surətdə Bizans ordusu tərəfdən Abbasilərə qarşı döyüş əməliyyatlarına qatılmışlar [7, s.64; 8, s.267-268]. U.Tredqold imperator Teofilin öz hərbi yürüşlərində Nəsirin rəhbərlik etdiyi xürrəmi dəstələrinə böyük ümidlər bəslədiyini yazır [13, s.298]. Tədqiqatçılar xürrəmi döyüşçülərinin 838-ci il ərzində də Bizans ordusunun tərkibində Abbasilərə qarşı keçirilən hərbi əməliyyatlarda fəal iştirak etdiklərini bildirir. C.Rosser qeyd edir ki, Nəsirin (Teofobun) rəhbərliyi altında xürrəmi döyüşçüləri Bizans imperiyası və Abbasilər xilafətinin orduları arasında 21-22 iyul 838-ci il tarixində baş vermiş Əncan (Anzen) döyüşündə də vuruşmuşlar. İmperatorun 40 minə yaxın qoşunla şəxsən iştirak etdiyi bu döyüşdə hərbi üstünlük Bizansın tərəfində olsa da, Abbasi sərkərdəsi Afşin Hidr ibn Kavusun orta Asiya türklərindən ibarət atlı oxatanlarının gözlənilməz hücumu nəticəsində Bizans ordusu məğlubiyyətə uğramışdır. O, qeyd edir ki, xürrəmilərin rəhbəri Nəsir (Teofob) məhz bu döyüşdə Bizans imperatoru Teofilin həyatını qurtarmış və onun sağ-salamat geri çəkilməsini təmin etmişdir [8, s.269]. Bu faktı Evangelos Venetis də özünün “Xürrəmilər Bizansda” adlı araşdırmasında təsdiqləyir [14]. U.Tredqold baş sərkərdə Manuelin (Manvelin) və Nəsirin (Teofobun) ərəb qoşunlarına gecə hücum etmək təklifindən imperatorun imtina etdiyini yazır [13, s.300]. Əncan döyüşünün gedişini təhlil edən Simon B.Cons da qeyd edir ki, bu döyüşdən öncə sərkərdə Nəsir (Teofob) imperatora qəfil gecə hücumu ilə savaşa başlamağı təklif etsə də, imperator bunu öz şəninə sığışdırmadığı üçün qəbul etməmişdir, üstəlik, döyüş zamanı Nəsirin (Teofobun) rəhbərliyi altında  Bizans ordusu sağ cinahda xeyli irəliləyərək uğur qazanmağa yaxın olduğu vaxt imperator Teofil əks cinahı möhkəmləndirmək və qələbəni tamamlamaq məqsədilə sağ cinahda olan qüvvələrin böyük bir hissəsini meydanın sol tərəfinə çəkib aparmış, nəticədə sağ cinah zəifləyərək Afşinin oxatanlarının əks-hücumuna məruz qalmışdır [17]. Tədqiqatçı Bizans ordusunun baş sərkərdəsi Manuelin (Manvelin) xürrəmi döyüşçülərinə etibar etməmək barədə çağırışlarına aldanan imperator Teofilin nəticə etibarilə döyüş meydanında təcrid olunduğunu bildirir, onun yaxınlıqdakı təpəyə sığındığını, Afşinin oraya yönəltdiyi qüvvələrdən özünün bir bölük əsgəri ilə müdafiə olunmağa çalışdığını, Nəsirin (Teofobun) də sağ qalan qüvvələrlə onun köməyinə gəldiyini, güclü yağış başlanması və gecənin düşməsindən yararlanaraq öz döyüşçülərinə düşməndə çaşqınlıq yaratmaq üçün təbillərlə səs-küy salıb ucadan mahnı oxumağı əmr etdiyini və qarşı tərəfin geri çəkilməsindən istifadə edərək imperator Teofili həmin mövqedən uzaqlaşdırdığını qeyd edir [17].

         Digər Bizans sərkərdəsi Manuelin xürrəmi döyüşçülərinə etibar etməməsinin səbəbinə gəlincə, bu barədə fikir yürütmək çətindir, bununla yanaşı, irland tarixçisi U.K.Teylorun əsərində maraqlı bir məqam diqqəti cəlb edir, belə ki, U.K.Teylor öz kitabında Bizans ordusunun sərkərdəsi Manvelin əslən erməni olduğunu və daim imperatorun gözünə girməyə çalışdığını yazır [10, s.253]. Erməni mənbələrində bir qayda olaraq xürrəmilərin və onların öndəri Babəkin pisləndiyini, eləcə də, Babəkin öz hökmranlığı dövründə Göyçə gölü həndəvərində toplaşan erməni-hay silahlı dəstələrini darmadağın etməsini nəzərə alsaq, haqqında söhbət gedən Bizans sərkərdəsinin xürrəmiləri gözdən salmaq cəhdlərinin səbəbini təxmin etmək olar.

         Əncan döyüşündən sonra imperatorun ən yaxın və sadiq adamlarından birinə çevrilən Nəsir (Teofob) tədricən Bizans sarayında böyük nüfuz sahibi olan ciddi siyasi fiqurlardan biri kimi qəbul olunmağa başlamışdır. Əlbəttə, bu durum sarayda olan bir sıra qüvvələri narahat etməyə bilməzdi. Onların gözündə Nəsir (Teofob) imperatorun yaxın ailə üzvü ilə evli olması səbəbindən də Bizans taxt-tacına real təhlükə kimi görülməkdə idi. 842-ci yaxud bəzi tədqiqatçılara görə 840-cı ildə imperator Teofil xəstələndiyi zaman, paytaxt Konstantinopol və ətraf nahiyələrdə onun öldüyü barədə şaiyələr yayılmağa başlayır. Bu durumda Sinopda (indiki Türkiyənin şimalında, Qara dəniz sahilində yerləşir – C.B.) bir yerə toplaşan mühacir xürrəmilər üsyan qaldırır və Nəsiri (Teofobu) yeni imperator elan etməyə cəhd göstərirlər. C.Rosser bu üsyanın əslində Nəsirə qarşı köklənmiş saray əyanlarının işi olduğu, Nəsirlə hər hansı bir əlaqəsinin olmadığı və onun istəyindən kənar baş verdiyi qənaətindədir [8, s.269]. Tədqiqatçı Simon B. Cons isə Sinopdakı xürrəmi üsyanının Əncan döyüşündən dərhal sonra baş verdiyini, həmin savaşdan sağ çıxan xürrəmi döyüşçülərinin onları “döyüşdə tək qoyan imperatora qəzəblənərək” Sinopa doğru hərəkət etdiklərini və burda üsyan bayrağı qaldırıb Teofobu imperator elan etdiklərini yazır və əslində Əncan döyüşündə Bizans ordusunun baş sərkərdəsi Manuelin xürrəmi qüvvələrinə etibar etməmək barədə söylədiyi fikrin doğru olduğunu iddia edir [17]. Hər halda, Nəsir (Teofob) heç də onun xeyrinə olmayan bu vəziyyətdə tədbirli addım ataraq imperatorun yanına gedib ona öz sədaqətini bildirmiş, bundan sonra üsyan Bizans ordusu tərəfindən yatırılmışdır [12, s.442]. Müqavimət göstərib təslim olmaq istəməyən xürrəmilər öldürüldükdən sonra isə, sağ qalan xürrəmi döyüşçüləri bir daha bir yerdə toplanmasınlar deyə, onları hər biri iki min nəfərdən ibarət dəstələrə ayırmış və pərən-pərən salınaraq Bizans imperiyasının müxtəlif ərazilərində yerləşən qoşun bölmələrinə göndərmişlər [12, s.443; 17].

         Bu hadisələr zamanı, göründüyünə görə, Bizansdakı xürrəmilərin rəhbəri Teofob hər halda saraydakı nüfuzunu və mövqelərini qoruyub saxlaya bilmişdir. Hətta U.Tredqoldun fikrincə, Abbasilərlə aparılan danışıqlar zamanı öz sərkərdəsi Basillə xəlifəyə çoxlu sayda qızıl və qiymətli hədiyyələr göndərən imperator Teofil Abbasi hökmdarının əsirliyində olan sərkərdəsi Etiusun geri verilməsi müqabilində əsir saxlanılan ərəb döyüşçülərinin azad olunacağı vədini vermiş, xəlifə Mötəsimin elçiləri isə Abbasi xəlifəsinin Teofildən Bizans sərkərdələri Manuelin və Nəsirin xəlifəyə təhvil verilməsini tələb etdiyini bildirmişlər, həmin vaxt Nəsir (Teofob) Bizans sarayında olduğuna baxmayaraq, Bizans tərəfi Manuelin artıq öldüyünü, Nəsirin (Teofobun) isə üsyan qaldırdığını və Teofilə tabe olmadığını söyləməklə bu tələbi dolayısı ilə rədd etmişlər [13, s.304]. Nəticə etibarilə imperator Teofilin Nəsiri hətta əsir sərkərdə Etiusun həyatı bahasına xəlifəyə təhvil verməyib qoruması onun Teofoba hələ də inandığının sübutu sayıla bilər. Xəlifə Mötəsim isə, göründüyünə görə, tərəflər arasında baş tutmayan bu sövdələşmənin yekununda göndərilən hədiyyələri Basil vasitəsilə geri qaytarmış, ardınca isə əsir Bizans sərkərdəsi Etiusu edam etdirmişdir [13, s.304].

         Yeri gəlmişkən, U.K.Teylor öz əsərində xəlifənin nə üçün danışıqlarda Bizans tərəfindən Manuelin də onlara təhvil verilməsini tələb etməsinə aydınlıq gətirir, o qeyd edir ki, imperator Teofilin gözündən düşən Manuel Bizansdan qaçaraq xəlifənin yanına getmiş, ondan yüksək iltifat və hörmət görmüş, hətta xəlifədən əsir Bizans döyüşçülərindən ibarət qoşun yaradılıb, öz ixtiyarına verilməsini xahiş etmiş, bu qoşunla Xorasan üsyançılarının müqavimətini qıracağını söyləmişdi. Xəlifənin razılığını aldıqdan sonra Manuel həmin qoşunla Xorasan bölgəsindəki üsyanı yatırmış, buna görə xəlifədən böyük mükafat və imtiyazlar əldə etmişdi. Lakin imperator Teofil məktubla Manuelə yüksək mənsəb müqabilində Bizansa geri qayıtmağı təklif etdikdən sonra Manuel bu dəfə xəlifə Mötəsimə xəyanət edərək (U.Teylor xristian təəssübkeşliyindən çıxış edərək bunu “vətən sevgisi” kimi qələmə verir) Bizans sarayına dönmüş, imperator tərəfindən Bizans ordularının baş sərkərdəsi təyin olunmuşdu [10, s.254].

         Lakin Bizans qaynaqlarının yazdığına görə, Nəsir (Teofob) ilə imperatorun isti münasibətləri uzun sürməmişdir. 841-ci ilin sonlarında imperator Teofilin vəziyyəti daha da ağırlaşdıqda və o, bu xəstəlikdən ayağa qalxmayacağını başa düşdükdə imperatriçə Teodoranın qardaşı Petronasa taxta iddialı ola biləcək Nəsiri aradan götürməyi tapşırmışdır. Petronas tərəfindən Nəsirə (Teofoba) sarayda sui-qəsd təşkil olunmuş və o, öldürülərək başı xəstə imperatora göstərilmişdir. Avropa tədqiqatçıları, o cümlədən, U.Tredqold və E.Venetis Nəsirin öldürülməsinin əsas səbəbi kimi imperator Teofilin taxta çıxacaq övladının qalmadığını, buna görə də imperatriçənin qardaşı Petronasın oğlu III Mixailin taxta çıxarılmasının öncədən planlaşdırıldığını öz araşdırmalarında qeyd edirlər [12, s. 445; 13, s. 437; 14], hərçənd yunan tarixçiləri 2 yaşında ikən taxta çıxarılan III Mixaili məhz imperator Teofilin kiçik oğlu kimi təqdim etməyə çalışırlar. Bizans imperatoru Teofilin 842-ci il yanvar ayının 20-də 28 yaşında öldüyünü nəzərə alsaq, Nəsirin (Teofobun) sarayda sui-qəsdlə öldürülməsi hadisəsinin təxminən 841-ci ilin sonu – 842-ci ilin əvvəlində baş verdiyini söyləmək mümkündür. U.Tredqold Bizans qaynaqlarına istinadən, Nəsirin (Teofobun) 842-ci il yanvar ayının əvvəlində öldürüldüyünü bildirir [13, s.450] və ərəb mənbələrinin Nəsirin 841-ci ildə edam olunması barədə məlumatlarında yanlışlığın olduğunu yazır [13, s.451]. Simon B.Cons XI əsr yunan tarixçisi İohan Skilitzesə istinadən qeyd edir ki, Nəsirin (Teofobun) kəsik başı ölüm yatağında olan imperator Teofilin önünə qoyularkən, imperator başı əlində tutaraq ağlamış və “artıq nə sən Teofobsan (Allahdan qorxan), nə də mən Teofil (Allahın dostu)” demişdir [17]. U.K.Teylor da Teofobun qətlinə fərman verdiyinə görə imperatorun sonradan böyük sarsıntı keçirdiyini, peşman olduğunu və ölüm ayağında özünü suçlayıb, tövbə etməyə çalışdığını qeyd edir [10, s.255].

         Xürrəmilərin Bizansdakı fəaliyyətləri, Bizans sarayının onlara yönəlik siyasəti və baş verən hadisələrlə bağlı yunan tədqiqatçısı Denetrios Letsiosun “Teofil və onun “xürrəmi” siyasəti: bəzi təhlillər” adlı yazısında da oxşar məlumatlara rast gəlinir [4, s.249-271].

         Xürrəmiliyin şərqi Anadolu və kiçik Asiyanın digər bölgələrində yaşayan ələvi toplumuna təsiri məsələsi də tarix elmində bu günədək öz həllini tapmamış problemlərdən biri kimi qalmaqdadır. Məlumdur ki, bu gün ələvilik inancında olan insanların mütləq əksəriyyəti istər etnik soykökü, istərsə də dini inanc və əqidə baxımından Azərbaycan türklüyü ilə üzvi surətdə bağlıdır. Ələviliyin Anadoludakı tarixi ilə bağlı ədəbiyyatlardan aydın olur ki, VIII-X əsrlərdə şərqi Anadoluda və kiçik Asiyanın digər bölgələrində çoxlu sayda ələvi kütləsi yaşamışdır. Şərti olaraq “mədrəsə İslamı” kimi qeyd edə biləcəyimiz ortodoksal İslamdan fərqli olaraq, “xalq İslamına” mənsub olan ələvi toplumu İslamda peyğəmbərin əhli-beytinə mənsub olan üsul və qaydalara əsaslanan bir cəmiyyət kimi, xürrəmiliyin dini-məzhəbi dünyagörüşlərinə olduqca yaxındır. Xürrəmilik və ələviliyin yaşam tərzi normalarının və nəzəri-ideya əsaslarının müqayisəli təhlili göstərir ki, bir çox batini məzmunlu təriqətlər kimi, xürrəmiliyin nəzəri-ideya əsaslarında diqqəti cəlb edən tənasüx (ruhların qayıdışı), ricət (imamın qayıdışı), hülul, təcəlla və digər mühüm məqamlar ələvi toplumunda da eyni dərəcədə ciddi qəbul edilməkdədir. Xürrəmi toplumunda da, eynilə ələvilərdə olduğu kimi, qadınlı-kişili ayini-cəm rituallarının təşkil olunduğu, bu mərasimlərdə müxtəlif musiqi alətləri ilə zikrlərin edildiyi, həmçinin, xürrəmi və ələvi toplumlarında qadınların hüquqlarına eyni dərəcədə hörmət və ehtiram bəsləndiyi məlumdur. Bu mənada şərqi Anadoluda və vaxtilə Bizans imperiyasının əraziləri olmuş digər kiçik Asiya bölgələrində VIII-IX əsrlərdə xürrəmiliklə ələviliyin tarixi təmaslarının olması ehtimalları üzərində tarix elmində ciddi araşdırmaların aparılmasına ehtiyac vardır.

İstifadə olunmuş ədəbiyyat:

  1. Abdülkahir el-Bağdadi, “Mezhepler arasındaki farklar” (El-Fark Beynel-Fırak), Ankara, Türkiye Diyanet Vakfı Yayınları, 2005.
  2. Azərbaycan tarixi üzrə qaynaqlar (tərtibçi və redaktor: Süleyman Əliyarlı), Bakı, “Çıraq”, 2007.
  3. Bosworth, C.E., Azerbaijan IV, Islamic History to 1941 / Encyclopaedia Iranica /, ed. by Yarshater E., vol 3, fasc. 2-3, London, New-York: Routledge & Kegan Paul, 1987, pp.224-231.
  4. Letsios, Denetrios, “Theophilos and his ‘Khurramite’ Policy: Some Reconsiderations”, Graeco-Arabica, vol. 9-10, 2004, Athens.
  5. Madelung, Wilferd Ferdinand, “Khurramiyya”, Encyclopaedia of Islam, New Edition, vol. 5, 2nd ed., Leiden: E.J.Brill, 1986, pp. 63-65.
  6. Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar, Bakı, “Nurlan”, 2005.
  7. Rekaya, M., “Mise au point sur Théophobe et l’alliance de Bābek avec Théophile (233-234/839-840),” Byzantion 44, 1977, pp. 43-67.
  8. Rosser, J., “Theophilus’ Khurramite Policy and its Finale: The Revolt of Theophobus’ Persian Troops in 838”, Byzantina 6, 1974, pp. 263-271.
  9. Səid Nəfisi, “Azərbaycan qəhrəmanı Babək Xürrəmdin”, Bakı, “Örnək”, 1990.
  10.  Taylor, William Cookie, The history of the overthrow of the Roman Empire and the foundation of the principal European states, London, printed for Whittaker & Co, Ave Maria Lane, 1836.
  11.  Theophanes Continuatus, “Chronographia”, ed. I. Bekker, Corpus Scriptorum Historiae Byzantinae, Bonn, 1838.
  12.  Treadgold, Warren T., “A History of Byzantine State and Society”, California, Stanford University Press, 1997, 1019 p.
  13.  Treadgold, Warren T., “The Byzantine Revival: 780-842″, Stanford, 1988, pp. 282-83, 297-305, 312-25, 437.
  14.  Venetis, Evangelos, “Korramis in Byzantium”, Encyclopaedia Iranica Online, http://www.iranicaonline.org/articles/korramis-in-byzantium New York, Columbia University Center for Iranian Studies, 2005.
  15.  Ziya Bünyadov, “Azərbaycan VII-IX əsrlərdə”, Bakı, “Şərq-Qərb”, 2007.
  16.  https://en.wikipedia.org/wiki/Theophilos_(emperor)
  17.  https://www.goodreads.com/author_blog_posts/5251511-when-theophilus-met-theophobos

Müəllif: Milli Kimlik Araşdırmaları qrupunun üzvü, Ceyhun Bayramli.

Write A Comment