
XIX əsrdə Azərbaycanda yenidən güclənən Nəqşibəndilik hərəkatının tanınmış simalarından İsmayıl Siracəddin Şirvaninin oğlu Şirvanzadə Mehmet Rüşdi Paşa Osmanlı dövlətinin ən yüksək vəzifələrinə qədər yüksəlmişdi. İsmayıl Şirvani isə Kürdəmirdə doğulmuşdu.
Mehmet Rüşdi Paşa əvvəlcə Suriyada fəaliyyət göstərdi, daha sonra Şam valisi, daha sonra isə birləşdirilmiş Suriya vilayətinin ilk valilərindən biri oldu. Ardınca Osmanlı hökumətində maliyyə, daxili işlər, ədliyyə və dini işlər kimi mühüm vəzifələr tutdu.
⚔️ 1873-cü ildə isə Osmanlı imperiyasının sədrəzəmi oldu.
Onun siyasi fəaliyyəti kifayət qədər mübahisəli idi. 1873-cü ildə Misir valisi İsmayıl Paşaya geniş muxtariyyət verilməsi ilə bağlı fərmanın hazırlanmasında iştirak etdi. Bəzi tarixçilər onun bu prosesdə hədiyyə və rüşvət aldığı barədə iddialar irəli sürüblər.
Daha maraqlısı isə Qacar dövləti ilə bağlıdır. Şirvanzadə Mehmet Rüşdi Paşanın Osmanlı-Qacar anlaşmasının bəzi maddələrini Qacarların xeyrinə dəyişdirdiyi də iddia edilir.
Lakin onun siyasi karyerasının ən qalmaqallı səhifəsi Sultan Əbdüləzizlə bağlı idi.
İddialara görə, Mehmet Rüşdi Paşa Mithat Paşa, Mehmet Sadık Paşa və Hüseyn Avni Paşa kimi nüfuzlu şəxslərlə birlikdə Sultan Əbdüləzizi devirmək planında iştirak etmişdi. Nəticədə 1874-cü il fevralın 15-də sədrəzəmlikdən uzaqlaşdırıldı.
Daha sonra Hələb və Hicaz valiliyinə göndərildi. Hicaza gedərkən Taifdə xəstələnərək vəfat etdi və burada dəfn olundu.
Amma onun haqqında bütün mənbələr mənfi fikir bildirmir. Osmanlı dövrünün məşhur “Sicill-i Osmani” əsərində Şirvanzadə Mehmet Rüşdi Paşa belə təsvir edilir:
“Alim, fazil, həlim xasiyyətli, ağıllı, mərd, istiqanlı və mülayim…”