AXC hökumətinin 30 yanvar 1920-ci il tarixli qərarına əsasən dövlətimizin gerbi hazırlanmalı idi.

Müsabiqədə iştirak etmək istəyənlər hazırladıqları layihələri mayın 1-dək möhürlənmiş zərflərdə Xalq Maarif Nazirliyinin dəftərxanasına təqdim etməli idilər. Lakin həmin tarixdən bir neçə gün öncə cümhuriyyət süqut etdiyinə görə işi tamamlamaq mümkün olmamışdı.

Bu proses yalnız 73 il sonra tamamlandı. 1993-cü ildə AXC dövrünün gerb layihələri müzakirə olundu və knyaz Aleksandr Şervaşidzenin layihəsi Dövlət Gerbi kimi təsdiqləndi. Lakin həmin layihədə müəyyən dəyişikliklər də edildi: təsvirdə lent yığışdırılmış, tonqala bənzəyən alov ərəb dilindəki “Allah” sözünə oxşadılmışdı.

Gerbimizin müəllifi Aleksandr Şervaşidze abxaz əsilli knyazdır. O, Moskva, Kiyev və Parisdə rəssamlığın sirlərini öyrənmişdi. Milli Arxiv İdarəsinin əməkdaşı Rafiq Səfərov yazdığı məqalədə sübut edir ki, Şervaşidze 1919-cu ildə Bakıda yaşayıb. Bunu həmin dövrün məktubları da təsdiqləyir.

Xalq maarif naziri Nəsib bəy Yusifbəyli Bakı qubernatoruna məktub yazıb xahiş etmişdi ki, knyaz Şervaşidze mənzillə təmin olunsun. Çünki knyaz Azərbaycan Respublikasında İncəsənət İnstitutunun yaradılmasının layihəsi üzərində işləyirdi. Şervaşidze institutun direktoru vəzifəsinə dəvət edilmişdi.
Aleksandr Şervaşidze 1968-ci ildə, 100 yaşında Monakoda dünyasını dəyişib.

📚Ayaz İlyasov, “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt”

Write A Comment