AXC parlamentindəki fraksiyalardan biri də “Slavyan-Rus Cəmiyyəti” fraksiyası idi. Bu cəmiyyətin 5 deputatından biri də polkovnik Vladimir Ollenqren idi.

Ollenqren sonralar Slavyan-Rus Cəmiyyəti” fraksiyasından çıxıb Milli azlıqlar fraksiyasına keçmişdi. Bunun səbəbi bəlkə də, İsveç mənşəli olması onu həmin addımı atmağa vadar etmişdi.

Vladimir Ollenqren 1916-1917-ci illərdə, imperiyanın son illərində Bakı Şəhər İdarəsi rəisinin müavini vəzifəsində çalışmışdı. Lakin onun uşaqlığının bir hissəsi imperiyanın mərkəzində, Rusiya imperator ailəsində keçmişdi. Məsələ orasındadır ki, onun anası Aleksandra Petrovna Ollenqren şahzadə Nikolay Romanovun müəllimi idi.

Söhbət gələcəkdə Rusiya imperatoru olacaq II Nikolaydan gedir. 1876-cı ildə II Nikolayın 8, Vladimir Ollenqrenin isə 9 yaşı vardı. Məhz həmin vaxt onlar birgə təhsil almağa başlayırlar. Qaynaqlarda yazılanlardan belə anlaşılır ki, uşaqlar arasında bəzən dava-dalaş da düşürmüş. Hətta bir dəfə AXC-nin gələcək deputatı Vladimir Ollenqren Rusiyanın gələcək imperatorunu döymüşdü.

Nikolay bunun əvəzini çıxmaq planı qurur. O, buz meydançasına gedib orada kiçik çuxur qazır. Ollenqren buz üstündə sürü-şərkən həmin çuxura düşür. Lakin iki uşaq aralarındakı incikliklərə baxmayaraq dostlaşmışdılar.
Ollenqren II Nikolayla növbəti dəfə illər sonra 1916-cı ildə qarşılaşır. Həmin vaxt Ollenqren Sevastopol şəhərinin komendantı idi.

Sonuncu gün o, uşaqlıq dostu ilə görüşdü. İmperator uşaq ikən baş verən hadisələri xatırlamış, Ollenqren isə həmin hadisələrin üstündən uzun illər keçdiyini və heç nə xatırlamadığını bildirmişdi. Əslində isə, hər şey onun yadında idi. Yəqin ki, imperatorla aralarındakı dava-dalaşı dilə gətirməyə çəkinmişdi.

Maraq üçün deyim ki, Ollenqren AXC-nin süqutundan sonra Fransaya mühacirət etmişdi.

Ayaz İlyasov

Write A Comment