AXC-nin ilk daxili işlər naziri elə Baş nazirin özü olub. Söhbət Fətəli xan Xoyskidən gedir. Xoyskinin həmin vaxt artıq 42 yaşı vardı. Ondan sonra bu postu tutmuş Behbud xan Čavanşir isə 40 yaşında idi. Lakin sonuncu daxili işlər naziri nəinki adıçəkilən şəxslərdən cavan idi, o hətta AXC-nin ən gənc naziri sayılır. Söhbət Mustafa bəy Nadir ağa oğlu Vəkilovdan gedir. Mustafa bəy daxili işlər naziri postunu cəmi 23 yaşında tutmuşdu.

Çox gənc olmasına baxmayaraq, Mustafa bəyin belə mühüm vəzifəyə təyinatı təəccüblü deyil. Birincisi, ona görə ki, Cümhuriyyəti quranların əksəriyyəti gənclər idi. İkincisi, Vəkilov olduqca yaxşı təhsil almışdı. O da Fətəli xan kimi Moskva Universitetinin hüquq fakültəsini bitirmişdi.

Rəsulzadənin başçılığı ilə AXC-nin nümayəndə heyəti 1918-ci ilin iyununda İstanbula yollanarkən ekspert kimi məhz Mustafa bəy Vəkilov cəlb olunmuşdu. Bu etimad gənc istiqlalçının bacarıqlı kadr kimi AXC hökuməti üçün önəmini bir daha təsdiqləyir.

Mustafa bəy 1919-cu ilin əvvəlində Azərbaycana qayıtdıqdan sonra parlamentə deputat seçilir.

O, 1920-ci ilin fevralında daxili işlər naziri təyin olunmuşdu. Beləcə, AXC-nin son 2 ayında bu postu Mustafa bəy tutmuşdu.

Onun nazirliyi dövrü olduqca gərgin vaxta təsadüf etdi. Artıq 1920-ci ilin martında ermənilər Qarabağda separatçılıq fəaliyyətini yenidən gücləndirmişdilər.
Mustafa bəy Vəkilov daxili işlər naziri kimi bununla bağlı parlamentdə çıxış etmiş və hökumətin silahlı üsyana qarşı gördüyü tədbirlər barədə danışmışdı:

“… bu üsyan hərəkatı bir neçə aylardan bəri imiş ki, hazırlanırmış. Bu xüsusda böyük hazırlıqlar görülmüş, hücuma başlamaq üçün onların müəyyən bir siqnalı olmuşdur. Şuşa qalasının yaxınlığında bulunan “Şuşa” kəndində top atəşi vasitəsilə verilən bir siqnal üzərinə hər yerdən birdən bizim əsgərlərimizə hücum eyləmişlərdir”.

Mustafa bəy şəxsən Qarabağa getmiş, vəziyyətlə tanış olmuş və lazımi tədbirlər görmüşdü. Bunu parlament stenoqramlarından dəqiq bilirik.

Bolşevik işğalından sonra Vəkilov 45 il mühacirətdə yaşayıb. 1922-ci ildə Rəsulzadə Türkiyədə Müsavat Partiyasının Xarici Bürosunu yaratmışdı. Həmin bürodakı aparıcı 5 nəfərdən biri keçmiş daxili işlər naziri Mustafa bəy Vəkilov idi. Azərbaycan siyasi mühacirlərinin 1941-ci ilin sonunda Berlində təsis etdiyi Milli Azərbaycan Komitəsində də Mustafa bəy təmsil olunurdu.

AXC-nin ən gənc naziri Mustafa bəy Vəkilov 1965-ci ildə, 69 yaşında Ankarada vəfat edib. O da Rəsulzadə kimi Cəbəci Əsri qəbiristanlığında torpağa tapşırılıb. Qəbrinin üstündə “Azerbaycan Milli Hükümeti Dahiliye Vekillerinden Mustafa Vekiloğlu” yazılıb.

📚Ayaz İlyasov, “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt”

Write A Comment