– Qızılbaşlar qonaqpərvər insanlardır, xidmət etməkdən yorulmazlar

Bu gün Mərvi Qızılbaşları və Əhli-beyt/Cəfəri İslamı tarixində böyük səs etmiş Mirzə Yaqub Əli xan Qızılbaş haqqında maraqlı faktları qeyd edəcəyik.

«Bu gün Mərvi adı ilə bilinən bu Qızılbaşlar vaxtilə Böyük Şah Abbasın Mərv şəhərini Şeybanilərin işğalından azad etməsindən sonra Səfəvi şahının Gəncə-Qarabağ ərazisindən Mərv şəhərinə köçürdüyü Qacar və Əfşarların nəslindən gəlməkdədirlər. 1738-ci ildə Mərvi Qızılbaşları Nadir Şah Əfşar ilə birlikdə Hindistan səfərində iştirak etdilər və Əfqanıstanda hakim vəzifələrinə təyin olunaraq məskən saldılar.

Günümüzdə Əfqanıstan və Pakistan ərazisində yaşayırlar.

19-cu əsrdə Əfqan-Barakzay sülaləsinin hökmdarları Həzara və Qızılbaşlara Şiə məzhəbindən olduqları üçün qətliam və zülm etdilər. Əfqan hökmdarları tərəfindən edilən qətliamlar nəticəsində Mərvi Qızılbaşları Əfqanıstanı tərk etmək məcburiyyətində qalaraq Pəncab diyarına sığındılar.

Məşhur Şiə alimi Seyid Məhəmməd Musəvi Şirazi “Pişəvər gecələri” (1.cild, səhifə 140) kitabında Mərvi Qızılbaşlarına edilən zülmü belə qeyd edir;

«Hindistanda, xüsusilə də Pəncabdakı qeyrətli Qızılbaşlar, əfqanlıların etdikləri zülmün aşkar bir nümunəsidir. Onlar [Qızılbaşlar] edilən zülmlərə görə öz vətənlərini tərk etmək məcburiyyətində qalıb, Pəncaba qaçmış və orada yerləşmişlər. Tarixçilər bu hadisələrin hamısını yazmış, bu haqda hökm çıxartmağı gələcək nəsillər ixtiyarına buraxmışdılar.”

Mirzə Yaqub Əli xan Qızılbaş adına “Pişəvər gecələri” kitabında rast gəlirik. Alim Məhəmməd Musəvi Şirazi Mərvi Qızılbaşlardan böyük hörmət-izzət ilə bəhs edir və onları qeyrətli mömin insanlar adlandırır. Alim kitabında bu ailədən bucür bəhs edir;

“Hindistanın Qızılbaş ailəsinin məşhur sərdarları Pəncabda oturmuşdu. Bunlar Hicri-qəməri tarixi ilə 1339-1340-ci illərdə Kərbəla, Kazimeyi və Bağdadda hakimiyyət qurmuşdular. Bunlar Siyalkut şəhərindəki Qızılbaş ailəsinin şərəfli, məşhur və mömin insanlarındandır. Bundan əlavə, o şəhərin Ədliyyə idarəsinin rəisi idilər və bütün xalqın onlara (Qızılbaşlara) qarşı xüsusi ehtiramları var idi.» [1. Cild, səhifə 14, 15]

Qeyd edəkki, “Pişəvər gecələri” kitabı Şiə-Sünni alimlərinin dialoqlarından bəhs edən kitabdır. Pəncab Qızılbaşları və şiələri bir sıra İslami mövzulara aydınlıq gətirmək üçün Şiə-Sünni Alimlərin müzakirə görüşünü təşkil etdilər.

Şiə-Sünni alimlərin görüşünü Mirzə Yaqub Əli xan Qızılbaş təşkil edir və müzakirələrdə onun evində keçirilir.

Alim Məhəmməd Musəvi Şirazi kitabında [1. Cild, səhifə 15] bu hadisəni belə qeyd edir;

“…ardı-arası kəsilməyən dəvət məktubları gəlirdi. Eyni zamanda, Hindistanın Pəncab şəhərində şiənin böyük şəxsiyyətlərindən olan Qızılbaş qardaşlar (Yaqub Əli Xan, Zülfüqar Əli Xan, Ədalət Əli Xan Qızılbaş) və oradakı möminlər tərəfindən Pişəvər şəhərinə ki, Əfqanıstanla Pəncab arasında axırıncı sərhəd şəhəridir, dəvət edildim. Məhəmməd Sərvər Xanın israrıyla bu dəvəti qəbul edib, rəcəb ayının 14-ü o şəhərə doğru hərəkət etdim.

Pişavərin böyük şəxsiyyətlərindən və sakini olduğum evin sahibi olan Mirzə Yaqub Əli xan Qızılbaşın evi kifayət qədər geniş və böyük bir camaata ziyafət vermək üçün hər cür imkana malik olduğundan, münazirə (alimlərin müzakirə) məclisləri orada (Qızılbaş rəisinin evində) təsis edildi.”

Alim Məhəmməd Musəvi, Qızılbaş ailəsinin qonaqpərvərliyi haqqında kitabında (2. Cild, səhifə 75, 76) qeyd edir.

Mən dedim: “Sadəcə ev sahibi Mirzə Yaqub Əli Xana çox zəhmət verdiyimizə görə utanıram”.

Möhtərəm Qızılbaş şəxsiyyətlərindən olan Mirzə Yaqub Əli Xan, Zülfüqar Əli Xan, Ədalət Əli Xan qardaşlarının hamısı birdən yüksək səslə dedilər: «Biz sizdən belə sözləri bəyan edəcəyinizi gözləmirdik. Biz ev sahibi deyilik, hətta siz ömrünüzün sonuna qədər də burada qalsanız, bizim üçün zəhmət deyil. Biz burada

sizlərə xidmətçiyik, sizin vücudunuz iftixarımızdır».

Məclisdə iştirak edən alimlərdən olan Hafiz Məhəmməd Rəşid də buyurdu ki, “Ev sahiblərinə (Qızılbaşlara) çox zəhmət oldu. Ən yaxşısı, bundan sonra toplantının yeri bizdə olsun”

Mirzə Yaqub Əli Xan cavab verdi: “Ev baxımından və Qızılbaş camaatı tərəfindən heç bir çətinlik yoxdur. Hafiz qardaş buralara təzə gəldiyi üçün bizi yaxşı tanımaya bilər. Amma xalq bizi çox yaxşı tanıyır. Qızılbaşlar qonaqpərvər insanlardır, xidmət etməkdən yorulmazlar.

Mirzə Yaqub Əli xan Qızılbaşın fotoşəkilini və şəcərəsini bizimlə bölüşdüyü üçün, onun nəslindən olan nəticəsi Ağa Ramiz Həsən Qızılbaşa xüsusi təşəkkür edirəm. Sağ olsun onun sayəsində bir çox dəyərli məlumatlar əldə etdik. Allah Qızılbaşları qorusun və ucaltsın. Amin!

Vahid İbayev

Write A Comment