Bu gün Kəlbəcər rayonunun işğaldan azad edildiyi gündür. 2020-ci il 10 noyabr atəşkəs sazişinə əsasən erməni qüvvələri 25 noyabr 2020-ci ildə (əslində isə 15-də çıxmalı idilər, uzatdılar) ermənilər Kəlbəcəri birdəfəlik tərk edərək bu qədim və gözəl torpaqları həqiqi sahiblərinə qaytarıblar.

Əlbəttə, ermənilər bunu könüllü və rahatlıqla etmədilər. 44 günlük müharibə zamanı 3 mindən çox Azərbaycan əsgərinin şəhadəti və minlərlə yaralı torpaqların geri qaytarılması yolunda verilən qurbandır. Əlbəttə ki, döyüşlərdə məğlubiyyətin acısını yaşamasaydı ermənilər bu torpaqları heç zaman xoşluqla qaytarmayacaqdılar.

Kəlbəcər Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Təsadüfi deyil ki, Qafqaz Albaniyasına aid tarixi-mədəni abidələrin əksəriyyəti bu rayonda salamat qalıb.

Kəlbəcər rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 3050 km2, əhalisi 94,7 min nəfər (1 yanvar, 2021-ci il). Mərkəzi Kəlbəcər şəhəridir.

Rayon 2 aprel 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal edilərkən 53.340 nəfər əhalisi olub. Rayon mərkəzi və 128 kənddən ibarətdir.

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən İslamın yayıldığı dövrlərdə yaradılıb.

Kəlbəcərdə “Türk qəbiristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və.b kəndlərin ərazisindədir. Qəbiristanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.

Kəlbəcər adının etimologiyası ilə bağlı 3 əsas versiya var.

Bunlardan birincisi, Kəlbəcər sözünün qədim türk dilindəki “Kevliçer” oykonimindən (yaşayış yeri adından) gəlməsi barədədir. Belə ki, burada “kevli” sözü “çayın üstü”, “çer” isə “qala” mənasını verir, yəni bu ad “çayın üstündə qala” deməkdir.

İkinci versiyaya əsasən Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaraların mövcudluğuna əsaslanaraq oykonimin “kevil” (farsca “mağara”) və “cər” (qədim türk dilində “yarğan”) sözlərindən yaranıb. Bu versiyaya görə, adın mənası “mağaralı yarğan” kimi tərcümə olunur.

Üçüncü versiyaya əsasən qədim “kevli” sözü “çayın üstü” deyil, “çayın mənsəbi” mənasını daşıyır. “Car” (yaxud “cər”) sözü isə “dərə”, “yarğan”, “əks tərəf” deməkdir.

Hər üçü versiya göründüyü kimi, bir-birinə yaxındır və ərazinin coğrafi quruluşuna istinad edir. Kəlbəcər füsunkar təbiəti, uca dağları və coşqun çayları olan bir bölgədir. Burada həm də çoxlu sayda qədim qala-istehkamlar var. Müxtəlif tarixi dövrlərə aid olan bu qalalar Kəlbəcərin zəngin tarixinin daş yaddaşlarıdır.

Kəlbəcər ərazisində 3500-dən artıq “Qaya təsvirləri” qeydə alınıb. Qeyd edək ki, Azərbaycan çar Rusiyası tərəfində işğal edildikdən sonra müsəlman abidələrinin əksəriyyəti məhv edilib.

1993-cü ildə Kəlbəcər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərkən rayon ərazisində 4 məscid salamat qalıb.

Ancaq Alban-xristianlıq dövrünə aid abidələr nisbətən daha yaxşı qorunduğu üçün hazırda Kəlbəcər alban dövrü abidələrinin ən çox qorunub saxlanıldığı ərazilərdən biridir.

Əlbəttə, onu da qeyd etmək lazımdır ki, ermənilər bu abidələrə də iddia edir. 1836-cı ildə Alban katolikosluğu Rusiya çarı tərəfindən ləğv edildikdən sonra xristian alban abidələrinin əksəriyyəti bölgəyə köçürülmüş ermənilər tərəfindən qriqoryanlaşdırılıb.

Kəlbəcərdə hazırda mövcud olan tarixi-dini abidələr

Kəlbəcər ərazisində 3500-dən çox qayaüstü təsvir və 139 maddi mədəniyyət abidəsi vardır. Bunlar: 1 mağara, 21 xristian məbədi, 4 məscid, 11 kilsə, 1 muzey, 73 qəbirüstü at və qoç daş fiqurları, 2 daş körpü, 8 ziyarətgah.

Zar mağarası- Paleolit dövrü- 1993-cü ildə erməni işğalından sonra müəyyən hissəsi dağıdılıb.

İlk yaşayış məskəni: İstisu qəsəbəsi yaxınlığında erkən və orta tunc dövrünə aid yaşayış məskəni.

Qaya təsvirləri: 3500-dən artıq Qaya təsvirləri- “Ağ çay “, “Ayı çınqılı”, “Pəri çınqılı”“Gəlin Qayası”, “Soltan Heydər”, “Turşsu”, “Sərçəlidağ”, “Qurbağalı çay”, “Zalxa ğölü”, “Dəvəğözü dağı”

Qədim xristianlıq abidələri

Kəlbəcər rayonu ərazisində, Tərtər çayının sol sahilində yerləşən, xalq arasında “Xotavəng” və ya “Xudavəng”, yəni “Tanrı məbədi” adlandırılan monastır kompleksi Qafqaz Albaniyası dağıldıqdan sonra (IX əsrdə) Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olmuşdur. Kompleksdə alban yepiskopunun iqamətgahı olmuş və dini maarif mərkəzi fəaliyyət göstərmişdir.

Arxeoloji tədqiqatların nəticələri göstərir ki, monastırın əsası VI-VII əsrlərdə qoyulmuşdur. Mehranilər sülaləsindən olan Xaçın knyazı Həsən Cəlalın oğlu Vaxtanq kompleksin ərazisində geniş tikinti işləri aparmış, Arzu xatun isə 1214-cü ildə əri Vaxtanqın və iki oğlunun xatirəsinə kompleksdə kilsə tikdirmişdir. Kilsənin şərq fasadında daş üzərində knyaz Vaxtanqın, cənub fasadında isə Arzu xatunun iki oğlunun təsvirləri həkk olunmuşdur.

Alban knyazı tərəfindən inşa edilmiş baş kilsə memarlıq xüsusiyyətlərinə görə erməni və gürcü xalqlarının kilsələrindən fərqlənir.

Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Qandzasar (Gəncəsər) monastırı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastırın divarında daş üzərindəki epiqrafik yazıda bildirilir: “Yüksək və böyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir”.

Albaniyada I əsrin ortalarında hakimiyyətə gəlmiş çar I Vaçaqanın nəslindən olan Arşakilər sülaləsinin hökmdarları “arşax”, VI əsrdən VIII əsrin əvvəlinədək hakimiyyətdə olmuş Mehranilər sülaləsinin hökmdarları isə “aranşax” adlandırılmışlar. 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlal Dövləni oğlu knyaz Atabəy Qandsazar monastırında dəfn etmişdir. Bu monastır 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya Sinodunun (ölkənin ruhani idarəsi) rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək, diofizit (Həzrət İsanın (ə) həm bəşəri, həm də ilahi sifətə malik olmasına inanmaq) alban xristianlarının iqamətgahı olmuşdur.

Həsən Cəlalın nəslindən olan bir çox alban din xadimi bu monastır kompleksinin ərazisində dəfn edilmişdir. Hündür qala divarları ilə əhatə olunmuş Qandzasar kompleksinə alban xristian memarlığı üslubunda inşa edilmiş baş kilsə, ona bitişik dörd maili dam örtüyündə yüksələn monastır binası və qala divarlarına içəri tərəfdən hörülmüş tikililər daxildir.

Monastır kompleksinin memarlıq üslubu, heykəltəraşlıq nümunələri və diofizit xarakterli elementlər bu abidənin çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir. Uzun müddət yerli xristianların iqamətgahı olmuş monastır dinin baş xəzinəsi mənasında Gəncəsər adlanmışdır.

Kəlbəcərin tarixi-dini abidələri

Alban məbədi (500-cü il) – Həsənriz kəndi

Alban məbədi (1283-cü il) – Həsənriz kəndi

Alban məbədi (V-IX əsrlər) – Vəng kəndi

Alban kilsəsi (V-VII əsrlər) – Çərəkdar kəndi

Alban məbədi (614-cü il) – Kolataq kəndi

Müqəddəs Yaqub kilsəsi (635-ci il) – Kolataq kəndi

Alban məbədi (672-ci il) – Qocaqot kəndi

Alban məbədi (698-ci il) – Qocaqot kəndi

Alban məbədi (713-cü il) – Dəstəgir kəndi

Kilsə (1668-ci il) – Dovşanlı kəndi

Kilsə (XVII əsr) – Dəvədaşı (Poqosoqomer) kəndi

Qırmızı məbəd (XVII əsr) – Qozlu kəndi

Alban məbədi (X əsr) – Çormanlı (Qarnakar) kəndi

Alban kilsəsi (XI əsr) – Çormanlı (Qarnakar) kəndi

Kilsə (1883-cü il) – Maxrataq kəndi

Məbəd (1881-ci il) – Maxrataq kəndi

Məbəd – Maxrataq kəndi

Məbəd – Şaplar kəndi

Məbəd – Şaplar kəndi

Məbəd (XIII əsr)– Vəngli kəndi

Məbəd – Kiçan kəndi

Məbəd (1251-ci il)– Smakaok kəndi

Alban məbədi (XII əsr) – Çıldıran kəndi

Qırmızı məbəd (XIII əsr) – Çıldıran kəndi

“Xatırvank” məbədi (1204-cü il) – Qozlu kəndi

Məscid (XVIII-XIX əsrlər) – Başlıbel kəndi

Məscid (XIX əsr) – Otaqlı kəndi

Ziyarətgahları

Qoç daşlar piri – Əsir kəndi yaxınlığında

Seyid Əsədullahın ziyarətgahı (XIX əsr) – Söyüdlü yaylağı

Seyid Bağır ağanın ocağı – Başlıbel kəndi

Seyid Əliabbas ağa ziyarətgahı – Başlıbel kəndi

Seyid Əhməd ağa ocağı

Tarixi memarlıq abidələri

Dovşanlı nekropolu (Son Tunc, İlk Dəmir dövrü) – Araçadzor kəndi

Daş qoç fiqurları – ərəb yazısı ilə (XIX əsr) – Zar kəndi

Daş qoç fiqurları – ərəb yazısı ilə (XIX əsr) – Zar kəndi

Daş qoç fiqurları – ərəb yazısı ilə (XIX əsr) – Zar kəndi

Daş qoç fiqurları – ərəb yazısı ilə (XIX əsr) – Zar kəndi

Daş at fiquru – Zəylik kəndi

Celabert qalası – Qasapet kəndi

Lök qalası (VII-VIII əsrlər) – Qanlıkənd kəndi

Uluxan qalası (VII-IX əsrlər) – Qaracanlı kəndi

Qalaboynu qalası (VIII-IX əsrlər) – Qalaboynu kəndi

Comərd qalası (VIII-IX əsrlər) – Comərd kəndi

Keşikçi qalası (VIII-IX əsrlər) – Qamışlı kəndi

Urud abidələrinin xronoloji sayı (1478-1610) – Zar, Zeylik, Keşdək kəndləri

Tağlı daş körpü (XIX əsr) – Soyuqbulaq kəndi

Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Kənan Rövşənoğlu

Write A Comment