1920-ci il aprelin 28-də XI qırmızı ordu Azərbaycanı istila etdi. Bununla da Şərqin ilk demokratik dövləti – Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı.

Lakin Azərbaycan xalqı müstəqilliyinin itirilməsi ilə barışmaq istəmirdi. İşğaldan cəmi bir neçə həftə sonra ölkəni silahlı üsyan dalğası bürüdü. Ən böyük üsyan 1920-ci il may ayının 24-də Azərbaycanın ikinci böyük şəhəri qədim Gəncədə baş verdi.

Bu yazımız Gəncə epopeyasının bir günü – 29 may tarixi barəsindədir.

Üsyanın ilk dörd günü ərzində gəncəlilər şəhəri düşməndən təmizləyib onun bütün həmlələrini dəf etdilər. Şiddətli döyüşlərdə ağır itkilər vermiş ruslar Gəncəni almaq üçün yeni hücum planı hazırladılar.

Həmin plana əsasən, 2-ci süvari korpusunun 18-ci süvari diviziyası cənubdan, Taman süvari briqadası qərbdən, 20-ci Penza atıcı diviziyasının 178-ci və 179-cu atıcı alayları şimaldan, 180-ci atıcı alayı və daşnak dəstələri isə şərqdən şəhərə daxil olmalı idilər.

Əməliyyata təxminən 20.000–25.000 döyüşçü cəlb edilmişdi. Müqayisə üçün qeyd edək ki, o dövrdə Gəncə əhalisinin ümumi sayı 60.000 nəfərdən çox deyildi.

Haşiyə. Qırmızı ordunun 1920-ci ildəki ştat cədvəlinə əsasən, bir atıcı alayı 3.687 döyüşçüdən, bir süvari alayı isə 1.152 döyüşçüdən ibarət idi. Bir süvari briqadasında iki alay və 2.603 döyüşçü, bir süvari diviziyasında isə əsasən altı alay və 8.346 döyüşçü olurdu. Onu da vurğulamalıyıq ki, bolşeviklərin Azərbaycandakı hərbi hissələri məhz ştat cədvəlinə uyğun komplektləşdirilmişdi.

Mayın 29-da səhər saat 7-dən 9-dək davam etmiş güclü artilleriya hazırlığından sonra rus ordusu hücuma keçdi. Saat 13-də 178-ci və 179-cu atıcı alayları, eləcə də qırmızıların dəmiryol taboru şəhərin ucqar məhəllərinə daxil oldular. Lakin onlar burada şiddətli müqavimətlə qarşılaşdılar. Qanlı küçə döyüşləri başladı.

Mücahidlər evlərin pəncərə və damlarından, tinlərdən atəş açaraq düşməni tələfata uğradır, onun sıralarında vahimə yaradırdılar. Hər bir evi hücumla almağa məcbur olan bolşeviklərin qüvvəsi tükənirdi.

Mücahidlər təzyiqi gücləndirdilər. 178-ci alayın sol cinahını qoruyan dəmiryol taboru gəncəlilərin qurduğu pusquya düşdü. Bir neçə pulemyotun çarpaz atəşi taborun döyüşçülərini biçib-tökməyə başladı. Sağ qalmış qırmızılar döyüş meydanını tərk edib qaçdılar. Bununla da 178-ci alayın sol cinahı açıldı. Azərbaycanlılar dərhal həmin istiqamətdən alaya güclü zərbə endirdilər. Ağır itkilər verən bolşeviklər mühasirəyə düşəcəklərini anlayıb qaçmağa başladılar.

Gəncəçay üzərindəki körpünü tutmağa çalışan 180-ci alay və erməni daşnakları pulemyotların çarpaz atəşi altına düşərək böyük itkilər verdilər və hücumu dayandırdılar. Sonra işğalçılar aramsız yağışlar nəticəsində səviyyəsi qalxmış çayı üzərək keçmək istədilər. Lakin gəncəlilər tüfəng və pulemyot atəşləri ilə qırmızıları suda və sahildə məhv etdilər.

Şəhərin cənubundakı və qərbindəki bağlarda mövqe tutmuş mücahidlər isə 18-ci diviziyanın süvarilərini yaxına buraxıb onları güclü yaylım atəşi və əks-hücumla qarşıladılar. Üsyançılar bu istiqamətdə çoxlu pulemyot yerləşdirmişdilər. Düşmən ağır tələfata məruz qaldı. Qanına qəltan edilmiş 18-ci süvari diviziyasının salamat qalmış döyüşçüləri geri çəkildilər.

Bolşeviklərin bütün istiqamətlərdə hücumlarını dəf edən mücahidlər dəmiryol stansiyası və erməni məhəlləsi üzərinə hücuma keçdilər.

Dəmiryol stansiyasının azad edilməsi düşmənin təchizat sistemini poza bilərdi. Lakin üsyançıların komandanlığı canlı qüvvənin məhdud olduğunu nəzərə alaraq artıq itkilərə yol verməmək üçün həmləni dayandırdı.

XI ordu qərargahının məlumatına əsasən, mayın 29-da, eləcə də sonrakı iki gün ərzində üsyançılar bolşeviklərin mövqelərini güclü artilleriya atəşinə tutub onları çox ağır tələfata uğratmışdılar. Gəncəlilərin artilleriyası həm də ona görə belə effektli fəaliyyət göstərirdi ki, onların topçularına təcrübəli rus artilleriyaçısı polkovnik Nikolayev rəhbərlik edirdi.

Bu döyüşlərdə canlı qüvvə, eləcə də silah-sursat və texnika sarıdan xeyli üstün olan qırmızı ordunun hücumlarının iflasa uğraması, Azərbaycanın digər bölgələrində silahlı üsyanların başlanması barədə xəbərlər mücahidlərdə qələbəyə inam hissi yaratmışdı. Bunu polkovnik Cahangir bəy Kazımbəyovun 30 may 1920-ci il tarixli əmrinin məzmunundan da görmək olur:

“Bütün müəssisələr açılsın, adamlar öz vəzifələrinin icasına başlasınlar.
Gəncənin qubernatoru vəzifəsinə İsrafilbəyov təyin olunur. O, dərhal vəzifəsinin icrasına başlasın. İnzibati vəzifələrə xalqın etimad bəslədiyi şəxsləri təyin etmək yolu ilə quberniyada asayiş bərpa edilsin.
Şəhərin polismeysteri sahə pristavlarını və şəhər polisinin əməkdaşları xidmətə çağırmaqla şəhərdə qayda-qanun yaratsın.
Polismeysterə tövsiyyə edirəm ki, fərdi ticarət köşklərini və xırdavat dükanlarını açdırsın.
Qarətlərdə, casusluqda və təxribatçı şayiələrin yayılmasına ifşa olunmuş bütün şəxslər Dəstə rəisinin hökmü ilə dərhal güllələnsin. Bütün zabit və əsgərlər elə bu gün kazarmalarına qayıtsınlar.
Bolşeviklərdən müsadirə olunmuş, xəzinədarlıqda saxlanılan pulun mövcudluğunun yoxlanılması məqsədilə Adil bəy Zülqədərovun rəhbərliyi altında Hidayət Niyazovdan və Nağı bəy Xasməmmədovdan ibarət komissiya təyin edirəm.
Komissiya mayın 30-da işə başlasın və nəticələrini mənə məruzə eləsin.”

P.S. Gəncə üsyanının bir günü də belə başa çatdı. Azərbaycan tarixinin həm faciəli, həm də şanlı səhifəsi olacaq daha yeddi gün isə hələ qabaqda idi.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Write A Comment