“O dövrün Təbriz miniatürlərində başında qırmızı papaq olan insanlara rast gəlinmir.”

İstənilən ideologiyanın geniş təbəqələrin beyninə və ruhuna oturuşması üçün zahiri estetik atributların çox böyük əhəmiyyəti var.
Çünki hər belə zahiri detal ideya daşıyıcısının identifikasiyası üçün önəmlidir…
Məhz bu baxımdan, qızılbaş məfhumunun da zahiri estetikasına məncə diqqət yetirmək olduqca vacibdir.
Lap yuxarıdan başlayaq. Bütün tarixi kitablarda qeyd olunur ki, Səfəvi əsqərləri başlarına on iki dilimli qırmızı papaq qoyduqlarına görə Qızılbaş adlanırdılar.

Bir detalı da qeyd edim ki, elə sovet dövrünə qədər «Qızıl» sözü metal adı yox, qırmızı rəngin adıydı… Əgər diqqət versək, Qızıl ordu, Qızıl meydan ifadələri, əslində Qırmızı ordu, Qırmızı meydan mənasını kəsb edirdi.
İndiki qızıl isə, o vaxtlar altun sözü ilə ifadə edilirdi. Qızılbaş kəlməsi də, indiki anlamda Qırmızıbaş kimi başa düşülməlidir. Fars dilində də onlara «Sorxsər» (qırmızıbaş) deyirlər.
Amma burda bir məsələ var. O dövrün Təbriz miniatürlərində başında qırmızı papaq olan insanlara rast gəlinmir.
Bütün döyüşçülərin, sərkərdələrin başlarında ağ parçadan əmmamə var. Yalnız bu əmmamənin ortasında qırmızı rəngli şiş uc görünür. Belə təxmin edirəm ki, qılıbaşlar əvvəlcə başlarına şiş uclu, qırmızı börk (sərpuş) qoyar, sonra onu ağ tirmə ilə on iki dəfə dolayardılar.

On iki rəqəmini tarixilər həm on iki imamın rəmzi kimi, həm də ilin on iki ayı və başqa mifik detalların simvolu kimi qeyd edirdilər. (Misalçün, İsa peyğəmbərin on iki şagirdinin olmağı, Musa peyğəmbərin dəryanı bir əsas zərbəsiylə aralayarkən, on iki keçidin açılması və sair.)
Papaq yuxarı qalxdıqca nazikləşirdi və nəhayət ağ tirmə bitirdi, börkün qırmızı şiş ucu isə təxminən bir qarışa qədər yuxarı çıxırdı ki, bunu da Qızılbaş əqidəsinin səmalara – Həqqə doğru istiqamətlənməsinin rəmzi hesab edirdilər.

Bu zahiri forma, Qızılbaş papaqlarını əvvəlki əmmamələrdən, çalmalardan xeyli dərəcədə fərqləndirirdi.
Üstəlik bir çox hallarda, Qızılbaşlar tirmənin arasına tovuz quşunun əlvan lələklərindən taxırdılar ki, bu da külaha xüsusi estetik yaraşıq verirdi.
Bəzi mənbələrdə qeyd olunur ki, qızılbaş qorçuları döyüşə çıxarkən, külahın üstünə dolanmış ağ tirməni açır, dəbilqəyə bənzər qırmızı börkdə qalırdılar ki, bu da onlara vahiməli görkəm verirdi.
Qızılbaş papaqları ilk baxışdan, hələ açılmamış ağ qızılgül qönçəsini xatırladırdı. Bunun özünün də bəlkə bir rəmzi mənası var.

Səfəvi ideologiyası da bir qönçə idi ki, Şah İsmayılın vaxtında açılaraq, bütün şərqi öz gözəlliyinə valeh edən “Səfəvi mədəniyyəti” adlı bir qızılgülə çevrildi.

İlqar Fəhmi

Write A Comment