Atabəy Eldənizin arxasındakı ən böyük güc, şübhəsiz, onun həyat yoldaşı Möminə xatun idi. Möminə xatun sarayda və dövlət idarəçiliyində yüksək statusa malik idi, bir növ, qadın «sultan» hesab edilirdi. O həm birinci əri Il Toğrul bəy zamanında, həm də oğlu Arslanşah dövründə Səlcuqlu sarayının və hərəminin sultanı olmuşdur.

Tarixi qaynaqlar Möminə xatundan olduqca mötəbər bir xanım kimi söz açırlar. Mənbələr onu yüksək dəyər sahibi olaraq qələmə verir, məsələn, tarixçi Ravəndiyə görə, Möminə xatun «dindar və xeyrxah» biri idi.
Mənbələrdə rast gəldiyimiz bəzi məqamlar bu qadının güclü diplomatik bacarığa sahib olduğunu, siyasi hadisələrə istiqamət verdiyini, siyasi ixtilafları, xüsusilə də əri ilə sultan olan oğlu arasında intriqalara məhəl vermədiyini və bir vasitəçi kimi bu cür ixtilaflara anında müdaxilə elədiyini, yoluna qoyduğunu deməyə imkan verir. Bununla belə, o heç vaxt hadisələrin ön planında olmağa can atmırdı.

Möminə xatunun ən böyük missiyası isə xeyriyyəçilik fəaliyyətləri idi. O, çoxlu sayda mədrəsə, ibadətgah, bina inşa etdirmiş, bunları xalqın və alimlərin xidmətinə vermişdir.
Möminə xatunun qadın «sultan» kimi başqa bir xüsusiyyəti isə hərbi səfərlər ərəfəsində bütün hazırlıqlara şəxsən nəzarət etməsi idi. Ordunun keçdiyi yolda qərargahların qurulmasına, burada yataq, kilim, xalça, ədyal, qida və «şərabxana»ların vaxtında təşkil edilməsi ilə bilavasitə özü maraqlanırdı.

Çox güclü xarakterə və qərarlı kimliyə sahib olan Möminə xatun həyat yoldaşı Eldənizin həm siyasi, həm mənəvi dəstəkçisi, eyni zamanda ən yaxın məsləhətçisi idi. Atabəyin Azərbaycan hakimiyyəti illərində etdiyi bəzi siyasi yanlışlıqları Möminə xatun özünün diplomatik səyləri ilə yoluna qoymuşdur.
Bu səhvlər arasında ən mühümü Eldənizin Aran Atabəyi Xasbəyin öldürülməsi zamanı İraq sultanı Məhəmmədə qarşı üsyankar fəaliy yətidir. Məhz Möminə xatunun səyləri sayəsində atabəy sultan Məhəmmədlə barışmışdı. Eldənizin bu məqsədlə sultana yazdığı məktubun üslubunda həyat yoldaşının diplomatik dəsti-xətti aydın hiss edilir.

Onu da demək lazımdır ki, Möminə xatun həyatını ancaq sarayda keçirməyib. Bir çox hərbi səfərlərdə iştirak edib. Qaynaqlar Möminə xatunun at minməkdə,qılınc tutmaqda kifayət qədər mahir olmasından bəhs edirlər.

Möminə xatun vaxtının çoxunu Naxçıvanda, bəzən isə Həmədan və Təbrizdə keçirmişdir. Naxçıvanda xatirəsinə ucaldılan Möminə xatun məqbərəsi vəfatından sonra oğlu Cahan Pəhləvan tərəfindən tikilmişdir. Bu məqbərə Səlcuqlu dövrünün ən gözəl memarlıq abidəsi sayılır. Onun özü isə Həmədanda tikdirdiyi mədrəsədə əri ilə yanaşı dəfn olunub.

Əkbər N.Nəcəf “Şəmsəddin Eldəniz” əsəri

Write A Comment