Atasının yolunu layiqincə davam etdirən, saray çəkişmələrinə son qoyan, Osmanlı ilə münasibətləri normallaşdırmağa nail olan Şah Təhmasib.

Şah İsmayıldan oğlu Təhmasibə qalan miras: tayfa ixtilafları

I Təhmasibi bir neçə tərəfdən xarakterizə etmək lazımdır. Hansı mirasa sahib oldu? İdarəetmədə hər hansı yenilik etdimi? I Təhmasib Səfəvi dövləti üçün ən böyük bəla olan Osmanlı ilə toqquşmalara son qoyan hökmdar olub.
O, faktiki olaraq bütün Azərbaycanı vahid dövlət kimi birləşdirmişdi.
Həmçinin, Səfəvi hökmdarları arasında ağlı və zəkası ilə fərqlənirdi. Ən mühümü isə o Səfəvi taxtında ən uzun müddət, yəni yarım əsrdən çox əyləşmiş hökmdardır. 1524-cü ildə hakimiyyətə gələndə o qədər də möhtəşəm mirasa sahib deyildi.

Hələ də Osmanlılarla Səfəvilər arasında savaşlar davam edirdi. Atası I İsmayılın vəfatından sonra Təhmasibə miras qalan saray daxilində müxtəlif tayfalar arasında yaşanan ixtilaf olmuşdu. Mənbələrdə həmin qızılbaş tayfalarının sayı 8, 12, bəzən 16 göstərilir. O, hakimiyyətə gələndə uşaq idi. Hakimiyyətə gələndə ən mühüm məsələ isə Osmanlı ilə aparılan müharibələr idi.

Üç aypara: Osmanlı, Səfəvi və Böyük Moğol imperiyası

Təhmasib dəfələrlə Osmanlı sarayına məktub yazıb. Təhmasibin hakimiyyəti illərində Sultan Süleyman dəfələrlə Azərbaycana yürüşlər edib. Dövrümüzə qədər gələn mənbələrdə Sultan Süleymanın Təhmasibə yazdığı təhrikedici məktublara da rast gəlmək olar.

O məktublardan birində deyilir ki, “mənim atam Səlim xanla – təəccüblüdür ki, xan gedir – sizin atanız böyük xaqan İsmayıl savaş etmişdilər. Təhmasib isə cavabında yazırdı: “Qurani-Kərim”də bizə kafirlərə savaş aparmaq buyurulur. Mən öz dinimdən olan insanlara qılınc çəkmək istəmirəm”. Ömrü boyu Təhmasibin yazışmalarında bu xətt qızıl xətt kimi keçir. Onun təzkirəsi dövrümüzə qədər gəlib çıxıb. Orada belə bir məqam var:

“Gecə bir yuxu gördüm. Sağımda bir aypara doğmuşdu, solumda bir aypara doğulmuşdu. Ortada isə bir aypara daha çox bərq vururdu. Bir nurani qocadan soruşdum ki, bu ayparalar nədir? O isə dedi ki, ortadakı ay sənsən, bir tərəfindəki ay Osmanlı, o biri tərəfindəki ay isə Böyük Moğol İmperiyasıdır”.
Ardı var..

Müəllif: BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədli

Teref.az

Write A Comment