Səfəvi dövrü haqqında ən etibarlı mənbələrdən biri hesab olunan “Tarixi Aləmarayi Abbasi” (Müəllifi İsgəndər bəy Münşi – K.R) əsərində Səfəvi dövlətinin 17 qurucu tayfası haqqında məlumat verilib.
Ancaq müasir tədqiqatçılar Səfəvi dövlətinin quruluşunda daha çox tayfanın iştirak etdiyini qeyd edir. Ancaq bütün mənbələr əsas etibarı ilə 17 tayfanın ən böyük və əsas rol oynadığında ittifaq edir.

Oxşar say digər bir əhəmiyyətli Səfəvi dövrü əsəri hesab olunan Oruc bəy Bayatın xatirələrində Səfəvi dövlətinin qurucu tayfaları olaraq Şamlı (Şamlı), Ustaclı, Rumlu, Zülqədər, Əfşar, Qacar, Təkəli boyları sadalanır. Başqa sözlə, bu tayalar dövlətin əsas özəyini təşkil edib. Bu boyların əmirləri dövlətin ən yüksək postlarında təmsil olunub.
Səfəvi İmperiyasının qurucu tayfalarından biri də Təkəli tayfası olub. Təkəli tayfası ən qədim oğuz türk tayfalarından biri hesab olunur. Təkəli və ya Təklə tayfalarının məskunlaşdığı ərazilər Anadolu və Azərbaycan əraziləri olub. Hazırda Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərində Təkəli adı ilə kəndlər və ərazilər mövcuddur.

Türkiyəli tarixçi Faruk Sümere görə, Təkəli tayfaları hazırkı Antaliya, İsparta (Burdur) və Muğla vilayətlərində yaşayıb. Bu ərazilərə qədimdə Təkə eli və ya ili deyilib. İlk dəfə Təkəli tayfasının adı 14-cü əsr Osmanlı yazılarında qeyd olunur.
Təkəli tayfalarının əmiri Həsən Xəlifə 15-ci əsrdə Səfəvi şeyxi Heydərin zamanında təriqətə qoşulub və Səfəviyyə təriqətinin Anadoluda təbliğində iştirak edib. daha sonra Həsən Xəlifənin yerinə oğlu Şahqulu ləqəbli Baba Təkəli bəy tutub. Anadoluda Osmanlıya qarşı baş vermiş Şahqulu Baba üsyanı da Təkəli tayfası tərəfindən edilib. Bu üsyandan sonra 15 minə yaxın Təkəli tayfası üzvü Səfəvi dövlətinə köçüb.

Təkəli tayfasından Yeqan bəy Şah İsmayıl Səfəvi zamanında əmir əl-üməra və Qorçubaşı postunda olub.
Çuxa Sultan Şah İsmayıl zamanında Kəlxor (Əhər) hakimi və əmir əl-üməra postunu tutub. Həmçinin Azərbaycan hakimi olub.
Sonrakı dövrdə Məhəmməd xan Şərafəddin oğlu, Qazaq xan, Çərkəs xan, Qazi xan, Burun Sultan, Əli Sultan. Bundan başqa möhürdar Sarı Əli bəy, Rəis bəy, Qaraca Sultan, Əxi Sultan, Çirkin Həsən kimi şəxslər də Təkəli tayfasından olub.
Təkəli tayfası Səfəvi dövlətinin quruluşunda iştirak edib. 1500-ci ilin sonunda, Gülüstan qalası yaxınlığında, Cabani adlanan yerdə İsmayılla Şirvanşah Fərrux Yassar arasındakı döyüşdə Lələ Məhəmməd bəy Təkəli şücaət göstərmişdir. (Fütuhat-i şahi,vər.43 a-43 b)
Eləcə də 1501-ci ilin ortalarında Şərur düzündə İsmayılla Ağqoyunlu Əlvənd Mirzə arasında baş verən həlledici döyüşdə İsmayılın cinahdakı sərkərdələrindən biri də Sarı Əli bəy Təkəli olub.

1503-cü ildə Şah İsmayıl və Ağqoyunlu Murad arasında Həmədan yaxınlığındakı Almaqulağı adlı yerdə baş verən döyüşündə Yeqan bəy Təkəli və Sarı Əli bəy Təkəli qəhrəmanlıq göstərmişdilər.
İsmayılın oğlu Təhmasib Mirzənin formal olaraq şah elan edilməsindən sonra sarayda yüksək və gəlirli dövlət vəzifələri, zəngin və məhsuldar torpaqlar ələ keçirmək uğrunda bir-biri ilə mübarizə aparan qızılbaş tayfa əmirlərinə etiraz edənlər arasında İsfahan hakimi Çuxa Sultan Təkəli, Həmədan hakimi (tiyuldarı) Qaraca Sultan Təkəli, Məşhəd hakimi Burun Sultan Təkəli öz qoşunları ilə birlikdə əks tərəfə keçdilər (Təkmilat əl-əxbar).
Görkəmli tarixçi-alim O.Əfəndiyev yazır ki, Ustaclı əmirləri dövlət işlərini idarə etməkdən uzaqlaşdırıldılar. Div Sultan Rumlu və Çuxa Sultan Təkəli bütün hakimiyyəti ələ keçirdilər. Fərmanlarda Div Sultan ” məlik əl-üməra” (“əmirlər padşahı”), Çuxa Sultan isə “rükn əs-səltənə” (“səltənətin dayağı”) adlandırıldı. Onlar tiyul (iqta) hüququnda ustaclı tayfasına məxsus olan torpaqların çox hissəsini öz aralarında bölüşdürdülər. Çuxa sultan uzun müddət Səfəvi dövlətinin əsas söz sahibi olaraq qaldı.

O. Əfəndiyev yazır ki, Çuxa Sultanın ölümündən sonra təkəli əmirləri vəkil yerinə onun böyük oğlu Şah Qubadın namizədliyini versələr də, digər Qızılbaş tayfaları buna qarşı çıxıb. Təkəli əyanlarının hökmranlıq müddəti 1527-1553-cü illəri əhatə edir.
Ancaq Təkəli tayfası sonrakı dövrdə Osmanlı ilə yaxınlaşıb. Təkəlilərin mərkəzi hakimiyyətə qarşı qaldırdıqları üsyan 1596-cı ildə Şah Abbas tərəfindən yatırılıb. Təkəli tayfasının üzvləri isə Azərbaycanın müxtəlif yerlərinə səpələnib.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü, Kənan Rövşənoğlu

Write A Comment