Azərbaycan Xalq Cümhuriyyətinin Baş Naziri olmuş, Nəsib bəy Yusifbəyli haqqında, Nağı bəy Şeyxzamanlının xatirələrindən maraqlı bir parça.
Həqiqətən qürur vericidi və anlıyırsanki bu şəxsiyyətlər hansı idealların daşıyıcısı idilər.
Nağı bəy yazır:
“Vəziyyətini soruşduğum Nəsib bəy, – “Heç bir zaman səhhətimdən şikayət etməmişəm. Allaha şükür ki, sapsağlamam. Mənim sıxıntım həmişə pul sarıdan olub ki, Baş nazir olduqdan sonra ondan da qurtuldum. Seym dövründə Tbilisidə maarif naziri idim və aldığım maaş məni təmin etməzdi. Həmişə olduğu kimi Gəncədən atamdan pul istəyirdim.
Azərbaycanın istiqlalını elan etdik. Cumhuriyyətimizin maarif naziri oldum. Aldığım maaş yenə də məni dolandırmırdı. Parlamentimizdə olsun, partiya daxilində olsun, ümumiyyətlə, xalqımızın hər sinfi məni sevir. Hər kəsdən hörmət görməkdəyəm. Elə gün olmur ki, cəmiyyətimizin keçirdiyi gecələrə dəvət olunmayım. Çoxuna sıxıla – sıxıla bir az maddi köməklik edirdim. Ancaq baş nazir olduqdan sonra bütün bu sıxıntılardan xilas oldum.
Belə məsrəflərin hamısı örtülü təxsisatlardan verilir.
Sən bilirsən. Mən atamın icazəsi ilə bağlarımızdan birini müasir bağ yaratmaq qayəsi ilə ayırmışdım. Üç ildir milli işlərimizdən bağ ilə məşğul olmağa vaxt tapa bimədim. Atama bir məktub yazaraq bu il də bağ işi ilə məşğul ola bilməyəcəyimi , yenə əvvəlki kimi qamış alıb basdırmalarını söylədim. Babamdan bu cavabı aldım.
MƏKTUBU SƏNƏ OXUYURAM:

”Əziz oğlum, artıq səbrim tükənib, dözə bilmirəm. Hamısnı yazacağam. Sıxıntı içində borc alaraq sənin ali təhsil almağını təmin edə bildim. Ali təhsilini bitirib Gəncəyə qayıdanda artıq hər şeyin rahat olacağını yəqin etdim. Sən Gəncəyə gəlib bələdiyyədə ərzaq işləri üzrə müdir oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin.
Sonra Tbilisiyə gedərək Seymin maarif naziri oldun. Aldığın pul ilə yenə özünü saxlaya bilmədin. Bir neçə dəfə pul istədin, göndərdim. Sonra Azərbaycanın istiqlalını elan etdiniz. Gəldin cümhuriyyətimizin maarif naziri oldun. Dövlətimizin mərkəzi olan Bakıda işlədin. Yenə də aldığın maaş səni təmin etmədi. Yenə məndən pul istədin. Həmişə göndərirdim. Adına olan torpaq sahəsinin bir hissəsini satmışdım. O pullardan da göndərdim sənə. Bu gün isə baş nazirsən. Dövlət başçısısan, yəni ölkəmizin padşahı olmuşsan. Yenə bağının qamışını mən alım? Sən pul göndərə bilərsənmi?”

Mənbə: Nağı bəy Şeyxzamanlı, “Azərbaycan İstiqlal mücadiləsinin xatirələri”.

Write A Comment